AZƏRBAYCANIN ENERJİ
DİPLOMATİYASININ MÖHTƏŞƏM UĞURLARI
Son illər ölkəmiz enerji təhlükəsizliyi sahəsində
Avropa üçün
əvəzolunmaz tərəfdaşa
çevrilib
Azərbaycanın iqtisadi qüdrətinin artmasında, beynəlxalq əlaqələrinin möhkəmlənməsində neft və qaz kimi təbii sərvətlərimizin, ondan ölkəmizin, xalqımızın və Qərbin mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayır. Ulu öndərimiz Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. Milli neft strategiyası, enerji siyasəti qloballaşan dünyanın tələbinə uyğun olaraq son illər ölkəmizdə daha intensiv aparılır və öz gözəl bəhrəsini verir. Son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi istiqamətində sözün həqiqi mənasında çox böyük addımlar atılıb, genişmiqyaslı işlər görülüb. Prezident İlham Əliyev Azərbaycan dövlətinin çox düşünülmüş inkişaf strategiyasının olduğunu önə çəkərək deyib: “Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Beləliklə, artıq biz neft resurslarımızla bəzi ölkələrin enerji təhlükəsizliyini təmin edirik. Bizim təşəbbüsümüzlə başlanan TANAP layihəsi isə Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcəkdir. Beləliklə, Azərbaycan qaz sahəsində də enerji təhlükəsizliyi məsələlərinin həlli işində əvəzolunmaz tərəfdaşa çevriləcəkdir”.
Qlobal enerji təhlükəsizliyi bu gün dünyanı düşündürən strateji məsələdir. Enerji siyasəti indi dünya, xüsusən də Qərb üçün daha vacib rol oynayır. Bu da təbiidir. Xüsusən də Avropa İttifaqına daxil olan ölkələrin enerjiyə olan tələbatının daxili ehtyatlarından dəfələrlə çox olduğunu nəzərə alsaq problemin yaxın illərdə daha da ciddiləşəcəyi şəksizdir. Hazırda enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, eləcə də onları hasil edən ölkələrdə geniş müzakirə mövzusudur. Təsadüfi deyil ki, Qərb özünün enerji təhlükəsizliyinin təmin edilməsi yönümündə yollar axtarır və ardıcıl addımlar atır, Xəzər dənizi hövzəsi ölkələri, xüsusən də təbii sərvətlərlə zəngin olan Azərbaycanla daha geniş və sıx əməkdaşlığa strateji əhəmiyyət verir.
İqtisadiyyatımız gücləndikcə və sənaye potensialımız artdıqca Azərbaycanın bundan sonrakı uzun illər ərzində də dayanıqlı enerji mənbələri ilə təmin edilməsi məsələləri ön plana çıxır. Buna isə həqiqətən də, böyük ehtiyac vardır. Son illər ərzində Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin etməsinə və ixrac üçün əlavə potensialın yaradılması kimi məqsədlərə artıq nail ola bilib. Bu gün Azərbaycan qonşu ölkələrə nəinki öz neftini, qazını, neft məhsullarını, eyni zamanda elektrik enerjisini də ixrac edir. Beləliklə, ölkəmiz həm əlavə mənfəət əldə edir, eyni zamanda, Azərbaycanın bu bölgədə önəmi, əhəmiyyəti böyük dərəcədə artır. Enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirərək dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir.
1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” dünyanın 7 ölkəsinin 11 iri neft şirkəti ilə məşhur Saziş imzalandı. Bununla da Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsinə başlandı. Yeni neft strategiyası mövcud prinsiplər və tələblər üzərində qurulan Azərbaycan iqtisadiyyatının qarşılaşdığı nəhəng problemlərin ardıcıl həlli funksiyanı böyük uğurla yerinə yetirdi və uzaq perspektivləri əhatə edən nailiyyətlərin açarı oldu. Təsadüfi deyil ki, bu saziş sonradan Azərbaycan qapılarını bütün dünyanın üzünə açdı və sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26 sazişin imzalanması da məhz bunun məntiqi nəticəsi sayılmalıdır. Bu gün geriyə nəzər salarkən bir daha görürük ki, həmin dövrdə qarşıya qoyulan bütün məsələlər öz həllini tapmış və sözsüz ki, bunun əsas, ən başlıca səbəbi həmin illərdə uğurla, cəsarətlə həyata keçirilmiş Azərbaycanın milli neft strategiyası olmuşdur.
Siyasi iradənin təntənəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da danılmazdır. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin yaranmasına, dünya xalqları ilə əlaqələrinin yenidən qurulmasına təkan verməklə, Azərbaycan dövlətinin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də onun siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir beynəlxalq kəmərdir.
“Əsrin müqaviləsi” ilə ölkədə yeni neft strategiyasının təməli qoyulmuşdursa, iki il sonra 1996-cı ilin iyununda dünyada ən iri qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının iki mərhələli istismarını nəzərdə tutan “Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü” Sazişinin imzalanması Azərbaycanda yeni qaz strategiyasının başlanğıcını müəyyən etdi. Aparılan ilkin qazma-kəşfiyyat işləri Şahdəniz yatağının çox böyük qaz və kondensat ehtiyatlarına malik olduğunu təsdiqlədi. Beləliklə Xəzər dənizində Bakıdan 70 kilometr cənubda, dənizin 70-550 metr dərinliklərində yerləşən 1,2 trilyon kubmetrdən çox qaz, 400 milyon ton kondensat ehtiyatlarına malik nəhəng “Şahdəniz” qaz-kondensat yatağı kəşf edildi. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatı müstəqil dövlətçilik tarixində ən başlıca tarixi hadisələrdən biridir. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün artıq nəinki neft ixrac edən, eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilmişdir. Şahdəniz müqaviləsi artıq öz səmərəsini verməkdədir. Xüsusilə nəzərə alsaq ki, indiki dövrdə qaz amili ölkələrin enerji təhlükəsizliyini, enerji müstəqilliyini təmin edən əsas amildir.
“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. Əgər “Əsrin müqaviləsi” XX əsrin müqaviləsi adlandırılmışdısa. “Şahdəniz” XXI əsrin müqaviləsi olacaqdır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
Göründüyü kimi, Azərbaycanın düşünülmüş enerji diplomatiyası öz bəhrələrini verməkdədir. “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Onu da xüsusi qeyd edək ki, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Dövlətimizin başçısı vurğulayıb ki, enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir: “Biz neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin nümunəsiyik. Əlbəttə ki, bunun başlıca səbəblərindən biri beynəlxalq əməkdaşlıq olmuşdur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk, çünki xarici şirkətlərin bilik və təcrübəsi bizim üçün çox əhəmiyyətlidir”.
Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olan Cənub Qaz Dəhlizi həqiqətən də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açdı. “Cənub qaz dəhlizi”nin fəaliyyətə başlaması nəticəsində ölkəmizin neft-qaz sənayesində bir sıra daha mühüm nailiyyətlərin əldə edilməsi gözlənilir. Transxəzər layihəsinin gerçəkləşməsi istiqamətində aparılan danışıqlar, Xəzərin Azərbaycan sektorunda yerləşən yeni yataqların daha sürətlə işlənilməsi, “Azəri-Çıraq-Günəşli” blokunda yerləşən dərin qaz laylarının mənimsənilməsi, “Abşeron”, “Ümid” və digər perspektiv strukturlarda hasilatın artırılması bu dəhlizin fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına qazandıracağı nailiyyətlərdəndir. Layihənin reallaşdırılması məqsədilə Azərbaycan iqtisadiyyatına investisiyaların axını qarşıdakı illərdə də davam edəcəkdir.
“Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutan TAP layihəsinin seçimi haqqında qərar 2013-cü il iyunun 28-də Bakı şəhərində qəbul edildi. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın Azərbaycan qazının nəql edilməsi və 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. TAP layihəsinin seçilməsi, eyni zamanda Azərbaycanın təbii sərvətlərinin düşünülmüş istifadəsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə zəmin yaratmaqla, əlavə investisiyaların artımına səbəb olacaqdır. Həmçinin TAP layihəsinin tikintisi ən ucuz başa gələn qısa marşrut olduğundan, Cənub Qaz Dəhlizinin mümkün qədər tez bir zamanda istismara verilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsi istiqamətində yeni bir mərhələ olacaqdır.
Hazırda ölkəmiz həm də bir çox xarici ölkələrdə investor kimi çıxış etməkdədir. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin enerji bazarında Azərbaycan mühüm paya sahibdir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilən qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında ölkəmiz qarşısında heç bir maneə qalmamışdır. “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşması istiqamətində zaman-zaman həyata keçirdiyi tədbirlər 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” nəticəsində reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan layihəsinin uğurunu təkrarlayacağına böyük imkanlar açır. Azərbaycanın enerji diplomatiyasının növbəti uğurlarından olan bu layihələrin strateji önəmi Avropanın enerji təhlükəsizliyi məsələlərinin, xüsusilə də Xəzər dənizinin enerji resurslarının əhəmiyyətinin daha da artmasıdır.
“Cənub Qaz Dəhlizi” layihələrinin həyata keçirilməsi, həmçinin Avropa üçün də yeni coğrafi reallıqlar, əməkdaşlığa və inkişafa yeni imkanlar vəd edir. Avropanın enerji sahəsində ən etibarlı müttəfiqi kimi hesab edilən Azərbaycan Avropa bazarlarını enerji ehtiyatları ilə təmin edən əsas təchizatçılardan biri olmaqla əminliklə bildirmək olar ki, gələcəkdə Avropaya qaz ixracatçısı kimi aparıcı mövqeyə malik olacaqdır.
Ümumiyyətlə, aparılan uğurlu enerji diplomatiyası nəticəsində həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə etməklə Azərbaycan beynəlxalq enerji ailəsinə daxil olmuşdur. Azərbaycanın timsalında uğurlu neft siyasətinin təzahürü görünür və bu siyasət bu gün də davam etdirilir.
Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Baltik-Aralıq dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir. Dövlətimizin başçıçı cənab İlham Əliyev mövcud layihələrin və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər proqramların əhəmiyyətindən danışarkən xüsusi vurğulayıb: “Onların hamısının bu gün yeganə mənbəyi var: Xəzər dənizi və daha dəqiq desək, Azərbaycan”.
Yusif HÜSEYNOV,
Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər
Məktəbinin doktorantı.
Respublika.-2014.- 30 may.- S.14.