Bakı Metropoliteni ən
yüksək standartların tətbiqi erasına keçir
Azərbaycan
iqtisadiyyatının özünəməxsus modelinin daha bir
nümunəsi 2014-cü il fevralın 27-də
ölkə başçısının sərəncamı
ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar
Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri
dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar
Cəmiyyətinin yaradılması oldu. Elə həmin
gün növbəti sərəncamı ilə Azərbaycan
Respublikasının Prezidenti Zaur Mir Tofiq oğlu Hüseynovu
“Bakı Metropoliteni” QSC-nin sədri təyin etdi.
Metropolitenin qapalı statuslu səhmdar cəmiyyətə
çevrilməsi zamanın tələbi idi. Çünki
təşkilatın bazar iqtisadiyyatının əsas tələblərinə
cavab verməyən əvvəlki formatının daha
çevik variantla əvəzlənməsinə ehtiyac
yaranmışdı. Eyni zamanda, 2011-ci ildə
imzalanmış sərəncamlarla başlayan böyük
inkişaf perspektivini əngəlləyə biləcək səbəblər
vaxtında aradan qaldırılmalı idi. Axı,
qarşıdakı 20 il ərzində nəzərdə
tutulmuş inkişaf planına əsasən, yeraltı dəmiryol
xətlərinin ümumi şəbəkəsinin 2 mövcud və
3 əlavə yeni xətdən ibarət olması müəyyənləşdirilib,
depoların sayı 5-ə, stansiyaların sayı 76-ya
çatdırılmalı, xətlərin ümumi uzunluğu
119 kilometr olmalıdır. Bir sözlə, 53 yeni stansiya, 4 yeni
depo və 84,3 kilometr metro xətləri
inşa edilməlidir. Buna görə inkişaf
sürətlə aparılmalı və ən müasir
standartlara uyğun texnologiyalar tətbiq edilməlidir. İndi metronun inkişafı ilə bağlı
bütün məsələləri vahid mərkəzdən
kompleks şəklində idarə etmək və yönəltmək,
eyni zamanda dünya təcrübəsinin ən yaxşı
nümunələrini birbaşa və maneəsiz tətbiq etmək,
sosial yönümlü qərarları rahatlıqla vermək
mümkün olacaq.
Yeni infrastrukturun yaradılması ilə bağlı
verilmiş qərardan ötən 9 aya yaxın müddət də
bunu əyani surətdə nümayiş etdirir. 9 ay
böyük işləri həyata keçirmək
üçün çox qısa müddət olsa da, ölkə
başçısı İlham Əliyevin verdiyi konkret
tapşırıq və tövsiyələrə uyğun
olaraq, prinsipial mahiyyət yenilikləri edilərək, bu
gün metropolitenin sabit inkişafı üçün zəmin
yaradılıb. Bu xüsusda həm
iqtisadi, həm də sosial tədbirlərin həyata
keçirilməsi baxımından ötən 9 ay ərzində
metropolitenin fəaliyyətində iki vacib istiqamət
qabarıq şəkildə özünü büruzə
verir. Bunlardan birincisi, texnoloji innovativ yeniləşmənin
sürətləndirilməsi, ikincisi sosial əsaslı tədbirlərin
dərinləşdirilməsidir. Onların
hər birini xüsusi qeyd etmək lazımdır.
Metropolitenin inkişafı dedikdə, əlbəttə,
ilk növbədə metro tikintisindən də söz
açmaq lazımdır. “Bu gün yeni
texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda,
Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir.
Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm
işlərin daha da böyük səmərə ilə
görülməsinə xidmət göstərəcək, həm
də maksimum keyfiyyət təmin olunacaqdır”, - deyən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu əsas vəzifələrdən biri hazırda
metronun həm tikintisində, həm də istismarında ən
müasir və qabaqcıl texnologiyaların tətbiqidir.
Məlumdur ki, birinci dövlət proqramının icra
dövründə yeni Bənövşəyi xəttin ilk 5
stansiyası təhvil verilməlidir. Əvvəlcə, xəttin
ilk iki stansiyası - “Avtovağzal” və şərti adı
“Memar Əcəmi-2” olan stansiyaları, sonrakı dövrdə
isə digər 3 stansiyası istismara veriləcək.
Xəttin inşası zamanı metropolitendə ilk dəfə
müasir tunelqazma qurğularının tətbiq edilməsi məlumdur. Məhz bunun
sayəsində qarşıya qoyulan vəzifənin sürətlə
yerinə yetirilməsinə xüsusi təkan verilib. Stansiya tikintisində də yeni metod və üsullar
da artıq özünü tam doğrultmuş sayıla bilər.
“Memar Əcəmi-2” stansiyasında tətbiq edilən
“Qruntda divar” üsulu iqtisadi səmərəsi ilə
yanaşı, sosial mahiyyəti, texniki özəllikləri və
uyğunluqları ilə seçilir, ekoloji
üstünlükləri ilə fərqlənir. Bu kimi tədbirlər və yeniliklər gələcəkdə,
yerindən və şəraitindən asılı olaraq, hər
bir stansiyada tətbiq olunacaq.
Artıq yeni düşüncə tərzinin, müasir
dünya standartlarının tələblərinə cavab verəcək,
bu gün üçün ən yüksək təhlükəsizlik
və sərnişin rahatlığı meyarlarının təmin
olunduğu stansiyaların istifadəyə verilməsinə
çox müddət qalmayıb. İstər
“Avtovağzal”, istərsə də “Memar Əcəmi-2”
stansiyalarında tikintinin əsas mərhələsi yekunlaşıb,
quraşdırma və təchizat məsələləri
uğurla davam etdirilir. Stansiyalarda müasir
eskalator sistemləri ilə yanaşı, “Avtovağzal”da ilk dəfə
uzun dəhlizləri, keçidlərdə hərəkəti
asanlaşdıracaq travolatorlar tətbiq ediləcək. Onların quraşdırılması başa
çatdırılıb. Yeni xətlərdə
sosial ədalət prinsiplərinin təmin edilməsi nəzərə
alınaraq, əlillər və fiziki qüsurlu vətəndaşların
istifadəsi üçün nəzərdə tutulmuş
liftlər quraşdırılır. Bu təcrübəni
nəzərə almaqla, ölkə
başçısının tövsiylərinə uyğun
olaraq, əlillərin mövcud stansiyalardan da rahat istifadə
etməsi üçün çıxış
yollarının araşdırılmasına
başlanılıb.
Yeni stansiyalarda təhlükəsizlik məsələləri
optimal səviyyədə qurulacaq, sərnişin
rahatlığı mümkün qədər yüksək səviyyəyə
çatdırılacaq. Bu məqsədlə istər stansiyalarda,
istərsə vaqonlarda kondisionerləşdirmənin tətbiqi,
mikroiqlim sistemləri, havalandırmanın yeni metodlarından
istifadə olunması nəzərdə tutulub.
Metropoliten tarixində ilk dəfə müasir
yanğın təhlükəsizliyi sistemləri tətbiq ediləcək. Onlar texniki imkanları ilə
seçilməklə yanaşı, həm də yanğın
siqnalizasiyası rolunu oynayaraq, xəbərdaredici vasitə
kimi, məlumatlandırma, eyni zamanda, təxliyənin daha
sürətlə aparılması və s. kimi
üstünlükləri ilə seçiləcək.
Əlbəttə, ən vacib məsələlərdən
biri məhz sərnişinlərin metropolitendən rahat istifadə
etməsini təmin edən vasitələrin tətbiqidir. Bu mənada, hətta, ilk dəfə
metrodan istifadə edən sərnişinin səmti asanlıqla
müəyyən etməsi, bir sıra informasiyalarla
tanışlığı və s. nəzərdə tutan
vasitələrlə təchizat mühüm yer tutur. Bu və digər informasiya təyinatlı elektron və
digər vasitələrin tətbiqi geniş miqyasda təmin
ediləcək.
Birbaşa əlaqəsi olmadığından sərnişin
üçün bir qədər maraqlı görünməsə
də, əlbəttə, yeni xətlər və
stansiyaların idarəetməsi də çox vacibdir. Metropolitendə
qurulacaq SCADA sistemləri bu mənada son nailiyyətlərdən
sayılır və onun ən son modellərinin tətbiqi
üzərində işlərə də artıq
başlanılıb. Bununla əlaqədar
məşhur “Thales” şirkəti ilə müqavilə
imzalanıb. Bu sistemlər müasir proqramlaşdırma
imkanları ilə stansiyada bütün şəbəkənin
idarəetməsinin vahid mərkəzdə cəmlənməsinə
kömək edir. Bu isə həm də
işin təşkili və yönləndirilməsini
asanlaşdırır, sərnişinlərə xidmət səviyyəsini
artırmağa kömək edir, həmçinin
avadanlıqlara texniki xidməti də yüksək standartlar səviyyəsinə
qaldırır.
İdarəetmə sistemlərindən söz
düşmüşkən, metropoliten üçün ən
vacib sahə olan qatarların hərəkətinin təşkili
və idarə olunmasını qeyd etmək lazımdır. Onlar da
mövcud sistemlərdən əsaslı şəkildə fərqlənəcək.
Qatarların hərəkətinin idarəetməsi
və ona nəzarət sistemləri müasir elmin ixtirası
olan radiokanal idarəetməsi ilə təşkil ediləcək.
CBTC adlanan bu sistemlər qatar hərəkətinin
təhlükəsizliyi ilə yanaşı, intervalın ən
optimal həddə çatdırılmasını, gələcəkdə
idarəetmə təhlükəsizliyinin ən yüksək həddi
sayılan maşinistsiz idarəetməni də təmin edəcək.
Bu sistemlərin quraşdırılmasını
da “Thales” şirkəti təmin edəcək.
Bu il mayın 12-də Fransa prezidenti Fransua
Ollandın Azərbaycana rəsmi səfəri çərçivəsində
keçirilən Azərbaycan-Fransa biznes forumu “Bakı
Metropoliteni” QSC üçün də əlamətdar olub. Forum çərçivəsində metropoliten
Fransanın müxtəlif şirkətləri ilə 5
anlaşma memorandumu imzalayaraq, onlarla gələcək əməkdaşlığın
təməlini qoydu. Bu memorandumlar əsasında,
göründüyü kimi, “Thales” şirkəti ilə
metropolitendə müasir idarəetmə sistemlərinin tətbiqi
ilə bağlı əməkdaşlıq yüksək səviyyədə
təşkil edilib.
Vaqonlar müasir standartları ilə seçilməsə,
metropolitenin yeni xətlərdə həyata keçirdiyi
inqilabi yeniliklər natamam olar. Xəttin yeni tipli
vaqonlarla təchizatını da Fransa şirkəti yerinə
yetirəcək. Artıq məşhur vaqon
istehsalçısı “Alstom”la müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham
Əliyevin tapşırığına əsasən, yeni xətlərdə
stansiyaların platformalarının uzunluğu 7 vaqon
üçün və ya 144 metr nəzərdə tutulub.
Yeni xətlərdə istismar olunacaq qatarlar ən
yüksək və təhlükəsiz idarəetmə tələblərinə
cavab verməsi ilə seçiləcək. Vaqonlar müxtəlif sosial qruplardan olan sərnişinlərin
maraqlarını təmin edəcək müasir informasiya
sistemləri ilə təchiz edilməklə yanaşı, həm
də əlil arabaları üçün yerlərlə də
təmin ediləcək. Beləliklə,
metropolitendə əhalinin bu sosial qrupunun maraqları yeni xətlərin
stansiyalarına daxil olandan onları tərk edənə qədər
tam təmin edilmiş olacaq. Bundan savayı, bu vaqonlar
kondisionerləşdirilməsi, mikroiqlim təminatı,
havanın təmizlənməsi, germetikliyi və s.
üstünlükləri ilə seçiləcək.
Əlbəttə, təkcə yeni xətlər deyil,
dövlət proqramına uyğun olaraq, mövcud xətlərin
inkişafı da unudulmayıb. Proqramın icra
olunacağı müddətdə Yaşıl xəttin daha 3
stansiyasının inşası da planlaşdırılıb.
Hazırda şərti adı “Həzi Aslanov-2”
olan stansiyanın, eləcə də Köhnə və Yeni
Günəşli qəsəbələri istiqamətindəki
tunellərin qazıntısı aparılır. Bir sözlə, qarşıdakı illərdə iki
xətt üzrə, ən azı, 8 stansiya istismara veriləcək.
15 oktyabr
2014-cü il tarixində “BOUYGUES TRAVAUX
PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC arasında “28
May” stansiyasında yeni tunelin tikintisi (Qırmızı və
Yaşıl xətlərin ayrılması) işlərinin
görülməsi ilə bağlı müqavilə
imzalanıb. Qeyd edək ki, Qırmızı xətlə (“Həzi
Aslanov” - “İçərişəhər” stansiyaları
arası) Yaşıl xətt (“Dərnəgül” - “Xətai”
stansiyalaı arası) “28 may” stansiyasında kəsişir və
bu da öz növbəsində qatarların hərəkət
təhlükəsizliyi baxımından mühüm əhəmiyyət
kəsb edir. İki xəttin bir-birindən
ayrılması eyni zamanda qatarlararası intervalın
azaldılmasına xidmət edəcək. Nəzərə
alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən
qatarlardan biri “İçərişəhər”, digəri isə
“Dərnəgül” istiqamətinə hərəkət edir.
Bu baxımdan “Həzi Aslanov” - “28 may” stansiyaları arasında
hərəkət intervalı 2 dəqiqə olsa da bu
özünü “28 may” - “Dərnəgül” stansiyaları
arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin
ayrılmasından sonra isə “28 may” - “Dərnəgül” mənzilində
hərəkət intervalını 2 dəfə azaltmaq
imkanı yaranacaq.
Xətlərin ayrılması ilə yanaşı, Sovet
dövründən metropolitenin həllini gözləyən
problemlərin aradan qaldırılması istiqamətində əsaslı
layihələrin həyata keçirilməsi də nəzərdə
tutulur. Bu mənada dərin özüllü stansiyaların
ikinci giriş-çıxışlarının istifadəyə
verilməsi xüsusi əhəmiyyətə malikdir. 2009-cu ildə ölkə
başçısının iştirakı ilə
açılmış “28 May” stansiyasının ikinci
giriş-çıxışından sonra daha birinin də
istismara verilməsi istiqamətində fəal işlər
aparılır. Sərnişin
sıxlığı baxımından seçilən “Elmlər
Akademiyası” stansiyasının ikinci
giriş-çıxışı fərqli inşaat
üsulunun tətbiqi ilə aparılır. Burada əsas yeraltı inşaat işləri, demək
olar ki, tamamlanıb. Qalan mərhələdə
vestibülün və giriş-çıxışların
inşası və təchizat işləri görüləcək.
Tikinti mövzusunun davamında metropolitençilər
üçün böyük əhəmiyyət kəsb edən
yeni texnoloji korpusun istismara verilməsi xüsusi qeyd edilməlidir. Bu korpus
metropolitenin müxtəlif xidmət və sahələrinin
işini vahid mərkəz prinsipi ilə qurmağa şərait
yaradıb. O, xətlərin fəaliyyətinin təmin
edilməsi ilə bağlı bütün sistemlərin, o
cümlədən hərəkətin təşkili və digər
funksional sahələrin mərkəzləşmiş qaydada
idarə olunmasını, fərqli dispetçer mərkəzləşməsini
tətbiq etməyə imkan verəcək. Mövcud,
inşa olunan və gələcəkdə tikintisi nəzərdə
tutulmuş xətlərin hər birinin müstəqil idarə
olunması üçün bütün lazım olan şərait
indidən qurulur. Dövlət
başçısının tapşırığına əsasən,
burada dünyada mövcud ən müasir sistemlər tətbiq
olunacaq. Artıq enerji, eskalator və sanitar
sahələrin dispetçer mərkəzlərinin işi
buradan idarə olunur. Hərəkətin təşkili
üzrə dispetçer mərkəzində sınaqlar və
yoxlama işləri davam etdirilir.
“Metro tikintisi çox çətin məsələdir,
çox böyük texniki imkanlar, peşəkarlıq və
maliyyə resursları tələb edir. Biz isə bu
işi görməklə şəhər sakinlərinin
rahatlığını təmin etmək istəyirik. Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər
ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək
olar, geri qayıtmır. Birincisi, ona görə
ki, metro tarifləri, yəni gediş haqları çox
aşağıdır. Dünyada ən
ucuz tariflər bizdədir. Digər tərəfdən,
ona görə ki, metro tikintisi, demək olar, həmişə
daha çox sosial xarakter daşıyır. Ona görə
ki, buraya qoyulan vəsait və növbəti illərdə yeni
stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların
rahatlığı üçündür”, - deyən ölkə
başçısının tövsiyələrinə
uyğun olaraq, ötən 9 ay ərzində müəssisənin
fəaliyyətinin təmin edilməsi baxımından
metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində əhəmiyyətli yeniliklər edilib.
Böyük problemləri aşkarlanmış “Nərimanov”
elektrik deposunda ehtiyat hissələrin tədarükündə,
detal, maşın və mexanizmlərlə təchizatında
köklü dəyişikliklər edilərək,
günün tələblərinə uyğun iş norması
və prinsiplərinin qurulmasına başlanılıb. Bunun nəticəsində qatarların nasazlıq səbəbilə
xətdən çıxarılması halları kəskin surətdə
azalıb.
Ən mühüm işlər sırasında vaqon
parkının müasir standartlar səviyyəsinə
qaldırılmasıdır. Uzun müddət
istismar olunan vaqonların əsaslı təmir vaxtının
yetişməsi barədə qəbul edilmiş qərara əsasən
onların modernləşdirilməsi də aparılır.
Bu xüsusda 4 qatarı təşkil edən
20 vaqon Tbilisi elektrik qatarlarının təmiri zavodunda yeniləşdirilib.
Onların əsas elektrik və mexaniki hissələri
mümkün olan müasir standartlara uyğun tərzdə ən
yeniləri ilə əvəzlənib və beləcə,
istismar, qulluq və cari təmirlə bağlı əsas
problemləri aradan qaldırılıb.
Təhlükəsizliyin təminatında əhəmiyyətli
rol oynayan metroloji ölçü vasitələrinin yenilənməsi
istiqamətində önəmli addımlar atılıb. Bu mənada
yeraltı polad magistralımızın tarixi üçün ən
əhəmiyyətli tədbirlərdən biri metropoliten
infrastrukturunun diaqnostikası kompleksinin qurulması olacaq.
Artıq bununla bağlı Rusiyanın “Tvema”
şirkəti ilə müqavilə imzalanıb və işə
başlanılıb. Müasir dünya metropelitenləri
üçün də nadir yenilik olan bu kompleks 1935-ci ildə
istehsal olunmuş və öncə Moskva metropolitenində
istismar edildikdən sonra Bakı metrosuna verilmiş və mənəvi
cəhətdən ömrünü başa vurmuş
yolölçən vaqon anlayışını gündəlikdən
çıxaracaq, yol təsərrüfatı əsas olmaqla,
daha bir neçə aparıcı sahədə yoxlamaların
aparılaraq təhlükəsizliyin təminatında həlledici
vasitəyə çevriləcək.
Metropoliten xətlərində ən müasir sistemlərlə
təchiz edilmiş daha bir motovozu istismara verməklə bu sahədə
maddi-texniki bazanın əhəmiyyətli dərəcədə
yenilənməsi ilə bağlı mühüm addım
atılmış oldu. Həm də gündən-günə edilən
yeniliklər sayəsində metropolitenin rəvan və təhlükəsiz
fəaliyyətini təmin edən gecə növbəsində
çalışanların əmək şəraitinə,
tunellərə material və avadanlıqların
daşınmasına daha bir töhfə verilmiş oldu.
Sürətlə müasirləşən, ən yeni
texnologiyaların geniş tətbiq edildiyi məkana
çevrilmiş metropolitendə kadrların
hazırlığı da aktuallıq kəsb edir. Buna görə
də metropolitendə Təlim-tədris mərkəzi
yaradılıb. Artıq mərkəzdə
“Thales” şirkətinin təlimləri başlayıb.
Onu da əlavə edək ki, bu mərkəz ölkənin
aparıcı elm və tədris ocaqları ilə sıx əməkdaşlıq
qurmaqla, həm də kadr probleminin geniş miqyasda və
öncədən həllinə nail olmağa kömək edəcək,
həm də müəssisəni metropolitendə tətbiqi
mümkün olan elmi-texniki, texnoloji innovasiyaların mərkəzinə
də çevirməklə alimlərin,
ixtiraçıların, səmərələşdiricilərin
də marağına səbəb olaraq, onların həvəsləndirilməsinə
və çeşidli əməkdaşlığa yol
açılmasına gətirib çıxaracaq. Bununla da metropoliten ölkə elmi, təhsili
qarşısında əhəmiyyətli xidmət göstərmiş
olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırıq və tövsiyələrini
özünə rəhbər tutan QSC rəhbərliyi ilk
günlərdən sərnişin rahatlığının təmin
edilməsi ilə bağlı xüsusi addımlar atıb. Bu mənada əksər
sərnişinlərin də qeyd etdiyi kimi, metropolitendə
ticarətin ləğv edilməsi xüsusi qeyd
olunmalıdır. Həm sərnişinlərin,
həm də metropolitençi mütəxəssislərin qeyd
etdiyi kimi, məhz ticarət köşklərinin
yığışdırılması ilə stansiyalarda hava
sirkulyasiyasının normal təmin edilməsi mikroiqlim şərtlərini
dəyişdirdi, havalanqdırmanın keyfiyyətinə əhəmiyyətli
təsir göstərdi. Həmçinin ən
vacib sahələrdə ventilyatorların yenilənməsi və
modernləşdirilməsi işləri davam etdirilir.
Aparılan araşdırmalara görə, həm
metropolitenin estetik görkəminə, həm də sərnişinlərin
psixoloji ovqatına mənfi təsir göstərən rəngbərəng
və məzmunsuz reklam lövhələrinin ləğvi də
xüsusi qeyd oluna bilər. İndi metropolitenin
stansiyaları istismara verildiyi illərdəki görkəminə
qaytarılaraq, sənət əsəri kimi diqqəti çəkməyə
başlayıb.
Ötən
müddət ərzində işçilərin əmək
şəraitinin yaxşılaşdırılması
baxımından əhəmiyyətli dəyişikliklərə
nail olunub. İlk günlərdən “Nərimanov”
elektrik deposu ərazisində yerləşən yeməkxana əsaslı
təmir edilərək, ən müasir məişət
avadanlığı ilə təmin edilib, dizayn tərtibatında
erqonomik təsirlərə xüsusi diqqət yetirilib.
Lakin bu zahiri yeniləşmə ilə iş bitmir. Metropoliten İşçiləri Həmkarlar
İttifaqı Birliyi ilə əldə olunmuş ümumi
razılığa əsasən, naharın qiymətlərində
əsaslı güzəştlər tətbiq edilib. Pulsuz yemək talonları təqdim edilən
xüsusi ağır sahələrdə
çalışanların sayı artırılıb. Eyni qayda yeni texnoloji korpusun yeməkxanalarında da tətbiq
edilib.
Ümumiyyətlə,
metropolitenin göz bəbəyi də adlandırılan
elektrik deposu il ərzində
simasını büsbütün dəyişib. Buradakı səliqəsiz çəpərlənmiş
bağların yerində əsaslı yenidənqurma və
abadlıq işləri aparılaraq gözəl istirahət
parkı salınıb. Parkın mərkəzi
hissəsində ümummilli lider Heydər Əliyevin
büstü qoyularaq, ətrafında memarlıq və dekorativ
işlər yerinə yetirilib. Quraşdırılmış
fəvvarə fasilə vaxtı burada dincələnlərin
zövqünü oxşayır.
Metropolitençilər Vətən uğrunda
canını fəda etmiş həmkar-qəhrəmanlarını
da heç vaxt unutmayıb. QSC sədrinin təklifi
ilə depo qarşısındakı ikinci parkda
metropolitençi şəhidlərin xatirəsini əbədiləşdirən
lövhənin yeni məzmunda tərtib edilməsi onların əziz
xatirəsinə ehtiramın əlamətinə çevrilib.
Deponun girişində salınmış geniş, səliqə-sahmanlı
avtomobil parklama sahəsi metropolitençilərin daha bir
qayğısını aradan qaldırıb. Bütün
bu addımlar yeni rəhbərliyin işə və
işçiyə münasibətinin təzahürü kimi rəğbətlə
qarşılanıb.
Sosial rifah, mədəni istirahət dedikdə,
metropolitençilər üçün, ilk növbədə,
Bilgəhdəki sanatoriya-profilaktoriyada və istirahət
zonasında yaradılan şərait daha maraqlıdır. İldən-ilə
simasını dəyişən sanatoriyada bu il
inqilabi yeniliklərə əl atıldı. Müalicəvi
və tibbi avadanlıqlar təftiş edilərək
onların yeni mövsümdən daha müasir səviyyəyə
qaldırılması qərara alınıb. Kotteclərin,
ardıcıl qaydada, əsaslı təmir olunaraq yenidən
qurulması prosesi bu il bir qədər fərqli
olacaq. Gələn mövsüm istirahət
zonasında yenidən qurulmamış kottec qalmayacaq. Bu isə işçilərə istirahət
üçün daha yeni imkanlar açacaq. Ümumiyyətlə, həyata keçirilən
sosial tədbirlər nəticəsində işçilərin
sanatoriyadan istifadə müddəti xeyli artırılıb.
Metropoliten tarixində ilk dəfə istirahət
müddəti 6 aydan 8 aya qədər uzadılıb.
İstirahətdən söz düşmüşkən,
daha bir yenilik də xüsusi qeyd olunmalıdır. Metropoliten rəhbərliyinin
həmkarlar təşkilatı ilə birgə qərarına əsasən,
cari ilin yayında müstəqillik tarixində ilk dəfə
metrpolitençilər qrup şəklində ölkə
xaricinə turist səyahətinə göndərildilər.
Gürcüstanın Kobuleti şəhərinə
376 nəfər turist səyahətinə göndərildi.
Ölkə daxilində isə 468 nəfər
Nabranda 3 günlük həftəsonu istirahəti imkanı
qazandı. Bilgəhdə yerləşən
istirahət mərkəzindəki evlərdə 1000-dən
artıq işçi istirahət edib. Sanatoriya-profilaktoriyada
dincəlmək üçün 800-ə yaxın
işçiyə yollayış verilib.
Əlbəttə, sosial rifahının
yaxşılaşdırılmasından danışarkən, əməkhaqlarının
artırılmasını da unutmaq olmaz. Metropolitendə
aparılmış struktur islahatları nəticəsində
işçilərin əməkhaqlarında hiss olunacaq dəyişikliklər
də nəzərə çarpmağa başlayıb. Bu artım qarşıdakı müddətdə də
davam etdiriləcək. Metropoliten rəhbərliyinin
əlamətdar günlərdə işçiləri
mükafatlandırması təqdirəlayiq ənənələrin
davamıdır.
Ümumiyyətlə, əsası ulu öndərimiz Heydər
Əliyev tərəfindən qoyulan və onun layiqli
davamçısı cənab İlham Əliyev tərəfindən
uğurla irəli aparılan iqtisadi-siyasi inkişaf kursunun təməlini
məhz hər şeyin insanların, Azərbaycan
xalqının rifahı və rahatlığı
üçün olması təşkil edir.
Bütün bunlar ölkə
başçısının qarşıya qoyduğu əsas
vəzifələrin icrasında hələ ilk
addımlardır. Qarşıda metropolitençiləri
böyük işlər gözləyir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yeraltı
magistralın inkişafı üzrə qarşıya
qoyduğu vəzifələr metropolitençilər
üçün hər zaman yüksək ruh və
etibarlılıq rəmzidir.
Respublika.-2014.- 7 noyabr.- S.5.