Respublika günü münasibətilə Zaqatalada elmi-praktik konfrans

 

Rayonda 28 May — Respublika Günü ilə əlaqədar keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, gənclər digər ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Öncə tədbir iştirakçıları Heydər parkında ümummilli lder Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. İlk öncə 28 MayRespublika Gününə həsr olunmuş film nümayiş etdirilimiş, daha sonra konfransda “Şərəfli istiqlal yolunun başlanğıcı” mövzusunda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin məruzəsi dinlənilmişdir. O, çıxışında Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu xüsusi vurğulamış, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış bu cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan işlər gördüyünü, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.

Natiq XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir.

Tədbirin sonunda şagirdlərin ifasında bədii kompozisiya dinlənilmişdir.

 

Rasim AMANOV,

Respublika.-2014.- 28 may.- S.5.