MASALLIDA TURİZM SƏRGİSİ

 

Masallı respublikamızın səfalı, dilbər guşələrindən biridir. Rayonda turizmin inkişafı üçün hər cür şərait vardır. Masallı-Yardımlı magistral yolu boyunca, Viləşçayın sahillərində, şəfalı “İstisu” ərazisində çoxlu istirahət mərkəzləri salınmışdır. Mövcud 31 turizm obyektindən 27-si lisenziya ilə fəaliyyət göstərir. İstirahət mərkəzlərində 1238 turist yeri vardır.

Keçən il rayonun turizm obyektlərində 21200 nəfər istirahət etmişdir. 2012-ci illə müqayisədə turistlərin sayı 16 faiz artmışdır. Qonaqlardan 932 nəfəri xarici ölkə vətəndaşları olmuşdur.

Rayonda turizmin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Mövsümün başlanması ilə əlaqədar Masallıda ənənəvi turizm sərgisi təşkil olunmuşdur. “Viləş” hotelində keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, turizm obyektlərinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəl turizm obyektlərinin hazırladığı sərgiyə baxmışlar. Sərgidə el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar, rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları, istirahət mərkəzləri haqqında məlumatlar, cənub mətbəxinin təamları nümayiş olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov tədbiri giriş sözü ilə açaraq respublikamızda turizmin inkişafından, Masallı rayonunun turizm imkanlarından danışmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbirdə çıxış edərək ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi önəm verildiyini bildirmişdir.

İcra başçısı qeyd etmişdir ki, Masallının çox böyük turizm potensialı vardır və bu potensialdan tam istifadə olunmalıdır. Son illər görülən tədbirlər, təşkil olunan müxtəlif festival və sərgilər rayona turist axınının artmasına səbəb olmuşdur. İnvestisiyaların bu sahəyə yönəldilməsinə, müasir istirahət mərkəzlərinin, hotellərin tikilməsinə, xidmət mədəniyyətinin yüksəldilməsinə, rayonda turizm kollecinin açılmasına, müasir dövrün tələblərinə uyğun kadrların hazırlanmasına ehtiyac vardır.

Son iki ildə ilk dəfə olaraq Masallı şəhərində Beynəlxalq folklor festivalları keçirilir. Masallı bu beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edir. Festivallarda Azərbaycanla yanaşı, Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstandan gəlmiş folklor kollektivləri iştirak etmişlər.

Tədbirdə icra başçısı Rafil Hüseynov Bakı şəhərində keçiriləcək turizm sərgisində Masallını təmsil edəcək “Baba bulağı” istirahət mərkəzinin və “İstisu” sanatoriyasının rəhbərlərinə sertifikatlar təqdim etmişdir.

“Viləş” hotelin direktoru Səbinə İsmayıllı, “İstisu” sanatoriyasının rəhbəri İldırım Allahyarov tədbirdə çıxış edərək turizmin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Ə.Həsənov,

Respublika.-2014.- 30 may.- S.12.