Müstəqilliyimizin şanlı səhifəsi

 

Dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna yeri vardır. Şərqdə, bütün müsəlman dünyasında ilk parlament tipli demokratik respublika kimi Azərbaycan Xalq Cümhuriyyəti qədim dövlətçilik ənənələrimizi yaşadaraq, müasir dövrə xas olan dövlət atributlarını yaratmağa nail olmuşdu. Bu dövlətin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın və Qafqazın hüdudlarından kənara çıxırdı. Qısa bir vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyəti dünya ölkələri tərəfindən tanındı və beynəlxalq hüquq subyektinə çevrildi.

Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onu yaradanları həmişə böyük minnətdarlıqla yad edir. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Şərqdə ilk demokratik respublikanın təşəkkül tapmasında Fətəli xan Xoyskinin, Məmmədəmin Rəsulzadənin, Səməd bəy Mehmandarovun, Əlimərdan bəy Topçubaşovun, Əliağa Şıxlinskinin və digər görkəmli dövlət və siyasi xadimlərin böyük xidmətləri olmuşdur. Bu vətənpərvər ziyalıların, peşəkar hərbçilərin xatirəsi həmişə xalqımız tərəfindən minnətdarlıq hissi ilə anılır. 1918-ci ilin 28 may günü hər il ölkəmizdə Respublika Günü kimi təntənəli surətdə qeyd olunur.

Azərbaycanın Xalq Cümhuriyyətinin yaranması o dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi mühitində baş verən hadisələrlə sıx bağlıdır. Həmin ərəfədə artıq Azərbaycanda böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onlar Avropadünya mədəniyyəti ilə yaxından tanış idilər, öz intellektual potensiallarından millətin maariflənməsi üçün maksimum istifadə edirdilər. Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli, Hüseyn Cavid və digərləri o illər yaratdıqları bədii əsərlər, yazdıqları məqalələrlə xalqımızda milli şüurun oyanmasına, inkişafına, milli-azadlıq hərəkatının genişlənməsinə güclü təsir göstərmişlər. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, onun məhz demokratik prinsiplər əsasında fəaliyyətində mühüm rol oynamışdır.

Şərqdə ilk demokratik respublikanın yaranması həddən artıq çətin və mürəkkəb bir dövrə təsadüf edib. Bakı şəhəri xalqımızın qatı və qəddar düşməni S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşqak birləşmələri tərəfindən zəbt olunmuşdu. Bolşevizm” pərdəsi arxasında daşnaklar millətimizə qarşı qanlı soyqırım aksiyaları keçirirdilər. 1918-ci il martın 30-31-də Bakıda, daha sonra isə Şamaxıda, Qubada və Azərbaycanın digər bölgələrində on minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Təbii ki, bu qanlı hadisələr xalqımızın azadlıq mübarizəsini daha da alovlandırırdı.

Bu hadisələr fonunda 1918-ci il mayın 26-da Zaqafqaziya seymi dağıldı. Mayın 28-də isə M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Milli Şuraİstiqlal Bəyannaməsi”ni qəbul etməklə Azərbaycanın dövlət müstəqilliyini bütün dünyaya elan etdi. Onun siyasi quruluşunun demokratik respublika olduğunu göstərdi. Bəyannamədə qeyd edilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində tam dövlət müstəqilliyinə malik olub, burada yaşayan bütün vətəndaşların ictimai vəziyyətindən, milliyyətindən, dinindən, cinsindən, irqindən asılı olmayaraq vətəndaşlıq və siyasi hüquqlarını təmin edir.  Tiflisdə F.X.Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət ilk Azərbaycan hökuməti təşkil edilirbu hökumət iyunun 16-da Gəncəyə köçür. Hələ Gəncədə ikən hökumət tərəfindən bir sıra tədbirlər həyata keçirilir, qədim Gəncə şəhərinə öz tarixi adı qaytarılır, Azərbaycan ordusunun ilk dəstələrinin yaradılmasına başlanılır. Azərbaycanın dövlət dili haqqında qərar qəbul edilir, respublikanın üçrəngli milli bayrağı təsis olunurhimni yazılır.

Sonradan Azərbaycanın gənc ordusu Nuru Paşanın başçılığı altında olan qardaş türk ordusunun köməyi ilə Bakı şəhərini bolşevik-erməni birləşmələrindən təmizləyərək Bakıda fəaliyyətini davam etdirir. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən mühüm tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnikdini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, ilk demokratik parlamentin formalaşması, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsi, eləcə də təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılması, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və digər görülən mühüm işlər hökumətin həmin dövrdə yürütdüyü siyasətin miqyasını, mahiyyət və əhəmiyyətini əyani şəkildə səciyyələndirirdi.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, həyata keçirilən bu möhtəşəm tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərib. Məhz buna görə 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi, XX əsrin sonlarına yaxın Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bir həqiqəti də təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan XX əsrdə iki dəfə istiqlaliyyətini əldə etmək, özünün müstəqil dövlətini yaratmaq şansı qazanıb. 1918-ci ildə Şərqdə ilk demokratik respublika xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması ucbatından cəmi 23 ay yaşadı. Xalqımız 1991-ci il oktyabrın 18-də çətinliklə əldə etdiyi ikinci tarixi şansını da o vaxtkı səriştəsiz iqtidarların günahı üzündən cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Ölkə olduqca ağır bir vəziyyətə düşmüşdü. Siyasi, hərbi və iqtisadi böhran, vətəndaş qarşıdurması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin acı nəticələri, bütövlükdə ölkəmizdə cərəyan edən mənfi və son dərəcə qorxulu proseslər xalqımızın gələcəyə olan ümidlərini büsbütün qırmışdı. Azərbaycanın müstəqil ölkə kimi gələcəyi çox böyük sual altında idi.

1993-cü ilin kəşməkəşli iyun ayında dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidi və xahişi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtdı. Müasir tariximizə Milli Qurtuluş Günü kimi daxil olan bu qayıdış ölkəmizin və xalqımızın başının üstünü almış bütün bəlalardan hifz edib qorudu. Ulu öndərimiz Azərbaycanı məhv olmaqdan, parçalanmaq təhlükəsindən qurtardı. Vətəndaş müharibəsinin qarşısını aldı. Xalqa nicat yolu göstərdi. Bu yolda öz canını və bacarığını əsirgəmədi. Heydər Əliyev istiqlaliyyətimizin əbədi olacağını əminliklə deyirdi.

Həqiqətən də çox qısa zaman kəsiyində xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin rəhbərliyi altında bəyan etdiyi demokratik, hüquqi və dünyəvi dövlətini qurub, onun dünyanın və Avropanın ən mütərəqqi demokratik dəyərlərinə əsaslanan təsisatlarını yaradıb. Ümummilli liderimizin 10 illik prezidentliyi dövründə həyatımızın bütün sahələrində köklü dəyişikliklər baş vermiş, ictimai-siyasi sabitlik bərqarar olmuş, Azərbaycan inkişaf və tərəqqi yoluna çıxmışdır. Heydər Əliyevin milli neft strategiyasının reallaşması isə çox güclü potensiala malik Azərbaycan iqtisadiyyatının dirçəlişinə güclü təkan verdi. Əsrin müqaviləsinin imzalanması, bu yöndə görülən genişmiqyaslı qlobal işlər, xüsusən də Bakı-Tbilisi-Ceyran neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin reallaşması əslində ölkəmizin timsalında yeni neft-qaz erasının başlanğıcını qoyub. Bu sahədə ümummilli liderimiz Heydər Əliyevin bəşəri xidmətləri bütün dünya ölkələri tərəfindən, o cümlədən ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanın dövlət başçıları tərəfindən çox yüksək dəyərləndirilib.

Bu gün Azərbaycanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi, dönməz və əbədi olması, Azərbaycanın hərtərəfli və dinamik inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Onun müəyyənləşdirdiyi siyasi kurs ölkəmizə iqtisadi uğurlar gətirir. Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib, dünyadakı nüfuzunu yüksəldib. Ulu öndərin şərəfli həyatı bugünkü və gələcək nəsillərə daim örnəkdir. Ulu öndər öz şərəfli fəaliyyəti ilə müasir Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, bütün varlığı ilə vətəninə, onun insanlarına bağlıdır: Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək.

Ulu öndərin öz xalqı qarşısında böyük xidmətlərindən biri  müəyyənləşdirdiyi milli inkişaf kursunu, iqtisadi tərəqqi strategiyasını özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirməsidir. Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu ümidləri layiqincə doğruldan Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı inkişaf  edir. Beynəlxalq aləmdə nüfuzu yüksəlir. Dövlət başçısı İlham Əliyev ulu öndərin siyasi, iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atır. Təsadüfi deyil ki, ölkəmiz 155 dövlətin səs verməsi ilə BMT-nin Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə  qeyri-daimi üzv seçilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müasir Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə öz qüdrətini günbəgün artırır.

Təməli hələ Azərbaycan Xalq Cümhuriyyəti  tərəfindən qoyulmuş müstəqilliyimiz hazırda möhkəmlənib və xalqımız öz sərvətinin tam sahibinə çevrilib. Odur ki, 96 illik yubleyini təntənə ilə qeyd etdiyimiz cümhuriyyət tarixionu yaradan insanların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

 

Rasim MƏMMƏDOV,

“Ticarət Mərkəzi-4” müəssisəsinin direktoru.

 Respublika.-2014.- 27 may.- S.13.