Yaşayış yeri üzrə qeydiyyatdan
çıxarılmanın hüquqi əsasları
Mövzunu izah etməzdən əvvəl istərdim ki, şəxsin yaşayış yeri və olduğu yer anlayışlarını qeyd edim. Şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer dedikdə isə, onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
Göründüyü kimi, qanunvericilikdə şəxsin yaşayış yeri və olduğu yer anlayışları fərqləndirilmişdir. Belə ki, şəxsin yaşayış yerindən fərqli olaraq şəxsin olduğu yer onun yaşayış yeri sayılmadığından və həmin yer şəxs üçün müvəqqəti xarakter daşıdığından qanunverici orqan şəxsin olduğu yer üzrə yox, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması hallarını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda tənzimləmişdir.
Belə ki, həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən qanunverici orqan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının aşağıdakı altı əsasını müəyyən etmişdir:
lşəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən;
lbaşqa ölkədə yaşayış yeri seçdikdə —Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən;
lazadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
löldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
lyaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
lqeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Göründüyü kimi, yalnız həmin əsaslardan biri olduqda vətəndaş müvafiq polis şöbəsinə müraciət etməli, sonuncu həmin hallar olduqda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmalıdır. Əks-təqdirdə şəxsin şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaması ilə bağlı müvafiq polis şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri qanuna uyğun olacaqdır.
Bundan başqa, məhkəmə təcrübəsində şəxs, yaşamaq hüququ verilməklə şəxslərin həmin evə köçürülmələri barədə iddia tələbinin təmin edilməməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini əsas tutaraq həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün müvafiq polis şöbəsinə müraciət edir, lakin sonuncu həmin halların şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərində nəzərdə tutulmadığını əsas gətirərək şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina edir. Hesab edirəm ki, müvafiq polis şöbəsi yaşamaq hüququ verilməklə şəxslərin həmin evə köçürülmələri barədə iddia tələbinin təmin edilməməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edərək həmin şəxsləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmalıdır.
Belə ki, yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bilavasitə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu halda, yaşamaq hüququ verilməklə həmin evə köçürülmələri barədə iddia tələbi təmin edilməməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla çıxarılma kimi başa düşüldüyündən dolayı yolla şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməli, habelə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb olunan şəxslər qeydiyyatdan çıxarılmalı olan ev üzərində hər hansı hüquqa malik olmadığı və yaşamadıqları halda sözügedən evdə qeydiyyatda qalmaları mülkiyyətçinin öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından mülkiyyətçi həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin müvafiq polis şöbəsinə həvalə edilməsini tələb etməkdə haqlıdır.
Hazırkı mövzu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirəm.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli qərarının 7-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, “müəyyən edilmiş qaydada köçürmə” dedikdə bir qayda olaraq yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarına əks yanaşma ilə belə nəticəyə, gəlmək olar ki, köçürülmə barədə iddia tələbinin təmin edilməməsi pasport qeydiyyatından çıxarılma üçün əsasdır.
Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi bu hüquqi mövqeyini 08.12.2004-cü il tarixli 6k-1942 saylı qərarında da formalaşdırmışdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, vətəndaşın məhkəmə qətnaməsi ilə mənzildən çıxarılması onun icra qaydasında qeydiyyatdan çıxarılması üçün də əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarının 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərində sadalanan əsaslardan biri, habelə yaşamaq hüququ verilməklə həmin evə köçürülmələri barədə iddia tələbi təmin edilməməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda mülkiyyətçi yazılı şəkildə müvafiq polis şöbəsinə müraciət etməli, sonuncu həmin hallar olduqda şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmalıdır. Əgər müvafiq polis şöbəsi şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan imtina edərsə o, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbi ilə inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində, habelə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq polis şöbəsi tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi vaxtdan 35 gün keçdikdən sonra müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət etməlidir.
İsrayıl
İMAMLI,
Şəki İnzibati-İqtisadi Məhkəməsinin böyük məsləhətçisi.
Respublika.-2014.- 31 may.- S.5.