Mir Cəlal. “Seçilmiş əsərləri”

 

 Azərbaycanın sevimli ədibi, pedaqoqu, tənqidçisi, mötəbər ədəbiyyatşünas alimi Mir Cəlalın “Seçilmiş əsərləri” beş cilddə, gözəl poliqrafik icrada “Adiloğlu” nəşriyyatında çapdan çıxmışdır. Çoxcildliyin tərtibçiləri Nərgiz Paşayeva və T.Mütəllimovdur.

Ədibin möhtəşəm yaradıcılığında mühüm yer tutan hekayə, şeir, felyeton, oçerk, xatirə, tərcümə əsərlərindən seçmələrin yer aldığı beşcildlik Nərgiz Paşayevanın “Müasir nəsrimizin hekayə ustadı” ön sözü ilə açılır. O, kiçik janrlarda tipik qəhrəmanlar ustadının yaradıcılığını nəzərdə tutaraq yazır: “Həqiqi sənətin möcüzəsi ondadır ki, o, həyatın böyük həqiqətlərindən xəbər verir, necə yaşamağın müdrik fəlsəfəsini insan talelərində, insan xarakterlərində, həyati lövhələrdə bədii sözün qüdrətilə canlandırır, nəticələr söyləyir, uca ideallara səsləyir...”.

Ümumiyyətlə, ön söz üzərində bir qədər ətraflı dayanmaq istərdik, çünki çoxcildliyin əhatə dairəsini ədəbi-nəzəri, eləcə də yazıldıqları dövrün sosial-siyasi fonunda qavramaq, “Mir Cəlal yaradıcılığı və Azərbaycan ədəbiyyatı”, “Mir Cəlal və müasirləri”, “milli pedaqoq və milli yazıçı” və s. yaradıcılıq özəllikləri kontekstində müasir oxucunu Mir Cəlal ilə yeni bir ünsiyyətə hazırlamaq baxımından çox faydalı və zəruri girişdir. Bugünkü oxucu – yeni nəsil Azərbaycan ədəbiyyatı həvəskarı üçün yığcam ədəbiyyat tarixi kursu formatında qələmə alınmış ön söz, sözün həqiqi mənasında, kiçik janrların böyük ustadına mehr salmaqda sanballı elmi-kütləvi istiqamət təsiri bağışlayır.

Mir Cəlal həyat həqiqətlərinin böyük səmimiyyətlə təsvirinə üstünlük verən bədii söz sənətkarıdır. Onun oxucu ilə səmimi və dürüst ünsiyyəti yazıçı məsləki məsələsinə çevrilmişdir. O, ədəbiyyatımızda “Müəllim – Ədib” anlayışını yeni tipli bədii-didaktik elementlərlə zənginləşdirən müasir realist maarifçilərdəndir. Buna görə də onun yaradıcılığında, ümumiyyətlə, psixologiyasında  dövrünün ideoloji pərdəsi qabarıq nəzərə çarpmır, arxa qatdan boylanan təsiri bağışlayır.

Onun tənqidçiliyi, ədəbiyyat nəzəriyyəsi fənninin tədrisində qazandığı pedaqoji təcrübə və şəxsi məsuliyyət hissi bədii yaradıcılığa xüsusi tələblərlə yanaşmağı aşılamış və bu kriteriyaları şəxsi yaradıcılıq kredosu səviyyəsinə qaldırmışdır. Buna görə də hazırlıqlı oxucuda qəribə bir assosiativ durum baş qaldırır: sanki yazıçı Mir Cəlal tənqidçi, ədəbiyyatşünas və pedaqoq Mir Cəlalın zövqünə uyğunlaşmaq həvəsi və şərtilə bədii yaradıcılıqla məşğul olmuşdur.

Bir dəfə auditoriyada mənəvi saflıq məsələsindən danışarkən qeyd etdi ki, Rac Kapurun məşhur “Avara” və “Cənab-420” filmlərini dəfələrlə seyr edib. İri bir rəqəm dedi (20, 30, bəlkə də 50 dəfə, çünki çox böyük rəqəmi vurğulamışdı),  təəssüf ki, bu detalı unutmuşam, amma əsas fikri həmin hind filmlərindəki mənəvi ucalığa heyranlıqdan, tərbiyədən, cəmiyyətdə insan amili, yaradıcı şəxsiyyət kimi ədalətin təntənəsinə vurğunluqdan gedirdi. Mir Cəlal müəllim bu aliliklərdən doymadığı üçün həmin filmlərə dönə-dönə baxmışdı... Burada onu özünə çəkən yaradıcılığın ən uca məqamı idi.

Mir Cəlal güldürən ədib deyil, ağladan ədibdir, həm də için-için ağladan ədibdir! Onun kiçik sosial həyat tablosu olan hekayələrini oxuyub qüdrətindən, sadəcə, gülürsünüzsə, əmin olun, müəllifin niyyətini aça bilməmisiniz, yenidən oxuyun. Bax, hiss etsəniz ki, millət dərdi qəlbinizi sıxdı, vicdan əzabı yarım damcı da olsa, göz yaşlarına çevrilib, açıq kitabın bəyaz səhifəsinə süzüldüsə, deməli, satirik gülüşün kamalına qovuşdunuz. Düz 84 il əvvəl yazılmış “Mirzə” hekayəsinin müəllim qəhrəmanına gülmək azdır, prototipləri bu gün də yaşayan Mirzə Şəfilərin varlığına ancaq ağlamaq mümkündür.

Məhz bu cür qələm mahiranəliyi Nərgiz Paşayevanın incə təəssüfünü böyük ədəbiyyata peşəkar tələblə yanaşan zövq kimi xarakterizə edir: “Mir Cəlal bu sahələrin (elmi, pedaqoji, jurnalistlik və s. sahələrdəki aktivlik nəzərdə tutulur – E.V.) yalnız biri üzrə fəaliyyətini məhdudlaşdırsa idi, şübhəsiz, orada daha böyük uğurlar qazanmış olardı. Mir Cəlal elmi və pedaqoji sahələrdə ardıcıl fəaliyyət göstərməsəydi, otuzuncu illərin bədii vüsəti onun yaradıcılığında, yəqin ki, daha qüdrətli davamını tapmış olardı”.

1930-cu ildə qələmə alınmış “Hacının xəyalı” hekayəsi iki səhifəyarımlıq balaca bir əsərdir, lakin burada iki quruluş: bəy, kənddə yüzbaşı, molla, pioner, komsomol, ispolkom, kasıb kəndli, varlı kəndli, qolçomaq, rüşvət verib vəzifəyə gələn tülüngü və daha nələr, nələr... bu qədər geniş motivi, ideoloji bazaları bir-birinə vuraraq yaramazlıqları böyük demokratcasına və milli koloritlə tənqid etmək, realist düşüncə ilə qabartmaq, həqiqətən, yaradıcılıq uğurudur. Ədibin böyük yaradıcılığını mərhələ-mərhələ izlədikcə, onun belə bir nəzəri fikrinin nədən qaynaqlandığını anlamaq daha da asanlaşır: “...mövzu seçmək yazan üçün yaradıcılığın ilk şərtidir”.

Mir Cəlalın yaradıcılığını həmişəyaşar edən başlıca xüsusiyyət dövrün partiyalılıq prinsipinin, sosialist ideologiyasının incə yolla, əsl ustad məharətilə gizlində saxlamaq qabiliyyətindən irəli gəlir: nə pedant oxucu, nə də zalım senzor ona irad tuta bilir, əksinə, həyat həqiqəti, millilik güclü olduğundan həmin əsərlər bu gün də oxunur, sabah da oxunacaq. Diqqət edək,  ideoloji dayaqlar Mir Cəlal qələmilə necə sivişib aradan çıxır: “Çöldən qayıdıb doqqazlarda görüşən adamların səsi dağlara düşür, sularda əriyirdi. Lampalar yanırdı. Uzuntuman və iribədənli kənd qadınlarının çıraq qabağından o tərəf-bu tərəfə keçməsindən anlaşılırdı ki, evlərdə axşam yeməyinə hazırlıq gedir. Doqqazın başında kimsə uca səslə oxuyurdu:

Biz sinəsi qovğalarla, alovlarla doluyuq,

Komsomoluq, pionerik, biz Leninin oğluyuq...

Bir az sonra kənd kiridi... Uzaqdan dərə sularının xəlvət pıçıltılara bənzəyən səsi gəlirdi. Qurbağalar ağız-ağıza verib vaqqıldaşırdı”. (“İlk günlər”, 1931)

“Matişgə” (1934) hekayəsində isə müəllifin siyasətdən yayınma priyomu tamam fərqlidir: “Məşədi Hənifə “matişgənin” dalınca gedirdi. Matişgə cavan, həm də gözəldi. Rusa oxşamırdı...”.

Novellavarı üslubda yazılmış bu hekayədə müəllifin təqdimatında “rusa oxşamırdı” mövqeyi, surətin isə rusca danışığı siyasi sayıqlığın və bədii həqiqətin qələbəsi kimi səciyyələnə bilir. Mir Cəlal, necə deyərlər, senzorla bu cür oynamağı bacaran ədib olduğundan, həmişə sevilə-sevilə oxunacaqdır...

Mir Cəlal yaradıcılığının ən fərqli xüsusiyyətlərindən biri ondakı “ilk cümlə” və “sonluq” amilidir.

“İlk cümlə” effekti Mir Cəlalın bütün yaradıcılığı üçün nümunəvidir, əslində müəllifin sənətdə bədii fərdiliyidir. Mir Cəlalın hekayələri “giriş”sizdir, oxucu ilk cümlədən birbaşa əsas mövzunun açılışı istiqamətinə yol alır; daha doğrusu, “giriş” elə bir gözlənilməz formada oxucunu qarşılayır ki, bundan əsas hissəyə keçidi tuta bilmirsən, onların sərhədləri itib-batır, bir anda təhkiyənin dərinliklərinə düzəlirsən, süjet birinci cümlədən açılmağa doğru inkişaf edir: “Kənddə, tanışlarımın birinin evində Mirzə Qulamla tanış oldum” (“Dostumun qonaqlığı”), “Hələlik darıxmayın, mən Əkbərin cavanlığından danışmaq istəyirəm” (“Ayaz”), “Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi” (“Qələmdan”), yaxud “Rəna, qəbir evində kimi sevəcəksən?!” və s.

“Sonluq” məsələsi də, həmçinin. Ədib əsərlərinə sonluq verməkdə də qibtəediləcək yaradıcılıq nümunəsi nümayiş etdirir. Mir Cəlal süjetin canına yığcam yekun verə bilən bədiyyat ustasıdır. Son cümlələrin də bəzilərinə diqqət yetirək: “O, vətəndaşlarının qəlbində fərəhlə, iftixarla yaşamağa başladı” (“Atlı”, 1942) Yaxud: “Xəyalımda deyirdim: Belə arxa üçün, arxanın belə pak qəlbli insanları üçün vuruşmaq da, yaralanmaq da, ölmək də şərəflidir!” (“Arxa əsgəri”, 1942).

Misalların sayını xeyli çoxaltmaq mümkündür, amma oxucu bu fikirləri açmaq üçün ədibin yaradıcılığına yenidən diqqət yetirsə, müttəfiq olacağımıza əminəm.

Xronoloji ardıcıllıqla tərtib olunmuş beşcildlik yazıçının bütün yaradıcılığını tam əhatə etməsə də, ədibin yazıçılıq üslubunu, yazıçı texnikasını, süjet qurmaq, tipikləşdirmək, dost-düşmən obrazının ədəbi-bədii portretini cızmağı, sözə qənaətlə, ədəbiyyat və jurnalistika elmlərinin kanonları ilə bacardığını yenidən kəşf etməyə tam material verir.

Keçən əsrin 30-40-cı illəri sovet tarixinin ən amansız sosial-siyasi illəri kimi xatırlanır. Azərbaycan milli-mənəvi dəyərlərinə yeni yaşam tərzinin tələbləri  ilə yanaşmaq bədii ədəbiyyatın qarşısında forma və məzmunca yeni tələblər qoymuşdu. Yeni insan tərbiyəsi, yeni cəmiyyət qurmaq yeni ədəbiyyatın predmetinə çevrilmişdi. Digər tərəfdən, XX əsr Azərbaycan ədəbiyyatının müəllif sırası da getdikcə seyrəlirdi. Belə bir situasiyada Mir Cəlalın kiçik janrlarla gülə-gülə düşündürərək ədəbiyyata gəlişi keçid dövrü ədəbiyyatımız üçün çox vacib idi. Bu təəssüratı birinci cildi vərəqləyərkən aydın duymaq olur. Məsələ burasındadır ki, oxucu bu cilddəki ədəbi nümunələri mütaliə etdikcə, Mir Cəlalın yazıçılığa yenicə başladığını hiss etmir, çünki onların hər biri ustadcasına qələmə alınmışdır, janrın ədəbi-bədii tələbləri ilə müasirlik, həmsöhbət oxucunun mənəvi tələbatı üst-üstə düşdüyündən, hekayələr uğurludur.

Müəllifin sənətkarlığı məsələsi ilə bağlı bir incəliyə də toxunmaq istərdik: məlumdur ki, ədib, orta məktəb illərində dəqiq elmlər üzrə predmetlərə xüsusi maraq göstərmiş, hətta “Riyaziyyatçı” imzası ilə “...məişət məsələlərinə və beynəlxalq problemlərə aid, satirik pafoslu” şeirlər yazıb çap etdirmişdir. Mir Cəlalın ədəbi-bədii yaradıcılığında sözə qənaət, lakoniklik, güclü məntiq, dilin qrammatik qaydalarına sədaqət onun həm də məhz dəqiq elm nümayəndələrinə məxsus düşüncə tərzinə məxsusluğundan irəli gəlir.

Azərbaycan satirik nəsr ənənəsinin Mir Cəlal dövrünün başlanğıcını əhatə edən I cilddəki əsərlərin mövzusu sosial-psixoloji qüsurlar  ictimai çaxnaşmalardan qaynaqlanır; yeri gəlmişkən, görkəmli ədibin repressiya illəri ərəfəsində çox təhlükəli, əslində riskli mövzuların siyasi təzyiqindən müdrikcəsinə qurtulmaq istedadı günü bu gün də heyrət doğurur. I cilddəki əsərlərin forma və məzmunu, ideya istiqamətləri, tərbiyəvi tərəfləri humanizm və sosial ədalət prinsiplərinə söykəndiyindən ən qəddar senzor belə onlarda heç bir irad tapa bilməzdi. Mir Cəlal güclü realizmi, ezopvarı dili, kinayəli, rişxənd dolu təbəssümü ilə repressiyalar dövrünə qalib gəlmişdi. Məhz bunun sayəsində XXI əsrin oxucusu keçən əsrin 30-40-cı illərinin koloritini I cilddə duya bilir, XX əsr Azərbaycan ədəbiyyatının mövzu mənzərəsini təsəvvür edir.

Mir Cəlal təmsil etdiyi xalqın milli-mənəvi xarakterini 1940-1954-cü illəri əhatə edən hekayə yaradıcılığında tamam başqa kontekstdə yaratmağı bacarmışdır. Oxucu bu hekayələrdə kədərlənən və başqasının nisgilini duyub ona şərik olmağı bacaran, yolu dəhşətdən keçən mənəvi təmizliyi, cəsurluğu özünə məslək seçənlər nəslini formalaşdırmağa ünvanlanan kiçik janr qəhrəmanları ilə tanış ola bilir. Burada belə bir müqayisə aparaq, əgər I cilddə oxucu güldürərək düşündürən Mir Cəlal istedadı ilə tanış olurdusa, II cilddə ağır müharibə mövzularının ciddi ritmləri ilə, fəciliyi açan leksika ilə qarşılaşır: “Meşəni ölçən bir beşaçılan gülləsi Mustafinin qönçə kimi zərif qəlbini parçaladı. Müntəzir nəzərlərini söndürdü. Uşaq ağzını quş kimi açıb-yumdu. Kəsilən son nəfəsi ilə “Ana” dedi. Bu söz onun qısa ömrünün ilk və son qisməti oldu” (“Odlu mahnılar”, 1942).

“Azərbaycan və Böyük Vətən müharibəsi”, “Azərbaycanlılar və müharibə” motivindən istifadə edərək xalqın dar ayaqda birləşmək, min bir əzab-əziyyətə qatlaşmaq, ruhdan düşməmək eşqini döyüşən, zəhmət çəkən, ac-susuz qalsa da, milli vicdan və şərəf kodeksinə ləkə gətirməyən silsilə obrazlarla yaddaşlara bağışlayır. Bu əsərlərdəki Ana, Ata, Oğul, Gəlin, Müəllim... obrazları bizimkilərdən biridir və onların hər biri xarakterinə, danışığına, həyatdakı mövqeyinə və digər yaşam elementlərinə  görə müasirlərimizə çox bənzəyirlər.  Burada qəlbi incidən motivlər çoxluq təşkil edir, çünki dövrün tələbi sərt şərtlər üzərində təşəkkül tapmışdı, lakin həmin tragikliyin daxilindəki yaşar işığı da duymaq olur, əsas, vacib olan budur!

Sovet ədəbiyyatşünaslığında 60-cı illər nəsli deyilən bir anlayış var. Qapalı cəmiyyətdə yaşayıb-yaratmalarına baxmayaraq, həmin nəsli ölüm soyuqluğu yayan Stalin dövründən sonra ədəbiyyat və incəsənətə ilıq nəfəs gətirən nəsil kimi xarakterizə edirlər. Həmin ilıqlıq Mir Cəlalın da qəhrəmanlarından duyulur. Müəllif artıq görkəmli filoloq-alimdir, kifayət qədər pedaqoji təcrübə qazanıb, müharibədən sonra dinc illərin həyatının bütün sahələrində hiss olunan qələbə eyforiyasını yaşayan nəslin müasiridir, lakin onun yazıçı müşahidələri cəmiyyətdə yaranmağa başlayan dinc illərin kefini çıxarmaq barədəki əyri-üyrü psixoloji duruma yazıçı müdaxiləsini yeni mövzulara kökləyirdi. Uzun illərin bədii yaradıcılıq təcrübəsi isə sanballı üslubu qoruyub saxlamış, hətta daha da cilalamışdı. Artıq yeni nəsil surətlər qalereyası yaranırdı, onların adlarında da yenilik hiss olunur, hacı, məşədi, mirzə, usta və s. təyinli qoşaadlılığa artıq çox seyrək rast gəlinir, onların yerinə Şəfiqə, Ziyafət, Nazlı, Gülər, Eteli, Leyli, Yarpızlı kəndi və b. meydan verilib. Artıq bürokrat, tənbəl kadr xəstəliyi (“Hava bürosu”, 1958), əsl insan obrazının böyüklüyü (“Lirika”, 1958) satirik pərdəli lirik-psixoloji lövhələr fonunda təsvir olunmağa başlanılıb (“Əl xətti”, 1958). Ailə-məişət, yaltaqlığın ələ salınması (“Neçə cür salam var?”, 1960), övlad məhəbbətinin yaratdığı səmimilik (“İki hakim”, 1958), hətta Bakı üçün yeni olan çinar ağacının əkilib boya-başa çatması (“Mən də bakılıyam”, 1958) kimi xırda görünə biləcək liriklik, ərəb dünyasının uğurlarına sevinmək (“Arxa əsgəri”, 1942), Yaxın Şərq xalqlarının azad gələcəyi üçün uğur toxumu səpmək (“Ərəb qardaş”, 1960) səmimiyyəti həssas müəllifin bədii stixiyasına çevrilib. O dövrün təbirincə desək, hətta beynəlmiləlçilk mövzusu da Mir Cəlal qələmində İnsana xidmət edir, Qardaş köməyi tərbiyəsinə çevrilir, bir sözlə, burada təbliğat humanist xarakter daşıyır, İnqilaba, Silaha çağırış yoxdur. Beynəlmiləlçilik vətənpərvərliyin tərkibində boy ataraq yayılır. Mir Cəlalın 1954-1963-cü illəri əhatə edən yaradıcılığı məhz bu baxımdan xarakterikdir, III cild bu qənaətin formalaşmasında yaxşı mənbədir. Bu əsərlərdə yaxınını sevmək, ətrafı sevmək özünü sevməyin kamertonudur, keçilmiş əzablı yollar həyat eşqini, yaşamaq sevdasını gözəllik üzərində qurmağa səsləyir.

Sovet ədəbiyyatının inkişaf tarixinin mərhələlərini izləyən oxuculara məlumdur ki, keçən əsrin 60-70-ci illəri ədəbiyyat və incəsənət sahəsində ədalətli tənqidin çatışmazlığı ilə bağlı müxtəlif rəsmi sənədlərin qəbulu ilə də yadda qalmışdır. Mərkəzi mətbuat orqanlarında bu barədə istiqamətverici materiallar çap olunmuşdur. Bir sözlə, sovet dövlət aparatı yaradıcı insanların cəmiyyətdəki mənfiliklərə qarşı tərbiyəedici tənqid ruhunda əsərlərə, forma və məzmuna yenidən, təzə tələblərlə qoşulmağa çağırış etmişdi. Satirik tənqid  Mir Cəlalın həm yazıçı, həm də ədəbiyyatşünas ruhuna tam doğma olduğundan həmin dövrdə müəllifin qələmə aldığı yazılarda satirik üslub, kinayəli təhkiyə manerası daha püxtə hekayəçi mövqeyindən canlandırılmışdır. Buna görə də cəmiyyətin tərbiyəsi işi, sağlam, fəal həyat mövqeyi, daxili zənginlik müəllifin 1963-1978-ci illər nəsrinin əsas leytmotivini təşkil edir. “Deyirlər, rüşvətlə bərk mübarizə aparılır”, — cümləsilə başlanan “Ay İsmayıl, başa sal” (1963) hekayəsindəki rüşvətxor qohumlar, qorxaq ticarət işçisi münasibətlərində kinayəli üslub hələ çox-çox zamanları gülə-gülə yola salacaq. Həmin cümləni bu cildə tipik ithaf kimi də qəbul etmək olar.

Didaktik niyyətin üstünlük təşkil etdiyi, ailə qurmağın, nişan getməyin, öncə ali təhsil almaq, sonra ərə getmək, yaxud evlənmək (“Mən də bir elçi kimi”, 1964) barədə düşünmək kimi o dövr üçün xarakterik mövzuların da yer aldığı bu dövr yaradıcılığında yeni istəklər arxasında gizlənərək hərdəmxəyallıq nümayiş etdirmək (“Məhəbbət, yaxud qəlp pul”, 1963), istedadsız insanların uğur qazanmaq üçün hər cür riyakarlığa əl atmaları (“İmzasız hekayə”, 1964), həmçinin, digər məişət xırdalıqları fonunda (“Yoldaşlıq məhkəməsi”, 1975) müdriklik göstərmək müəllifin sosial mühit üzərində qələbəsi kimi dəyərləndirilə bilər.

Çoxcildliyin sonuncu — V cildi tərtibçilərin xronologiyasını pozsa da, ədibin yaradıcılıq portretinə yekun rəng çalarları qatmışdır. Buraya müəllifin  yaradıcılığa başladığı ilk illərdən — 1926-cı ildən üzü bəri müxtəlif illərdə qələmə aldığı mənzum felyetonlar, şeirlər, oçerklər, tərcümələr və xatirələri daxildir. Bu əsərlər müəllifin yaradıcılıq istedadından, satirik üslubundan, məzmuna uyğun bədii forma seçmək və süjeti obrazlı qurmaq istedadının təkamül prosesini yaxından izləmək üçün, bəzi avtobioqrafik elementlərin ictimailəşdirilməsi səbəbindən də ayrıca maraq doğurur. Həmçinin, qeyd edək ki, bu cild orijinal yazıçılıq istedadı ilə jurnalist fəallığı və sənətkarlığının üzvi bağlılığını görmək baxımından da çox faydalıdır.

Ümumiyyətlə, “Yazıçı Mir Cəlal” və “Jurnalist Mir Cəlal” arasında çox səmimi və  işgüzar, jurnalist dili ilə desək, publisistik dostluq var. Məlumdur ki, görkəmli ədibimiz jurnalistikada müəyyən təcrübə qazandıqdan sonra nəsr sahəsinə keçmişdir. Bizcə, onun gənc jurnalistlər üçün “Kommunist”də iki, “Gənc işçi” də dörd illik həvəsli işim müasir, canlı, operativ, ayıq mühakiməyə hazırlaşmaqda mənə mühüm təsir göstərirdi. Mətbuatın bu gözəl tərbiyə məktəbini mən heç vaxt unutmaram”, —qənaətini xatırlatmaq yerinə düşərdi. Bu istiqamətdə fikri bir qədər də inkişaf etdirək: Mir Cəlal çox-çox sonralar gənc jurnalist Mir Cəlal barədə yazmışdır: “Aşqabadda çıxan “Zəhmət” qəzetində, Tiflisdə çıxan “Yeni fikir” qəzetində Gəncənin mədəni-təsərrüfat həyatını əks etdirən yazılarım nəşr olunurdu. Bunlar yalnız müxbir məktubları, adi xəbərlər xarakterində yox, mühərrir yazıları mahiyyətində idi... yeni əlifba, dərsliklər, maarif məsələləri haqqında yazdıqlarımın çoxu təbəddülatsız nəşr olunurdu”. Və yaxud: “Qışın qarlı-çovğunlu günlərində bizi bu kənddən o biri kəndə qoşur, hesabdarların bütün kağız-kuğuzlarını yoxlayıb qiymət verirdik. Həmin səfərlərdən topladığım təəssürat əsasında mən oçerklər kitabımın mühüm bir hissəsini yazıb çapa verdim”. Yazının istiqaməti elə gətirdi ki, hörmətli ədibin 1967-ci ildə yazdığı və bu külliyyata daxil edilmiş “Bakı görüşləri” xatirəsinin (bizcə, jurnalistikamız üçün yeni olan “avtooçerk” janrının ilk nümunəsidir — E.V.) bəzi detalları söhbətimizi qabaqladı, lakin bu da qəti faktdır ki, çoxcildlikdəki bir çox maraqlı mətləblərin açılmasında, bəzi əsərlərin mahiyyətindəki gizlinləri başa düşməkdə “Bakı görüşləri”ni mütləq mütaliə etməyə dəyər. Tərtibçilər onu çoxcildliyə daxil etməkdə, həqiqətən, çox dürüst iş görüblər.

Bu əsərdə “Hüseyn Cavid və Mir Cəlal” münasibətlərinə də tam aydınlıq gəlir. Mir Cəlal “...Cavid romantik şairdir. Mənim realistik zövqümdən, həyat və hadisələrə münasibətimdən çox fərqli bir sənətkardır”, — deyir və dahi sənətkarımıza münasibətini ədəbiyyat müstəvisində belə səciyyələndirir. Şəxsiyyət olaraq isə onu başqa cür portretləşdirir: “Kənardan baxanlar, onu ancaq əsərləri ilə tanıyanlar hörmətli ədibin məhrəm, duzlu, mənalı yumorundan xəbərsiz idilər. Halbuki, onun söhbətləri bu cəhətdən çox mənalı, maraqlı, unudulmaz idi... zarafatı, hətta lətifəni çox xoşlayırdı”.

Mir Cəlalın ədəbi-tənqidi zövqünün formalaşmasında bəlkə də həlledici rol oynayan Hüseyn Cavid gənc dostuna seyid nəslindən olduğunu və şəxsi simpatiyasını nəzərə çarpdırmaq üçün “Ağa Mir Cəlal” deyə müraciət etməsi, tez-tez evinə qonaq gəlməsi faktı da hər iki sənətkar arasında səmimi münasibətlərdən xəbər verir. Lakin sağlam tənqidçi mövqeyi Mir Cəlala “Cavid yaradıcılıq məsələlərində çox ciddi və tələbkar idi. Realistlərin, o cümlədən Mirzə Cəlilin dili, sadə üslubu ilə razı deyildi. Hər yerdə şeiriyyət axtarırdı. Sadə yazıb, danışmağı loru dil adlandırırdı” — deməyi də unutdurmurdu.

Oçerklər silsiləsindən olan materiallar təsdiq edir ki, Mir Cəlalın publisistikasında da süjet dinamikliyi var. Dialoqların ardıcıllığı, düzümü mövzunun publisistik həllinə ruh yüksəkliyi, həyəcan və hətta rəğbətlə ictimai həyat həqiqətinin təsvirinə xidmət edir. “Birinci beşillik planın təbliği və həyata keçirilməsində Azərbaycan fəhlələrinin qəhrəmanlıq və rəşadətini bədii söz ilə əks və ifadə etməyi  bizə dönə-dönə...” tapşırırdılar fikri nisbətən yaşlı nəslin nümayəndələrinə tanışdır, ancaq müasir oxucu “tapşırıqla” yazılmış həmin oçerk və məqalələrdə “partiyanın həlledici rolunu” deyil, Azərbaycan insanının həyat və fəaliyyətini, qurub-yaratmaq eşqini, yaxşı işləyib yaxşı da məvacib almaq arzusunu, klub, məktəb, xəstəxana tikmək, kitab almaq həvəsini duyur, ictimai həyatda məşhurlaşmaq duyğusunu oxuyub bəyənir.

Jurnalist Mir Cəlal hansı sosial təbəqə üçün nədən yazmağı da ustalıqla seçir. Bu element süjet quruluşunda, dialoqların düzümündə, surətlərin danışığında daha aydın sezilir. Bu tipli yazılarda leksik tərkib də maraqlıdır, revolyusion, rekonstruksiya, kultur, internasional, qiqant, pansion, plotin, kiosk və s. kimi o dövrün neoligizimləri müəyyən kolorit yaratmaqda maraqlıdır, lakin  burada insan amili önə keçdiyindən inqilabi təbliğat hiss olunmur.

“Parisdə görüş” (1950) səyahət oçerkində oxucu, hər şeydən öncə, savadlı, dünya ədəbiyyatı və mədəniyyəti, dövrün siyasətinə yaxından bələd olan əla zövqlü azərbaycanlı ilə tanış olur. Yazıçının təqdimatı da maraqlıdır, kinayəsi də ləzzət verir, fikirləri də tipiklik yaradır, fikir verin: “Paris gözəl şəhərdir, ancaq biz boğuluruq. Burada hər şey, quş südü də var, ancaq quş qədər nəfəs almaq imkanımız yoxdur”.  Yaxud: “Qəribədir, burada reklamın nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlayan da olmur”; “Burada oğurluq yoxdur... ancaq xırda oğurluq yoxdur”;  müəllifin şah cümləsi isə , əminəm ki, mənimlə razılaşacaqsınız, bax, budur: “Ancaq Parisin bütün gözəllikləri, dəbdəbə, parıltılarına rəğmən, mənə elə gəldi ki, indi bu, geriyə baxan, keçmişi ilə daha çox fəxr edən bir şəhərdir”.

64 il əvvəl müdrik  yazıçı qənaəti, savadlı jurnalist səriştəsi ilə ifadə olunmuş strateji bir fikirdən sizin də məmnun qalacağınıza şübhə yoxdur.

Mir Cəlal çox böyük ədibdir!

 

Elçin Vələdoğlu,

Respublika.-2014.- 31 may.- S.6.