ÖLKƏMİZİN
MÜSTƏQİLLİYİ DAİMİ VƏ
ƏBƏDİDİR
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü tamam olur. Respublika Günü kimi qeyd edilən bu tarixi gün şərəfli keçmişə ehtiram və gələcəyə inam hisslərini özündə cəmləşdirərək Azərbaycan xalqının həyatına çox mühüm və əlamətdar bir hadisə kimi daxil olmuşdur. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Mayın 27-də Respublika Günü münasibətilə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edərək, ADR-in qısa, lakin şərəfli tarixinə ehtiramını bildirmişdir.
1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini elan edərək istiqlaliyyət uğrunda mübarizə tarixinə parlaq və şanlı səhifə yazmışdır.
1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk xalq demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət isə onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmmədəmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olmasını elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türkdilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarca qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.
Bir sözlə, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində öz ərazisində tam dövlət hakimiyyətinə malik olmaqla müstəqil xarici və daxili siyasət yeritmiş, dövlətə xas olan təsisatlar – parlament, hökumət, ordu, maliyyə sistemi yaratmış, xalqımızın tarixində böyük iz qoyan tədirlər həyata keçirmişdir.
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Demokratik Respublika dövründə kitabxana və
muzey işinin quruluşunda böyük yeniliklər
edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin
ehtiyaclarını ödəmək üçün Bakıda
ümumi kitabxana təşkil etmək məsələsini
qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min
nüsxə kitab fondu olan 11 kitabxana var idi.
Həmin dövrdə Bakıda etnoqrafiya muzeyinin
yaradılması haqqında Maarif Nazirliyi qarşısında
məsələ qaldırılmışdır. Xalq
Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı
olmuşdur. 1918-20-ci illərdə
Bakıda, Gəncədə və respublikanın digər
şəhərlərində onlarca qəzet və jurnal nəşr
olunmuşdur.
Milliyyətindən, siyasi və dini məsubiyyətindən,
cinsindən asılı olmayaraq bütün vətəndaşlara
bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin
müəyyən olunması, dövlətçilik rəmzlərinin
qəbul edilməsi, ana dilinin dövlət dili elan edilməsi
Azərbaycanın gələcək müstəqilliyi
üçün möhkəm təməl
yaratmışdır.
Çox çətin və ziddiyyətli tarixi şəraitdə
qurulan Azərbaycan dövləti cəmi 23 ay fəaliyyət
göstərmişdir. 1920-ci il aprel ayının 28-də
Sovet Rusiyası beynəlxalq hüquq normalarını
kobudcasına pozaraq silahlı qüvvələrini Azərbaycan
ərazisinə yeritmiş, cümhuriyyətin
varlığına son qoymuşdur.
Azərbaycan Demokratik Respublikasının süqutundan
sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü
başladı.
Lakin xalqımız müstəqillik uğrunda
mübarizəni davam etdirdi. Bu mübarizədə
çoxlu şəhidlər verdik.
XX əsrin
sonlarında xalqımız özünün müstəqillik
mübarizəsinin nəticəsi kimi dövlət suverenliyinin
yenidən bərpasına nail oldu. 1991-ci ildə
müstəqilliyimizi yenidən əldə etdik. 18 oktyabr
1991-ci il tarixində Azərbaycanın
dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul
edilərək müstəqil Azərbaycan dövlətinin
yaradılması və yeni qurulan dövlətin Azərbaycan
Xalq Cümhuriyyətinin hüquqi varisi olması bəyan
edilmişdir.
Azərbaycan özünün müstəqilliyinin ilk illərindən
yeni geosiyasi vəziyyətin diktə etdiyi ciddi siyasi, iqtisadi,
sosial və idarəçilik problemləri ilə
qarşılaşmalı oldu. Ermənistanın hərbi
təcavüzünün nəticəsi kimi ortaya
çıxan Dağlıq Qarabağ problemi və iqtisadi tənəzzül,
hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər,
zorakılıqlarla müşayiət olunan hakimiyyət
ambisiyaları dövlət həyatını və cəmiyyəti
idarəolunmaz vəziyyətə gətirmişdi. Bütövlükdə isə bu problemlər milli təhlükəsizliyi
və müstəqilliyin özünün mövcudluğunu
ciddi təhdid edəcək səviyyəyə qədər
qalxmışdı. Təsadüfi deyildir ki, Azərbaycanın
müasir müstəqillik tarixinin
araşdırıcıları da həmin dövrü –
1991-1993-cü illəri xaosun, anarxiyanın, böhranın dərinləşdiyi,
dövlətin parçalanma, millətin isə məhv olma təhlükəsi
ilə qarşı-qarşıya qaldığı dövr
kimi qiymətləndirərək “formal müstəqillik” mərhələsi
kimi xarakterizə edirlər.
1993-cü ilə qədər ölkəmiz elə vəziyyətə
düşmüşdü ki, bir daha dirçələcəyimizə
gümanımız yox idi, Azərbaycanın bir dövlət
kimi mövcudiyyəti şübhə altına
düşmüşdü. Elə bir xaos,
özbaşınalıq şəraiti yaranmışdı ki,
bundan baş çıxarmaq hər kəsin işi deyildi.
Problemlər baş alıb gedirdi, həmin problemləri aradan
qaldıra biləcək yeganə qüvvə isə yalnız
Heydər Əliyev şəxsiyyəti ola
bilərdi. Ölkəni görünməmiş
bəlalardan xilas etmək üçün lazım olan enerji,
müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var
idi, ümidlər yalnız ona idi. Çünki
xalq hələ 1969-cu ildə hakimiyyətə gələndən
sonra Heydər Əliyevin necə böyük işlər
gördüyünü görmüşdü.
1993-cü ilin iyununda Azərbaycanın öz müstəqilliyini
itirmək təhlükəsi reallaşdı. Bir ovuc quldur dəstəsinin
əlində aciz qalmış AXC-Müsavat hakimiyyəti
artıq ölkəni idarə etmək iqtidarında deyildi.
Ölkədə qanunlar işləmir, anarxiya
baş alıb gedir, erməni təcavüzü sürətlə
genişlənir, yeni-yeni ərazilərimiz işğal
olunurdu. Azərbaycanın bir dövlət
kimi məhvi labüd görünürdü. Lakin xalq
milli fəlakətin astanasında yenə öz
sözünü dedi: Azərbaycanı faciədən
yalnız ümummilli liderimiz Heydər Əliyev xilas edə bilər.
Bu qətiyyətin arxasında möhkəm
sınaqlardan çıxmış inam dururdu.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi
ilə respublika rəhbərliyinə qayıdışı
dövlətçiliyimizi, müstəqilliyimizi xilas etdi. Onun siyasi
uzaqgörənliyi, dərin iradəsi, dövlət idarəçiliyi
sahəsində zəngin təcrübəsi Azərbaycanı
fəlakətdən qurtardı.
O dövrdə
müdrik rəhbərin qısa zaman kəsiyində həyata
keçirdiyi tədbirlərlə cəbhə xəttində
atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr
zərərsizləşdirildi, dövlət çevrilişi
cəhdlərinin və terror aktlarının
qarşısı alındı. Bununla da
respublika ərazisində stabil, normal həyat bərqərar
olundu.
Sabitlik əldə olunandan sonra dövlət quruculuğu
istiqamətində təxirəsalınmaz addımlar
atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Bu da öz
növbəsində dövlət institutunu möhkəmləndirdi.
Ölkə iqtisadiyyatının dirçəlişi
yönümündə də çoxsaylı vacib müqavilə
və proqramlar imzalandı, xalq təsərrüfatının
ayrı-ayrı sahələrində perspektiv layihələr,
islahatlar həyata keçirildi. Odur ki,
1995-ci ildən iqtisadiyyatın hər sahəsində
inkişaf açıq-aydın gözə çarpmağa
başladı.
Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsində milli sərvətlərimizdən
ölkənin və xalqın mənafeyinə uyğun istifadə
olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu
neft strategiyası olduqca xüsusi əhəmiyyət kəsb
edir.
1994-cü il sentyabrın 20-də dünyanın iri neft
şirkətləri ilə imzalanmış “Əsrin
müqaviləsi”, 1999-cu il noyabrın 18-də ATƏT-in
İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas
neft ixrac boru kəmərinin inşa olunmasına dair
bağlanmış saziş Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmlənməsində müstəsna
rol oynadı.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya
birliyində layiqli yer tutan, müstəqil siyasət
yürüdən bir dövlətdir, imzalar içində millətimizin
də imzası görünür.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısında başlıca xidmətlərindən
biri də dövlət quruculuğunun hüquqi
bazasının yaradılmasıdır. 1995-ci ildə
qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan
Respublikasının hüquqi, dünyəvi dövlət kimi
ilk dəfə olaraq insan hüquqlarının
qorunmasını öz siyasətinin prioriteti kimi qəbul
etdiyini göstərdi.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət
müstəqilliyini bərpa etdikdən sonra ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq
Cümhuriyyətinin ənənələrini əsas tutaraq,
müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli
olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini
və suverenliyini qorumağı və möhkəmləndirməyi
bacardı, dövlətçiliyin qorunması
üçün qətiyyətli tədbirlər
görüldü, ölkədə davamlı ictimai-siyasi
sabitlik bərpa edildi. Bu gün möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Respublikasında demokratik, hüquqi,
dünyəvi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu prosesi uğurla davam etdirilir. Bu
sahədə qazanılmış nailiyyətlər qürur
doğurur. Respublikamızda siyasi, iqtisadi və
sosial islahatlar uğurla həyata keçirilir, ölkə
iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi
üçün təsirli tədbirlər görülür.
Artıq Azərbaycan Qafqazın lider ölkəsinə
sevrilib və özünün beynəlxalq aləmdəki
mövqeyini getdikcə möhkəmləndirir. Dünyanın
super dövlətləri olan ABŞ, Rusiya, Fransa ilə
münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib. Ən başlıcası
isə müstəqilliyimiz əbədi, sarsılmaz xarakter
alıb. Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməyə qadir
güclü ordusu var.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin
tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini
dərindən öyrənməli, ideyalarını təbliğ
etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin
tarixi təcrübəsi göstərir ki, dövlət
müstəqilliyini və suverenliyi əldə etmək kifayət
deyil, həm də onu bütün vasitələrlə qorumaq
və möhkəmləndirmək lazımdır.
Müstəqilliyimizi
bərpa etdikdən sonra bu bayram hər il
ölkəmizdə böyük təntənə ilə qeyd
edilir. Keçirilən tədbirlərdə
Cümhuriyyət dövrünə bir daha nəzər
salınır, onun tariximizdəki yeri və rolu ətraflı
təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli
öyrənilir.
Müsəlman Şərqində ilk demokratik respublika
olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik
sosial-iqtisadi, ictimai-siyasi və mədəni
inkişafının, xalqımızın milli
oyanışı və dirçəlişi proseslərinin məntiqi
nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan
Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin,
intellektual və mədəni potensialının, yüksək
istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci
il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan
edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül
tapmasında və fəaliyyət göstərməsində
Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin
Əlimərdan bəy Topçubaşovun, Məhəmmədəmin
Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy
Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy
Mehmandarovun, Əliağa Şıxlinski və
başqalarının böyük xidmətləri olmuşdur.
Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər
ziyalıların, peşəkar hərbçilərin
adları xalqımızın yaddaşına əbədi həkk
olunmuşdur.
XIX əsrin sonlarında və XX yüzilliyin əvvəllərində
Tbilisi şəhəri Zaqafqaziyanın mədəni mərkəzlərindən
biri sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti
süqut edəndə azadlıq fədailərinin
sığınacaq məkanlarından birinə
çevrilmişdi. Tariximizə böyük diqqət və
hörmətlə yanaşan ümummilli liderimiz Heydər
Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsində işlədiyim
zaman mənə tapşırıq verdi ki,
bu qədim şəhərdə dünyasını dəyişən
ziyalıların taleyini araşdırım. Ulu
öndərin xüsusi tapşırıqları ilə, ilk
öncə Mirzə Fətəli Axundovun geniş və
yaraşıqlı evində müəyyən təmir-bərpa
işləri aparılaraq azərbaycanlıların mədəniyyət
mərkəzinə çevrildi. Sonra Nəriman
Nərimanovun doğma ocağı erməni əsilli nankorlardan
təmizləndi. Mirzə Cəlilin mənzilində,
“Molla Nəsrəddin” jurnalının redaksiyasında, “Qeyrət”
mətbəəsində təmir-bərpa işləri
aparılaraq xatirə muzeyləri yaradıldı.
Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin
nəzdində İbrahim İsfahanlı adına
teatrın fəaliyyəti bərpa olundu. Az
qala, unudulmaqda olan bu səhnə fədaisinin 100 illik yubileyi təntənəli
şəkildə qeyd edildi. Cümə məscidinin
qənşərində böyük sənətkarın
yaşadığı binaya xatirə lövhəsi vuruldu.
Tbilisidəki Nəbatat bağında yenidənqurma
işləri aparıldı. Köhnə qəbirlər
tamamilə sıradan çıxa bilərdi. Ulu öndərin tövsiyəsilə iki yüz
kvadratmetrdən çox ərazi abadlaşdırıldı.
Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə
qovuşduğu bu müqəddəs yer əsl ziyarətgaha
çevrildi. Böyük mütəfəkkir
Mirzə Fətəli Axundovun büstü bərpa edildi.
Unudulmaz şairimiz Mirzə Şəfi Vazehin qəbirüstü
abidəsi ucaldıldı. Görkəmli
ziyalı Həsən bəy Ağayevin büstü qoyuldu.
Qədim müsəlman qəbiristanlığında
Tiflis ədəbi mühitindən çıxmış,
müstəqil Azərbaycan dövlətçiliyi uğrunda
mübarizə aparmış insanların, tanınmış
elm və mədəniyyət nümayəndələrinin,
ictimai-siyasi xadimlərin adları yazılmış fəxri
güşə yaradıldı. Zərli boya ilə “Azərbaycan
övladları” sözləri yazılmış mərmər
lövhədə öz dövrünün adlı-sanlı
ziyalılarının, böyük şəxsiyyət kimi
tanınan soydaşlarımızın: Mirzə Şəfi
Vazeh, Mirzə Fətəli Axundov, Fətəli xan Xoyski, Həsən
bəy Ağayev, Əliqulu Qəmküsar, Hüseyn Əfəndi
Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtinski,
Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov
və onlarca başqalarının adları həkk olundu. Bütün bunlar bilavasitə xalqımızın
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
və tövsiyəsi ilə həyata keçirildi.
Heydər Əliyevin Fətəli Xan Xoyskiyə xüsusi
rəğbəti olmuşdur. 1996-cı ilin soyuq
qış günlərindən biri idi. Həmişə
olduğu kimi, soydaşlarımızla görüş
üçün Tbilisiyə getmişdik. İşimizi
görüb evə qayıtmağa hazırlaşırdıq.
Axşam saat doqquz olardı. Mənə
məlumat verdilər ki, ağbirçək bir qadın təklikdə
görüşmək, nəsə bir söz demək istəyir.
Görüşdük, söhbətdən məlum
oldu ki, qocaman müəllim xalqımız üçün
çox böyük əhəmiyyətə malik bir sirrin
üstünü açmaq fikrindədir. Müəllim
illər boyu heç kimə bildirmədiyi bir həqiqəti –
Fətəli Xan Xoyskinin dəfn edildiyi yeri mənə
açıqladı: “O zaman - dedi, – Fətəli Xan Xoyskini
allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki
qəbiristanlıqda, mənim qardaşımın yanında
basdırdılar...”.
Sonra qadın o yeri göstərib dedi ki, buradakı ermənilər xəbər tutsalar, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevə çatdırmağınızı xahiş edirəm.
Həmin gün axşam Şəmkirə qayıtdım və ulu öndər Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstanla bağlı ümumi məlumat verdim. Sonda ölkə Prezidentinə ağbirçək müəllimin dediklərini də çatdırdım. Ümummilli liderimiz dərhal soruşdu: “Bu məsələdən daha kimin xəbəri var?” Cavab verdim ki, məndən başqa sürücüm və daha iki nəfər bilir. Ani sükutdan sonra Heydər Əliyev soruşdu:
—Yorulmamısan? Dedim: —Xeyir. Tapşırdı ki, elə indi geri qayıdıb, orada keşik çəkin. Səhər isə Tbilisi Cümə məscidinin axundunu da götürüb müsəlman adət-ənənəsi ilə, deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrinin M.F.Axundovun büstünün yanına köçürülməsini təmin edin. F.X.Xoyskiyə xüsusi məhəbbətim olduğu üçün qəbirüstü abidənin açılışında mən özüm iştirak edəcəyəm.
Ulu öndərin dediyi kimi də etdik. Abidə
vaxtında hazır oldu. Çox gözəl
də alındı. 1996-cı il mart
ayının 9-da Heydər Əliyev Fətəli xan Xoyskinin
büstünün açılışında şəxsən
iştirak etdi.
Abidənin açılışında iştirak edən
ulu öndər özünə xas olan tərzdə Xoyskinin həyatı
ilə bağlı çox maraqlı çıxış
etdi. Çıxışında Xoyskinin ermənilər
tərəfindən qətlə yetirildiyini və bu hadisədə
azərbaycanlının da iştirak etdiyini təəssüf
hissi ilə qeyd etdi.
Ümummilli lider Heydər Əliyev mənə Tbilisidə
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi binanın
önündə (hazırda burada Gənclər Sarayı yerləşir)
xatirə lövhəsinin asılmasını
tapşırmışdı. Bu tapşırıq yüksək səviyyədə
həll edilmişdi və 28 may ilə bağlı
bütün tədbirlər həmin binada keçirilirdi. Belə tədbirlərin birində Gürcüstan
prezidenti Eduard Şevardnadze gülümsəyərək mənə
bildirdi ki, AXC-nin xatirə lövhəsi həm tərtibat
baxımından, həm də ölçülərinə
görə yüksək səviyyəlidir. İstərdim ki Gürcüstan Respublikasının
da müstəqilliyi həmin binada elan edildiyi üçün
həmin formada xatirə lövhəsi asılsın. Biz bu xahişi də yerinə yetirdik. Və həmin binada Azərbaycan Xalq Cümhuriyyətinin
və Gürcüstan Respublikasının xatirə lövhələri
binanın girişində öz əksini tapdı.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən
davam etdirilir.
Ölkə Prezidentinin diqqət və qayğısının
daha bir bariz nümunəsi də 2014-cü ilin yanvar ayında
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan
Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadənin
anadan olmasının 130 illik yubileyinin keçirilməsi barədə
ölkə Prezidentinin sərəncamıdır. Bu sərəncam həm də onu deməyə əsas
verir ki, Prezident İlham Əliyev Azərbaycan tarixi və mədəniyyətinin
milli-mənəvi həyatımızdakı yerini və rolunu
olduqca dərindən bilir və onu yüksək dərəcədə
qiymətləndirir, Azərbaycan tarixinə, mədəniyyətinə
böyük hörmət və məhəbbət bəsləyir.
Tariximizə
qayğı baxımından millət vəkili, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Heydər
Əliyev irsinə sadiq olaraq Mirzə Şəfi Vazehin, Mirzə
Fətəli Axundovun, Fətəli Xan Xoyskinin qəbirüstü
abidələrinin rekonstruksiyası və orada xiyabanın
yaradılması barədə irəli sürdüyü təşəbbüs
təqdirəlayiqdir.
Bu gün müstəqil Azərbaycan dövlətinin
öz siyasi dəst-xətti, dövlətçilik siması,
inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan
siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə,
hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində
ardıcıl və məqsədyönlü fəaliyyəti
də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini
təmin etmişdir.
Azərbaycanın inkişaf səviyyəsini göstərmək
üçün statistik rəqəmlərə ehtiyac yoxdur. Çünki bu titanik
intibah hər birimizin şəxsi həyatında,
iş şəraitində, yaşadığı mənzildə,
küçədə, şəhərdə müşahidə
etdiyi gündəlik yeniliklərdir.
28 May
müstəqillik tariximiz olmaqla, hər bir soydaşımız
üçün milli iftixarla dolu əziz bir gündür. İnanırıq ki, hörmətli Prezidentimiz cənab
İlham Əliyevin məqsədyönlü fəaliyyəti
sayəsində ölkəmizin iqtisadi potensialı daha da
yüksələcək, işğal altında olan
torpaqlarımız erməni daşnaklarından azad olunacaq, Azərbaycan
dünyanın qüdrətli dövlətlərindən birinə
çevriləcəkdir.
Aslan Aslanov,
YAP Siyasi Şurasının
üzvü.
Respublika.-2014.- 28
may.- S.5.