Avropa Elmlər akademiyaları ilə əməkdaşlıq
genişlənir
Riqada Latviya Milli Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi əməkdaşlıq
haqqında müqavilə
imzalanmışdır
Riqada 32 ölkənin daxil olduğu Avropa Elmlər Akademiyaları Şurasının iclası keçirilib. İclasda Latviya Milli Elmlər Akademiyası rəhbərliyinin dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev qonaq qismində iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın və Latviyanın elmlər akademiyaları prezidentlərinin görüşü olmuşdur.
Görüşdə Latviya Elmlər Akademiyasının prezidenti Oyars Sparitis Latviya tərəfinin iki ölkə arasında elmi əməkdaşlığı möhkəmləndirmək niyyətində olduğunu bildirmişdir.
O.Sparitis yanvar ayında Bakıya səfərini xatırlatmışdır. Həmin səfər çərçivəsində Fizika, İnformasiya Texnologiyaları, Arxeologiya və Etnoqrafiya, Botanika institutları, AMEA-nın digər elmi təşkilatları ilə Latviya Elmlər Akademiyasının müvafiq institutları və təşkilatları, bu ölkənin müxtəlif tədris müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Avropa Elmlər Akademiyaları Şurasının iclasına dəvət olunduğuna görə minnətdarlığını bildirmiş, təbiət elmləri sahəsində birgə elmi tədqiqatların davam etdirilməsindən məmnun qaldığını demişdir. Akademik qeyd etmişdir ki, iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlıq haqqında imzalanan müqavilə bu tədqiqatları xeyli genişləndirməyə və keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan verəcəkdir. A.Əlizadə demişdir: “Fizika, biologiya, bioloji təbabət, sosial elmlər sahəsində tədqiqatlar gələcəkdə birgə iş üçün perspektivli istiqamətlərdir”. Onun sözlərinə görə, Şuranın iclasında AMEA-nın iştirakı Avropa Elmlər akademiyaları ilə birgə iş imkanlarının genişlənməsinə xidmət göstərəcəkdir.
Azərbaycanın və Latviyanın milli elmlər akademiyaları arasında görüşün yekunları üzrə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilə təbiət, texniki, sosial və humanitar elmlər sahəsində fundamental tədqiqatları əhatə edir. Elmi əməkdaşlığın əsas formaları elmi layihələr və ekspertizalar çərçivəsində birgə elmi tədqiqatlar aparılması, birgə seminarlar və konfranslar təşkil edilməsi, alimlərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi olacaqdır.
Samir ZEYNALOV,
Respublika.-2014.- 28
may.- S.8.