RESPUBLİKA GÜNÜNƏ
HƏSR OLUNMUŞ ŞAHMAT TURNİRİ
Respublika Şahmat Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş şahmat üzrə blits-turnir keçirildi. Turnirin açılışında Azərbaycan milli yığmasının məşqçisi Fikrət Sideifzadə, “Gənclik” şahmat Mərkəzinin direktoru Gennadi Geldman və Veteran Şahmatçılar Birliyinin rəhbəri Tofiq Ağayev çıxış edərək 28 May – Respublika Gününün Azərbaycanın çoxəsrlik dövlətçilik tarixindəki müstəsna rolundan, onu yaradanların fədakarlığından danışdılar. Respublika gününə həsr olunmuş şahmat turnirlərinin böyük maraqla izləndiyini, bu turnirdə xarici ölkə şahmarçılarının iştirakını və bunun turnirə beynəlxalq status verdiyini vurğuladılar. F.Sideifzadə və T.Ağayev bu ilki turnirin həm də “Gənclik” şahmat Mərkəzinin direktoru, qocaman şahmatçı, Azərbaycanda uşaq, yeniyetmə və gənc şahmatçıların yetişməsində böyük rolu olan Gennadi Geldmanın 60 yaşının tamam olması ilə eyni gündə keçirildiyini xüsusi qeyd etdilər və yubilyara gələcək fəaliyyətində uğurlar arzuladılar.
İsveçrə sistemi üzrə 7 turda keçirilən blits-turnirdə 40 şahmatçı, o cümlədən şahmat üzrə idman ustaları və ustalığa namizədlər iştirak edirdi. Qəzetimizin əməkdaşının da təmsil olunduğu turnir olduqca gərgin mübarizə şəraitində keçirildi. Qaliblər yalnız son turlarda müəyyənləşdi. Qaliblərə qiymətli mükafatlar təqdim olundu. Asəf Abdullayev 7 mümkün xaldan 7 xal toplayaraq birinci yerə çıxdı. İkinci yerdə 6 xalla Nail Bəşirli, üçüncü yerdə isə 5,5 xalla Niyaz Hüseynov qərarlaşdı. Peşəkar şahmatçılarla maraqlı oyun nümayiş etdirən jurnalistlər arasında bu ilki qalib Ceyhun Əliyev və “Respublika” qəzetinin əməkdaşı Xəlil Cabbarov da xüsusi mükafatlara layiq görüldülər. Ümumiyyətlə turnirdə iştirak edən 20 şahmatçıya müxtəlif nominasiyalarda hədiyyələr təqdim olundu.
Arzu ƏLİYEVA,
Respublika.-2014.- 30
may.- S.16.