“Heydər Əliyev və Türk dünyası”

 

Aşıq Şəmşir Mədəniyyət Ocağıİctimai Birliyi ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi gənc nəsillərə aşılanması ilə bağlı məktəblilər tələbələr arasında bilik olimpiadaları, inşa müsahibələri ziyalılarla görüşlər təşkil edir. Növbəti belə bir tədbirə ictimai birlik qardaş Türkiyə Cümhuriyyətindən də qonaq dəvət etmişdi. “Heydər Əliyev və Türk dünyası” adlı tədbirdə dahi şəxsiyyətin bütün Türk dünyası qarşısında göstərdiyi fəaliyyətindən bəhs edilmişdir.

İlk öncə tədbir iştirakçıları Fəxri Xiyabanda ulu öndərin abidəsini ziyarət etmişlər. İctimaiyyət nümayəndələrinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində davam etdirilən tədbirdə ustad sənətkar Aşıq Şəmşirin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Zərli tac kamallı başa yaraşır” adlı silsilə şeirlərinin əsasında hazırlanmış video-çarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə ictimai birliyin sədr müavini Həbib Misirov açmış və vurğulamışdır ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan milli dövlətçiliyimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Ustad sənətkar Aşıq Şəmşir ulu öndər Heydər Əliyevin 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə onun ölkəmizdə həyata keçirdiyi quruculuq işlərini öz gözləri ilə görmüşbunun əsasında “Zərli tac kamallı başa yaraşır” adlı silsilə şeirlər yazmışdır. Üstündən illər keçsə də, bu günbu şeirlər öz ahəngini qoruyub saxlayır. İstanbul Azərbaycan Dərnəyinin başqanı Səfər Karakoyunlu demişdir: “Azərbaycanın milli lideri Heydər Əliyevi nə qədər ansaq da, ona minnətdarlığımızı nə qədər bildirsək də, yenə də azdır. Çünki müasir Azərbaycanın müstəqilliyinin qurulmasında və bugünkü Azərbaycanın bu səviyyəyə gəlməsində Heydər Əliyevin xidmətləri çoxdur. Azərbaycan Qafqazın parlayan  ulduzuna çevrilmişdir. Həmçinin mən buradan Azərbaycanın Cumhurbaşqanı sayın İlham Əliyevə Türkiyədə və dünyanın bir çox yerlərində yaşayan türk qardaşlarımız adından, səsimizə səs verdiyi üçün təşəkkür edirəm. Praqada zirvə toplantısında Türkiyəni soyqırım iddiaları ilə suçlayan Ermənistan cümhurbaşqanı Sarkisyana “Türkiyə burda yoxdur, amma mən burda varam” deyərək “İki dövlət, bir millət” sözünü sözdə deyil, əməldə sübut etdi. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Tədbirdə millət vəkilləri Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Xalq şairi Zəlimxan Yaqub, şair-türkoloq Adil Cəmil, Azəri-türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və şair Nəriman Ocaqlı çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan xalqının, eləcə də Türk dünyasının milli sərvəti olan Heydər Əliyevin zəngin irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliği ən vacib məsələlərdəndir. Bu zəngin xəzinənin milli-mənəvi və bəşəri dəyərlərinin xalqa, xüsusən də gələcək nəsillərə yetərincə çatdırılması qarşımızda duran ən əhəmiyyətli vəzifədir.

Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın və regionun əsas strateji, qlobal məsələləri Azərbaycanın rəyi və mənafelərimiz nəzərə alınmadan həll edilmir.

Sonda Həbib Misirov ictimai birliyin rəhbərliyi adından tədbir iştirakçılarına və qardaş Türkiyədən gəlmiş qonaqlara təşəkkürünü bildirmişdir.

 

Rauf İLYASOĞLU,

Respublika.-2014.- 25 may.- S.5.