Milli dövlətçilik ənənələrimiz yaşayır və inkişaf edir

 

XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şəraiti yetişdirdi. 1918-ci il may ayının 28-də Azərbaycan özünü müstəqil bir dövlət elan etməklə müsəlman Şərqində ilk demokratik dövlətçilik tarixinin şanlı səhifəsini yazdı. 1918-ci il may ayının 30-da Azərbaycan Xalq Cümhuriyyəti yaranması haqqında dünya dövlətlərinə radioqramlar göndərildi. Dünyanın aparıcı dövlətlərinin Xarici İşlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında məlumatlar əldə etdilər. Müstəqil respublikanın meydana gəlməsində M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.M.Topçubaşov, H.Ağayev, S.Mehmandarov və başqaları misilsiz xidmətlər göstərdilər. Cümhuriyyət qısamüddətli fəaliyyəti dövründə ölçüyəgəlməz nailiyyətlər qazandı. Dövlətçilik atributlarının qəbul edilməsi, ana dilini dövlət dili elan etməsi, dövlət və hərbi quruculuq, mədəniyyət, təhsil, səhiyyə sahəsində atdığı addımlar xalqımız üçün böyük əhəmiyyət kəsb etmişdir.

Milli dövlətçilik tariximizin şərəfli səhifəsi olan Xalq Cümhuriyyətinin şanlı ənənələrini unutmayan xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Demokratik qüvvələrin tələbi ilə 1990-cı ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 may günü – Azərbaycan dövlətçiliyinin bərpası günü elan edildi.

1991-ci ilin fevralında isə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı çağdaş Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edildi.

1993-cü ilin iyununda ölkədə yaranmış anarxiyadan sözün həqiqi mənasında cana doymuş xalq özünün pənah yeri olan ulu öndərimiz Heydər Əliyevə üz tutdu.

Yalnız Heydər Əliyev dühası, qüdrətli xalqımızı vahid   milli ideyaazərbaycançılıq ideyası ətrafında birləşdirdi.

Azərbaycan adlı bir məmləkətin səsi dünyaya yayılmağa başladı, atəşkəsə nail olundu, Milli Ordumuz formalaşmağa başladı.

Dahi şəxsiyyətin heç bir şeydən çəkinmədən cəbhə bölgələrinə etdiyi tarixi səfərlər, səngərlərdə dayanan əsgərlərlə görüşləri böyük ruh yüksəkliyi yaratdı. Hər bir əsgər öz Ali Baş Komandanının diqqət və qayğısını görəndə daha da yenilməz oldu.

Bu mətinlik, bu qayğı və diqqət, dəmir iradə və mətinlik ordumuzu formalaşdırdı.

Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz xoşbəxt günlərini yaşayan xalqımızın mətin, cəsarətli, yenilməz, işğal altında olan torpaqlarımızı hər an azad etməyə, Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirməyə hazır olan ordusu vardır.

Aydındır ki, öz xalqının lideri səviyyəsinə hər bir şəxs ucala bilməz.  Buna o şəxslər nail olur ki, onlar xalqına xas olan ən ali keyfiyyətlərə malik olmalı, onun bütün ideal xüsusiyyətlərini özündə ehtiva etməlidir.

Heydər Əliyevi xalqın lideri səviyyəsinə qaldıran ikinci əsas keyfiyyət onun şəxsi intellektual potensialının hüdudsuz olması, elmliliyi və təfəkkür səviyyəsi baxımından əlçatmazlığı idi. O, həm dövlət rəhbərlərinə xas olan yüksək idarəçilik keyfiyyətləri ilə, həm iqtisadiyyatı, siyasəti, diplomatiyanı, kadrların yetişdirilməsi və düzgün yerləşdirilməsi prosesini yaxşı bilməsi ilə, həm də tariximizə, milli adət və ənənələrimizə dərindən bələd olması ilə seçilirdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Bu xidmət bütün sahələri əhatə edir. Azərbaycanın istər sovetlər dövründə, istər müstəqillik illərində, istərsə də bu gün qazandığı bütün uğurlarda biz Heydər Əliyevin xəttini, əməllərinin izlərini görürük. Bu xidmətlər sırasında ən önəmlilərdən biri, şübhəsiz, ulu öndərimizin bizlərə azərbaycançılığı, onun ideya və prinsiplərini bəxş etməsi, dünyanın ayrı-ayrı ərazilərinə paylanmış soydaşlarımızı birləşdirmək uğrunda göstərdiyi fədakar fəaliyyətdir. İlk növbədə biz bu fəaliyyəti planlılıq, məqsədlilik və məqsədə doğru addım-addım düşünülmüş əməli işlərdə görürük. Biz bu fəaliyyətin ilkin hazırlıq mərhələsini 1969-1982-ci illərdə, daha sonra isə 1982-1987-ci illərdə ulu öndərimizin SSRİ Nazirlər Kabineti sədrinin I müavini işləyərkən hiss etdik. Lakin şübhəsiz, bu istiqamətdə köklü fəaliyyəti Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra, xalqın tələbi ilə ümummilli liderimizin 1993-cü ilin 15 iyununda Azərbaycan siyasi rəhbərliyinə ikinci dəfə gəlişindən sonrakı dövründə gördük. Hakimiyyətə gəlişinin elə ilk günlərindən başlayaraq ölkə daxılində əvvəlki səriştəsiz rəhbərlərin apardığı ağılsız siyasət nəticəsində yaranmış xaos, anarxiya, özbaşınalıq, ən əsası qruplara bölünmə, parçalanma hallarının aradan qaldırılması, soydaşlarımızın bir araya gələrək ümumi düşmənə qarşı bir mövqedən çıxış etmək vəziyyətinə gətirilməsi istiqamətində ustalıqla aparılan rəhbərlik fəaliyyətinin şahidi olduq. Qısa müddətdə ölkəni bürüyən bu anormallıqların qarşısının alınaraq, hadisələrin məcrasına salınması, qanunsuzluqların aradan qaldırılması, insanların sabaha olan inamının qaytarılması istiqamətində aparılan məqsədyönlü işlər ölkə daxilində vəziyyəti normallaşdırdı. Belə bir məqamda vətəndaş həmrəyliyinin bərqərar olunmasının necə vacib olması hamı üçün aydın idi. Bunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev həmin sahəyə çox böyük diqqət və əhəmiyyət yetirdi. Müdrik şəxsiyyət ölkə prezidenti kimi Azərbaycanın demokratikhüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinın bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətləri kimi qarşıya qoydu.  Məhz bütün bu işlərin nəticəsi oldu ki, 2001-ci ildə Azərbaycan Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma üzvlüyə qəbul olundu. Bununla da ölkəmizin beynəlxalq aləmdəki nüfuzu getdikcə artdı.

1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması istiqamətində aparılan işləri təhlil etsək, deyə bilərik kı, o, bu işləri çox böyük məsuliyyətlə, sistemli və ardıcıl siyasət yeritməklə həyata keçirmişdir. Onun tərəfindən diasporlobbi quruculuğu istiqamətində aparılan işlər bu ümumi siyasətin tərkib hissəsi kimi hədsiz əhəmiyyətli olmuşdur. Bu tarixi şəxsiyyətin ən böyük üstünlüyü isə o idi ki, o özü həyatı boyu azərbaycanlı adını uca tutmuş, bununla qürur hissi keçirmiş, başqalarına da bu hissi aşılamağa çalışmışdır. Bu dahi şəxsiyyət ömrünün ən mənalı dövrünü milliliyin, həmrəyliyin və bütövlüyün qorunub saxlanmasına xidmətə həsr etmişdir. Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə, onun beynəlxalq imicinin, dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə nail olmadı, eyni zamanda o bütün dünya azərbaycanlılarının milli birliyinin yaradılmasına da əvəzsiz töhfə verdi. Bu işdə təşkilatlanmaya onun verdiyi önəm isə şübhəsiz, xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun yaratdığı 200-dən artıq birlik, cəmiyyət və assosiasiyalar dediklərimizə əyani sübutdur.

Ümummilli liderimiz Heydər Əliyev təkcə dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsinə, onların milli həmrəyliyinin yaradılmasına nail olmadı, eyni zamanda həyata keçirdiyi işlərlə, xeyirxah əməllərlə onların vahid lideri səviyyəsinə ucaldı. Bu gün yaşadığımız anlar, izlədiyimiz və şahidi olduğumuz hadisə və proseslər göstərir ki, sağlığında dünya azərbaycanlılarının həqiqi lideri səviyyəsinə yüksəlmiş ümummilli lider Heydər Əliyevin ideyaları, əsasını qoyduğu işlər bu gün də yaşamaqdadır. Ulu öndərın çox böyük dəqiqliklə işlədiyi strategiya 2003-cii ilin oktyabrından başlayaraq onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilır. Hələ 2003-cü il Prezident seçkilərinə hazırlıq ərəfəsində keçirdiyi görüşlərdə Azərbaycan seçicilərinə “Heydər Əliyev siyasətini davam etdirəcəyini, Azərbaycanın ümummilli liderinin yolunu davam etdirəcəyini” qətiyyətlə bildirən Azərbaycanın yeni liderinin Prezident kimi fəaliyyətə başladığı ilk gündən bu vədə uğurla əməl etməsini görürük.

Bütün bu işlər bir daha göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımızın tarixinə qurucu, yaradıcı, xilaskar, tarix yaradan şəxsiyyət kimi adını əbədi həkk etdırən, dünyada yaşayan bütün soydaşlarımız üçün daima vahid lider kimi qəbul edilən Heydər Əliyevin başladığı işləri qətiyyətlə və yüksək uğurla xalqımızın və dövlətçiliyimizin tərəqqisi naminə əzmlə davam etdirir. Ulu öndər Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir.

 

Vüqar MƏMMƏDOV,

Maliyyə Nazirliyinin Şəki şəhəri üzrə Maliyyə İdarəsinin rəisi.

 Respublika.-2014.- 27 may.- S.13.