Sənaye məhəllələrinin
yaradılması ölkədə aparılan sənayeləşmə
siyasətinə böyük töhfələr
verəcəkdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü praqmatik siyasət nəticəsində ölkəmizin regional və qlobal səviyyədə mövqeyi daha da möhkəmlənmiş, həyata keçirilən diplomatik xətt daxili və xarici siyasətdə, sosial-iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunur. Müstəqil respublikamızın sürətli inkişafı artıq bir reallıqdır. Əldə olunan uğurların təməlində düşünülmüş siyasət, mövcud ictimai-siyasi sabitlik və bir-birinin ardınca reallaşdırılan iqtisadi islahatlar dayanır. Ən önəmli isə odur ki, atılan addımların, görülən işlərin mərkəzində Azərbaycan vətəndaşının, hər bir Azərbaycan ailəsinin rifahı və firavan həyatı dayanır. Qətiyyətlə demək olar ki, bu inkişafı, bu tərəqqini bu gün hər bir Azərbaycan ailəsi öz həyatında, öz timsalında görür.
Azərbaycanı bu firavanlığa gətirib çıxaran, qüdrətli, güclü bir dövlətə çevirən möhtərəm Prezidentimizin təşəbbüsü ilə irəli sürülən, rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin, ölkəmizin hər bir guşəsini əhatə edən Dövlət proqramlarının uğurlu icrasıdır. Belə iqtisadi layihələrdən biri də dövlət başçısının 8 oktyabr 2014-cü il tarixdə imzaladığı “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanıdır. Əminliklə vurğulamaq lazımdır ki, bu sənəd dövlət başçımızın təşəbbüsü ilə 2014-cü ilin elan edildiyi “Sənaye ili” çərçivəsində vaxtında atılmış bir addım olmaqla, ölkəmizdə aparılan sənayeləşdirmə siyasətinə böyük töhfələr verəcəkdir.
Bunun üçün isə Azərbaycanda potensial imkan və möhkəm baza vardır. İlk öncə qeyd edək ki, sənayeləşmə iqtisadiyyatda bu aparıcı sahənin xüsusi çəkisinin artırılması yolu ilə yeni mərhələyə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metallurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətin dünyaya baxışını dəyişir.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft-maşınqayırma kompleksi, dərin özüllər, məişət kondinsionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma və digər sahələr inkişaf etdirilmişdir. Böyük öndər bölgələri də xüsusi nəzarətdə saxlamış, regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam və sair rayon mərkəzlərində sənaye kompleksləri yaradılmışdır.
Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının əsası qoyulmuş, 14 ölkədən 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollara yaxın olan 25-dən artıq beynəlxalq saziş imzalanmışdır. Həmin vaxtdan etibarən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının bünövrəsi yaradılmış, ölkəmizin müasir infrastrukturu formalaşmağa başlamışdır.
Son 11 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük öndərin başladığı strategiyanı bütün sahələrdə olduğu kimi, sənaye sektorunda da müvəffəqiyyətlə davam etdirmiş, bu sahəni müasir səviyyəyə qaldırmışdır. Bu müddətdə bir sıra iri sənaye müəssisələri—Gəmiqayırma zavodu, Naxçıvan avtomobil zavodu, Bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, Embavod mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmaz konserv, Ağcabədi süd məhsulları müəssisələri və digər müəssisələr istifadəyə verilmişdir. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan vermişdir.
Müstəqil respublikamızın hərtərəfli inkişafını şərtləndirən amillərdən biri də son illər hər ilin konkret bir sahənin adı ilə bağlanması və bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsidir. Məsələn, 2011-ci il “Turizm ili”, 2012-ci il “İdman ili”, 2013-cü il “İKT ili” elan olunmuşdur. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan olunub. Dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bəyan edib ki, “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan investisiya şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq”.
Sənayenin inkişafının mühüm məqamlarından biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuş, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunmuşdur. Bu mənada Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəniz yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri mühüm əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Həmçinin proqnozlar göstərir ki, yaxın gələcəkdə sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır. Bu baxımdan hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla xüsusi iqtisadi zonaların yaradılması və sənaye şəhərciklərinin (məsələn, Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal məmulatların istehsalı üzrə sənaye şəhərcikləri nəzərdə tutulur) qurulması mühüm addımdır.
Qarşıdakı illərdə qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və sair) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da özünü büruzə verəcəkdir. Ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl bölmənin investisiya əməklaşlığı inkişaf etdiriləcəkdir.
Sadaladığımız bütün bu məsələlər barədə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı danışılmışdır. Müşavirədə Prezident İlham Əliyev demişdir: “Bu il “Sənaye ili”dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsal sahələri açılmışdır. Çünki Azərbaycanda kifayət qədər xammal və sənaye potensialı var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik”.
Ümumilikdə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi sabitliyin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artıma və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətli inkişafı ilə yadda qalır. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət öz bəhrəsini verir. Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur.
Respublikamızda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Həmçinin kosmik sənayenin inkişafı bu gün ölkəmizin qarşısında duran mühüm vəzifələrdəndir. Ölkəmizin ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Gəncə-Daşkəsən zonasında xammal bazasının mövcudluğu yeni sənaye müəssisələrinin, texnologiya parklarının yaradılmasına əlverişli şərait yaradıb. Ölkədə sənaye parklarının yaradılmasında məqsəd yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra olunması bütün sahələrə öz təsirini yüksək səviyyədə göstərə bilmişdir. Son bir neçə ildə regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünün artırılması və yeni rəqabətqabiliyyətli məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olub. Ümumiyyətlə, qarşıdakı illərdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaq. Xüsusilə də, sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcəkdir. Beləliklə də ölkəmiz beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini daha da artırmış olacaq.
Bir sözlə, “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında dövlət başçısının 12 mart 2014-cü il tarixdə imzaladığı sərəncam kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalının inkişafı sahəsində gələcək perspektivlərin reallaşdırılması istiqamətində atılan addımlar üçün mühüm rol oynamışdır. Prezident İlham Əliyevin bu günlərdə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” imzaladığı fərman bilavasitə “Sənaye ili”ndə nəzərdə tutulmuş tədbirlərin məntiqi davamıdır. Sənədə əsasən sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
Qeyd etmək lazımdır ki, müstəqil respublikamızın dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisələri tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkəmizdə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Bir sözlə sənaye məhəlləsi — sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazilərdir.
Bir iqtisadçı kimi deyə bilərəm ki, iri istehsal müəssisələrinin yaradılmasını nəzərdə tutan sənaye parklarından fərqli olaraq sənaye məhəllələrinin yaradılması həm də regionlardakı resurslardan, ehtiyatlardan istifadə etməklə kiçik və orta sahibkarlığın inkişafına bir təkan olacaqdır. Bu yeni sənəd ölkəmizdə aparılan ardıcıl iqtisadi prosesin bir göstəricisidir. Bu istiqamət həmçinin daimi iş yerlərinin açılması baxımından da önəmlidir. Bundan başqa, sənaye məhəllələrinin təşkili zamanı regionlardakı ənənələr də nəzərə alınacaqdır. Məsələn, elə bölgələr var ki, orada xalçaçılıq, toxuculuq ənənəsi var və əhali də bu sənətə maraqlıdır. Bax, sənaye məhəllələrinin yaradılması bu baxımdan da öz effektini verəcəkdir.
Cari ilin 9 ayının göstəriciləri onu deməyə əsas verir ki, ölkəmiz bir çox sahələrdə 2015-ci ili yüksək nailiyyətlərlə qarşılayacaq. Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilmişdir ki, həmin müddətdə ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. Qeyri-neft sektorunun ÜDM-də payı 57 faizə çatıb. Əhalinin gəlirləri 5,4 faiz artıb, inflyasiya 1,5 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 4 dəfə üstələdiyini göstərir. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub. Ölkəmizin strateji valyuta ehtiyatları 53 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Azərbaycanda çox gözəl investisiya şəraiti vardır. İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar sərmaye qoyulub ki, onun da 11 milyard dolları daxili sərmayədir.
Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılıb. Belə ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyəti bir pillə də artaraq qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib.
Həyata keçirilən hər bir layihə Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramdır. Prezident İlham Əliyevin rəhbərliyi altında son 11 ildə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir. Bu baxımdan əminliklə vurğulamaq lazımdır ki, sənaye məhəllələrinin yaradılması da kiçik və orta sahibkarlığın inkişafına, biznes mühitinin formalaşmasına yeni təkan verməklə yanaşı, həm də ümumilikdə ölkəmizə uğur gətirən bir addım olacaqdır.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor.
Respublika.-2014.- 18 noyabr.- S.8.