UNESCO-da Azərbaycanın dini tolerantlıq
modelinə həsr olunmuş beynəlxalq konfrans
Noyabrın 14-də Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
təşkilatçılığı ilə Parisdə UNESCO-nun mənzil-qərargahında xarici
ekspertlərin, ictimaiyyət
və beynəlxalq QHT
nümayəndələrinin, həmçinin Azərbaycanda
fəaliyyət göstərən
dini icmaların nümayəndələrinin iştirakı
ilə “Dinlərarası
qarşılıqlı anlaşma:
birgəyaşayışın modellləri” adlı beynəlxalq konfrans keçirilib. Konfransı təbrik nitqi
ilə Azərbaycan Respublikasının UNESCO-dakı
daimi nümayəndəliyinin
rəhbəri səfir
Anar Kərimov və Türkiyənin
UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri
səfir Hüseyn Avni Botsalı açmışlar. Onlar müasir
dünyamızda mədəniyyətlərarası
dialoqun təbliğinin
və Azərbaycanın
simasında dini tolerantlıq və birgəyaşayışın unikal
modelinin təşviqinin
əhəmiyyətindən danışıblar. İslam Əməkdaşlıq
Təşkilatının müşaviri,
ATƏT sədrinin islamafobiya
üzrə sabiq nümayəndəsi Ömür
Orhun qeyd edib ki, əsl
dialoqu dinlər arasında qarşılıqlı
anlaşma və hörmətin mövcud olması şərtləndirir.
Məhz bu cür mühitin
mövcud olduğu ölkələr günümüzdə
radikalizmlə mübarizədə
uğur qazana bilirlər. Qərbi Trakya azlıqları
Assosiasiyasının prezidenti
Parvin Chairoula müasir Avropada dini kimlik amilindən
və bu məsələyə Avropa
strukturlarında və
beynəlxalq təşkilatlardakı
ikili yanaşmadan danışıb.
Konfransa
dəstək verən
“Sosial vəhdət uğrunda Avropa müsəlman təşəbbüsləri”
beynəlxalq qeyri-hökumət
təşkilatının icraçı
direktoru, Danimarkadan olan ekspert Başarat
Qureyşi Azərbaycanda
dini tolerantlıq və dövlət-din modelinin unikallığını
Avropa ictimaiyyətinin
və beynəlxalq ekspertlərin diqqətinə
çatdıran ikinci
panelə moderatorluq edib. Panel iştirakçılarına
söz verməzdən
əvvəl o, bildirib
ki, Azərbaycan modelinin öyrənilməsi
Avropada dialoq və tolerantlığa, həmçinin, bu istiqamətdəki axtarışlara
yeni nəfəs vermək baxımından önəmlidir.
Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan dövlətinin
mövcud din siyasətindən
danışaraq qeyd edib ki, bu
siyasət Azərbaycanda
tarixən formalaşmış
tolerantlıq ənənələrinin
qorunub saxlanmasına və daha da
möhkəmlənməsinə yönəlmişdir.
Milli Məclisin
deputatı Yevda Abramov bir yəhudi
və millət vəkili olmaqdan daha çox Azərbaycan vətəndaşı
olması ilə fəxr etdiyini bildirib. O, çıxışını ümummilli lider Heydər Əliyevdən sitatla bitirib: “Azərbaycanda heç zaman antisemitizm olmayıb və bundan sonra da
olmayacaq”.
Daha sonra konfransda Qafqaz Müsəlmanları
İdarəsinin sədrinin
müavini Qəmərxanım
Cavadlı, Bakı Pravoslav kilsəsinin katibi Mifodi Əfəndiyev,
“Həyat sözü”
dini icmasının sədri Rasim Xəlilov, Alban-Udi xristian icmasının sədri Robert Mobili, Azərbaycanın gürcü
yəhudiləri dini icmasının sədr müavini Moisey Bekker, Millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri xidmətinin
baş məsləhətçisi
Müzəffər Talıblı
Azərbaycanda mövcud
dinlərarası münasibətlərdən,
Azərbaycan xalqının
tarixi ənənələrindən,
həmçinin, dövlət-din
münasibətlərindən danışıblar.
Konfransda yekun nitqi ilə
İngiltərinin Lankaster
Universitetinin professoru Aristotel Kallis çıxış edərək
bildirmişdir ki, Azərbaycanın unikal tolerantlıq modelinin bundan sonra da
Avropada təbliği
son dərəcə vacib
və əhəmiyyətli
məsələdir.
Konfransdan sonra iştirakçılara
Azərbaycan milli yeməklərindən ibarət
ziyafət verilib.
M.ƏLİYEVA,
Respublika.-2014.- 18 noyabr.- S.10.