Gözəlliyi duyaraq yaradan sənətkar
Sənət,
əslində adi bir şeyi qeyri-adi gözlə görmək,
duymaq, hiss və ifadə etməkdir. Əsl sənətkar
yeddi not, yeddi rəng və bu kimi bölgülərin çərçivəsinə
sığmayanda yaradır sənət möcüzəsini.
Əsl sənətkar ətrafındakı
gözəlliyi ilk öncə özü duyub, sonra yenidən
yaradaraq başqalarına çatdırmağı
bacaranlardır. Bu yolun isə çətinlikləri
çoxdur...
Azərbaycanın Xalq rəssamı, SSRİ və Rusiya
Rəssamlıq Akademiyasının, AMEA-nın həqiqi
üzvü, SSRİ və Azərbaycan Dövlət
mükafatları laureatı, heykəltəraş Ömər
Eldarov. O, incəsənətin
bu mürəkkəb növünü seçəndə nə
vaxtsa məşhurlaşmaq barədə düşünməmişdi,
bəlkə də. Sadəcə, daxilindəki
qüvvənin təsiri altında bu dünyadakı gözəlliyin
axtarışına çıxıb onu tapmaq, yenidən
yaratmaq istəmiş və bilərəkdən bu çətin
sınağa çəkmişdi özünü.
Onun sənət yolu çox erkən
başlamışdı, ailələrindəki
yaradıcılıq mühiti ona da təsirsiz
qalmamışdı. Babası Hüseyn daşyonan idi. “Daşyonan” sözünün mənası isə
latınca “skulptura” deməkdir. Deməli,
Ömər əslində babası Hüseynin
davamçısı olub.
O da
daşlara “ömür” verib, bu da. O da daşlara sığal,
tumar çəkib, əllərinin hərarəti, qəlbinin
sevgisi ilə gözəllik yaradıb, bu da...
Anası Yelizaveta Ömərin 6 yaşı tamam olanda onu
Bakı rəssamlıq studiyasına aparır, özü də
heykəltəraşlıq şöbəsinə. Yeddi il
sonra Azərbaycan rəssamlıq məktəbinə daxil olan
zaman da o, heykəltəraşlıq şöbəsini
seçir. Lakin Leninqrad Rəssamlıq
Akademiyasında oxumaq arzusu ilə yaşayırdı. Çətin zamanlar idi, İkinci Dünya müharibəsi
gedir, ailələri çətinliklə dolanırdı. Buna baxmayaraq gənc
Ömərin arzusu gerçəkləşir.
Ömər Eldarovun “Gənc qvardiyaçılar” adlı
diplom işi ona ilk uğuru gətirir. Mütəxəssislərin
bu işə müsbət rəy verməsinin əsas səbəbi
onun heykəltəraşlığın ən mürəkkəb
növlərindən olan qorelyefə müraciət etmək cəsarəti
idi. Hər tələbə özündə
bu cəsarəti tapa bilməzdi. Bu, Ömərin
özünə inamından irəli gəlirdi və o, üzərinə
düşən işin öhdəsindən uğurla gəlmişdi.
Qorelyef o dövrün ruhuna çox uyğun idi. Və müəllif
burada qəhrəmanlıq mövzusunun romantik təhlilini
vermiş, inandırıcı, canlı bir obraz yarada
bilmişdi.
Ali təhsilini başa vurduqdan sonra o, doğma Bakıya
qayıdır və geniş yaradıcılıq fəaliyyətinə
başlayır.
Fəxri
Xiyaban... Bura tariximizin ayrı-ayrı dövrlərində
yaşayıb xalqına sədaqətlə xidmət etmiş
insanların əbədi bir məkanıdır. Kimlər
yoxdur bu məkanda: Azərbaycanın görkəmli mədəniyyət,
incəsənət xadimləri, ədəbiyyatımızın
tanınmış simaları, ictimai xadimlərinin məzarları...
Bu məzarların əksəriyyətinin
üstündəki abidələrin müəllifi Ömər
Eldarovdur. Buranı açıq səma
altında muzey də adlandırmaq olar. Axı,
buradakı hər qəbirüstü abidə, heykəl, xatirə
kompleksi bir incəsənət nümunəsi, dünyanın
bir çox sirlərindən xəbər verən sənət
əsəridir. Onların hər birində
müəllifin fərdi üslubu, sənətə yanaşma
tərzi, nəhayət, daxili aləminin ifadə forması
öz əksini tapır.
Əllinci illərdə sənətin o dövrün
ideologiyasına zorən tabe etdirilməsi sənətkarlar
üçün əsl maneə idi. Ömər Eldarov da bu
dövrdə yaradıcılıq aləminə gəlmişdi
və təbii ki, ona da asan deyildi. Yaradıcılıqla
dolu ürək sahibi gənc heykəltəraş o dövrdəki
siyasi reallıqlarla qəti razılaşmırdı.
Yaratmaq istəyirdi, özü də qəlbinin diktəsi, istəyi
ilə...
1953-cü
il... XIX əsrin şairəsi,
Qarabağ xanının qızı Xurşidbanu Natəvanın
mərmər portreti o dövr üçün doğrudan da
sensassiya idi. Çünki onun qəhrəmanı
“xalq içindən” çıxmış adi obraz deyildi,
tamaşaçı intellektual gözəlliyə malik, zəngin,
kübar bir qadın obrazı ilə üz-üzə
dayanırdı. Bu isə o dövr
üçün qəbuledilməz idi. Yüksək
sənətkarlıqla işlənilən əsər Moskva və
Leninqraddan gəlmiş təşkilat komitəsinin üzvləri
tərəfindən yüksək qiymətləndirilir, sənətin
gücü qarşısında heç bir məkr tab gətirmir.
1960-cı ildə heykəl tuncdan hazırlanaraq
Bakının ən gözəl meydanlarından birində yerləşdirilir,
böyük ürəklə yaradılan sənət incisi əsl
memarlıq abidəsinə çevrilir.
Ömər Eldarov illər sonra eyni ruh, eyni ürək
çırpıntıları və böyük sevgi ilə
daha bir qadın obrazı yaradır. Düz, 42 il
sonra. Akademik Zərifə xanım
Əliyevanın qəbirüstü abidəsindən gedir
söhbət. Müəllif bu əsər üzərində
üç il işləyir və nəhayət
“Elegiya” adlandırdığı iş hazır olur. Əsəri hissiz, həyəcansız seyr etmək
mümkün deyil. Ona görə yox ki, o,
bir məzarüstü abidə, bir xatirə kompleksidir. Doğrudur, bu, hiss və duyğuları dilə gətirən
amillərdən biridir. Burada müəllifin
ustalığı diqqəti daha çox cəlb edir. O,
Zərifə xanımın xarakterik cizgilərini o qədər
dəqiqliklə verib ki, özünü canlı bir insanla
üzə-üzə dayanırmış kimi hiss edirsən...
Bir an ötəcək onun zərif barmaqları pianinonun
şirmayi dilləri üzərində yumşaq-yumşaq gəzəcək,
ona doğma və əziz insan, ömür-gün
yoldaşı özünəməxsus tərzdə ahəstə-ahəstə
oxuyacaq: Küçələrə su səpmişəm, yar gələndə
toz olmasın...
1997-ci il aprelin 15-də Bakı İncəsənət
Mərkəzində “Elegiya”nın və bu abidədən bəhs
edən albomun təqdimat mərasimində
çıxış edən ulu öndər Heydər
Əliyev deyirdi: “Görürsünüz, bu, adi bir əsər
deyil. Bu əsərdə məni valeh edən, -
bu sözü tam həqiqətlə deyirəm - sevindirən və
məndə böyük hissiyyatlar doğuran odur ki, bu əsərdə
böyük fəlsəfə, məna vardır. Ən birincisi odur ki, Zərifə xanımın
daxili mənəviyyatını, onun simasını, daxili və
zahiri simasını Ömər Eldarov əks etdirə bilibdir.
Eyni zamanda, o, gözəl bir heykəltəraş kimi heykəltəraşlıq
sənətinin, məktəbinin, - nəinki Azərbaycan heykəltaraşlıq
məktəbinin, dünya heykəltəraşlıq məktəbinin
elementlərini, yaxud onların müəyyən cəhətlərini
- bu əsərində həyata keçirə, tətbiq edə
bilibdir...”.
Bu əsərin maraqlı taleyi var. Moskvanın
Novodeviçye qəbiristanlığında dəfn olunan Zərifə
xanımın qəbrinin üstündə abidə qoymaq məsələsi
ortaya çıxanda o zamanın məşhur heykəltəraşları
buna təşəbbüs etsələr də Heydər
Əliyev həmyerlimiz Ömər Eldarovu seçir. Heykəl
hazır olanda isə onun Moskvaya aparılmasını istəmir
və müəllifdən xahiş edir ki, onu öz
emalatxanasında saxlasın. Beləcə, düz səkkiz
il heykəl emalatxanada qorunub saxlanır. Ulu
öndər o illəri xatırlayaraq deyirdi: “Mən Bakıya
gələndən sonra dəfələrlə emalatxanaya gedib,
ona həmişə böyük heyranlıqla tamaşa
etmişəm. Bilirsiniz, mənim heyranlığımın bir
tərəfi Zərifə xanımın xatirəsi idisə,
ikinci tərəfi, həqiqətən bu əsərin incəsənət,
heykəltəraşlıq nöqteyi-nəzərindən
yüksək keyfiyyətə malik olması idi...”. Zərifə xanımın abidəsi
Fəxri xiyabanda ən yaxşı qadın obrazıdır.
Müəllifin ən böyük istəyi elə
bu olub.
Ümumiyyətlə, Ömər Eldarov Əliyevlər
ailəsini özünə doğma, yaxın hesab edirdi. Bu da səbəbsiz
deyildi. Görkəmli bioloq və torpaqşünas alim
akademik Həsən Əliyev Ömər müəllimin
atası, torpaqşünaslıq mütəxəssisi Həsən
Eldarovun tələbəsi olmuşdu və o bu sahəyə məhz
müəlliminin xeyir-duası ilə gəldiyini söyləyir,
onu hörmətlə yad edirdi.
1998-ci ildə Həsən Əliyevin qəbirüstü
abidəsini işləməli olur. Bu sənət əsəri
də qeyri-adiliyi ilə seçilir. Müəllif
bütün ömrü boyu torpağa bağlı olan bir
insanın mükəmməl obrazını yarada bilib. Burada hər şey səmimi, yığcam və son
dərəcə mərhəmdir. Abidə
Ömər Eldarov plastikasının nailiyyəti kimi dəyərləndirilir.
Sənətə, sənətkara gözəl qiymət
verməyi bacaran ulu öndərimiz Heydər Əliyev Ömər
Eldarov yaradıcılığını həmişə
yüksək dəyərləndirirdi. Onların arasında dostluq da
yaranmışdı: “Ömər Eldarov Azərbaycan mədəniyyətinin
inkişafında misilsiz xidmətlər göstərmişdir.
Mən Ömər Eldarovu çox illərdir ki,
yaxından tanıyıram, onun əsərlərinin demək
olar ki, hamısı ilə tanışam. Ömər
Eldarovun yaratdığı heykəltəraşlıq əsərləri
Azərbaycan xalqının mədəniyyətini zənginləşdirmişdir”
- deyən ulu öndərin öz obrazı da heykəltəraşın
yaradıcılığında əsas yer tutur. Belə ki, ilk dəfə
1985-ci ildə Naxçıvanda, ulu öndərin doğma vətənində
onun büst abidəsi ucaldılır. Sonra
Türkiyənin Qars bələdiyyəsinin sifarişi ilə
Azərbaycan xalqının liderinin obrazı yaradılır və
büst 2002-ci ildə Qars şəhərində yerləşdirilir.
Onu da qeyd etmək lazımdır ki, obraz çox dəqiq
işlənilmişdir: “...həqiqi incəsənət
ustası istənilən, arzu edilən o incəsənət əsərini
yaratmaq üçün gərək bunu öz daxili aləmindən
keçirsin, gərək bunu özü dərk etsin” - deyən
ulu öndərin obrazına müraciət edərkən
Ömər Eldarov ustalıq, peşəkarlıq
nümayiş etdirməklə yanaşı, hiss və duyğularına da
üstünlük vermiş, qəhrəmanının qəlbini duyaraq onu yaratmışdır.
2003-cü
ildə ümummilli liderin dünyadan köçməsi bir
dost itkisi kimi Ömər Eldarovu da
kədərləndirir. Əliyevlər ailəsi ulu öndərin qəbirüstü
memorialını işləməyi ona həvalə edir. İndi, Fəxri xiyabanda həyat yoldaşı Zərifə
Əliyeva ilə yanaşı dəfn olunan Heydər
Əliyevin abidəsi bu müqəddəs məkanda öz əzəmətilə
hər kəsin diqqətini cəlb edir.
Heydər
Əliyevin incəsənətlə
bağlılığı hər kəsə bəllidir, bəlkə
o bu sahədə də tanınmış insanlardan biri ola bilərdi, lakin tale onu başqa səmtə
yönəltdi. Ömər Eldarovun bu barədə fikirləri
çox maraqlıdır: “Mən
Heydər Əliyevi özümə həmmüəllif hesab
etmişəm və bu sözü cəsarətlə deyirəm.
Mərhum Zərifə xanıma bir neçə iş həsr
etmişəm. Bütün
məsələlərdə, istər heykəlin xarakteri,
kompozisiyası olsun, həll yolunu birgə seçərdik.
Axı o, vaxtilə memarlıq təhsili almışdı,
qardaşı rəssam, qardaşı oğlu memar, ən
başlıcası isə o özü təbiətən sənət
adamı idi...”.
Ömər
müəllim bir qədər hissə qapılaraq sözünə
davam edir: “Dövlət İncəsənət Muzeyinin birinci
zalında bir sənət əsəri nümayiş
etdirilir. Zərifə xanım
Əliyevanın heykəli... Mənim ən
çox sevdiyim əsərlərdən biri. O, mənim
şəxsi emalatxanamda düz 8 il
saxlanılıb. Bu, məni heç də
sıxmır, tıncıxdırmır, əksinə
böyük şövq verirdi. İndi
yaxşı xatırlayıram. Əsərin Bakı
İncəsənət Mərkəzində keçirilən təqdimat
mərasimində mərhum akademik Fərəməz Maqsudov
çıxış zamanı deyirdi: Möcüzədir, elə bil bu mərmər
parçasında sədaqətli ömür-gün
yoldaşının, qayğıkeş bir ananın, bir vətənpərvərin,
bir ziyalının, istedadlı bir həkimin, müdrik bir
alimin ürəyi döyünür.
Bu 8 ildə emalatxanada onunla dəfələrlə dialoq
qurub, söhbətlər etmişik. Nədən
danışmışıq? İnsanlara həsr
olunmuş bir ömürdən, qaranlıq gözlərə
işıq bəxş etməsindən, həyat
yoldaşına tükənməz sevgisindən, çətin
məqamlarda ona dəstək olmasından, uşaqlarına, nəvələrinə
qayğısından, sevgisindən... İmkansızlara,
kasıblara köməyindən, böyük itki verənlərin
dərdinə şərik çıxmağından. Onun həyat uğrunda mübarizəsindən. Və hər dəfə bu valehedici qadının qəlbinin
döyüntülərini, xəfif, titrəyişli səsini
eşidirdim. Hələ o vaxt ruhumla bağlı
olduğum bu obraza sonra da müraciət etmək qərarına
gəldim və belə də oldu...”.
Ömər Eldarov məhsuldar sənətkarlardandır. Sənətkarın
son 20 illik yaradıcılığı əsasən qəbirüstü
heykəllərə həsr olunmuşdur. Bu
əsərlər psixoloji, fəlsəfi, istərsə də
bədii həlli baxımından müxtəlif və
maraqlıdır. Yığcamdır, sənət
nümunəsi kimi göz oxşayır.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun 1954-cü
ildə ucaldılan qəbirüstü abidəsi Azərbaycanda
tuncdan tökülən ilk heykəl idi. Həmin
dövrdə Ömər Eldarovun təşəbbüsü və
təşkilatçılığı ilə Bakıda
tunctökmə sexinin yaradılması da ölkənin mədəni
həyatında mühüm hadisəyə çevrilir. Bu sahədəki fəaliyyətini o, 1984-cü ildən
sonra ardıcıl davam etdirmişdir. V.Mustafazadə
(1984), M.Maqomayev (1987), F.Əmirov (1988), Niyazinin (1989) abidələri
ondan otuz il sonra yaranıb.
Nə yazıqlar ki, zamanın axarını
dayandırmaq mümkün olmadığı kimi, qəbirüstü
abidələrin meydana gəlməsi də
qarşısıalınmaz bir şeydir. Bu səbəbdəndir ki,
1991-ci ildə yazıçı Süleyman Rəhimovun, sonra
Şıxəli Qurbanovun (1994), müğənni Rəşid
Behbudovun (1996), akademik Həsən Əliyevin (1998), akademik Ziya
Bünyadovun (2000), yazıçı Yusif Səmədoğlunun
(2001), şair S.Rüstəmin (2001), bəstəkar Tofiq
Quliyevin (2002) qəbirüstü abidələri Fəxri
Xiyabanda özünə yer alır.
Onun istedadı öləziməyən, sönməyəndir,
əvvəldən axıradək özünü parlaq şəkildə
büruzə verir. Əsərlərində, istər lirik,
istərsə də qəhrəmanlıq obrazı olsun, etik
problemləri qabağa çəkir. Bu əsərlər
çox vaxt zamanı qabaqlayır. Natəvanın, dahi
Füzulinin heykəlləri kimi...
Ömər Eldarovun heykəlləri köhnəlmir. Onlar
üçün zaman mövcud deyil, çünki bəşəriyyətin
mütəfəkkirlərinin əzəli ideyalarını təcəssüm
etdirirlər. Əbu Əli İbn Sina, Ayni, Cavid, Qandi,
Taqor, Xocənti, Natəvan, Füzuli, Zərdabi, Nəsir
Xosrov, Ü.Hacıbəyov... belə əsərlərdir.
O, fəal
vətəndaş mövqeyində dayanan bir insandır. Onun yaradıcılıq maraqlarını mənəvi
axara salan da məhz bu amildir. Son dövrlərdə
işlədiyi əsərlərdən biri: “Ağlın yuxusu
dəhşət doğurur”... Yatmış bir
qadının alleqorik fiquru. Baxırsan, səni
heyrət bürüyür. Fiqur sanki bəşəriyyətin
biganəliyini əks etdirmək, qarşıdan gələn fəlakəti
xatırlatmaq istəyir insanlara. Burada həm
də Vətəninə təcavüz edilmiş bir vətəndaşın,
bir sənətkarın mövqeyi ifadə olunur. O, həqiqəti
sənətkar üçün ən gözəl silah
sayılan sənətlə ifadə etməyə
çalışır.
Onun əsərlərinin baş qəhrəmanı olan
insan etik normalardan kənarda deyil. Heykəltəraş
insan həyatının mənasını ən doğru yolun
seçilməsində görür. Bu yol
iki üzü olan dünyada işıqla-zülmətin,
inamla-inamsızlığın, həyatla-ölümün əzəli
mübarizəsində seçilir. Bu,
Tanrının işi olsa da, seçimi edən biz
özümüzük. Elə insanın
mövcudluğunun azadlığı da bundadır. Və bütün bunları yüksək plastikası
ilə seçilən sənət əsərləri, bu əsərlərin
bənzərsiz müəllifi Ömər Eldarov bir daha təlqin
edir, deyir.
Ömər Eldarov fərqli sənətkardır. Onun ilk diplom işi qorelyefdən
tutmuş, ən son əsərinədək hamısında
parlaq, sabit yaradıcılıq xətti var, o,
yaşadığımız aləmin gözəlliyini romantik
qəhrəmanlıqda görür, gözəlliyi
xeyirxahlıq və məhəbbətdə axtarır... Nikbin ruha
malikdir, maarifləndirməyə can atır... Mikelancelo deyirdi:
“Hər bir sənətkar... ifadə etdiyi əşyadan daha
çox, özünü təsvir edir.” Elə Ömər
Eldarovun əsərlərində də onun özünü
görürük...
Zümrüd ABDULLAYEVA,
Respublika.-2014.- 27
may.- S.12.