Göygöl rayonunda “Muzeylər günü”
keçirildi
Fransa Respublikasının təşəbbüsü ilə “Muzeylər baharı” aksiyası artıq Avropa ölkələri, eləcə də Avrasiya məkanında yerləşən Azərbaycan Respublikası tərəfindən fəal şəkildə keçirilir. Sözümə ulu öndər Heydər Əliyevin bir fikri ilə başlamaq istəyirəm: “Muzey–mədəniyyətimizi, mədəni irsimizi, tarixi keçmişimizi, köklərimizi təbliğ edən böyük tərbiyə ocağıdır, mədəniyyət ocağıdır. Muzeylər xalqımızın, xüsusən gənc nəslin təlim-tərbiyəsində və mədəniyyətimizin inkşafında böyük rol oynayırlar”.
Tarix-diyarşünaslıq muzeyləri 1982-ci ildən ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində daha da inkişaf etməyə başladı və Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi də elə həmin ildə yaradıldı. Prezident İlham Əliyevin milli mədəni irsin qorunması və inkişafı ilə bağlı 6 mart 2007-ci il tarixdə “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncamı Azərbaycanda muzeylərin inkişafına böyük təkan verdi. Muzeylər yeni eksponatlarla təmin olundu, restavrasiya, təmir-bərpa işləri aparıldı.
Hər il bütün dünya ictimaiyyəti 18 may tarixini “Beynəlxalq Muzeylər günü” kimi qeyd edir. Göygöl rayonunda keçirilən “Muzeylər günü”, həm “Muzeylər baharı” aksiyasını, həm “Muzeylər gecəsi”ni özündə əks etdirdi.
Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rita İbrahimova muzeyin yaranma tarixindən söz açaraq bildirdi ki, Göygöl rayonunun yerləşdiyi ərazi tarixi, arxeoloji və memarlıq abidələri ilə zəngindir. 1928-ci ildə alman arxeoloqu Hummelin rəhbərliyi ilə Yelenendorfda ilk Diyarşünaslıq muzeyi təşkil olunub. Hummel tərəfindən 150-yə qədər kurqan tipli abidə üzərində qazıntı işləri aparılıb, son tunc və erkən dəmir dövrünə aid tapıntılar üzə çıxarılıb. Həmin tapıntılar üzərində qurulan muzey 1961-ci ildə fəaliyyətini dayandırıb, maddi mədəniyyət nümunələrinin böyük hissəsi Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilib. Göygöl Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə öz fəaliyyətini yenidən bərpa edib. Hazırda muzey 1854-1857-ci illərdə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsində yerləşir. Muzeyin 2 mindən artıq eksponatı var. Muzey ekspozisiyasında tətbiqi incəsənət əşyaları, arxeoloji əşyalar, məişət və etnoqrafik əşyalar, fotoşəkillər, sənədlər və s. eksponatlar nümayiş etdirilir. Muzey ekspozisiyasında son dövr tariximizin bizə bəxş etdiyi yeni səhifələri—Milli qəhrəmanlarımız, qanlı 20 Yanvar və Xocalı faciəsini əks etdirən fotostendlər də yer alıb.
Tədbirdə rayonun ümumtəhsil məktəblərindən gələn 21 gənc rəssamın “Muzeylər günü” ilə bağlı əl işlərindən ibarət açılan yeni sərgiyə baxış keçirildi, 3 qalib, 6 həvəsləndirici yer müəyyən edildi. Qaliblər rayon mədəniyyət və turizm şöbəsi tərəfindən fəxri fərman və diplomla, həmçinin qiymətli hədiyyələrlə təltif olundular.
Əminə Rəhimova,
Respublika.-2014.- 23
may.- S.6.