Vətənpərvər şair

 

Oqtay İsgəndər oğlu Ələkbərov (Oqtay Zəngilanlı) 1939-cu ildə Zəngilan rayonunun Vejnəli kəndində anadan olub. 1957-ci ildə Mincivan qəsəbəsindəki 36 saylı dəmiryol orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) geologiya-coğrafiya fakültəsinə daxil olub. 1962-ci ildə təhsilini başa vuraraq doğma rayona qayıdıb, oxuduğu 36 saylı orta məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.

1962-ci ildən 1993-cü ilə qədər, yəni rayonun erməni-rus işğalçıları tərəfindən işğal olunduğu günə qədər məktəbdə müəllim, direktor müavini, direktor vəzifələrində çalışıb. Sonra Bakıda fəaliyyət göstərən Zəngilan qaçqın məktəbində pedaqoji fəaliyyətini davam etdirib.

Bu, 75 yaşını haqlamış vətənpərvər bir insanın qısa tərcümeyi-halıdır. Lakin Oqtay müəllimin Vətən duyğularını, köçkünlük əzablarını, doğma yurdunun həsrəti ilə döyünən qəlbinin çırpıntılarını cild-cild kitablara sığışdırmaq olmazdı.

Böyük Vətən müharibəsi (1941-1945) illərinə təsadüf edən uşaqlıq həyatı, yaşıdları kimi, onun da taleyində kədərli izlər qoymuş, ağrılı-acılı xatirələri yaddaşına hopdurmuşdur.

Oqtay müəllim o illəri acı-acı xatırlayaraq deyir ki, təxminən 65 il bundan əvvəl boya-başa çatdığım Mincivandan anamatamla doğulduğum Vejnəli kəndinə nənəmə baş çəkməyə gedirdik. O zaman mənim 9-10 yaşım olardı. Yolboyu tikanlı sərhəd məftilləri üzərinə qonan quşlar qanad açıb uçur, ətrafa səs salırdılar. Əlimi sərhəd dirəkləri üzərindəki quşlara uzadardım. Anam tez əlimi geri çəkər və deyərdi: “Bala, əlini sərhədə tərəf uzatma, rus əsgərləri gəlib bizi tutub aparar. Elə bilərlər ki, İranda olan qohumlarımıza əl edirsən”. Anam danışırdı ki, atasını tutub aparıblar, bir daha geri qayıtmayıb. Məmməd kişi (ana babam) yüzbaşı imiş. Çörək verən olub, nüfuzlu ağsaqqallığı ilə seçilib, kəndə 4 kilometrlik məsafədən su çəkdirib. 30-cu illərdə repressiya qurbanı olub.

Görünür, yazıq anam o hadisənin qorxusunu canından çıxarmayıbmış. Elə bu ağrıdan-acıdan azadlığa, müstəqilliyə səsləyən duyğuların məhsulu kimi, çox sevdiyim “Azadlıq nəğməsi” şeirim, Zəngilan həsrəti, tənhalıq duyğuları ilə bağlı silsilə şeirlərim yarandı.

Müəllim adını həmişə yüksək tutmuşam. Atam həmişə müəllim haqqında xoş sözlər deyərdi, müəllim olmağımı arzulayardı. Orta məktəbdə coğrafiya müəllimim rəhmətlik Dursun Vəliyev bu fənni mənə sevdirmişdi. Məndən yaşca böyük əmim oğlu Şamxal Hüseynov ADU-nun geoloji-coğrafiya fakültəsində oxuduğu üçün çöl təcrübə işləri ilə bağlı maraqlı söhbətlər edərdi. Hazırda alimdir. Bütün bu cəhətlər mənim geoloji-coğrafiya fakültəsinə qəbul olunmağımda rol oynadı.

İlk şeirim 36 il əvvəl, yəni 1978-ci ildə “Çinar meşəsi” haqda olub, “Kənd həyatı” qəzetində dərc olunmuşdu.

Zəngilan rayonunun ərazisində yerləşən, dünyanın nadir təbiət abidələrindən olan Çinar meşəsi ilə bağlı uzun araşdırmalar apardıqdan sonra onun sahəsinə görə ən böyük meşə massivi olmasını sübut etmişəm. SSRİ-nin Qırmızı kitabına daxil edilən bir çox qoruqlarla yanaşı, Zəngilandakı Bəsitçay qoruğu ilə bağlı verilən məqalədə bu fikir öz təsdiqini tapır.

Uzun illərdir ki, yaradıcılıqla məşğulam. Üç kitabım çap olunub: “Dağlar üz döndərib məndən”, “Bir tənhalıq axtarıram” və “Çəkir öz dərdini özündə dünya”. 2000-ci ildən AYB-nin üzvüyəm.

Hazırda dördüncü kitabımı—elmi monoqrafiyamı Zəngilanın təbiətinə, tarixinə, təsərrüfatına həsr etmişəm.

Bir neçə məktəbdə müəllim və şagirdlərlə görüşlərim keçirilib.

Buna misal olaraq BDU-nun nəzdində “Gənc istedadlar liseyişagird və müəllimləri ilə görüş, Naftalan şəhər 1 saylı tam orta məktəbdə və Xaçmaz Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xaçmaz rayonu akademik Zərifə Əliyeva adına 8 N-li məktəb-liseydə “Sev ata yurdunu, ana dilinidevizi altında görüş keçirilib.

Yeri gəlmişkən, mənim yaradıcılığımı izləyən, dəyərləndirən hər bir kəsə minnətdarlığımı bildirirəm.

Ali Baş Komandanın əmrini gözləyirəm ki, bu yaşımda belə vətənimizin ərazi bütövlüyünün bərpasında iştirak edim. Əsas görüləsi işimiz budur.

Mənim bir şeirim var:

İrandan hey baxdım ata qəbrinə

Dedim kaş girəydim onun yerinə.

Kədər kəndirimlə endim dərinə

Ağlaya-ağlaya çaldım qəm tarın,

Qoruya bilmədim ata məzarın.

Erməni vəhşiliyi ilə bağlı qədər deyiləsi, yazılası sözlərim var. 18 mart 1990-cı ildə Bakı-İrəvan qatarını Mehridə dayandırıb, maşinist Allahverdiyev Mayıs İbiş oğlunun maşinist köməkçisi Qurbanov Elxan Ağamalı oğlunun başlarını kəsmişdilər (kor bıçaqla, əziyyət verə-verə). Bunu erməni milis işçilərinin hərbçlərinin gözü qabağında etmişdilər.

16 aprel 1992-ci ildə 270 saylı Bakı-Noraşen (indiki Şərur) qatarını yenə Mehri stansiyasında saxlamış, 850 sərnişini maşinist Əsədov Fazil Əliş oğlunu təhqir etmişdilər. Ulu öndərimiz Heydər Əliyevlə Ermənistan rəhbərlərinin uzun-uzadı danışıqlarından sonra qatarı buraxmışdılar.

1965-ci ilin avqustunda QafandaLernoqorstfutbol komandası ilə GəncəninDinamokomandaları arasındakı görüşün birinci hissəsi 3:0 “Dinamo”nun xeyrinə başa çatsa da, ermənilər aranı qatdılar, futbolçularımızı daşa basdılar. Mən orada idim. Havaya atəş açdılar, bıçaq armaturla hakimlərə hücum etdilərnəticədə 4:3 hesabı iləqələbə qazandılar”. Milis işçiləri heç bir tədbir görmədi.

Erməni vandalizmi həmişə olub. Hələ 1918-ci ildə rusların birbaşa köməyi ilə onlar Zəngilana hücum ediblər. Qafana yaxın olan Şayıplı kəndini yerlə-yeksan ediblər. Razdərədə qırğın daha çox olub, hamilə qadınların qarnını xəncərlə, süngüylə kəsiblər, qaynar samovarı adamların kürəyinə bağlayıblar.

1993-cü il işğal ərəfəsində iki ay mühasirədəyik. Cəbrayıl ermənilərin əlindəydi. Qubadlı Füzuli ilə əlaqə kəsilmişdi. qaz, elektrik yox idi, həyətdə ocaq qalayırdıq. Heydər Əliyevlə İran prezidenti Rəfsəncani Tehranda görüş keçirdilər. İran tərəfi Araz çayının suyunu azaltdı, camaat çaydan keçmək məcburiyyətində qaldı. Elə bil ki, Allahın da qəzəbi tutmuşdu, güclü leysan hamını islatmışdı, soyuqdan, vahimədən hamı tir-tir əsirdi. Uşaqları traktorla çaydan keçirdilər. Erməni-rus tankları artıq Zəngilan tərəfdə dayanmışdı. Onlar İran ərazisinə atəş aça bilməzdilər. Bax, beləcə doğma Zəngilanımızı da itirdik. Həyatımda belə sarsıntı keçirməmişdim. İrandan ata yurduna həsrətlə baxıb, için-için göynəyirdim...

Oqtay müəllimin yetirmələri indi ölkəmizin quruculuq işlərində çalışırlar.

Yetirmələrimlə fəxr edirəm. Zahid Məmmədov coğrafiya elmləri doktorudur. Kooperasiya Universitetində kafedra müdiridir. Məhərrəm Həsənov Milli Elmlər Akademiyasında işləyir, doktorluq işi hazırdır. İbrahim Hüseynov AAK-da şöbə müdiridir, fizika-riyaziyyat elmləri doktorudur. Allahverdi Teymurov hüquq üzrə fəlsəfə doktorudur, Milli Elmlər Akademiyasında işləyir, polkovnikdir. Oruc Kərimov kimya üzrə fəlsəfə doktorudur, Zahid Əsədov filologiya üzrə fəlsəfə doktorudur, Slavyan Universitetində işləyir. Məhəmməd Məmmədov Süleyman Abdullayev məktəb direktorlarıdır. Qardaşım Eldar Ələkbərov tibb üzrə fəlsəfə doktoru, dosentdir.

Yaradıcılıq sevincinin yerini heç verməz. Şeirlərim rus məktəbləri üçünAzərbaycan dilidərsliyinə, professor Q.Kazımovun ali məktəblər üçün yazdığıMüasir Azərbaycan dilidərsliyinə salınıbdır. 2011-ci ildə İqtisadiyyat Universiteti üçünAzərbaycan dilidərsliyinə Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyim şeirlərim daxil olunub. Kitabın müəllifi professor Maarifə xanım Hacıyevadır. 2012-ci ildə üç şeirimi Azərbaycan dili dərsliyinə salıblar. Sağ olsunlar, hamısına təşəkkür edirəm.

İndiyə qədər gördüyüm işlərin hamısı xalqıma, millətimə xidmətdir. Bir müəllim kimi buna görə özümü xoşbəxt hiss edirəm.

 

Bariz BƏHRAMOĞLU,

fizika-riyaziyyat üzrə fəlsəfə

doktoru.

 Respublika.-2014.- 7 noyabr.- S.7.