Taxılçılıqda yeni texnologiyaların tətbiqi
Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Belə ki, taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yem bazasıdır. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır.
BMT-nin məlumatına görə 2025-ci ildə Yer kürəsində əhalinin artım sayının (inkişaf etmiş ölkələrdə 0,4 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 1,6 faiz artım tempi ilə) 8 milyard nəfərdən artıq olacağı gözlənilir. Ona görə də dünya əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün ildə (mövcud əkin sahələrinə görə) məhsuldarlıq 4,5 ton/hektar olmaqla 4 milyard ton taxıl istehsal edilməlidir. Tamamilə aydın olur ki, mövcud əkin sahələrində yeni texnologiyaları tətbiq etmədən yuxarıda göstərilən məhsul artımına nail olmaq olduqca çətin bir məsələdir. Bu baxımdan bu gün bütün qabaqcıl aqrar ölkələrin əkinçilik sisteminin inkişafı yeni texnologiyaların istifadəsi yolu ilə gedir. Ona görə də onlar ilk növbədə fəal tətbiq, səmərəli elmi texnologiyalar və innovasiyalar hesabına rəqabətə davamlılıqlarını qoruyub saxlayırlar. Bunun sayəsində davamlı artım, əmək məhsuldarlığının və aqrar istehsal mədəniyyətinin yüksəldilməsi həyata keçirilir.
Azərbaycanın taxıl məhsullarına tələbatı 3-3,5 milyon tondur. Ölkəmizdə istehsal olunan taxıl məhsulu hektardan 2,6-2,8 ton olmaqla ümumi tələbatın 80-85 faizini ödəyir. Heyvandarlığın qüvvəli yemə tələbatını da nəzərə alsaq, adam başına 500 kq hesabı ilə cəmi 4,5 milyon ton taxıl istehsal edilməlidir.
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən, 2015-ci ilə qədər tələbatı daxili istehsal hesabına tam ödəmək üçün taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığın yüksəldilməsidir. Bu məqsədilə taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması və fermerlərin yeni texnologiyalara yiyələnməsi ön plana çəkilməlidir.
Hesablamalar göstərir ki, əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaq və məhsuldarlığı hektardan 4-5 ton səviyyəsinə yüksəltməklə illik taxıl istehsalını 4-4,5 milyon tona çatdırmaq mümkündür.
Başqa bitkilərin əkin sahəsi hesabına taxıl əkini sahələrinin həddən artıq genişləndirilməsi fermer təsərrüfatlarında monokulturaya gətirib çıxarır ki, bu da tarlada bitkilərin rotasiya qaydası ilə yerləşdirilməsi və növbəli əkin sisteminin pozulmasına səbəb olur.
Bazar iqtisadiyyatı şəraitində dənli bitkilərdən sabit və keyfiyyətli məhsulun alınması üçün mütərəqqi aqrotexniki üsulların işlənib kəndli və fermer təsərrüfatlarına tətbiq edilməsi günün aktual və vacib məsələlərindən biri hesab olunur.
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun beynəlxalq taxılçılıq mərkəzləri olan CİMMYT və İKARDA ilə əlaqələrinin genişlənməsi və təcrübə mübadiləsi bir daha onu göstərdi ki, payızlıq buğdanın tirəli səpin texnologiyası ilə becərilməsi yeni və mütərəqqi üsul hesab edilir.
O, səpin üsulu mütərəqqi sayılır ki, minimal xərclərlə vahid əkin sahəsindən yüksək və keyfiyyətli məhsul əldə olunmasını təmin etmiş olsun. Bu gün respublikanın əksər regionlarında payızlıq buğda əsasən cərgəarası 15 sm və səpin norması hektara 220-250 kq/hektar olmaqla adi cərgəvi səpin üsulundan istifadə etməklə becərilir. Lakin bu üsul payızlıq buğdanın potensial məhsuldarlığını tam üzə çıxara bilmədiyindən mütərəqqi hesab edilə bilməz.
Tirəli səpin üsulunda becərilən bitkilər torpaqda olan qida maddələrindən, nəmlikdən və günəş enerjisindən kifayət qədər istifadə etdiyi üçün, bu texnologiya istər aqrotexniki, istərsə də iqtisadi baxımdan səmərəli hesab edilir. Bu səpin üsulu əsasən respublikanın suvarılan-düzən bölgələri üçün nəzərdə tutulur.
Tirəli səpin texnologiyasında adi cərgəvi səpin üsulundan fərqli olaraq erkən yazda taxılın kollanma fazasında alaq otlarının yayılma dərəcəsi qiymətləndirilərək, cərgəarası becərən kultivatorla şırımlar becərilir, alaq otları mexaniki üsulla məhv edilir, torpağın su-hava rejimi yaxşılaşaraq bitkilərin inkişafı üçün optimal şərait yaranır.
Tirəli səpin texnologiyası Meksikada, Türkiyədə, Pakistanda, Hindistanda, İran və Çində geniş yayılmışdır.
Akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda yaradılmış “Əzəmətli-95” və “Tale-38” yumşaq buğda sortları tirəli səpin texnologiyasında digər sortlara nisbətən bir çox aqrobioloji üstünlüklərə malik olmuşdur. Ona görə də tirəli səpin üsuluna keçərkən aqroekoloji şəraitə uyğun sortların düzgün seçilməsi çox vacib və önəmli şərtlərdən biri hesab edilir. Adi səpin üsulundan, tirəli səpin üsuluna keçməklə səpin normasına 40-50 faiz, suvarma suyuna 25-30 faiz qənaət olunur, torpaq deqradasiyasının qarşısı alınır, verilən gübrənin səmərəliliyi artır, xəstəlik və zərərvericilərin inkişafı zəifləyir, bitkilərin yatmağa davamlılığı yüksəlir, alaq otlarına qarşı mexaniki mübarizə aparmaq imkanı yaranır.
2002-2013-cü illər ərzində respublikanın suvarılan ərazilərinin (Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Salyan, Göygöl, Goranboy, Samux, Şabran və Xaçmaz rayonları) əkin sahələrində tirə üsulu ilə dənli taxıl bitkiləri səpilmiş və adi səpin üsulu ilə müqayisədə məhsuldarlıq 20-30 faiz, rentabellik səviyyəsi isə 30-40 faiz yüksəlmişdir.
Respublikanın suvarılan aran bölgələrində 400 min hektarlıq əkin sahəsində tirəli səpin texnologiyasını tətbiq etməklə 32 min ton taxıl toxumuna və ya 14,4 mln. manat pul vəsaitinə və eləcə də digər resurslara qənaət etmək olar. Bunlarla bərabər tirəli səpin üsulu vəsaitə qənaət edən texnologiyanın ikinci mərhələsi hesab olunan şumsuz əkin sisteminə keçmək üçün real imkan yaratmış olur.
Son onilliklərdə dünyada şumsuz əkinçilik sistemi, No-Till (ingiliscə) geniş vüsət alıb. Məsələn, Cənubi Amerikada ilk eksperiment No-Till metodunun istifadəsi üzrə 1971-ci ildə Braziliyada başlayıb. Hazırda bu ölkədə əkin sahəsinin 45 faizi, Kanadada 90 faiz, Argentinada 50 faiz, Paraqvayda 60 faiz, ABŞ-da əkin sahəsinin 82 faiz artıq “sıfır becərmə sistemi ilə” becərilir.
Vəsaitə qənaət edən texnologiyalarının dünyada geniş yayılması bununla əlaqədardır ki, onların tətbiqi nəinki torpaq münbitliyinin qorunub saxlamasına imkan verir, həmçinin istehsal xərclərinin 55-60 faiz azalmasına və əkinçilik sisteminin səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Taxıl biçinindən sonra kövşənliklərə şum etmədən birbaşa qarğıdalı, günəbaxan, soya, darı, lobya və s. toxumları səpilir.
Həmin sahələrdən aralıq bitkilərinin məhsulları payızlıq dənli taxıl bitkilərinin səpin müddətinə qədər sahələrdən toplanır və yenidən səpin işləri həmin qayda ilə, yəni sıfır becərmə ilə davam etdirilir.
Növbəli əkin tarlalarında istifadə edilən əsas bitkilərin, birinin məhsulunun yığılmasından, digərinin toxumunun səpilməsinə qədər olan müddətdə əkilən bitkilər aralıq bitkiləri, həmin bitkilərin becərildiyi sahə isə aralıq əkinləri adlanır.
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda uzun müddət aparılan araşdırmaların nəticələri göstərmişdir ki, respublikamızda dən və yem istehsalının artırılmasında ən ehtibarlı ehtiyat mənbələrindən biri kənd təsərrüfatı bitgilərinin təkrar, daha doğrusu, aralıq bitkilərinin əkinindən istifadə edilməsidir.
Azərbaycanın suvarılan aran rayonlarında fəal temperaturun cəminin 4000-4500 0C təşkil etdiyi üçün burada torpaq-iqlim şəraiti eyni əkin sahəsində bir ildə iki, bəzən isə üç məhsul alınmasına imkan yaradır. Məsələn, payızlıq taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra həmin sahəyə yenidən taxıl əkmək üçün 90-120, yazlıq bitkilər əkmək üçün isə 220-250 gün sahə boş qalır. Bu müddətdə torpağa düşən atmosfer çöküntülərinin miqdarı 150-180 mm-ə, bioloji fəal temperaturun cəmi isə 1800-21000 0C-yə çatır ki, bu da ümumi illik aqroiqlim ehtiyatının 30-40 faizini təşkil edir. Vegetasiya müddəti az olan bitkilərdən istifadə etməklə həmin miqdar aqroiqlim ehtiyatı hesabına əlavə ikinci məhsul almaq mümkündür. İri heyvandarlıq kompleksləri üçün yaradılan yem növbəli əkinlərində aralıq bitkilərindən istifadə etməklə, mal-qaranı ilboyu yaşıl yemlə təmin etmək mümkündür.
Aralıq əkinlər mühüm aqrotexniki əhəmiyyət kəsb edir. Yaşıl gübrə kimi istifadə edilən aralıq bitkiləri, torpaqda qida maddələrinin miqdarını artırır, onun struktur vəziyyəti yaxşılaşdırılır və alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmasına imkan verir. Ona görə də mühüm aqrotexniki tədbir kimi aralıq bitkilərin əkin sahələri genişləndirilməlidir.
Hazırda kövşənlik aralıq bitkisi kimi ən çox qarğıdalı, günəbaxan, darı və tərəvəz bitkiləri əkilir. Aparılan bir çox təcrübələr, habelə təsərrüfat səpinlərində əldə edilən məlumatlar göstərir ki, kövşənlik bitkisi kimi becərilən qarğıdalı sahəsinin hər hektarından 250-300 sentner yaşıl kütlə və 40-50 sentner dən məhsulu, həmçinin, günəbaxandan 15-20, darıdan isə 10-15 sentner dən məhsulu əldə edilir.
Aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır. Becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda hər hektardan 40-60 sentner bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır.
Torpaqların meliorasiya vəziyyətinin yaxşılaşdırılması, bitki qalığının və torpaqda olan qida maddələrinin idarə olunması, aqrotexniki qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsi becərilən bitkilərin məhsuldarlığının yüksəlməsi üçün ən vacib tədbirlərdən hesab edilir. Belə bir şəraitdə əkinçilik sistemində yeni texnologiyaları tətbiq etmək daha yüksək səmərə verir. Təsərrüfatlarda mütərəqqi texnologiyaları tətbiq etmək üçün torpaqların münbitlik göstəriciləri təhlil olunmalı və qiymətləndirilməlidir. Bunun üçün əkin sahələrindən torpaq nümunələri götürməklə torpaqda olan azotu, fosforu, kaliumu, ümumi humusu və torpaq mühitini müəyyən etmək lazımdır. Bildiyimiz kimi müxtəlif bitkilər torpaq münbitliyinə və torpaqda olan qida maddələrinə müxtəlif dərəcədə həssaslıq göstərirlər. Məsələn, 1 ton dən üçün qarğıdalının əsas və əlavə məhsulunun əmələ gəlməsinə təsiredici maddə hesabı ilə 30-35 kq azot, 8-12 kq fosfor, 25-35 kq kalium tələb olunur. 1 hektar qarğıdalı sahəsində qalan 18-20 ton yerüstü bitki qalığı vasitəsi ilə torpağa 150 kq azot, 60 kq fosfor, 30 kq kalium qayıdır. Ona görə də hesablamalar göstərir ki, 1 hektar əkin sahəsindən 8-10 ton qarğıdalı dəni almaq üçün 300-350 kq azot, 80-120 kq fosfor, 250-350 kq kalium tələb olunur. Ona görə də torpaqda olan ehtiyat qida maddələrini çıxdıqdan sonra qalan qida maddələrini üzvi və qeyri-üzvi gübrələr formasında torpağa və yemləmə şəklində bitkilərə verilməsi tövsiyə olunur. Aqrotexniki baxımdan növbəli əkin sistemində cərgəarası becərilən bitkilərin (qarğıdalı, günəbaxan, soya, pambıq, şəkər çuğunduru və sairə) iştirakı çox vacibdir. Beləliklə, qlobal iqlim dəyişikliyi nəticəsində yağmurların mövsümlər üzrə və eləcə də bitkilərin vegetasiyası dövrlərində paylanmasında çox fərqli və ciddi kontraslar əmələ gəlir ki, bu da əkinçilik və bitkiçilik sistemlərinə güclü ziyan vuraraq məhsul itkisinə səbəb olur. Ona görə də səthi və sıfır becərmə texnologiyalarını tətbiq etməklə vahid əkin sahəsində ikinci və üçüncü məhsulun alınması üçün aralıq bitkilərin becərilməsi respublikamızda ərzaq təhlükəsizliyinin həlli istiqamətində aparılan vacib tədbirlərdən biri hesab edilir.
Əsəd Musayev,
Kənd Təsərrüfatı
Nazirliyi Aqrar Elm Mərkəzinin Baş
direktoru,
aqrar elmləri üzrə fəlsəfə
doktoru.
İmran Cümşüdov,
Elmi-Tədqiqat
Əkinçilik İnsitutunun şöbə
müdiri,
aqrar elmləri üzrə fəlsəfə
doktoru.
Respublika.-2014.- 27 may.- S.14.