Xalq Cümhuriyyətinin fəaliyyəti tariximizdə
müstəsna yer tutur
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. 1918-ci il mayın 28-də Milli Şura “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Bu tarixi bəyannamədə Azərbaycanın tamhüquqlu müstəqil dövlət olduğu, ali hakimiyyətin xalqa məxsusluğu, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqların verilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması və digər mühüm məsələlər öz əksini tapmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərlərini özündə birləşdirən yeni bir dövlət nümunəsi olmuşdur. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Şərqdə ilk demokratik respublikanın təşəkkül tapmasında və fəaliyyətində Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük tarixi xidmətləri olub. Bu görkəmli dövlət və siyasi xadimlərin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin xatirəsi daim minnətdarlıq və böyük qürur hissi ilə anılacaqdır. 1918-ci ilin 28 may günü hər il Azərbaycanda Respublika Günü kimi təntənəli şəkildə qeyd olunur.
Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin yaranma tarixi barəsində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısından, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə baş vermiş Oktyabr inqilabı, rus imperatorluğunun dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı... Az müddətdə, 23 ay ərzində çox işlər görüldü. Bu işlərin ən əsas məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanda müstəqillik, azad yaşamaq və müstəqil dövlət kimi həyat sürmək fikirləri artıq geniş yayıldı”.
Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, o dövrdə həyata keçirilən möhtəşəm tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərib. Məhz buna görə, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etməyib, azadlıq ideyaları şüurlara hakim kəsilib, xalqımız həmişə müstəqillik arzusu ilə yaşayıb.
XX əsrin sonlarında xalqımız yeni tarixi şəraitdə öz müstəqilliyini bərpa etməyə nail oldu. İkinci dəfə əldə etdiyimiz müstəqilliyimizin başı üzərini də “qara buludlar” almışdı. Xalqımız 1991-ci il oktyabrın 18-də çətinliklə əldə etdiyi ikinci tarixi şansını da o vaxtkı səriştəsiz iqtidarların günahı üzündən cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Ölkə rəhbərliyinin səriştəsizliyi, kürsü davaları Azərbaycanı siyasi və iqtisadi böhran, anarxiya, xaos məngənəsinə sürükləmişdi. Xalq Cümhuriyyəti dövründə olduğu kimi, bu dəfə də bədxah qüvvələr Azərbaycanın müstəqilliyini istəmir, ölkəmizi parçalamağa, məhv etməyə çalışırdılar. Azərbaycan olduqca ağır bir vəziyyətə düşmüşdü. Siyasi, hərbi və iqtisadi böhran, vətəndaş qarşıdurması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin acı nəticələri, bütövlükdə ölkəmizdə cərəyan edən son dərəcə qorxulu proseslər, xalqımızın gələcəyə olan ümidlərini heçə endirmişdi. Azərbaycanın müstəqil ölkə kimi gələcəyi çox böyük sual altında idi. Məhz belə bir həlledici tarixi məqamda Azərbaycan xalqının dahi oğlu, dünya şöhrətli müdrik siyasətçi Heydər Əliyev xalqın xahişi ilə yenidən hakimiyyətə qayıtdı və o öz həyatını təhlükə qarşısında qoyaraq milləti düşdüyü bəladan xilas etdi, ölkədə tüğyan edən hərc-mərcliyin, özbaşınalığın qarşısını almaq üçün qətiyyətli addımlar atdı, Azərbaycanı məhv olmaqdan, parçalanmaq təhlükəsindən qurtardı. Xalqa nicat yolunu göstərdi. Bu yolda canını və bacarığını əsirgəmədi. Odur ki, bədxah qüvvələr bu dəfə öz məkrli məqsədlərinə çata bilmədilər. Çünki xalqımıza dahi şəxsiyyət Heydər Əliyev başçılıq edirdi. Tarix bir daha təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Heydər Əliyev istiqlaliyyətimizin əbədi olacağını əminliklə qeyd edirdi: “O vaxt Azərbaycanda bəziləri Azərbaycanın müstəqil yaşamaq imkanına şübhə edirdi, yaxud inanmırdı. Bəziləri heç bunu istəmirdi. Bəziləri buna mane olurdu. Amma Azərbaycan xalqının çox əsrlər ərzində qəlbində yaşatdığı istək və arzu bütün bunların hamısına qalib gəldi, Azərbaycan dövlət müstəqilliyini əldə etdi və müstəqillik yolu ilə uğurla irəliləyir”.
Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, müstəqilliyimizin möhkəmlənməsi, Azərbaycanın hərtərəfli və dinamik inkişafı Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 10 illik prezidentliyi dövründə həyatımızın bütün sahələrində köklü dəyişikliklər baş verib, ictimai-siyasi sabitlik bərqərar olub. Azərbaycan inkişaf və tərəqqi yoluna çıxmışdır. Ulu öndərin mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ölkəmizə çox böyük siyasi və iqtisadi uğurlar gətirib. Bütün sahələrdə köklü dəyişikliklər baş verib, Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib, dünyadakı nüfuzunu daha da yüksəldib.
Ümummilli liderimizin neft strategiyasının reallaşması isə çox güclü potensiala malik Azərbaycan iqtisadiyyatının dirçəlişinə güclü təkan verib. “Əsrin müqaviləsi”nin imzalanması, Bakı- Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz əsas ixrac boru kəmərlərinin reallaşması, əslində, ölkəmizin timsalında yeni neft-qaz erasının başlanğıcını qoyub. Bu sahədə ümummilli liderimiz Heydər Əliyevin bəşəri xidmətləri bütün dünya və dövlət başçıları tərəfindən çox yüksək dəyərləndirilib.
Ulu öndər neft sahəsi ilə yanaşı, qeyri-neft sektorunun, sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da xüsusi diqqət və qayğı göstərirdi. Bunun nəticəsidir ki, Azərbaycan səhiyyəsi indi özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində uğurlu islahatlar aparılır, böyük işlər görülür. Hər bir bölgədə yeni, müasir xəstəxanalar tikilməkdədir. Bakının özündə əvvəlki dövrdə tikilmiş xəstəxanalar əsaslı təmir edilir, yeni xəstəxanalar tikilir və onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Bütün bunlar dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.
Bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi və iqtisadi qüdrətini daha da artırıb. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti artıq öz istiqlaliyyətini nəinki qoruyub saxlayıb, onu daha da möhkəmləndirib, dünyanın ən önəmli ölkələrindən birinə çevrilib.
Şahnaz BAXŞALİYEVA,
Respublika Dəri-Zöhrəvi Dispanserin baş həkimi.
Respublika.-2014.- 28 may.- S.8.