Nərimanov rayonu: Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir

 

Xalqımız uşaqlara həmişə böyük sevgi məhəbbətlə yanaşır. Qətiyyətlə deyə bilərik ki, uşaqlara mərhəmət və qayğı ölkəmizdə daha böyükdür.

May ayının 30-da Bakının Nərimanov rayonundakı 42 saylı uşaq bağçası-körpələr evində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı bayram tədbiri keçirildi. M.Sənani küçəsi 45/55 ünvanda yerləşən bağçada keçirilən tədbirdə valideynlər və KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi uşaq bağçası-körpələr evinin tərbiyəçisi Fazilə Abdullayeva açıb mərasimə qatılanları qəlbən təbrik etdikdən sonra danışıq üçün söz uşaq bağçasının müdiri Nurlana Axundzadəyə verildi. O, ürək sözlərini ifadə edərək dedi: “Bağçamız 1978-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə isə əsaslı təmir olunmuşdur. Dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğını bağçamızda təlim-tərbiyə alan uşaqlar hər an hiss edirlər. Uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. 115 uşağın təlim-tərbiyəsi ilə məşğul olan 12 tərbiyəçi çəkdikləri zəhmətin bəhrəsini uşaqların qazandıqları bilikdə, təlim-tərbiyədə görür. Uşaq ailənin deyil, ictimaiyyətin yetirməsidir. Tərbiyəçilərimiz uşaqları öz övladı, bağçanı öz evi bilirlər, sənətlərinə sevgiləri hüdudsuzdur. Bunu onların məşğələlərə dərin məhəbbətlə yanaşması hissindən görmək olar. Onlar uşaqlara müxtəlif bilik və vərdişləri pedaqoji ustalıqla öyrətməyə çalışırlar. Uşaqlarımız rayonda keçirilən tədbirlərdə fəal iştirak edir, maraqlı çıxışları ilə tamaşaçılarda xoş ovqat yaratmağa çalışırlar.

Bu gün uşaqların təlim-tərbiyəsi ilə məşğul olan hər bir müəllim, tərbiyəçi ulu öndər, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevin bu fikrini həmişə xatırlayırlar: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Bağça uşaqların ikinci evidir. Balaca fidanların təlim-tərbiyəsində tərbiyəçilərdən Fazilə Abdullayeva, Əzimi Bilqeys, Şəlalə Süleymanova, musiqi müəllimi Xuraman Şıxəliyeva və başqalarının adlarını inamla çəkmək olar.

Bağçada uşaqların əl işləri diqqəti cəlb edir. Onlar idmana, təsviri sənətə böyük qayğı göstərir, mütəmadi olaraq gəzintiyə çıxırlar.

Tədbirdə çıxış edən Sabirə Məmmədova vurğuladı ki, nəvəm Banu 42 saylı bağçanın balaca sakinlərindən biridir. Bir nənə kimi bağçanın fəaliyyəti hamını qane edir, tərbiyəçilər gözlərinin nurunu və qəlblərinin hərarətini uşaqların hərtərəfli inkişafına sərf edirlər.

Tədbirdə bağçanın uşaqları maraqlı proqramla çıxış etdilər.

Nurlana Axundzadə mərasimdə son olaraq vurğuladı ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva uşaqların ən yaxın dostu və himayədarıdır. Mehriban xanım uşaqların bütün problemləri ilə maraqlanır, onları düşündürən, narahat edən məsələləri həll edir.  

 

Qədir ASLAN,

Respublika.-2014.- 31 may.- S.8.