Biliyin təməli məktəbdə qoyulur

 

Qloballaşan dünyada bəşər sivilizasiyasını ən çox maraqlandıran məsələlərdən biri təhsilin inkişafı, keyfiyyətcə yüksəlişi prosesidir. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi də təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olur. Bu gün ölkəmizdə siyasi, sosial-iqtisadi sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş islahatlar aparılır, milli təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi, təkmilləşdirilməsi, qərb standartları səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Ümummilli lider Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar uğurla davam etdirilərək ən qabaqcıl metodların tətbiq edilməsi, nəticələrin ölçülməsi və qiymətləndirilməsi keyfiyyət baxımından irəliləyişlə müşahidə olunur.

Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 saylı tam orta məktəb də gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyədə formalaşmasında, təhsilin forma və məzmunca yenilənməsində öndə gedən təhsil müəssisələrindəndir. 1966-cı ildə birtipli layihə əsasında tikilib istifadəyə verilən məktəb yarım əsrə yaxın bir müddətdir ki, fəaliyyət göstərir. 860 şagird yerlik binada fəaliyyətə başlayan məktəbdə müxtəlif illərdə cari təmir işləri aparılmış, əlavə korpuslar tikilib istifadəyə verilmişdir. 2010-cu ildə isə məktəbin əsas korpusu Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmişmüasir avadanlıqlarla təchiz olunmuşdur. Eyni zamanda məktəbdə təhsilin uğurla aparılması tədrisin beynəlxalq standartlara uyğun qurulması üçün fənn kabinetləri, müxtəlif təyinatlı sinif otaqları yaradılmışdır. Belə ki, kimya, biologiyafizika kabinetləri, müxtəlif təcrübələrin aparılması üçün lazımi avadanlıq və əyani vəsaitlərlə təmin edilmiş, kompyuter kabinetlərində müasir avadanlıqlar quraşdırılmış və internet şəbəkəsinə qoşulmuşdur. Gənclərin çağırışa qədər hazırlığı kabineti isə orduda xidmət edəcək gənclərin hərbi hazırlığının yüksək səviyyədə təşkilinə imkan verir. 200 nəfərlik akt zalı, musiqi otağı, zəngin kitabxana da şagirdlərin istifadəsindədir. Bütün bunlar müəllimlərin yüksək səviyyədə dərs aparmalarına, şagirdlərin isə biliklərin əsaslarına daha dərindən yiyələnmələrinə zəmin yaradır, qazanılan nailiyyətlər, müvəffəqiyyətlər ilbəil artır.

Məktəbin direktoru Xanlar İmaməliyev isə şagirdlərdə dərin bilik, geniş dünyagörüşü formalaşdırmaq üçün ilk öncə tərbiyənin düzgün qurulmasını vacib sayır. Onunla söhbətimizdə elə Xanlar müəllim ilk olaraq davamiyyətdən danışdı: “Məktəbdə davamiyyət, demək olar ki, 95 faizidir. Bu əsas şərtdir. Çünki tərbiyənin düzgün təşkil olunduğu yerdə hər zaman yüksək nəticə gözləmək olar.

Şagird kurslarda, əlavə hazırlıqlarda biliyini artıra bilər. Ancaq biliyin təməli məhz məktəbdə qoyulur. Bu gün məktəbimizdə 77 sinifdə 1970 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 151 müəllim məşğul olur. Onların arasında 2 - “Əməkdar müəllim”, 3 - “Qabaqcıl təhsil işçisi”, 1 - “Tərəqqi” medalı, 2 - “İlin ən yaxşı müəllimi” adına layiq görülmüş müəllimlər çalışır. Müəllimlərimizin hər biri, sözün həqiqi mənasında əsl insan, əsl vətəndaş və bilikli, dünyagörüşlü gənclər yetişdirməyi qarşısına məqsəd qoyub. Bu da günbəgün uğurlarımızı artırır. Belə ki, 2013-2014-cü tədris ilində məktəbimizi 11-ci sinif üzrə 147, 9-cu sinif üzrə isə 178 nəfər bitirmişdir. Onbirincilər arasında Təranə Tağıyeva və Şahanə İbadzadə məktəbi qızıl medalla, doqquzuncular arasında 28 şagird isə fərqlənmə şəhadətnaməsi ilə bitirmişdir. Ali məktəblərə qəbulun nəticəsinə gəlincə onu deyim ki, 7 nəfər 600-dən yuxarı, 17 nəfər isə 500-dən yuxarı bal toplamış, Xalid Məmmədli və Təranə Tağıyeva isə Prezident təqaüdünə layiq görülmüşdür. Bir sözlə, məzunlarımızın 70 faizi aliorta ixtisas məktəblərinə qəbul olunaraq tələbə adını qazanmışlar. Bu nəticə bizi çox sevindirir. Çünki bu göstəricilərdə məktəb kollektivinin hər birinin əməyi vardır. Belə ki, ali məktəbə qəbul olmaq istəyən hər bir şagirdə müəllimlərimiz tərəfindən böyük dəstək var. Bu səbəbdən də məktəbdə əlavə kurslar təşkil olunur, vaxtaşırı açıq dərslər keçirilir. Eyni zamanda müəllimlərimiz Təhsil Nazirliyi və Təhsil İdarəsinin keçirdiyi ixtisasartırma, kurrikulum kurslarında iştirak edirlər. Onu da qeyd edim ki, bu il müəllimlərimizin, demək olar ki, hamısı Təhsil Nazirliyinin keçirdiyi sınaq qiymətləndirilməsində iştirak edərək yüksək nəticə göstərdilər. Bu, məni ikiqat sevindirir. Çünki bildiyimiz kimi müəllim sözünün mənası “öyrədən” deməkdir. Bu mənada ilk olaraq təhsil verən insanın özü elmli, bilikli olmalıdır ki, şagirdə də nəsə öyrədə bilsin. Bir sözlə, müəllimlərimizin sınaq imtahanlarındakı nəticələri çox qənaətbəxşdir. Tarix fənnindən İlkin Həsənov, Ətrabə Həsənova, Rövşanə İsmayılova, coğrafiya fənnindən Samir Quliyev, fizika fənnindən Mətanət Qasımova, riyaziyyat fənnindən Şəhla Əhmədova, ingilis dili fənnindən Xatirə İmaməliyeva və Gülnarə Abdulova yüksək nəticə göstərən müəllimlərimizdəndir. İstər məzunlarımızın, istərsə də müəllimlərimizin, ümumiyyətlə, qazanılan hər bir uğur bizi ruh yüksəkliyi ilə işləməyə, işimizi daha da təkmilləşdirməyə, eyni zamanda nöqsanlarımızı aradan qaldırmağa kömək edir, yorulmadan çalışmağa səsləyir.

Məsuliyyətlə deyə bilərəm ki, rəhbərlik etdiyim 236 saylı tam orta məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətə yararlı bir vətəndaş olaraq hazırlanmaları üçün hər bir şərait yaradılıb. İlk olaraq məktəb dövlət qayğısı ilə tam təmin olunub. Bir neçə il əvvəl əsaslı təmir olunmasına baxmayaraq, Təhsil Nazirliyi tərəfindən məktəbə lazım olan bütün avadanlıqlar verilir, eyni zamanda şagirdlərin sayından asılı olaraq nazirlik tərəfindən məktəbin təsərrüfat xərclərini ödəyəcək vəsait ayrılır ki, bu da problemləri həll etməyə kifayət qədər yetir. Məktəbin fərdi qazanxanası qışın ən sərt günlərində belə, şagirdlərin isti otaqlarda dərs keçmələrinə imkan verir.

Onu da qeyd edim ki, pedaqoji kollektivimiz şagirdlərə təkcə bilik, savad verməklə kifayətlənmir. Mən deyərdim ki, bilikdən, savaddan öncə gəncləri milli ruhda böyütməli, onların milli-əxlaqi dəyərlərimizə bələd olmaları, vətənpərvər, humanist insan olaraq yetişmələrinə çalışmalıyıq. Bütün bunları nəzərə alaraq tarixi günlərimizi, bayramlarımızı şagirdlərlə birlikdə qeyd edir, tez-tez qəsəbədə yerləşən hərbi hissələrə, uşaq evlərinə gedirik.

Yarıməsrlik tarixə malik təhsil ocağı olaraq kollektivimiz bir ali məqsədə xidmət edir. Sabahımız olan gənclərimizi dərin düşüncəli, sağlam əqidəli, elmli, bilikli və ən əsası isə harda olursa olsun vətənimizi təmsil edə biləcək səviyyədə yetişdirməliyik. Bu çətin və şərəfli işimizdə isə hər zaman Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Səbail Rayon İcra Hakimiyyətinin diqqət və qayğısı olduğunu qeyd etmək istəyirəm”.

 

Mehparə ƏLİYEVA,

Respublika.-2014.- 7 noyabr.- S.6.