SOVET İTTİFAQI QƏHRƏMANI MAYOR MÜSEYİB ALLAHVERDİYEV

 

Faşizm üzərində Qələbənin 70 illiyi yaxınlaşdıqca, Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı vuruşan Azərbaycanımızın rəşadətli oğul qızlarının cəbhədə göstərdiyi igidliklər qəlbimizdə fərəh qürur hissi doğurur. Xalqımızın iftixarı olan, Azərbaycanın hərb tarixinə qızıl səhifələr yazmış, Sovet İttifaqı Qəhrəmanı  adına layiq görülmüş azərbaycanlı döyüşçülərimizin və hərb xadimlərimizin döyüş yollarına nəzər salmaq, həmin ənənəni gənc nəslə çatdırmaq bizim vətəndaşlıq və mənəvi-əxlaqi borcumuzdur.

Azərbaycanın belə cəsur oğlanlarından biri də müharibənin əvvəlindən sonuna qədər odlu-alovlu yollar keçən, may ayında anadan olmasının 105 illiyini qeyd etdiyimiz mayor, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevdir.  1909-cu ilin may ayında Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya göz açmış  Müseyib Allahverdiyev 1931-ci ildə könüllü olaraq sovet ordusunda hərbi xidmətə başlamışdır. Serqo Orconikidze adına Azərbaycan diviziyasında xidmət edərkən, hərb sənətinə marağını, komandir qətiyyətinə malik olduğunu görən hərbi hissə rəhbərləri onu 1933-cü ildə hərbi və siyasi hazırlıq əlaçısı kimi Tiflisdəki hərbi məktəbə göndərməyi məsləhət bilmişlər. 1936-cı ildə həmin məktəbi bitirən gənc leytenant orduda siyasi komandir kimi xidmətə başlamışdır. Qeyd edək ki, M.Allahverdiyev həmin məktəbi bitirən ilk azərbaycanlılardan biridir.

1941-ci ilin iyul ayından isə Böyük Vətən müharibəsi cəbhələrində vuruşmuşdur. İlk dəfə faşistlərlə Moskva uğrunda gedən döyüşlərdə qarşı-qarşıya gəlmişdir. Moskva yaxınlığındakı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə M.Allahverdiyev “Qırmızı Ulduzordeni ilə təltif edilmişdir. Sonra Xarkov uğrunda döyüşlərin iştirakçısı olmuş, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Krivoy Roq, Kirovqrad, Kişinyov  şəhərlərinin azad edilməsində qətiyyətlə döyüşmüşdür. Beləliklə, çox keçməmişdir ki, qvardiya kapitanı hərbi rütbəsinə layiq görülmüşdür.

M.Allahverdiyev Macarıstan torpağında böyük bir düşmən qrupunun ləğv edilməsində isə xüsusilə fərqlənmişdir.

13 noyabr 1944-cü ildə onun komandanlıq etdiyi batalyon düşmənin müdafiə xəttini yararaq alayın döyüş tapşırığının yerinə yetirilməsini təmin etmişdi. 1944-cü ilin 1 dekabr gecəsi Allahverdiyevin batalyonu düşmənin top atəşi altında Dunay çayını keçərək sağ sahildə gedən qızğın döyüşlərə qatılmışdır. Çox məsuliyyətli və ağır döyüşdə batalyon komandiri şəxsən özü döyüşçülərin sahilə enməsini pulemyot atəşi ilə himayə edirdi. Düşmən geri çəkilməyə başladı. Bu döyüşdə Allahverdiyevin batalyonu 500 faşist əsgərini  məhv etmiş və 2200 düşmən əsgər və zabitini əsir almış, 24 silah, 36 pulemyot, 8 minaatan, 3 avtomaşın, 10 araba, 2 silah və ərzaq anbarlarını ələ keçirmişdir.

Macarıstanın paytaxtı Budapeşt uğrunda gedən döyüşlərdə də M.Allahverdiyevin  döyüşçüləri  fərqlənmişlər. Onun batalyonuna Budapeştdə mühasirədə olan alman qoşunlarının xilas edilməsi üçün tələsən 120 düşmən tankından ibarət dəstənin qarşısını almaq əmri verilmişdi. Mayorun təşkil etdiyi döyüş pusqusu nəticəsində 25 düşmən tankı və 700 əsgər və zabit məhv edilmiş, beləliklə də, düşmənin şəhərə girməsinin qarşısı qətiyyətlə alınmışdır.

Ordu komandanlığının  həmin xüsusi tapşırığını yerinə yetirərkən alman-faşist işğalçıları ilə döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şəxsi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Müseyib Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, “Leninordeni və “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.

1946-cı ildə ordudan tərxis olunan M.Allahverdiyev uzun illər Qazax, Ağstafa, Tovuz rayonlarında rəhbər vəzifələrdə, sovet və təsərrüfat işlərində çalışmışdır.  Ağstafa rayon xalq deputatları soveti sədrinin müavini, rayonlararası meşə təsərrüfatı idarəsinin direktoru olmuşdur. O, dinc illərdə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına və fəxri diplomuna layiq görülmüşdür. Harada işləməsindən asılı olmayaraq Müseyib müəllim el-obasında böyük hörmət və söz sahibi olmuşdur. İnsanlara böyük qayğı ilə yanaşmış, imkanı daxilində onların problemlərini həll etməyə çalışmışdır.

Bugünün özündə də  Müseyib müəllim Qazax mahalında böyük hörmətlə anılır və yad edilir. 19 may 1969-cu ildə dünyasını dəyişmiş qəhrəmanımız  doğulduğu Dağkəsəmən kəndində dəfn edilmişdir.

Müseyib Allahverdiyevin el-oba qayğısını çəkmək, insanlara qarşı diqqətli olmaq kimi şərəfli işini bu gün onun övladları ləyaqətlə davam etdirirlər. Vətən üçün 3 qız, 3 oğlan, 17 nəvə, 35 nəticə yadigar qoyan Müseyib müəllimin övladları da xalqımıza, dövlətçiliyimizə sədaqətlə xidmət edirlər. Qızlarının hər üçü müəllimdir. Yeni nəslin təlim-tərbiyəsi ilə məşğul olurlar. Oğlu Rəhman respublikada tanınmış  cərrahlardandır.  Şamil  QazaxAğstafada rəhbər partiya  sovet işlərində işləmişdir. Oğlu Abdulla Allahverdiyev daxili  işlər orqanlarında işləmiş, hazırda istefada olan general-mayordur. Abdulla müəllimin şərəfli peşəsini polis orqanlarında oğlu Misir davam etdirir. Ən maraqlısı odur ki, vətənin zabit oğlu olmaq ənənəsini Allahverdiyevlər sülaləsində bu il 11-ci sinfi bitirən qəhrəmanımızın nəticəsi  Müseyib Allahverdiyev  davam etmək istəyir.

Azərbaycan xalqı  öz qəhrəman oğlunun xatirəsini həmişə əziz tutur. Ağstafa rayonunun Dağkəsəmən kəndindəki orta məktəb onun adını daşıyır. AğstafaQazax rayonlarında onun adına küçələr salınmış, görkəmli yerlərdə büstü qoyulmuşdur. Onun ən böyük qiyməti isə əziz xatirəsinin minlərlə sadə adamların qəlbində yaşamasıdır. Əbəs yerə demirlər ki, xalqı üçün, torpağı üçün döyüşənlər heç vaxt unudulmurlar.

 

Cabir Kazımov,

silahlı qüvvələr veteranı.

Respublika.-2014.- 25 may.- S.5.