Dəmir yolunun
inkişafı qeyri-neft sektorunun
fəaliyyətinə geniş imkanlar yaradacaq
Respublikada uğurla aparılan sosial-iqtisadi islahatlar göstərir ki, ölkənin dinamik inkişafı genişlənmiş,
möhkəm əsaslara
söykənmiş, beynəlxalq
iqtisadi münasibətlər
sistemi yaradılmışdır.
Azərbaycan Prezidentinin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai-siyasi, sosial-iqtisadi kursu davam etdirməsi dünya dövlətlərinin altı il bundan öncə və bu gün də iqtisadi böhranla yenidən qarşılaşma təhlükəsi yaranacağı bir zamanda respublikanın beynəlxalq aləmdə nüfuz sahibi olmasına, layiqli mövqe tutmasına zəmin yaratmışdır.
Bu gün həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların müvəffəqiyyətli gedişi nəticəsində respublika Prezidentinin dediyi kimi, “Avropada iqtisadi maliyyə böhranının davam etdiyi bir vaxtda, Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki,—bunu biz hər dəfə məmuniyyətlə qeyd edirik,—qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır”.
Ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dediyi bu fikirlərdə başqa sahələrlə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin istehsalat və maliyyə-təsərrüfatı sahələrinin də zəhməti az olmamışdır. Bu məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovla görüşüb söhbət etmişdir.
QSC-nin sədri Arif Əsgərov demişdir:
—Dəmiryolçular hər il olduğu kimi bu ilin doqquz ayını da “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Poroqramı”nda qarşıya qoyulan vəzifələrə əsaslanaraq yüksək göstəricilərə nail olublar.
Belə ki, dəmiryolçular tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyalarından 2014-cü ilin doqquz ayı ərzində 9,4 milyon ton yük göndərilmişdir. Bunların 5,0 milyon tonunu neft və neft məhsulları, 1,6 milyon tonunu isə tranzit neft daşımaları təşkil etmişdir.
Ötən doqquz ayda ümumi yük daşımalarının həcmi 16,0 milyon ton, daxili daşımalar 4,8, ixrac 3,1, idxal 5,0, tranzit isə 3,2 milyon ton olmuşdur. Ümumi yük dövriyyəsi 5,4 milyon ton-kilometr təşkil etmişdir.
Bu rəqəm daxili daşımalar üzrə 1,1 milyard ton-kilometr, ixrac üzrə 1,2 milyard ton-kilometr, idxal üzrə 1,3, tranzit üzrə isə 1,7 milyard ton-kilometr olmuşdur. Yolun stansiyalarından 1,8 milyon nəfər sərnişin göndərilmiş, yol üzrə sərnişin daşımaları 1,9 milyon nəfər, o cümlədən birbaşa əlaqə 229,0 min nəfər, yerli əlaqə 914,0 min nəfər, ümumi sərnişin dövriyyəsi 466,0 milyon sərnişin-kilometr təşkil etmişdir.
Ötən doqquz ay ərzində dəmir yolunun ümumi gəliri 178,8 milyon manat olmuşdur. Bunun 167,6 milyon manatı yük danışmalarından, 11,2 milyon manatı isə sərnişin daşımalarından əldə edilmişdir. İlin doqquz ayında dəmir yolunda görülmüş iş və xidmətlərə çəkilmiş xərclər ümumilikdə 177,0 milyon manat təşkil etmiş, 1,0 milyon manat mənfəət əldə olunmuşdur.
Ümumi gəlirin 58,2 milyon manatı işçilərin əməkhaqlarının ödənilməsinə, 11,8 milyon manatı Sosial Müdafiə Fonduna, 3,0 milyon manatı dövlət büdcəsinə hesablanmış müxtəlif növ vergilərin ödənilməsinə, 30,3 milyon manatı istifadə olunan elektrik enerjisinə, yanacaq və su haqlarının ödənilməsinə, 30,0 milyon manatı isə mal-materialların alınmasına sərf edilmişdir.
“İnfrastruktur” departamentinin şöbələrindən biri olan yol təsərrüfatı üzrə 38,0 kilometr yol əsaslı təmir olunmuş, 71 dəst yoldəyişən qurğuların metal hissələri, 28 dəst yoldəyişən qurğuların tirləri dəyişdirilmiş, 35,0 kilometr yolda calaqsız relslər qoyulmuşdur. Eyni zamanda 118 ədəd çarpaz, 56600 ədəd yararsız şpallar müxtəlif istiqamətlərdə yenisi ilə əvəz edilmişdir. Nəticədə qısa vaxt ərzində 84,0 kilometr yolda qatarların sürəti artırılmışdır.
RM-80 ballasttəmizləyən maşınla 44,0 kilometr ballast, USP yol maşını ilə 237,0 kilometr yolda çınqıl qatı tənzimlənmiş, CSM yoldüzəldən maşınla 151,0 kilometr yol düzəldilmişdir. Dəmir yollarının cari təmiri üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin daxili imkanları hesabına Rusiya Federasiyasından 26700 ədəd ağac şpal, 140 dəst R-65 və R-50 çərçivə relsi tiyə ilə birgə, 100 ədəd çarpaz, 80 dəst müxtəlif markalı yoldəyişən, 25 dəst çevirici tir, 20 ton özəl boltu və 15 ton sıxac boltlu alınaraq yol sahələrinə paylanmışdır.
İşarəvermə və rabitə təsər
rüfatında qatarların təhlükəsizliyini təmin etmək məqsədilə Qarasu stansiyasının tək və cüt istiqamətində iki dəst KTSM qurğusu montaj edilərək quraşdırılmışdır. Heydər-Puta mənzilinin 513, 516 kilometrliyində yerləşən dəmir yolu keçidlərində avtomatik şlaqbaumlar quraşdırılmış, 7 ədəd avtoşlaqbaum təmir edilmiş, 2 ədəd şlaqbaum isə yenisi ilə əvəz edilərək istismara verilmişdir.
Baş Ələt stansiyasında yeni Bakı Dəniz Limanından stansiyaya yeni çəkilmiş yolda 4 ədəd yoldəyişən quraşdırılaraq elektrik mərkəzləşməsinə qoşulmuş və stansiyanın pult tablisası genişləndirilməklə istismara verilmişdir. Yevlax stansiyasında tək yolda körpünün yenidən qurulması ilə əlaqədar qatarların hərəkətinin hər iki istiqamətdə cüt yolda tablodan idarə olunması üçün işlər tam başa çatdırılmışdır.
Şirvan-Osmanlı mənzilinin 51-ci kilometrliyində biryollu iki istiqamətli avtobloklama işləri tam başa çatdırılaraq istismara verilmişdir. Hesabat dövrü ərzində sahələr üzrə 7 dəst yoldəyişən qurğu yenisi ilə əvəz edilmiş, yoldəyişmələrin 34 ədəd elektrik mühərriki, 22 ədəd reduktoru, 7 dəst izolyasiyası və 15 ədəd intiqalı təmir edilərək istismara verilmiş, eyni zamanda 17200 metr siqnal, 9500 metr magistral rabitə və 9800 metr yerli rabitə kabeli dəyişdirilmiş, 3100 metr hava rabitə xətləri təmir olunmuşdur.
Elektrik təchizatı təsərrüfatında cari ilin doqquz ayı ərzində nəzərdə tutulan elektrik avadanlıqlarının əsaslı təmiri və elektrik qurğularının etibarlılığını gücləndirmək üçün nəzərdə tutulmuş tədbirlər planı tam yerinə yetirilmişdir. Kontakt şəbəkəsi üzrə 45 ədəd zədəli dayaq, 2,0 kilometr uzunluğunda yeyilmiş kontakt naqili, 4,0 kilometr aparıcı tras, 4525 ədəd zədəli izolyator, 55 ədəd “OM” tipli transformator, 120 ədəd travers, 29,0 kilometr yüksək və 3,3 kilometr alçaq gərginlikli kabel xətti dəyişdirilmişdir. Bunlardan başqa, Baş Ələt stansiyasının kontak şəbəkəsində 200 ədəd korroziyaya uğramış izolyator dəyişdirilmiş, 9, 10, 11, 12-ci yolların elektrikləşdirilməsi məqsədlə 26 dəmir-beton dayaq və 13 ədəd riger quraşdırılmış, vaqon parkının işıqlandırılması sistemində yenidənqurma işləri aparılmışdır. Onu da qeyd edim ki, Kürdəmir-Ucar-Yevlax sahəsində 6 kv-luq İMB hava xəttində 30 ədəd ağac dayaq dəyişdirilərək məftillər yenidən çəkilmiş, Ləki stansiyasında 1 ədəd 100 kv-luq transformator məntəqəsi quraşdırılıb istismara verilmişdir.
“Yük daşımaları” departamentinin şöbələri üzrə Lokomotiv təsərrüfatında daxili imkanlar hesabına beş ədəd elektrovoz və 3 ədəd manevr teplovozu 3-cü həcmli cari təmirdən keçirilmiş, bundan əlavə, Culfa lokomotiv deposundan 2 ədəd manevr teplovozu bərpa edilərək istifadəyə verilmişdir. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına Ukrayna Respublikasının Poltava teplovoz-təmiri zavodunda əsaslı bərpa-təmir edilməsi üçün göndərilən 3 ədəd magistral teplovozları əsaslı bərpa təmir olunmuş və respublikaya gətirilib istifadəyə verilmişdir.
Bundan başqa, dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Dauqavpils lokomotiv təmiri” zavoduna əsaslı bərpa-təmir olunması üçün göndərilən 5 ədəd TEM-2 seriyalı manevr teplovrozundan 2 ədədi əsaslı bərpa-təmir edilmiş və respublikaya gətirilərək istismara verilmiş, 6 ədəd VL-11 m seriyalı elektrovozlar isə Gürcüstan Respublikasının “Tbilisi elektrovozquraşdırma” zavoduna əsaslı bərpa-təmir keçmək üçün hazırlanmışdır.
Cari ilin may ayında yeni 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivlərinin alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Fransanın “ALSTOM TRANSPORT” şirkəti arasında kontrakt imzalanmışdır. Eyni zamanda Bakı və Gəncə lokomotiv depolarının əsasında təmir bazasının yaradılması və yeni 12 ədəd ikisistemli sərnişin lokomotivlərinin alınması məqsədilə texniki məsələlərlə əlaqədar müzakirələr aparılır.
Ötən dövr ərzində Bakı lokomotiv deposunda 428 ədəd müxtəlif tipli dartı mühərrikləri, köməkçi elektrik maşınları, dartı mühərriklərinin lövhələri əsaslı və cari təmir edilmş, 133 ədəd VL-8, 82 ədəd VL-11 seriyalı elektrovoz və 98 ədəd 2 TE10M seriyalı teplovoz üçün təkər cütlərində bandajlar dəyişdirilmişdir.
Vaqon təsərrüfatında 1119 ədəd yük vaqonu depo təmirindən, 207 ədəd isə əsaslı təmirdən keçmişdir. Sənaye müəssisələrinə məxsus xüsusi vaqonların depo təmiri 803 vaqon, əsaslı təmir isə 548 vaqon olmuşdur.
Hesabat dövründə sənaye müəssisələrinə məxsus 16641 müxtəlif növ vaqon cari təmir edilərək istsimara verilmişdir. Çən vaqonlarının təmirə və yuyulub yük altına hazırlanması 7795 ədəd təşkil etmişdir.
2014-cü ilin müvafiq dövründə konteynerlərin planlı-cari təmiri 468, əsaslı təmiri isə 174 konteyner olmuşdur.
Sərnişindaşıma təsərrüfatında ötən dövr ərzində 16 sərnişin vaqonu əsaslı, 72 sərnişin vaqonu depo, 534 sərnişin vaqonu isə cari təmirdən keçmişdir. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər planı çərçivəsində istismarda olan vaqon parkının sağlamlaşdırılması məqsədilə 20 ədəd istismara yararsız sərnişin vaqonunun əsaslı bərpa-təmir edilməsi üçün Ukrayna Respublikası ilə müqavilə bağlanmışdır. Vaqonlar Ukrayna Respublikasının “Dneprovaqontəmirquraşdırma” ASC zavodunda təmir ediləcək. Hazırda 10 ədəd sərnişin vaqonu Dnepropetrovsk zavodunda əsaslı bərpa-təmir edilməsi üçün göndərilmişdir.
Sərnişin vaqon parkının yeniləndirilməsi və sərnişinlərə yüksək servis xidmətlərinin göstərilməsi məqsədilə 30 ədəd müasir tələblərə cavab verən yeni sərnişin vaqonlarının alınması üçün cari ildə “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadleç Rall Kroup” şirkəti arasında müqavilə bağlanmışdır. Bu sərnişin vaqonları “Bakı-Tbilisi-Qars” istiqamətində nəzərdə tutulan sərnişindaşımanın təşkilini təmin edəcəkdir. Eyni zamanda Gəncə şəhərində sərnişin vaqonlarının istehsalı zavodunun tikintisi planlaşdırılır və bu məqsədlə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən 33,7 hektar torpaq sahəsi ayrılmışdır.
Dəmir yollarının və texniki qurğuların təmir-tikinti departamenti tərəfindən 2013-cü ilin yanvarında inşasına başlanmış Ləki dəmir yolu vağzalının müasir tələblərə cavab verən yeni binasının tikintisi 2014-cü ildə başa çatdırılmış və cari ilin may ayında ölkə başçısı İlham Əliyev Ağdaş rayonuna səfəri zamanı vağzal binasının açılışı mərasimində iştirak etmişdir. Burada sərnişinlərə yüksək xidmət göstərilməsi üçün gözləmə zalında müasir standartlara cavab verən şərait yaradılmış, sərnişinlərin məlumatlandırılması üçün monitor quraşdırılmış, ana və uşağın rahatlığı üçün xüsusi otaq ayrılmışdır. Hazırda otaq fəaliyyət göstərir. Hesabat dövrü ərzində departament tərəfindən 67 stansiya və inzibati binalarda əsaslı təmir, abadlıq işləri aparılmışdır.
Respublika Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış yerinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən “Azərbaycan Dəmir Yolları” QSC-yə təhkim olunmuş qaçqın və məcburi köçkün ailələrinə 2014-cü ilin 9 ayı ərzində 117 min manat dəyərində olan 270 ton un, dəmiryolçu şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 43300 manat məbləğində maddi yardım göstərilmişdir.
Dövlət büdcəci və kreditlər hesa
bına da bir çox mühüm işlər görülmüşdür. Belə ki, dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumi smeta dəyəri 22,5 milyon manat təşkil edən Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində yerləşən Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsünün tikintisinə 2008-ci ildə başlanmış və 2014-cü ilin hesabat dövrü ərzində tikinti-quraşdırma işləri başa çatdırılaraq istismara verilmişdir.
Bundan başqa, dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumi smeta dəyəri 42.380,2 min manat olan Yevlax-Malay mənzilinin 253-cü kilometrinin tək yolunda Kür çayı üzərində yerləşən metal körpünün əsaslı təmirinə 2013-cü ildə başlanmış və ötən dövr ərzində tikinti-quraşdırma işlərinə 15,8 milyon manat vəsait sərf edilmişdir. Tikinti-quraşdırma işləri bu gün də davam etdirilir.
Bu qəbildən ayrılmış dövlət vəsaiti hesabına ümumi smeta dəyəri 5.373,52 min manat təşkil edən Biləcəri stansiyası ərazisində suötürücü qurğuların rekonstruksiyası işlərinə 2012-ci ildə başlanmış və 2014-cü ilin hesabat dövrü ərzində işlər tam başa çatdırılmış, istifadəyə verilmişdir.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və Dünya Bankının təqdim etdiyi “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının dəstəklənməsi” layihəsi çərçivəsində “Dəyişən cərəyanla işləyən lokomotivlərin alınması, Bakı-Böyük Kəsik sahəsində 25,0 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçmənin təmin edilməsi” dəyişən cərəyanlı dartı sisteminə uyğun İMB və rabitə sisteminin tətbiq edilməsi, 317 kilometr uzunluğunda baş yolların əsaslı təmiri layihələrinin icrası ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrliyində start verilmiş və 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatdırılıb istifadəyə verilmişdir. Onu da qeyd edim ki, layihənin davamı olaraq Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yolun əsaslı təmiri üçün yeni müqavilənin hazırlanması üzərində işlər aparılır.
Azərbaycan dəmir yollarının Şərq-Qərb dəhlizi boyunca yarımstansiyalar, enerji təchizatı, kontakt şəbəkəsi daxil olmaqla, 25 kv-luq sistemin layihələndirilməsinə, təchizatına və quraşdırılmasına cəlb edilmiş podratçı ATEF-OPTİMA şirkəti tərəfindən Bakı-Böyük Kəsik sahəsində layihələndirmə işləri yekunlaşdırılmış və layihələndirmə sənədləri Dünya Bankı tərəfindən təsdiq edilmişdir. Podratçı layihələndirmə sənədlərinə uyğun olaraq Bakı-Böyük Kəsik dəhlizinin 1-ci və 2-ci sahələrində (Böyük Kəsik-Ucar) yarımstansiyaların tikintisi başa çatdırılmış, 3-cü və 4-cü sahələrdə (Ucar-Bakı) tikinti işləri davam edir. Eyni zamanda Böyük Kəsik-Gəncə sahəsində dayaqların və kontakt naqillərinin dəyişdirilməsinə başlanmışdır.
Bakı Böyük Kəsik sahəsində 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə uyğun olaraq İMB və rabitə sisteminin layihələndirilməsi təchizatı və quraşdırılması üzrə tender keçirilmiş, tenderin qalibi olan podratçı şirkət tərəfindən layihələndirmə işlərinə başlanmışdır.
“Dəmir Yolu Ticarətinin və Nəqliyyatın Dəstəklənməsi Layihəsi” çərçivəsində “ADY” Qapalı Səhmdar Cəmiyyətində fövqəladə və qəza hallarının aradan qaldırılmasının təmin edilməsi məqsədilə ümumi sahəsi 25296 kvadratmetr olan Biləcəri stansiyasında keçmiş Buz zavodunun ərazisində “Fövqəladə Hallar Qatarı” MMC-nin yeni tikilən inzibati binası və təmir sexi istifadəyə verilmişdir.
Qeyd olunan layihə çərçivəsində həyata keçirilən və 2015-ci ildə başa çatdırılması nəzərdə tutulan Avtomatlaşdırılmış Maliyyə İdarəetmə sisteminin yaradılması layihəsinə əsasən “ADY” QSC-də Beynəlxalq Maliyyə Uçot Sisteminin tətbiqi ilə əlaqədar proqram və kompyuter avadanlıqlarının alınması üçün tender başa çatdırılmış və bu işlərin görülməsinə start verilmişdir.
Bu gün dünya ölkələrinin böyük maraq göstərdiyi Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üç mərhələdə həyata keçirilir. Yeni dəmir yolu bağlantısı layihəsinin birinci mərhələsinin ümumi uzunluğu 29,2 kilometr olan Maratda-Tetritskaro sahəsində (Tetritskoro stansiyası daxil olmaqla) reabilitasiya-rekonstruksiya və tikinti işləri əsasən başa çatdırılmış, sahənin tam istismara verilməsi üçün tamalanma işləri aparılır.
İkinci mərhələ üzrə ümumi uzunluğu 49,7 kilometr olan Tetritskaro-Tsalka (Tskalka stansiyası daxil olmaqla) sahəsində müəyyən reabilitasiya-rekonstruksiya və tikinti işləri aparılmışdır. Belə ki, sahənin 45,2 kilometrliyində yolun üst quruluşu elementləri —rels və şpallar yeniləri ilə əvəz edilmiş, 4,5 kilometrliyində isə yolun üst quruluşu elementlərinin dəyişdirilməsi işləri davam etdirilir. Hazırda 113 süni qurğunun 111-də işlər başa çatdırılmış, 2 qar əleyhinə çəpərin tikintisinə başlanmışdır.
Yolun işarəvermə və rabitə kabelləri üçün 46,9 kilometrlikdə xəndək qazılmış, 93,8 kilometr uzunluğunda optik işarəvermə və rabitə kabelləri qoyulmuş, ərazidə rabitə və İMB qurğularında sazlanma işləri aparılır. Stansiyanın vağzal binalarında, mülki və yardımçı binalarda tamamlanma işləri görülür. Elektrik kontak şəbəkəsində 1698 yeni dəmir-beton dirək, 42,3 kilometrlik sahədə asqılar köhnə dirəklərdən yeni dirəklərə köçürülmüşdür. Kontak şəbəkəsində və elektrik xətlərinin reabilitasiya-rekonstruksiya və tikinti işləri davam etdirilir.
Üçüncü mərhələ üzrə ümumi uzunluğu 74,1 kilometr olan Tsalka-Axalkalaki (Axalkalaki stansiyası istisna olmaqla) sahəsində də reabilitasiya-rekonstruksiya və tikinti işləri aparılmışdır. Belə ki, sahədə yolun üst quruluşu elementləri tam dəyişdirilmiş, torpaq yatağında və ərazidə tikiləcək 154 süni qurğunun tikintisi işləri əsasən başa çatdırılmışdır.
Trialeti, Taparavani, Pokani və Ninotsminda stansiyalarında vağzal binalarının rekonstruksiya işləri davam etdirilir. Axalkalaki stansiyasında vağzal binasının, yolun torpaq yatağının, süni qurğuların, dəmir-beton, boru-yol keçidinin, piyada körpüsünün, sərnişinlərin keçidi üçün tunelin və suötürücü borunun tikintisi işləri görülür. Axalkalaki stansiyasının Axalkalaki-Türkiyə (Kartsaxi) ərazisindəki dəmir yolu ilə birləşən 6 dayaqlı, uzunluğu 153 metr olan körpünün tikintisi başa çatdırılmış, istismara verilmişdir. Ərazidə ekoloji tarazlığı saxlamaq üçün 11 mindən artıq ağac əkilmişdir.
Onu da xüsusi qeyd etmək istəyirəm ki, Bakıda Heydər Əliyev Mərkəzində 20-dən çox ölkə nümayəndələrinin iştirak etdiyi konfransda nəqliyyat naziri Ziya Məmmədov “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, gələcək perspektivi, Avropa ilə Asiya arasında səmərəli nəqliyyat qovşağı kimi ölkəmizin gündən-günə artan nüfuzunun və ona olan etibarın daha da möhkəmlənməsi barədə çıxış edərək bildirdi ki, BTQ xətti Trans-Avropa dəmir yolu şəbəkələrini birləşdirməklə yüklərin birbaşa Qafqaz üzərindən Avropaya və Asiyaya keçməsini təmin edəcək, eyni zamanda region ölkələrinin tranzit imkanlarını yüksəldəcəkdir. Nazir onu da qeyd etdi ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometr dəmir yolu yenidən qurulub. Kür çayı üzərində ikinci Poylu körpüsü inşa edilib və iki istiqamətli hərəkət təmin olunub. Əsaslı təmir edilən xətlərdə maksimal sürətin 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana keçidlə əlaqədar enerji və rabitə sisteminin tam yeniləşməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir. Nazirin bu sözləri deməyə əsas verir ki, “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu bağlantısı layihəsi nəzərdə tutulan vaxtda başa çatdırılacaqdır.
Söhbəti yazdı:
Kamal İBADOV,
Respublika.-2014.- 27 noyabr.- S.5.