Poçt filialı peşə bayramını uğurlu göstəricilərlə qarşılayır

 

Qloballaşan müasir dünyada informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə zamanın tələbidir dövlətin idarəetmə sistemində elektron infrastruktur durmadan inkişaf edir. Dövlətimizin apardığı uğurlu siyasi-iqtisadi kurs nəticəsində bütün sahələrlə yanaşı, rabitə-poçt sahəsi də sürətlə inkişaf edir. Beynəlxalq əlaqələr genişlənir. Bu gün Azərbaycanın poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi və poçt xidmətlərinin müasir standartlara uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edirbu məqsədlə Dövlət Proqramı qəbul edilmişdir. Qəbul olunan Dövlət Proqramında bu sahədə inkişaf etmiş ölkələrin, beynəlxalq təşkilatların — Beynəlxalq Telekommmunikasiya İttifaqı (BTİ) və Ümumdünya Poçt İttifaqının tövsiyələri və eləcə də respublikamızın sosial-iqtisadi inkişaf səviyyəsi nəzərə alınmışdır.

Respublikamız ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkənin poçt sektorunda inkişaf, tərəqqi dönəmi başladı. Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə qeyd etdiyi “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır” sözlərini və qarşıya qoyulan hədəflərə çatmağın həlli istiqamətini müəyyənləşdirən 2003-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” və digər həyata keçirilən genişmiqyaslı işləri, islahatları qeyd etmək olar. Ulu öndərin təməlini qoyduğu rabitə islahatları və sürətli inkişaf yolunu böyük məharət və əzmkarlıqla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafını özünün fəaliyyətində prioritet istiqamət elan edərək vurğulamışdır ki, bu gün rabitə və yüksək texnologiyalar sektoru ölkə iqtisadiyyatının ən yüksək, dinamik inkişaf edən sahəsidir. Bu gün Azərbaycan iqtisadi artımına görə dünya dövlətləri arasında öncül mövqedə olduğu bir dövrdə ölkəmizin ümumi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkə başçısının diqqəti sayəsində genişmiqyaslı islahatların aparılması bir çox beynəlxalq əhəmiyyətli layihələrdə uğurla icra olunmasını təmin etmişdir. Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun gərgin əməyi ilə reallaşan, uğurla həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızı nəinki regionun, eyni zamanda dünyanın İKT sahəsində aparıcı ölkələrinin sırasına çatdırılmışdır.

Son illər böyük inkişaf yolu keçmiş Azərbaycan poçtu bu gün dünyanın əksər dövlətləri ilə ikitərəfli qaydada sıx əməkdaşlıq edir. Beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi dünyanın bütün poçt işçiləri tərəfindən peşə bayramı kimi qeyd edilən Ümumdünya Poçt İttifaqının yaranması ilə başlamışdır. Bu ilin 9 oktyabrında özünün 140 illik yubileyini qeyd etməyə hazırlaşan Ümumdünya Poçt İttifaqının yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilən beynəlxalq poçt konqresində imzalanmışdır. Bu konqres beynəlxalq poçtun vahid qaydada qəbulunu, daşınmasını və tranzitlə göndərilməsini tənzimləyən Ümumdünya Poçt Konvensiyasını qəbul etdi və həmin gün Ümumdünya Poçt İttifaqı təsis olundu. 1880-ci ildən ÜTİ-nin üzvləri arasında məktub korrespondensiyasından əlavə, poçt bağlamalarının, 1891-ci ildən etibarən isə çap nəşrlərinin mübadiləsi müəyyən edildi. İttifaqın yaradılması beynəlxalq poçt mübadiləsinin həmçinin böyük həcminin artmasına səbəb olmuşdur.

Böyük tarixə malik olan Azərbaycan poçtu son illər sözün həqiqi mənasında intibah, yüksəliş dövrünü yaşamaqdadır. Ölkəmizdə müasir poçt rabitəsinin yaranması XIX əsrin birinci yarısına təsadüf edir. Bu gün Azərbaycan poçtu beynəlxalq təşkilatlarda bərabərhüquqlu üzv kimi təmsil olunur və 1993-cü ildən isə Ümumdünya Poçt İttifaqının üzvüdür. Bu dövr ərzində respublikamızın poçt sektoru sürətli inkişaf yolu keçərək müasir tələblər səviyyəsinə çatmış, beynəlxalq aləmdə nüfuz və hörməti xeyli artmışdır. Bu sahədə əldə edilən uğurların məntiqli nəticəsidir ki, son bir neçə ildə, Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülür. Müasir texnologiyalar tətbiq etməklə əhaliyə göstərilən poçt xidməti ən yüksək beynəlxalq tələblərə cavab verir. Bu gün rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun və “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin bu sahəyə göstərdikləri hərtərəfli diqqət və qayğı sayəsində istər paytaxtımızda, istərsə də bölgələrimizdə yeni, müasir standartlara cavab verən poçt filialları və poçt şöbələri tikilir, ehtiyacı olanlar əsaslı təmir edilir.

Respublikamızda vahid poçt operatoru olan “Azərpoçt” MMC və onun tabeçiliyində fəaliyyət göstərən qurumlar Ümumdünya Poçt İttifaqının yaranmasının 140-cı ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Peşə bayramını yüksək iqtisadi göstəricilərlə qarşılayan “Azərpoçt” MMC-nin 6 saylı poçt filialının kollektivi ötən 8 ayda gərgin əmək sərf edərək proqnoz tapşırıqlarına 106,03 faiz əməl etmişdir. 9 aylıq proqnozu isə 8 ay 15 günə vaxtından xeyli əvvəl 105,5 faiz yerinə yetirilmişdir. 1348829 min manat tarif gəliri proqnozuna qarşı 1424058 min manat gəlir əldə edilmişdir. Ötən 8 ayda ayrı-ayrı xidmət növləri üzrə göstəricilər yüksəkdir. Belə ki, poçt ödəniş nişanlarının satışı — 126,51 faiz, pul baratları — 102 faiz, dövri mətbuatın satışı — 101 faiz, bağlamalar — 100,10 faiz, ŞATD haqlarının yığımı — 100,12 faiz, ŞATD qəbzlərinin çatdırılmasından — 134,55 faiz, telefon abunə haqlarının yığımı — 101,46 faiz, elektrik enerjisi haqlarının yığımı — 101,42 faiz, sim kart satışı 163,54 faiz, sürətli pul köçürmələri “Zolotaya Korona”, “Miqom”, “Kontakt”, “Vestern Union” və dirgərləri — 189,24 faiz, qiymətli banderol və məktublar — 113,98 faiz, sürətçıxarma xidməti — 558,07 faiz, xarici valyutanın alışı və satışı — 295,52 faiz təşkil etmişdir. Onu da qeyd edim ki, hər ay xarici valyutanın alışı və satışından (ABŞ dolları, avro, rubl) olmaqla 4-5 min arası sırf gəlir əldə edirik. Poçt şöbələrinin hamısında zamının tələbindən irəli gələn bütün yeni növ xidmətlər, o cümlədən bank-maliyyə xidmətləri uğurla həyata keçirilir. Poçt şöbəsinin hamısında “Vestern Union”, “Caspian MONEY TRANSFER”, MDB, “Miqom”, “Ata sığorta”, “Kontakt”, yol polisinin cərimələri, avtomobillərin sığortası, fiziki şəxslər və təşkilatlara bank hesablarının açılması, Dövlət Sosial Müdafiə Fondundan ödəmələr və digər yeni xidmət növləri keyfiyyətlə icra edilir.

Ötən 8 ayda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun və “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin filialımızda böyük dəstəyi ilə filialın bir neçə şöbəsində təmir-tikinti işləri aparılmışdır.

Bunlardan 72 saylı, 114, 53, 69 saylı poçt şöbələri əsaslı şəkildə təmir olunmuş, yeni texniki avadanlıqlarla təchiz olunmuşdur. Bunlardan əlavə, bir neçə poçt şöbəsinin də əsaslı təmiri nəzərdə tutulur. Ötən dövrdə filialdakı poçt şöbələrinin işçilərinin bank-maliyyə xidmətləri üzrə peşəkarlıq səviyyəsini daha da artırmaq məqsədilə xüsusi kurslar təşkil edilmiş və nəticəsi müsbət qiymətləndirilmişdir. Zolotaya Korona” beynəlxalq pul köçürməsi sistemi tərəfindən 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin əməliyyatçısı Rəsmiyə Tacəddinova və 108 saylı poçt şöbəsinin əməliyyatçısı Aliyə Əliyevaya diplom, qiymətli hədiyyələr verilmişdir. Bu işlərin uğurla həyata keçirilməsi də “Azərpoçt” MMC rəhbərliyinin filialımıza göstərdiyi hərtərəfli diqqət və qayğının nəticəsidir.

Ümumdünya Poçt İttifaqının 140 illik yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayan 6 saylı poçt filialının kollektivi bundan sonra da əzmlə çalışacaq, “Azərpoçt” MMC tərəfindən verilən proqnoz tapşırıqlarının yerinə yetirilməsi üçün qüvvələrini səfərbər edəcək, ölkə əhalisinə göstərilən poçt xidmətinin keyfiyyətini daha da artıracaqdır. Fürsətdən istifadə edib ölkənin poçt işçilərini 9 oktyabr peşə bayramı münasibətilə təbrik edirəm, onlara Azərbaycanın poçt rabitəsinin inkişafı və şəxsi həyatında yeni-yeni uğurlar arzulayıram.

 

Samir HƏSƏNOV,

“Azərpoçt” MMC-nin 6 saylı poçt filialının rəisi. 

 Respublika.-2014.- 1 oktyabr.- S.6.