Əlamətdar bayram
Hələ qədim zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri–simvol və rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem – bayraq, gerb, medal və s. ibarətdir. Azərbaycanın dövlətçiliyi təşəkkül tapdıqdan sonra onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərinin təxirə salınmadan yaradılmasına başlamışlar. Bu tədbirlər sırasında üçrəngli bayrağın qəbul edilməsini xüsusilə qeyd etmək lazımdır.
Dövlət Bayrağı Günü müstəqil Azərbaycanda əlamətdar bir bayram kimi qeyd olunur. Şərqin parlament tipli ilk respublikası kimi tanınan Azərbaycan öz dövlət atributlarını yaratdı. Üçrəngli milli bayrağımız Paris sülh konfransında, digər mötəbər tribunalarda əzəmətlə dalğalandı, suverenliyimizi bütün dünyaya bəyan etdi.
Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi yenidən Naxçıvanda ucaldılması, sonradan isə müstəqil Azərbaycanın rəsmi dövlət rəmzinə çevrilməsi mühüm tarixi hadisə olmaqla yanaşı, həm də xalqımızın öz keçmişinə, milli-mənəvi dəyərlərinə olan dərin ehtiramının təzahürüdür.
Azərbaycan xalqının tarixində və taleyində müstəsna rolu və xidmətləri ilə ümumxalq məhəbbəti qazanan görkəmli siyasi və dövlət xadimi, dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsi yolunda mühüm rol oynadı. Azərbaycanın həyatında böyük dəyişikliklərlə, sabitlik və davamlı inkişafla müşayiət olundu. Həmin dövrdə ən böyük nailiyyətlərimiz isə müstəqilliyimizin əbədi və dönməz prosesə çevrilməsidir. Bu gün Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür, üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanır, bizim varlığımızı, qüdrətimizi, gücümüzü bütün dünyaya nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı keçirilən təntənəli mərasimdəki çıxışında milli bayrağımızın çox böyük önəm daşıdığını qeyd edərək demişdir: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşdu, öz həqiqi yerini tutur”.
Bu bayram günündə qəlbimiz iftixar hissi ilə döyünür, sevinirik ki, dövlət bayrağımız dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır, bu müqəddəs bayram dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşərək monolit qüvvəyə çevirməyə səsləyir.
Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir. Dövlət bayrağının istifadəsi 8 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 9-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görüntüsünə əlavə çalarlar qatmışdır.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılmış mərasimi olmuş, bu, ölkəmiz üçün tarixi hadisə olmuş, meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyevin vurğuladığı kimi, əzəmətli bayraqdan qürur duyan hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var: üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq!
Bu gün bayrağımız dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır.
Son illər müstəqil Azərbaycanda idmana və idmançılara böyük qayğı və diqqət göstərilir. Vurğulamaq lazımdır ki, 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunları keçiriləcəkdir. Ölkəmizdə Avropa Oyunlarına çox geniş hazırlıq işləri aparılır, yarışların yüksək səviyyədə keçməsi üçün dinamik və əyləncəli mühit yaradılıb. Əminliklə demək olar ki, Azərbaycanı təmsil edən idmançılar Avropa Oyunlarında uğurlu nəticələrə imza atacaq, fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq, yarışlarda ölkəmizin milli bayrağı dalğalanacaqdır.
Bizim bayrağımız qürur mənbəyimizdir. Xalqımız əmindir ki, tezliklə Prezident ilham Əliyevin səyi nəticəsində işğal altında olan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaqdır!
Azərbaycan Respublikası bu gün üçrəngli milli dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, onlara bütün sahələrdə uğur diləyirəm.
Ağacan ABİYEV,
Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru,
professor, millət vəkili.
Respublika.-2014.- 7 noyabr.- S.6.