Azərbaycanın şərəfli istiqlal yolu

 

1918-ci ildə Azərbaycan Xalq cümhuriyyətinin yaranması fəaliyyəti xalqımızın həmişə qürurla xatırladığı şərəfli bir tarixdir. Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 may ən unudulmaz günlərdəndir. Həmin günü xalqımız azadlıq və müstəqillik arzusuna qovuşmuş, Şərqdə ilk demokratik dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. 96 il əvvəl AXC-nin yaranması son dərəcə çətin və mürəkkəb tarixi-siyasi proseslərin cərəyan etdiyi bir dövrə təsadüf olunurdu. 1917-ci ilin noyabrında müstəqil Zaqafqaziya Komissarlığı, daha sonra Zaqafqaziya Seymi yaradıldı. 1918-ci il may ayının 26-da Gürcüstan müstəqilliyini elan edərək seymdən çıxdı. May ayının 27-də isə seymin müsəlman üzvlərinin fövqəladə iclasında Azərbaycan Milli Şurası yaradıldı və bir gün sonra Azərbaycan öz istiqlaliyyətini dünyaya bəyan etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərində xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, maarifçilərinin fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış və dirçəliş hissləri güclənmişdi.

Artıq XX əsrin əvvəllərindən, xalqımızın qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə baş vermiş Oktyabr inqilabı, Çar Rusiyası imperatorluğunun dağılması və o zaman baş verən proseslər Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və xalq Cümhuriyyətinin yaradılması üçün əlverişli şərait yaratdı. Cümhuriyyətin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ona rəhbərlik edən şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məhəmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli şüurunun güclənməsinə böyük təsir göstərdi. Məhz buna görə 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Sovet hakimiyyətinin qurulması ilə Azərbaycanın dövlət müstəqilliyinə son qoyulmasına baxmayaraq, xalqımız formal şəkildə olsa da öz dövlətini qoruyub saxladı, müstəqil respublika kimi SSRİ-ni təşkil edən  subyektlərdən birinə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti illərində millətimiz istiqlalın və hürriyyətin nə demək olduğunu dərk etdibundan qaynaqlanan yeni ideyalar Vətənin nə vaxtsa, özü də istiqlalına əbədi qovuşacağı inamına mənəvi dəstək verdi.

Xalqımız XX əsrin sonundayeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumalı və möhkəmləndirməyi bacardı.

Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətin səbadsız və qətiyyətsiz adamların əlində olmağı milli dövlətçiliyimiz taleyini təhlükə altında qoyurdu.

1993-cü ilin iyun ayında xalqın təkidli, tələbi ilə hakimiyyətə qayıdan ulu öndərimiz dahi şəxsiyyət Heydər Əliyev çox qısa bir zaman çərçivəsində Azərbaycanı real parçalanmadan qurtardı, xaos və hərc-mərcliyin pəncəsindən xilas edə bildi. Heydər Əliyev dühası və müdrikliyi bütün xalqı milli ideya—Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə demokratik, dünyəvi, hüquqi dövlət quruluculuğunun əsasını qoymağa nail oldu.

Ulu öndərin zəngin dövlətçilik təcrübəsi və idarəçilik məharəti müstəqil dövlətimizi ağır bəlalardan xilas etdi. Ölkədə ictimai-siyasi sabitlik yarandı, davamlı inkişafa yol açıldı.

Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dövlətinin banisiqurucusu ümummilli lider Heydər Əliyevdir. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir, bu həqiqət xalqını, millətini, məmləkətini sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hissi doğurur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki roluna yüksək qiymət verərək deyirdi: “Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.... İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir”.

Müqəddəs amallar uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bütün cəmiyyətlə davaminkişaf etdirilir. Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan xalqı müstəqillik yollarında daha böyük uğurlar və nailiyyətlər qazanır, qabaqcıl və demokratik dünya dövlətləri arasında özünə layiqli yer tutur. İnanırıq ki, xalqımız bundan sonra da ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşərək fundamental qələbələr qazanacaq öz müstəqilliyini əbədi qoruyub saxlayacaqdır.

 

Yusif BABANLI,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının prorektoru,

YAP Nərimanov rayon Gənclər Təşkilatının sədri.

Respublika.-2014.- 27 may.- S.13.