Pyer Manyin Feyzo: Hüqo vətəni Bezansonun səfiri

 

Artıq iki ildir ki, “Azərbaycan Fransız dili müəllimləri Cəmiyyəti”nin xətti və Fransanın respublikamızdakı səfirliyinin vasitəsilə ölkəmizin bir qrup fransız dili müəllimi dilini tədris etdiyimiz Fransa Respublikasının müxtəlif şəhərlərində təkmilləşmə kurslarında olur. Bu il Bezanson şəhərində həmin kurs təşkil olunmuşdu. Respublikamızın müxtəlif ali və orta məktəblərini təmsil edən həmin kursda 22 müəllim iştirak edirdi.

Bu yazıda keçmiş tələbəm, hazırda həmkarım olan filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun bu səfərdə, yəni 2014-cü il iyulun 19-dan avqustun 3-nə qədər Fransada əldə etdiyi, mənim isə şahidi olduğum uğurlarından söhbət açmaq istəyirəm.

Ə.Zeynalov iyulun 19-da Parisə çatan günü Hüqonun bu şəhərdə olan Ev Muzeyinə bir neçə həmkarı ilə gedib baş çəkmiş və özünün irihəcmli “Hüqo” monoqrafiyasını ora hədiyyə etmişdi. Həmin tədbirdə olmuş dosent İradə Dadaşova və Gültəkin müəllimə muzeyin əməkdaşlarının Hüqonun mütəxəssisi və köhnə tanış kimi Ə.Zeynalovu necə səmimiyyətlə qarşıladıqlarından, sonra isə son dərəcə qənaətcil olan fransızların azərbaycanlı müəllimlərə təmənnasız bilet verərək onların muzeyə baş çəkməsindən bizə ağızdolusu danışırdılar. Həmkarlarımız onu da xüsusi vurğuladılar ki, Əsgər müəllim müxtəlif illərdə Volter, Hüqo, La Fonten, Balzak, Düma, Jorj Sand, Flober, Mopassan haqqında kitab və məqalələr yazdığını bildirəndə, Viktor Hüqonun Ev Muzeyinin əməkdaşları - Siz fransız ədəbiyyatını fransızlardan yaxşı bilirsiniz - deyirdilər. Azərbaycanlı alim isə yarı ciddi, yarı zarafat - “Mən fransızlara fransız ədəbiyyatından mühazirə deyərəm” - söylədikdə muzeyin əməkdaşları “Bu həqiqətdir” deyə etiraf edirdilər.

İyulun 20-də Bezanson şəhərinə gəldik. Ertəsi gün dərslər başlananda 2007-ci ildə Hüqonun doğulduğu bu şəhərin Franş-Konte Universitetinin Tətbiqi Dilçilik Mərkəzində olmuş Ə.Zeynalovu buranın əməkdaşlarının hamısı Hüqonun mütəxəssisi kimi artıq tanıyırdı.

22 iyul 2014. Ən yaddaqalan, unudulmaz günlərdən biri. Franş-Konte regionunun Konseyi Pyer-Feyzo ilə Tətbiqi Dilçilik Mərkəzində təkmilləşmədə olan 20-dən artıq ölkənin müəllimlərinin görüşü. Onlar ona vitse-prezident də deyirlər. Edqar For zalında keçirilən bu görüşdə Konsey Franş-Konte regionun təbii şəraitindən, sərvətlərindən, sənayesindən və digər sahələrdən ətraflı surətdə məlumat verdi. O, sözünü qurtarıb, kimin nə sözü olduğunu bildirdikdə Ə.Zeynalov əlini qaldırıb, mikrafonu birləşdirib çox məzmunlu, heç bir qeydiyyata baxmadan çıxış etdi. Həmin çıxışı olduğu kimi təqdim edirik.

“Əsgər Zeynalov. Azərbaycan.

Cənab Franş-Konte regionunun konseyi.

İşinizin çox olmasına baxmayaraq, bizi qəbul etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.

Böyük türk şairi Nazim Hikmət deyir ki, Şəhər şairləri ilə tanınar. Bezanson dünyaya böyük simalar vermişdi. Ancaq Bezanson bütün dünyada Hüqonun vətəni kimi tanınmışdı. 1885-ci il may ayının 22-də Hüqo dünyasını dəyişəndə bizim “Kəşkül” qəzeti nekroloq və onun bir neçə şeirini dərc etmişdi. XX əsrin əvvəlində görkəmli şairimiz Abbas Səhhət Hüqonun “Yatmış uşaq” şeirini fransız dilindən Azərbaycan dilinə tərcümə etmişdi. Müxtəlif illərdə tanınmış tərcüməçi və ədəbiyyatşünas Mikayıl Rəfili Hüqonun “Gülən adam”, “Paris Notrdam kilsəsi”, “Səfillər” və “Doxsan üçüncü il” romanlarını Azərbaycan dilinə çevirmişdi. Alimlərimiz ayrı-ayrı illərdə Hüqo haqqında məqalələr dərc etdirsə də, yazıçı haqqında ilk monoqrafiyanı mən yazmışam.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dünyanın bir sıra yazıçılarının əsərləri latın qrafikası ilə Azərbaycan dilində nəşr olunmuşdu. Onlarn arasında üç fransız yazıçısı vardı: Jul Vernin “Kapitan Qrantın uşaqları”, Aleksandr Dümanın “Üç müşketyor” və Hüqonun “Səfillər” romanı.

Böyük rus yazıçısı Lev Tolstoy deyir ki, “Səfillər” fransız ədəbiyyatının romanıdır. Mən özümü xoşbəxt sayıram ki, bu nəhəng romanın ön sözünü mən yazmışam”. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hüqonun “Seçilmiş əsərləri” nəşr olunmuşdu. Həmin kitaba Hüqonun “Səfillər” və “Paris Notrdam kilsəsi” romanları daxil edilmişdi. Bu kitabın da ön sözü mənə məxsusdur. Azərbaycan alimləri müxtəlif illərdə Hüqonun əsərləri haqqında məqalələr yazmışlar. Ancaq Azərbaycan ədəbiyyatşünaslığında Hüqo haqqında ilk monoqrafiyanı mən yazmışam və onu fransız yazıçısının anadan olmasının 200 illiyinə həsr etmişəm. 2010-cu ildə Hüqo haqqında “O, bir əsr idi...” monoqrafiyasını 2012-ci ildə “Viktor Hüqo və Lui Araqon şeirlərinin tərcüməsi” kitabını, 2013-cü ildə “Fransız ədəbiyyatının milyarderi” və 2014-cü ildə “Hüqo” monoqrafiyalarını nəşr etdirmişəm. Qeyd etmək istərdim ki, “Hüqo” monoqrafiyasını bu il Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim etmişdim. Onu da nəzərə çatdırmaq istərdim ki, bu, Azərbaycan ədəbiyyatşünaslığında xarici ölkələr ədəbiyyatından Dövlət mükafatına təqdim olunmuş ilk monoqrafiyadır. Dövlət Mükafatı isə Azərbaycan Respublikasının ən yüksək mükafatıdır. Bu mükafat Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunur. İndi isə icazənizlə mən kitablarımı sizə təqdim etmək istərdim”.

Əsgər Zeynalov bu sözlərdən sonra yerindən qalxıb fransız dilində yazdığı “Fransız ədəbiyyatının milyarderi” və həm Azərbaycan, həm də fransız dillərində olan irihəcmli - təxminən 500 səhifəlik “Hüqo” kitabını Franş-Konte regionunun Konseyinə - ona vitse-prezident də deyirlər - vitse-prezident Pyer Feyzoya təqdim etdi. Feyzo ona öz təşəkkürünü bildirdi və o, geri dönüb yerinə qayıdanda zaldakıların hamısı Azərbaycan alimini - Hüqonun mütəxəssisini alqışlamağa başladı. İlk, bəlkə də ən çox ürəkdən əl çalıb alqışlayan mən idim.

Avropa mədəniyyətinin mərkəzi Fransada 20-dən artıq dövlətin fransız dilli nümayəndələrinin içərisində fransız dilində heç bir qeydə baxmadan belə dolğun çıxış o qədər də asan deyil. Belə çıxışı etmək üçün professor Ə.Zeynalov kimi cəsarətli, yüksək hazırlığa malik bir azərbaycanlı alim olmaq lazımdır. Onu da ayrıca xüsusi vurğulamaq lazımdır ki, onun bu çıxışından sonra dönə-dönə təklif olunsa da, heç kəs söz alıb danışmadı.

Mən vitse-prezidentin əyləşdiyi yerə çox yaxın idim. Onun yanında əyləşmiş dörd nəfər Ə.Zeynalovun kitablarını bir-birinə ötürə-ötürə növbə ilə baxırdılar. Mən bunları yaxından gördükcə qürur hissi keçirirdim. Rəsmi hissə qurtaran kimi vitse-prezidentlə hamı şəkil çəkdirdi. Əsgər müəllim onunla şəkil çəkdirərkən mənə dedi ki, Çəmən müəllimə, gəlin siz də durun: hər üçümüz şəkil çəkdirdik. Sonra çay-kofe məclisi başladı. Pyer Joze Əsgər müəllimlə ayrılıqda çox şirin söhbət edirdi, görünür, onun çıxışı vitse-prezidentin çox xoşuna gəlmişdi. Söhbət zamanı Pyer Joze Franş-Konte Universitetinin Dil Tətbiqi Mərkəzinin koordinatoru Helen Vantiyeyə dedi ki, təşkil etmək lazımdır. “L’Est Republicain” qəzetində Hüqo mütəxəssisi Ə.Zeynalov haqqında məqalə nəşr olunsun. O cavab verdi ki, sabah Hüqonun Ev Muzeyində görüş olacaq, ora jurnalistlər gələcək. Orada təşkil etmək olar.

23 iyul 2014. Bezanson. Hüqonun Ev Muzeyi. Orada tədbir keçirilir. Muzeyin əməkdaşı zalda əyləşən xarici qonaqlara Hüqonun həyatı haqqında məlumat verdi. Hər bir millətin nümayəndəsi öz dillərində nəşr olunmuş Hüqonun əsərlərini muzeyə hədiyyə edirdilər. Hamının birmənalı şəkildə qəbul etdiyi, Bezansonda - yazıçının doğulduğu şəhərdə - orada təkmilləşməyə gəlmiş bütün millətlərin, cəsarətlə demək olar ki, eləcə də fransızların içərisində Hüqonun ən güclü mütəxəssisi olan azərbaycanlı ədəbiyyatşünas Əsgər Zeynalov fransız ədibinin əsərləri ilə yanaşı, özünün dörd kitabını muzeyə hədiyyə edib bağışladı - “O, bir əsr idi...”, “Hüqo və Lui Araqon şeirlərinin Azərbaycan dilinə tərcüməsi”, “Fransız ədəbiyyatının milyarderi” və “Hüqo” monoqrafiyalarını. Hüqonun Ev Muzeyində jurnalist Ə.Zeynalovdan fransız ədibinin tədqiqatçısı kimi təxminən yarım saatdan artıq müsahibə götürüldü. Ancaq ertəsi gün “L’Est Republicain” qəzetində Əsgər müəllim haqqında çox yığcam şəkildə bir yazı getdi. Orada deyilir: “Çoxsaylı kitab və məqalələrin müəllifi, yazıçının mütəxəssisi (əlbəttə, söhbət Hüqodan gedir - Ç.B.) Əsgər Zeynalov Hüqonun Azərbaycan dilində nəşr olunmuş “Səfillər” romanını həm latın, həm də kiril əlifbası ilə muzeyə təqdim etmişdir. 2007-ci ildə Dil Tətbiqi (Vərdişləri - Ç.B.) Mərkəzində olmuş Bakı Universitetinin müəllimi deyir: “Mən Hüqo haqqında monoqrafiyanın müəllifiyəm. Onun Şərq mövzusunda yazdığı şeirləri təhlil etmiş, onun şeirlərini orijinaldan dilimizə çevirmiş və Volter, Balzak, Düma və Jorj Sand haqqında məqalələr yazmışam”.

Əlbəttə, Fransa kimi Qərbi Avropanın ən böyük dövlətinin ən nüfuzlu orqanlarının birində azərbaycanlı alim haqqında yazının getməsi böyük hadisədir. Frans-Konte Universitetinin Tətbiqi Dilçilik Mərkəzinini əməkdaşları və başqa ölkələrdən təkmilləşmədə olan müəllimlər - xüsusilə Türkiyə, Koreya, Misir, Xorvatiya, Hindistan, İtaliya, Belarus, Çin, Özbəkistan Əsgər müəllimi təbrik edir, onun kitablarını görüb, əsərləri, yaradıcılığı ilə yaxından tanış olmaq istəyirdilər. TDM-nin koordinatoru Helen Vantiyey isə ədəbiyyatşünas alimin görüşdəki çıxışından çox xoşu gəldiyini söyləyir və ondan ağızdolusu danışır, qəzetdəki yazıya görə onu təbrik edirdi. Onu da vurğulamaq lazımdır ki, bu, professor Əsgər Zeynalov haqqında Fransa mətbuatında dərc olunan üçüncü məqalə idi: birincisi, 2007-ci il avqustun 11-də “L’Est Republicain” qəzetində, ikincisi, 2013-cü il oktyabr ayının 6-da Parisdə fəaliyyət göstərən Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində və üçüncü dəfə 23 iyul 2014-cü il tarixdə “L’Est Republicain” qəzetində.

Bizcə, yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, azərbaycanlı ədəbiyyatşünasın yaradıcılığına B.A.Starkov, R.A.İvanov, A.A.Sotniçenko, Bakke Qrammon, Arno Laster kimi dünya şöhrətli alimlər yüksək qiymət vermişlər.

Bir neçə gün sonra Franş-Konte regionunun konseyi - vitse-prezident Pyer Feyzo Hüqonun azərbaycanlı mütəxəssisi haqqında ayrıca məqalə dərc olunması üçün “L’Est Republicain” qəzetinin redaksiyasına müraciət etdi. Fikrə aydınlıq gətirmək məqsədilə Feyzonun müraciətinin tərcüməsini təqdim edirik:

“Salam Marie-Kler.

...Mən Regional Konseydə xarici dil kimi fransız dilini tədris edən bütün dünyadan Tətbiqi Dilçilik Mərkəzinə Bezansona gəlmiş fransız dili müəllimlərini qəbul etdim. Onların arasında Azərbaycandan gəlmiş cənab Zeynalov Hüqonun çoxlu romanlarını tərcümə etmiş və Bezansonda dünyaya göz açmış müəllifin haqqında çoxlu kitablar yazmışdı.

“L’Est Republicain” qəzetinin səhifələrində bu şəxsin haqqında portret oçerk, onun fransız yazıçısına, fransız ədəbiyyatına və fransız dilinə olan münasibətilə bağlı yazıya yer verilə bilərmi?

Mən bu mesajı Bezanson redaksiyasının məsul adamına göndərməyimlə bu adamı, fransız ədəbiyyatının, eyni zamanda həmçinin Bezanson və Franş-Kontenin elçisinin marağını təqdim etməklə öz fikrimi bildirib, sizə dərin təşəkkürümü bildirirəm.

Səmimiyyətlə”.

Vitse-prezident Əsgər Zeynalovu fransız ədəbiyyatının Bezanson Franş-Konte regionunun mərkəzi və Hüqonun vətəni olduğu üçün eyni zamanda bu yerlərin səfiri adlandırılmışdı. Bu, bizcə, çox düşünülmüş ifadədir. Doğrudan da Azərbaycan ədəbiyyatşünaslığında fransız ədəbiyyatından ilk doktorluq dissertasiyasını yazıb müdafiə edən, Volter və Hüqo haqqında ilk monoqrafiyaların, bu sahəyə aid 10-dan artıq kitabın və 100-dən artıq məqalənin müəllifi bu zəhmətkeş tədqiqatçı bir növ həmin ölkənin ədəbiyyatının respublikamızda səfiridir. Çünki son on ildə fransız ədəbiyyatı ilə bağlı respublikamızın ayrı-ayrı şəhərlərinin ali məktəblərində, elmi-tədqiqat institutlarında keçirilən dissertasiya müdafiələrində, elmi şuralarında, seminarlarda ən çox müraciət olunan ədəbiyyatşünas alim professor Əsgər Zeynalovdur.

Vitse-prezident ona və qəzetin redaksiyasına müraciət etdikdən sonra Əsgər müəllim Konseyə təşəkkür məktubu göndərmişdi.

Mən “həmişəlik tələbəm” professor Əsgər Zeynalovu yeni uğurları münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmdə yeni-yeni zirvələr fəth etməyi arzulayıram. İnanıram ki, Hüqonun vətənində çox çəkməyəcək azərbaycanlı alimin əsərləri işıq üzü görəcək.

Çəmən Babaxanova,

ADU-nun professoru,

“Azərbaycanın Fransız dili Müəllimlər

Cəmiyyəti”nin sədri.

Respublika.-2014.- 1 oktyabr.- S.7.