Xatirələrdə yaşayan şair

 

   Əli Tudə-90

 

R.Behbudov adına Mahnı Teatrının akt zalında görkəmli Azərbaycan şairi Əli Tudənin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycanın xalq şairi Nəriman Həsənzadə əslən Cənubi Azərbaycandan olan Əli Tudə haqqında xatirələrini danışdı. Və qeyd etdi ki, biz Əli Tudəni vaxtsız itirdik. 36-dan çox kitabın müəllifi olan şairin ölməz əsərləri bu gün də, sabah da heç vaxt öz aktuallığını itirməyəcəkdir. O təkcə qələmlə silaha sarılmamış, həm də Cənubi Azərbaycanda Pişəvəri hərəkatına qoşularaq Milli Dirçəliş uğrunda mübarizə aparmış, səngərlərdə döyüşmüşdür. Azərbaycan üçün yazıb-yaradan, xalqını sevən vətənpərvər bir şair idi. O bir insan kimi dostluğa da sədaqətli idi. Onunla uzun müddət dostluq etmişdim. Onun ailəsi ilə bu gündostluq, qonşuluq əlaqələrimiz kəsilməyib. Oğlu Natiq, qızları Pərvanə, Rəna o gözəl ailənin, gözəl övladları kimi atalarının xatirəsini əziz tuturlar. Onun kitablarını təkrar çapa hazırlayırlar. Ölkə Prezidenti İlham Əliyevin belə ölməz şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları xalqımız tərəfindən böyük hizmətlə qarşılanır. Ölməz sənətkarımız Əli Tudənin xatirəsi mənim üçün əzizdir. Onun xatirəsi daim yad ediləcək. Qədrbilən xalqımız belə sənətkarlarla həmişə fəxr etmişlər. Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Ağahüseyn Şükürov Əli Tudə haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Əli Tudə 1945-ci ilin may ayında Təbrizə gedir. Bu, “Vətən yolundaqəzetinin Ərdəbil şairlərini dəvət etməsi ilə baş tutur.Vətən yolundaqəzetinin redaksiyasında Sovet Azərbaycanının tanınmış şair yaradıcılarından Mirzə İbrahimov, Cəfər Xəndan, Rza Quliyev, İsrafil Nəzərov, Ənvər Məmmədxanlı, Əvəz Sadıq, Qulam Məmmədli, Qılman İlkin, Seyfəddin Dağlı ilə görüşür. Bu şairin ədəbi həyatında dərin iz buraxır.

1946-cı ildə Milli hökumətin fəaliyyəti dayanır. Əli Tudə bir çox məsləkdaşları ilə birlikdə Culfa tərəfdən Sovet Azərbaycanına keçir. O vaxt şair cənub şairlərinin həyat manifesti sayılan:

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim, -

şeirini yazır və “Mən nə gətirdim” şeiri dillər əzbəri olur. Vaxtilə İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Hüseyn Abbaszadə, Balaş Azəroğlu, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Nəriman Həsənzadə, Hökumə Bülluri, Sabir Əmirov, Mirvarid Dilbazi, Qılman İlkin, Teymur Əhmədov, Şamil Salmanov, Sabir Əmirov, Elman Quliyev, Nazim Rizvan və başqaları Əli Tudənin şəxsiyyəti, yaradıcılığı haqqında elmielmi-publisistik məqalələr yazaraq şairin yaradıcılığına yüksək qiymət vermişlər.

Azərbaycan Yazçılar Birliyinin Cənubi Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz və başqaları Əli Tudə haqqında geniş məlumat verdilər, şairlə bağlı öz xatirələrini söylədilər.

Əli Tudənin 90 illik yubileyinə həsr olunmuş gecədə film göstərildi, şairin dilindən şeirlər səsləndirildi. Aktyorlardan Fəridə Məmmədovanın ifasında “Təbrizdə qaldı”, “Ala gözlər”, Elmar ZeynalovAzad bir quşdum”, “Pərvanə”, “Vətən sevgisi”, əməkdar artist Azad ŞükürovAna dilim”, “Kəndimizi istəyirəm”, Zabitə Nəbiyeva “Ayrılıq”, Qızılgül Babayevanın ifasında “Heydərbaba” və sairə mahnı və şeirlər səsləndirildi.

Görkəmli Azərbaycan şairi Əli Tudənin əsərləri bu günöz aktuallığını saxlayaraq müxtəlif elmi istiqamətlərdə aparılacaq araşdırmalara işıq salır.

 

Məhəmməd VƏLİYEV,

Respublika.-2014.- 27 noyabr.- S.7.