Aşıq Ələsgər muzeyi

 

Möcüzələr diyarı ulu Göyçədə dünyaya göz açan el sənətkarı, ustad Aşıq Ələsgər atlas geyimli, başı buludlardan nəm çəkən dağların çiçək ətrini, bulaqların şərbət dadını, bir sözlə, kövrək torpağımızın misilsizliyini misra-misra hörərək, özündən sonra əbədi irs qoyub getmişdir. Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin formalaşmasında əhəmiyyətli rol oynayıb, aşıq-ozan sənətinə yeni havalarhavacatlar, qoşqular və düzgülər üzərində töhfələr verib.

Şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən Aşıq Ələsgər dodaqdəyməz, dildönməz, müstəzad təcnis, ərəb əlifbasının 28 hərfinin sıralandığı “Əlif-lam” yaratmaqla Azərbaycan aşıq şeri tarixində belə formalı şeirin tarixini qoymuşdur. Bir sözlə, göyçəli Aşıq Ələsgər saz-söz sənətinin, zamanın ucalıq zirvəsinə qalxmış, bir sıra el şairlərinin yaradıcılığına qüvvətli təsir göstərmişdir.

Aşıq Ələsgər yaradıcılığı ilə maraqlanan, saz-söz sənətinin vurğunu olan insanlar, qəlblərinin hökmü ilə Aşıq Ələsgər muzeyinə üz tutur, fəaliyyətini yüksək dəyərləndirir, burada Dədə Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı müfəssəl məlumat toplayırlar.

“Aşıq Ələsgər Muzeyi” Bakının Nərimanov rayonundakı Atatürk-37, mənzil 75-də yerləşir. Ölkəmizdə və dünyanın bir sıra şəhərlərində tanınan Aşıq Ələsgər muzeyinin yaradıcısı, əslən Göyçə mahalından olan saz-söz pərvanəsinə çevrilən 88 yaşlı Hüseyn Hacıqulu oğludur. Aşıq poeziyasının vurğunu olan bu el ağsaqqalını kim tanımır?

Biz qızıl bir payız günündə Aşıq Ələsgər muzeyində olduq. İlk öncə çoxmərtəbəli yaşayış binasının qarşısında zövqlə hazırlanmış iri bir lövhə diqqətimizi cəlb etdi: “Aşıq Ələsgər Muzeyi”.

İkinci mərtəbədə bizi muzeyin yaradıcısı Hüseyn Hacıqulu oğlu qarşıladı. O, hazırlıq işləri aparırdı. Dedi ki, qonağım olacaq, bir azdan muzeyə Bakı Dövlət Universiteti filologiya fakültəsinin tələbələri gələcəklər. Ənənəyə sadiq qalaraq, muzeyə üz tutanlara şirin çay süfrəsi hazırlayıram.

Muzeyə daxil olarkən sanki insan özünü nağıllar dünyasında hiss edir. Hüseyn kişi muzeydə öz əlləri ilə nələr yaratmayıb. 5 otaq başdan-başa el aşıqlarının zövqlə hazırlanmış şəkilləri ilə bəzədilmiş, müxtəlif illərdə nəşr olunmuş kitablar, qəzet və jurnallar, xarici ölkələrdən gəlmiş insanların muzeyə hədiyyələri səliqə ilə müxtəlif guşələrə düzülmüşdür.

Biz Hüseyn Hacıqulu oğlu ilə təxminən iki saat muzeyin 5 otağını gəzib, lazımi qeydlər götürdük. Sonra isə 88 yaşlı sazın-sözün vurğunu Hüseyn kişi ilə xudmani bir yerdə əyləşib şirin söhbətə başladıq. O, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

—Hər halda qələm sahibi, jurnalist kimi sizi maraqlandırır ki, neçə oldu ki, yaşınızın bu çağında, sizə məxsus olan 5 otaqlı evdə “Aşıq Ələsgər Muzeyi” yaratmağı qərara aldım? Hər halda, bu işə qəlbimin hökmü ilə başlamışam. Yaşım 90-ı haqlayıb. Ulu Göyçədə dünyaya göz açmışam. Uşaqlıqdan poeziya, söz-sənət vurğunu olmuş, el aşıqlarının məclislərindən kənarda qalmamışam. El sənətkarı Aşıq Ələsgər yaradıcılığına böyük həvəs göstərmiş, dəfələrlə Ağkilsə kəndində olmuşam. Qeyd etmək istərdim ki, atam Hacıqulu və babam Məşədi Həsən el sənətkarı Aşıq Ələsgərlə sədaqətli dost olub, çörək kəsiblər. Tale elə gətirdi ki, 1988-ci ildə erməni xəyanəti nəticəsində Qərbi Azərbaycandakı soydaşlarımız, eləcə də göyçəlilər öz ata-baba yurdlarından, qədim Oğuz ellərindən zorla qovuldular. Göyçəlilər pərən-pərən düşüb, müxtəlif bölgələrdə məskunlaşdılar. Belə bir çətin məqamda Ulu Göyçə, düşmən tapdağında qalan Dədə Ələsgərin uyuduğu məzar heç vaxt xəyalımdan çıxmadı. Bir müddətdən sonra qərara aldım ki, şəxsi evimdə “Aşıq Ələsgər Muzeyi” yaradım. Mənim bu arzum folklorşünaslar, ziyalılar, Ələsgərsevənlər tərəfindən rəğbətlə qarşılandı. 2002-ci ildə xalqın xeyir-duası ilə “Gənclik” metrosundan o qədər də uzaq olmayan bir məkanda Ulu Tanrının köməyi ilə “Aşıq Ələsgər Muzeyi” yaratdım. Bundan sonra Azərbaycanın müxtəlif guşələrini qarış-qarış gəzib muzey üçün şəkil və kitablar topladım. Aşıq yaradıcılığı ilə bağlı yaşlı insanların xatirələrini dinlədim. Muzeyin ilk qonağı Aşıq Ələsgərin nəvəsi, filologiya elmləri namizədi, yaxınlarda dünyasını dəyişmiş, mərhum İslam Talıb oğlu Ələsgərov oldu. Hətta o, muzeyi gəzəndə sevincdən göz yaşlarını saxlaya bilmədi.

10-15 dəqiqə muzeydə Hüseyn kişinin maraqlı söhbətlərini dinləyə-dinləyə pürrəngi çay içdik, söhbət əsnasında öyrəndik ki, “Aşıq Ələsgər Muzeyin”də 1200 aşığın fotoşəkli, 900 aşığın və Azərbaycan müğənnilərinin qramofon valları, 4 ədəd val oxudan qramofon valları, 3 ədəd patefon, 7 ədəd val səsləndirən radio, şair-aşıqların 600 ədəd kitabları, 5 ədəd saz, qara zurna, balaban müqəddəslik rəmzi kimi qorunur. 150 nəfər aşığın səs yazılarından ibarət kasetlərdə dastanlar saxlanılır, 9 televiziya çəkilişinin videokaseti var. Muzeylə bağlı 9 televiziya verilişi efirə gedib. Bir sıra qəzetlərdə muzey haqqında dərc olunan yazılar səliqə ilə yığılıb saxlanılır. Müxtəlif bayramlarda ayrı-ayrı ünvanlardan muzeyin yaradıcısı Hüseyn Hacıqulu oğluna göndərilən təbriklər diqqəti cəlb edir. Həmçinin muzeydə görkəmli şəxslərin, dövlət xadimlərinin el sənətkarı Aşıq Ələsgər haqqında xatirələri buraya gələnlərdə xoş ovqat yaradır.

Ali məktəb tələbələri “Aşıq Ələsgər Muzeyin”də Xəstə Qasım, Tufarqanlı Abbas, Miskin Abdal, Aşıq, Sarı Aşıq, Növrəs İman, Aşıq Alı, Dədə Şəmşir və digər aşıqların yaradıcılığı ilə bağlı müfəssəl məlumat toplaya bilirlər. Muzeydə 4 dəst aşıq geyimi, 4 cüt xrom çəkmə, 4 ədəd bel kəməri və 1 ədəd buxara papaq səliqə ilə qorunub saxlanılır. Vurğulamaq lazımdır ki, muzeyə gələn insanların sayı durmadan artmaqdadır. Muzeyi ziyarət edən və aşıq sənətinin vurğunu olan müxtəlif peşə sahiblərinin çoxu öz ürək sözlərini yazmış, Hüseyn Hacıqulunun belə bir ağır yükün altına girib şəxsi evində muzey yaratmasını çox yüksək dəyərləndirmişlər.

Hindistanın Azərbaycandakı keçmiş səfiri Depunat Şon 2011-ci ildə “Aşıq Ələsgər Muzeyini ziyarət etmiş həmçinin Hindistanın Azərbaycandakı ikinci səfiri Vinod Kumar 26 noyabr 2013-cü ildə muzeyə baş çəkmiş və buraya kitab bağışlamışdır. Söhbət əsnasında məlum oldu ki, Fransanın Azərbaycandakı səfiri Paskal Monie də 27 mart 2014-cü ildə həyat yoldaşı Qalina xanımla müzeyi ziyarət etmiş, belə bir təşəbbüsdə bulunduğuna görə muzeyi yaradıb, ərsəyə gətirən el ağsaqqalı Hüseyn Hacıqulu oğluna öz minnətdarlığını bildirmişdir. Tehrandan şair Dərbəndi və onun həyat yoldaşı Pəri xanım da muzeyin qonağı olmuş, Cənubi Azərbaycan aşıqlarının fars dilində yazılmış şeir kitablarını hədiyyə etmişonlar xatirə kitablarına ürək sözlərini yazmışlar.

Qardaş Türkiyənin televiziyası müzeydə maraqlı çəkiliş aparmış, bu veriliş dünyanın bir çox ölkələrinə yayımlanmışdır. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə “Aşıq Ələsgər Muzeyi”ndə sənədli film çəkilmiş və həmin film YUNESKO-ya gönədrilmişdir. Muzeydə el sənətkarı, Dədə Ələsgər haqqında görkəmli alim və dövlət xadimlərinin dediyi sözlərlə bağlı maraqlı guşə düzəldilmişdir. Guşədə xalq yazıçısı, mərhum professor Mir Cəlal Paşayevin Aşıq Ələsgər haqqında dediyi sözlər diqqəti cəlb edir: “Aşığın dodaqdəyməz mənzumələri çox sənətkarlıqla deyilmiş şeirlərdir”.

Söhbət zamanı Hüseyn Hacıqulu oğlu fərəh hissi ilə bildirdi ki, muzeyin yaranmasında Göyçənin səxavətli oğlu, Aşıq Ələsgərlə bağlı yaddaqalan tədbirlər keçirən, xeyriyyəçi Akif Musa oğlu Nəbiyevin xidmətləri danılmazdır.

Müzeydə şair Eldar İsmayılın, Rəfi Poladoğlunun, Pərvanə Zəngəzurlunun, Səadət Butanın, Xalidə İlyasqızının və başqa şairlərin ustad Aşıq Ələsgərə, həmçinin muzeyin yaradıcısı Hüseyn Hacıqulu oğluna həsr olunmuş şeirləri ayrıca bir guşəyə yığılmışdır.

Biz muzeydə olarkən Hüseyn Hacıqulu oğlunun millət vəkili Adil Əliyevlə çəkdirdiyi şəkil diqqətimizi cəlb etdi. Məlum oldu ki, Adil müəllim burada olarkən qürur hissi ilə vurğulamışdır ki, həqiqətən də Bakının Nərimanov rayonunun ərazisində bu gün Dədə Ələsgər adına layiq 5 otaqlı şəxsi evində Hüseyn kişi tükənməz enerji ilə çalışaraq, möhtəşəm bir muzey yaratmışdır. Elə bir muzey ki, Aşıq Ələsgər dahiliyini, Aşıq Ələsgər poeziyasını bütün dünyaya tanıtmışdır.

Muzeyin yaradıcısı Hüseyn Hacıqulu oğlu 10 övlad atasıdır, 40 nəvə və nəticəsi hər gün sevimli babalarının başına pərvanə tək dolanır, saza, sözə sonsuz maraq göstərirlər. Oğlu Abbas qarmondaHeyvagülü” rəqsini çalanda 88 yaşlı Hüseyn əmi qol açaraq elə süzür ki, gəl ki, görəsən...

Muzeydə söhbət söz xridarı, el sənətinin sönməz günəşi Aşıq Ələsgərdən başladı, Aşıq Ələsgərlə də sona yetdi. Muzeyin yaradıcısı qürur hissi ilə vurğuladı ki, neçə ki, dizimdə taqət var, neçə ki, Göyçə həsrəti ilə yaşayıram ərsəyə gətirdiyim “Aşıq Ələsgər Muzeyini zənginləşdirəcək bu folklor çeşməsini, folklor ocağını gələcək nəsillərə əmanət qoyacağam...

 

Qədir ASLAN,

Respublika.-2014.- 23 noyabr.- S.5.