“Vergilər uşaqların gözü ilə” adlı ənənəvi rəsm və inşa müsabiqəsinə yekun vurulub

 

Dünən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  Vergilər Nazirliyinin Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı iləVergilər uşaqların gözü iləadlı rəsm müsabiqəsi keçirilmişdir. “Vergilər uşaqların gözü ilə” devizi altında rəsm və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edib və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürüblər. Tədbiri T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açmış, müsabiqənin əhəmiyyəti  barədə danışmışdır. Qeyd edilmişdir ki,  müsabiqəyə təqdim olunmuş əsərlərdə formalaşan kiçik təsəvvürlər gələcək üçün böyük təməldir və gənc nəsildə vergi biliklərinin formalaşmasına xidmət edir. Builki müsabiqə aprel ayından start götürmüş, 250-dən çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunmuşdur.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək bildirmişdir ki, gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində gördüyü işlərin mühüm hissəsidir. Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov bildirmişdir ki, tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir.

Hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir və builki müsabiqədə də iştirak edən əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcək.

Tədbirdə rəsm və inşa üzrə builki müsabiqənin qalibləri elan edilmiş, onlara diplom və hədiyyələr təqdim olunmuşdur. İnşa müsabiqəsində Ləman Səmədzadə 1-ci, Elçin Cəfərli 2-ci, Pərvanə Cəlallı 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Ruslana Əzimova 1-ci,  Aysel Atayeva 2-ci, Zöhrə Quliyeva 3-cü yerə, 9-12 yaş qrupu üzrə İbrahim Bağırov 1-ci,  Nəzrin İsgəndərli 2-ci, Nurlana Hüseynova 3-cü yerə, 13-18 yaş qrupu üzrə Dünya Sadıqlı 1-ci, Məryəm Sultanova 2-ci, Murad Şirinov 3-cü yerə layiq görülmüşlər.

 

Ülvi QARAYEV,

Respublika.-2014.- 31 may.- S.7.