Azərbaycan dilçilik
elmi yüksəliş yolunda
Bugünkü Azərbaycan dilçiliyi uzun zaman (1920-1950-ci illər) fəaliyyət göstərmiş dəyərli akademik tədqiqatların sahibidir. Azərbaycan dilçiliyinin bugünkü kamillik səviyyəsinə çatmasında mühüm elm ocağı kimi, dilçilik institutumuzun, indi ədəbi dilimizin tarixində Nəsiminin adını daşıyan elm mərkəzimizin xüsusi tarixi xidməti var.
İnstitutun ilk direktoru akademik Məmmədağa Şirəliyev olmuşdur. 1949-cu ilin sonlarında instituta SSRİ Dövlət mükafatı laureatı M.Mirbabayev direktor təyin edilmişdir. 1950-ci ildə Dilçilik İnstitutu Ədəbiyyat İnstitutu ilə birləşmiş, ona əvvəl akademik Mirzə İbrahimov, sonra professor Mirzəağa Quluzadə başçılıq etmişlər. 1960-ci ildə institutun direktoru yenidən akademik M.Ş.Şirəliyev olmuşdur.
1969-cu ildə Dilçilik İnstitutu Ədəbiyyat İnstitutundan ayrılaraq müstəqil fəaliyyətə başlamış və həmin ildən 1987-ci ilədək instituta akademik M.Ş.Şirəliyev rəhbərlik etmişdir.
1988-ci ildən 2013-cü ilə qədər EA-nın müxbir üzvü Zərifə Budaqova, akademik Ağamusa Axundov və professor Fəxrəddin Veysəlli institutun direktoru vəzifəsində çalışmışlar.
İnstitutda bu şöbələr fəaliyyət göstərmişdir:
Müasir Azərbaycan dili şöbəsi. 1945-ci ildən fəaliyyətə başlamışdır. Şöbədə müasir Azərbaycan dilinin ən mühüm problemləri, funksional qrammatika və üslubları, nitq mədəniyyəti məsələləri öyrənilmişdir. Yarandığı ilk dövrlərdə şöbəyə professor Muxtar Hüseynzadə başçılıq etmişdir. Sonralar Zərifə Budaqova, Museyib Məmmədov, Sitarə Əliyeva həmin vəzifədə çalışmışlar. Hazırda şöbənin müdiri f.e.d. Məhəbbət Mirzəliyevadır.
Azərbaycan dilinin tarixi şöbəsi. Şöbənin ilk müdiri AMEA-nın müxbir üzvü Əbdüləzəl Dəmirçizadə olmuşdur. Sonralar şöbəyə müxtəlif illərdə C.Əfəndiyev, Mirzə Rəhimov, Rəhilə Məhərrəmova, Vaqif Aslanov, Vahid Adilov, Fazil Əhmədov, Sevil Mehdiyeva rəhbərlik etmişlər.
Azərbaycan dialektologiyası şöbəsi. Şöbənin ilk müdiri akademik Məmmədağa Şirəliyev olmuşdur. Sonralar Rəsul Rüstəmov, Musa İslamov, Fikrət Xalıqov, Sefi Behbudov və Qəzənfər Kazımov şöbə müdiri işləmişlər.
Lüğətçilik şöbəsi. 1945-ci ildən sovetlərdə görkəmli leksikoqraf kimi tanınan professor Əliheydər Orucov şöbənin rəhbəri olmuş, 1989-cu ildən onun işini İsmayıl Məmmədov davam etdirmişdir.
Ümumi və tarixi-tipoloji dilçilik şöbəsi. 1984-cü ildə təşkil olunmuşdur. Şöbəyə istedadlı filoloq Aydın Məmmədov rəhbərlik etmişdir. İnstitutda aparılan struktur dəyişiklikləri ilə bağlı 1992-1997-ci illərdə ümumi dilçilik və dil əlaqələri adı ilə fəaliyyət göstərən şöbənin əsasında, Nəzəri və tətbiqi dilçilik şöbəsi yaradılmışdır. Şöbəyə akademik Ağamusa Axundov, professor Məsud Mahmudov, professor Fəxrəddin Veysəlli rəhbərlik etmişlər. İndi Nəzəri dilçilik adı ilə fəaliyyət göstərən şöbənin rəhbəri fəlsəfə doktoru Etibar İnancdır.
Onomastika şöbəsi. Şöbə 1989-2013-cü illərdə professor Qara Məşədiyevin rəhbərliyi ilə fəaliyyət göstərmişdir.
Terminologiya şöbəsi. Azərbaycan dilinin sabit terminologiyasının yaradılmasını qaydaya salmaq, bu sahədəki vəziyyəti nizamlamaq, respublikanın elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədilə 1952-ci ildə Terminologiya Komitəsi haqqında “Əsasnamə” təsdiq edilmiş, elmin, texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə termin yaradılması üçün konkret elmi prinsiplər müəyyənləşdirilmiş, terminoloji lüğətlərin tərtibi metodikası işlənilmişdir.
1969-cu ildə terminologiya bölməsinin müdiri Məmməd Qasımov olmuşdur. 1979-cu ildə Dilçilik İnstitutunda Terminologiya şöbəsi yaradılmış və Terminologiya Komitəsinin işləri ona həvalə edilmişdir. 1988-1992-ci illərdə şöbəyə Mübariz Yusifov rəhbərlik etmişdir. 1992-ci ildə terminologiya şöbəsi lüğət şöbəsi ilə birləşdirilmiş və 2000-ci ilə qədər şöbə İsmayıl Məmmədlinin başçılığı altında fəaliyyət göstərmişdir.
2000-ci ildən yenidən müstəqil fəaliyyət göstərən terminologiya şöbəsinə bu günə kimi Sayalı Sadıqova rəhbərlik edir. S.Sadıqova həm də uzun illər Azərbaycan MEA Rəyasət Heyətində Terminologiya Komissiyasının sədr müavini vəzifəsində çalışmışdır.
Türk dilləri şöbəsi. 1972-ci ildə “Türk dillərinin müqayisəli tədqiqi” adı ilə yaradılmış bu şöbənin ilk müdiri Vaqif Aslanov olmuşdur.
Sonralar şöbəyə Əbdürrəhman Cavadov, Həsən Quliyev və Məhəbbət Mirzəliyeva rəhbərlik etmişlər. Hazırda şöbənin müdiri fəlsəfə doktoru Qətibə Mahmudovadır.
Sosiolinqvistika və dil siyasəti şöbəsi. “Dil əlaqələri” adı ilə fəaliyyət göstərmiş, 1992-1997-ci illərdə ümumi dilçilik şöbəsinə birləşdirilərək ümumi dilçilik və Dil əlaqələri şöbəsi adlandırılmışdır. 1998-ci ildən Dil əlaqələri müstəqil şöbə olaraq yenidən bərpa olunmuş, Roza Eyvazova şöbə müdiri işləmişdir.
2013-cü ilin noyabrından Sosiolinqvistika və dil siyasəti adı ilə fəaliyyət göstərən şöbənin müdiri Mayıl Əsgərovdur.
Hind-Avropa dilləri şöbəsi. 2001-ci ildə təşkil edilmiş German-roman dilləri şöbəsinin əsasında 2013-cü ilin noyabrında yaradılmışdır. Şöbə müdiri professor Oruc Musayevdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi və ölkəmizdə dilçiliyin inkişafı” haqqındakı məlum sərəncamlarından sonra Nəsimi adına Dilçilik İnstitutunun quruluşunda dəyişiklik aparılmışdır. Üç yeni şöbə yaradılmışdır: Qədim dillər və mədəniyyətlər, Kompyuter dilçiliyi, Monitorinq şöbələri. Bu şöbələr ölkə prezidentinin sərəncamlarında nəzərdə tutulduğu kimi, Azərbaycan dilçiliyini müasir dünya dilçilik elminin səviyyəsinə qaldırmaq, müvafiq sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlamaq məqsədini daşıyır. Bilindiyi kimi, Azərbaycan dilinin və mədəniyyətinin tarixini tədqiq etmək üçün həmişə qədim dillərin öyrənilməsinə ehtiyac olmuşdur. Yaradılan yeni şöbə həmin ehtiyacın ödənməsinə xidmət edir. Şöbənin müdiri İlhami Cəfərsoydur.
Kompyuter dilçiliyi. Müdiri elmlər doktoru Kamilə Vəliyevadır. Qarşısında Azərbaycan dilinin riyazi-statistik metodlarla və kompyuter vasitəsilə öyrənilməsinin, maşın tərcüməsi problemlərinin, statistik və elektron lüğətlərin tərtibi məsələlərinin, klassiklərin və abidələrin dilinin statistik metodlarla tədqiqinin, yeni təhlil və sintez proqramları ilə tədqiqatlar aparılmasının, Azərbaycan dilinin öyrənilməsi üçün elektron dərsliklərin və Azərbaycan dilinin milli korpusunun yaradılmasının, Azərbaycan dilinin internet məkanında geniş istifadəsinin təmin edilməsi məqsədilə müxtəlif linqvistik-tətbiqi texnologiyalar hazırlanmasının həyata keçirilməsi kimi vəzifələr durur.
Monitorinq şöbəsi. Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması, eləcə də ədəbi dil normalarının pozulmasının qarşısının alınması üçün təkliflər hazırlanması, reklamlarda, ictimai-iaşə obyektlərində, yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlərin keçirilməsi, nəticələrin analitik təhlili və buna uyğun olaraq treninqlər keçirilməsi məsələlərinin həlli ilə məşğul olacaqdır. Şöbənin ilk müdiri professor, Həbib Zərbəliyev olmuş, indi professor Qulu Məhərrəmli rəhbərlik edir.
İnstitutun struktur dəyişikliyi sırasında Azərbaycan dilinin tarixi və dialektologiyası şöbələri birləşdirilmiş (şöbə müdiri fəlsəfə doktoru Teyyub Quliyevdir) yeni şöbənin nəzdində dialektoloji atlas bölməsi yaradılmışdır. Lüğətçilik şöbəsi də daha geniş profilli tətbiqi dilçilik adı ilə fəaliyyət göstərir.
Dilçilik İnstitutunun tədqiqatları içərisində, təbii ki, müasir Azərbaycan ədəbi dilinin elmi öyrənilməsi ön plandadır. Bu sırada “Azərbaycan dilinə aid tədqiqlər” toplusu (1947-ci il) xüsusi yer tutur. Məhz bu toplu ilə Azərbaycan dilçiliyi dərslik məlumatları çərçivəsindən çıxıb akademik elmi araşdırma yoluna düşür. Bu topluda M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, C.Əfəndiyev, R.Rüstəmov və başqa görkəmli Azərbaycan dilçiləri ilə yanaşı, istedadlı rus türkoloqu N.K.Dmitriyevin “Azərbaycan dilində ismin ümumi qrammatik kateqoriyaları” adlı dəyərli tədqiqatı da çap olunmuşdur.
Z.Budaqova, Ə.Cavadov, T.Əfəndiyeva, M.Məmmədov, A.Ələkbərli, İ.Məmmədli, A.Məmmədov, K.Abdullayev S.Sadıqova, Q.Məşədiyev, K.Vəliyeva, M.Mahmudov, Q.Cəfərov və başqa görkəmli dilçilərin dissertasiya tədqiqatları və monoqrafiyaları ilə birlikdə üçcildlik “Müasir Azərbaycan dili” (1978, 1980, 1981-ci illər) Dilçilik İnstitutu elmi fondunun mötəbər yaradıcılıq nümunələridir.
Dilçilik İnstitutunda Azərbaycan dili tarixinin istedadlı nümayəndələri çalışmışlar və bu gün də orta və gənc nəsildən olan tədqiqatçılar bu işi uğurla davam etdirirlər. M.Cahangirov, R.Məhərrəmova, M.Rəhimov, V.Aslanov, Ə.Sadıqov, A.Əlizadə, S.Mehdiyeva, V.Adilov və başqalarının tarixi qrammatika və ədəbi dil tarixi ilə bağlı tədqiqatları həm Azərbaycan dilçiliyi, həm də ümümtürkoloji baxımdan əhəmiyyətlidir. S.Mehdiyevanın müəllifliyi və redaktorluğu ilə nəşr olunmuş dörd cilddə “Azərbaycan ədəbi dil tarixi” və “Azərbaycan dilinin tarixi lüğəti” öz dəyəri ilə seçilən elmi yaradıcılıq bəhrəsidir.
1950-ci illərin sonlarında fəaliyyətə başlayan “Türk dillərinin dialektologiya məsələləri” adlı iki ildən bir keçirilən vaxtaşırı ümumittifaq konfransının ilk iki yığıncağı məhz Bakıda keçirildi. 1966-cı ildə Birinci Türkoloji qurultayın 40 illiyi münasibətilə dünyanın görkəmli türkoloqlarının yığışdığı elmi məclis möhtəşəm bir qurultay səviyyəsində keçirildi və bu qurultayın hər dəfə bir türk respublikasında olmaqla dörd ildən bir keçirilməsi qərara alındı. 1969-cu ildə ümumittifaq və beynəlmiləl hüquqlu mötəbər “Sovetskaya türkologiya” jurnalı akademik M.Şirəliyevin baş redaktorluğu ilə Azərbaycana həvalə olundu. İndi həmin jurnal “Türkologiya” adı ilə yenə Bakıda Nəsimi adına Dilçilik İnstitutunda öz nəşrini davam etdirir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında elmin inkişafı üçün münbit şərait var. Əlbəttə, sovetlər dövründə dünya elmində əmələ gələn yeniləşmələrə Azərbaycan da qoşulurdu və ölkəmizdə müxtəlif elm sahələrində inkişaf görünürdü. Ancaq bu, dünya elminə qoşulma və dünya elmindən faydalanma Moskva vasitəsilə həyata keçirilirdi. Və bizdə elm ancaq Moskvanın müəyyən etdiyi, barmağını tutduğu səviyyəyə qədər qalxa bilərdi. Bu gün müstəqillik şəraitində Azərbaycan elmi, necə deyərlər, elmli ölkələrin hər biri ilə birbaşa ünsiyyətdədir. Akademiyada innovasiya (yeniləşmə) qurumu yaradılıb. Rəyasət heyətində dissertasiya mövzularına xüsusi diqqət yetirilir. Akademiyanın tədqiqatları dünyanın yüksək tədqiqatları konteksinə uyğunlaşdırılır. Yeni elm sahələri ilə bağlı gənc alimlər hazırlamaq üçün dünyanın müxtəlif elm ocaqları ilə sıx əlaqə yaradılır.
İndi institut Naxçıvan şivələrinin Dialektoloji atlası üzərində işini tamamlamaq üzrədir. Qarabağın dialektoloji atlası üzərində iş başlanmışdır. Növbəti beş ildə Dərbənddəki, Gürcüstandakı azərbaycanlıların şivələri və Güney Azərbaycan şivələri əsasında üç cilddə dialektoloji atlas üçün proqram-layihə hazırlanıb Rəyasət Heyətinə təqdim edilmişdir.
İnstitutda yaradılmış yeni kompyuter dilçiliyi, qədim dillər və mədəniyyətlər, monitorinq şöbələrinin yeni məzmunlu fəaliyyəti ilə yanaşı, dilçilərimiz klassiklərimizin dilinə aid lüğətlər, orfoqrafiya, orfoepiya lüğətləri, dilin müxtəlif nəzəri məsələləri üzərində işlərini davam etdirirlər. Bu gün müstəqillik dövründə, dövlətin dövlət dili haqqında hər cür qayğı göstərdiyi bir zamanda ana dilimizin öyrənilməsi, zənginləşdirilməsi, təmizliyinin qorunub saxlanması üçün dilçilərimiz, dilçilik institutumuz lazım olan işləri vicdanla, səmimiyyətlə yerinə yetirəcəklər. Bunun üçün bizə şərait yaradılıb, biz buna borcluyuq.
Tofiq HACIYEV,
AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru,
akademik.
Respublika.-2014.-
2 oktyabr.- S.6.