Müdrik şəxsiyyət və onun ləyaqətli
davamçısı
Təbiətdə dağlar ildırımlarla döyüşən zirvəsi ilə öyünər. Cəmiyyətdə isə insanlar ağıllı müdrik şəxsiyyətləri ilə iftixar hissi keçirərlər. Fərq bundadır ki, təbii zirvə müəyyən prosesin baş verməsi zamanı yaranır. İnsan isə ildən-ilə püxtələşdikcə, kamilləşdikcə, müdriklik zirvəsinə doğru yol alır, ömrünün elə bir zamanı yetişir ki, öz xalqının dərin ehtiram, rəğbət, hörmət ünvanına çevrilir.
Belə insanlar üçün geriyə qayıdış addımı olmur. Bütün həyatını mübarizə əzmi ilə yaşayırlar. Elə buna görə də müdrik şəxsiyyət adını ləyaqətlə, qürurla daşıyırlar. Ötən əsrdə bütün Qərbi Azərbaycanın ağsaqqalı kimi tanınan Cahan Əkbər oğlu Əliyevə ulu Yaradan məhz belə şərəfli ömür payı bəxş etmiş və o, Tanrının verdiyi bu lütfü həyatı boyu xeyirxah, nəcib əməlləri ilə naxışlamış, doğrultmuşdur.
Cahan Əkbər oğlu Əliyev 1909-cu ildə Qərbi Azərbaycanın Gəncə quberniyasının Qazax qəzasının Qaraqoyunlu mahalının Çənmərək (Krasnoselo rayonunun) Əmirxeyr kəndində dünyaya göz açıb. Bu kənd Çalmalı dağı ilə Murğuz dağları arasında yerləşir. Öz füsunkarlığı ilə seçilən bu kənd Qazax Çənmərək yolunun 7-ci km-dədir. Tanınmış şəxsiyyətləri, görkəmli insanları ilə fəxr edən bu kənd elm sahəsinə 6 elmlər doktoru bəxş etmişdir. Ailə mühiti insan şəxsiyyətinin formalaşmasının təməl daşıdır, deyib aqillərimiz. Cahan Əkbər oğlu elə bir ailədə böyüyüb, tərbiyə almışdı ki, o ailəni el-obada nümunə göstərirdilər. Yeniyetmə və gənclik illərində atası Əkbər Avil oğlunun el-oba içərisində hörmət-izzəti, nüfuzu onun da tərbiyəsində, gələcək taleyində önəmli rol oynamışdı. Beləcə illər ötdükcə, o da atasının tərbiyə məktəbindən öyrənir, görüb-götürdüklərini əməli işə çevirirdi. Yaşadığı Krasnoselo rayonunda işgüzarlığı, məsuliyyətli, bacarıqlı olması ilə seçilən Cahan Əliyev əvvəlcə kənd sovetinin katibi, mühasibi, sonra isə müxtəlif təsərrüfatların rəhbəri olmuşdur. Qaraqoyunlu, Göyçə mahalında Çaykənd, Gölkənd, Qaraqaya, Yanıqtəpə, Bəndabad, Cil, Toxluca kəndlərində 40 ildən artıq təsərrüfat rəhbəri işləyən Cahan Əliyev Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir.
1944-cü ildə Cahan Əliyev Krasnoselo rayon İcraiyyə Komitəsində torpaq şöbəsinin müdiri təyin edilir. Onun həyatının ən unudulmaz anları isə Krasnoselo rayon İcraiyyə Komitəsinə başçılıq etdiyi illərlə bağlıdır. Bu dövrü iki amilə görə əhəmiyyətli və fərqli dövr kimi səciyyələndirə bilərik.
Birincisi, o öz yüksək təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı ilə bu məsuliyyətli vəzifəni layiqincə daşıyırdı. Həmin zamanlarda azərbaycanlının rayon rəhbərliyində təmsil olunması qeyri-adi bir hal idi. İkincisi, bu dövrdə o elə bir addım atmışdı ki, nəinki həmin bölgədə, hətta bütün Qərbi Azərbaycanda səs-səda doğurmuşdu.
1948-ci ildə azərbaycanlıların Ermənistandan respublikamıza köçürülməsi haqqında dövlət rəhbərliyi səviyyəsində qərar qəbul edildikdən sonra bu bədnam qərarın icrasına kütləvi surətdə başlanılmışdı. Həmin dövrdə Krasnoselo rayonunda büro iclasında Cahan Əliyev bu ədalətsiz qərara qarşı çıxmış və 8 nəfər, o cümlədən kolxoz sədrləri Oruc İbrahimov, Xalıqverdi Musayev, Ağəli Əsədov onu müdafiə etmişdilər. Onun təkidi və böyük səyi ilə rayon əhalisinin köçürülməməsi barədə qərar çıxarılmışdı. Amma bu qətiyyətli addımı və sarsılmaz iradəsi ona baha başa gəlmişdi. Ermənistan rəhbərliyinin göstərişi ilə onu vəzifədən kənarlaşdırmışdılar. Hətta respublika prokurorluğuna onun həbs olunması barədə göstəriş verilmişdi. Lakin o öz vəzifəsini itirsə də, öz istəyinə—tarixi ədalətə nail olmuşdu. O dövrdə Krasnoselo rayonu yeganə yaşayış məntəqəsi idi ki, əhalisi köçürülməmişdi. Milləti, xalqı qarşısında bu əsl vətənpərvərlik əməli ilə o, yaddaşlarda həmişəlik qalmışdır.
Cahan Əliyev elə bir iradə sahibi idi ki, heç vaxt ədalətsizliklə barışa bilmirdi. Haqq işi uğrunda qətiyyətlə mübarizə aparırdı. Bunun üçün də Cahan Əliyev dəfələrlə Moskvaya gedib SSRİ kənd təsərrüfatı naziri Andrianovun qəbulunda olur, Martirosyanın özbaşınalığından, tədarüklə bağlı saxtakarlıqlarından danışır, faktları ortaya qoyur. Məhz bundan sonra Ermənistan KP MK-nın I katibi Harutunyanın müdafiə etdiyi Martirosyan vəzifəsindən azad etdilir. Bu qətiyyəti sayəsində 1950-ci ildə Sov. İKP MK-nın göstərişi ilə Cahan Əliyev bəraət alır. Onu yenidən müxtəlif kolxozlara təsərrüfat rəhbəri təyin edirlər. O, yalnız 1974-cü ildə təqaüdə çıxması ilə əlaqədar olaraq vəzifəsindən ayrılır. Onu da qeyd edim ki, Cahan Əliyev 1953-1974-cü illər arası həmin rayona rəhbərlik etmiş vətənpərvər Azərbaycan övladları Cümşüd Sultanov, Yunis Rzayev və Əli Həsənovla birlikdə azərbaycanlıların arxa və dayağı, müdafiəçisi olmuş, onları erməni-daşnak təzyiqlərindən qorumuşdu.
Bu məqamda bir xatirəni oxucularımızın diqqətinə çatdırmaq istərdik. Cahan Əliyevin oğlu, Azərbaycan Dövlət Tibb Universitetinin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Sabir Əliyev danışır ki, 1971-ci ildə Moskva şəhərində elmi ezamiyyətdə idim. Orada vaxtilə 1958-1961-ci illərdə Krasnoselo Rayon Partiya Komitəsinin I katibi işləmiş Yunus Rzayevlə görüşdüm. Atamla bağlı danışarkən dedi ki, həmin dövrdə Sov. İKP MK-nın baş katibi Nikita Sergeyeviç Xruşşov Yerevana gəlmişdi. Onunla görüş zamanı bir azərbaycanlının çıxış etməsi barədə mənə tapşırıq verildi. Tərəddüd etmədən Cahan Əliyevin adını verdim. Çox keçmədən məni respublika MK-ya çağırdılar. Dedilər ki, ona bel bağlamaq olmaz. Bir çox şeyləri açıb tökər, ara qarışar. Xüsusən azərbaycanlıların şəraitinin yaxşılaşdırılması barədə təkliflər verə bilər. Bizim üçün yaxşı olmaz. Cahan Əliyev bir kolxoz sədri kimi əvəzsiz adamdır. Amma, təəssüf ki, o, türkdür...
Bu da ermənilərin iç üzü.
Cahan Əliyev 1939-cu ildə Göyçə mahalının Hacımuğan kəndinin tanınmış din xadimi Seyid Hacı Mir Hüseyn ağanın (el-obada “Qara Seyid” adı ilə tanınan) nəvəsi Məşədi Mir Yaqub ağanın qızı Mərzibəyim xanımla ailə həyatı qurub. Mərzibəyim xanımın anası Əfruz xanım əsl azərbaycanlı xanımı olmuşdur. Öz isməti, ləyaqəti, xeyirxahlığı ilə xalq arasında böyük hörmət qazanıb. El anası olub. Mir Yaqub ağanın və qardaşı Mirəlinin Ağbulaqdakı türbələri deportasiya illərinə qədər ziyarət yerinə çevrilmişdir. 1918-ci ildə ermənilər Göyçə mahalında qırğınlar törətdikdə Mir Yaqub ağa öz qohumları ilə Naxçıvana gedib. Bir neçə il Şərurda yaşayıblar. 1922-ci ildə Göyçənin Ağbulaq kəndində məskunlaşıblar.
Cahan Əliyevlə Mərzibəyim xanım Azərbaycan xalqına iki görkəmli alim və bir tanınmış həkim bəxş ediblər. Ailənin böyük övladı Mustafa Əliyev coğrafiya elmləri doktoru, professor olub. Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin dekanı işləyib. 69 yaşında dünyasını dəyişib. Digər oğlu Sabir Əliyevlə oxucularımız yazının ikinci bölümündə tanış olacaqlar. Ailənin qız övladı Nəzifə Əliyeva ali təhsilli həkimdir. Hazırda təqaüdçüdür. Cahan Əliyev 1997-ci ildə haqq dünyasına qovuşmuşdur.
Ailənin ikinci oğlu Sabir Əliyev haqqında ətraflı məlumat verəcəyimizi əbəs yerə demədik. Çünki ömrünün müdriklik zirvəsini yaşayan Sabir müəllimin 70 yaşı tamam olub. Bu münasibətlə dəyərli alimimizi təbrik etməklə və ona uğurlar arzulamaqla şərəfli həyat və elmi yaradıcılıq yoluna işıq salmaq istədik.
Sabir Cahan oğlu Əliyev
1944-cü ilin avqust ayında anadan olub. 1967-ci ildə N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini
bitirib. Təyinatla Naftalan sanatoriyasında
həkim-ordinator, sonra
müalicə işləri
üzrə şöbə
müdiri işləyib.
1969-1972-ci illərdə N.Nərimanov
adına ADTİ-də patoloji fiziologiya kafedrasında aspirantura keçib. 1973-cü ilin mart ayında namizədlik dissertasiyasını müdafiə
edib. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə
baş müəllim,
1976-cı ildə isə
dosent vəzifəsinə
seçilib. Uzun illər
kafedranın tədris
hissə müdiri vəzifəsində çalışıb.
1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə
seçilib. 1994-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən
patofiziologiya ixtisası
üzrə professor elmi
adına layiq görülüb. 1999-2001-ci illərdə 1-ci müalicə profilaktika fakültəsinin dekanı
işləyib. 2001-ci ilin
fevral ayında patoloji fiziologiya kafedrasının müdiri
vəzifəsinə seçilib,
həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə
təyin olunub.
Azərbaycan Respublikasının Təhsil
Nazirliyində fəaliyyət
göstərən Tibbi-nəzəri
bölmənin, universitetin
Mərkəzi Metodik Komissiyasının, “Anatomiya,
patofiziologiya, biokimya, farmakologiya” üzrə ixtisaslaşmış Müdafiə
Şurasının sədridir. Universitetin Böyük
Elmi Şurasının
və pediatriya fakültəsinin Elmi Şurasının, “Azərbaycan
Tibb jurnalı” Redaksiya Şurasının
və AMEA-da Tibb Şurasının üzvüdür.
Professor Sabir Əliyev
ulu öndərimiz Heydər Əliyev hələ Naxçıvanda
olarkən onun sədri olduğu Yeni Azərbaycan Partiyasının dekabr ayından üzvü olmuşdur. O, həmin dövrdə Nəsimi rayonunda və Tibb Universitetində YAP təşkilatının yaradıcılarından
biri olmuşdur. Bugünədək isə universitet
YAP təşkilatının sədridir. Fədakar elm xadimi Sabir
Əliyevin tibb elmi sahəsində nailiyyətləri dövlətimiz
və beynəlxalq elmi təşkilatlar və qurumlar tərəfindən yüksək
qiymətləndirilmişdir. 1986-cı ildə “Səhiyyə əlaçısı”,
2000-ci ildə “Respublikanın
əməkdar müəllimi”
fəxri adlarına layiq görülmüşdür.
2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 2007-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub. 2008-ci ildə Türk
Dünyası Araşdırmaları
Uluslararası Elmlər
Akademiyası tərəfindən
tibb bölümü üzrə akademik seçilmişdir. 2009-cu ildə həmin akademiyanın “Türk dünyasına xidmətlərinə
görə uluslararası
qızıl ulduz” medalına layiq görülüb. Həmin
ildə Birləşmiş
Millətlər Təşkilatının
Beynəlxalq Mükafatlar
Komitəsinin elm və
tədris sahəsində
qazandığı nailiyyətlərə
görə Avropa “Şərəf və Vicdan” ordeni ilə, 2010-cu ildə isə Avropa Akademiyasının “Nikolay
Piroqov” ordeni ilə təltif edilmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamı
ilə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 2011-ci ildə Beynəlxalq Təltiflər İttifaqı
tərəfindən “Hippokrat”
ordeninə layiq görülmüşdür. 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası
Elmlər Akademiyasının
tibb sahəsində mühüm xidmətlərinə
görə “İbn Sina” diplomu ilə
təltif olunmuşdur.
Professor Sabir Əliyev 300 elmi əsərin, 8 dərsliyin, 4 dərs vəsaitinin, 4 elmi kütləvi kitabçanın,
dünyada ilk dəfə
3 dildə (Azərbaycan,
rus, ingilis) çap olunan patofizioloji atlas elektron-dərslik
kitabının, bir neçə tədris-metodik
vəsaitin müəllifidir.
Onun rəhbərliyi altında
14 namizədlik dissertasiyası
müdafiə olunmuş,
5 namizədlik və 4
doktorluq dissertasiyaları
üzrə elmi-tədqiqat
işləri uğurla
davam etdirilir.
Professor Sabir Əliyev
tələbə və
aspirantlara diqqət və qayğı ilə yanaşır, onlara nəinki təhsillə, həmçinin
digər məsələlərlə
bağlı problemlərinin
həllində yaxından
kömək edir. Elm fədaisi Sabir Əliyev bütün universitetin pedaqoji kollektivinin və əməkdaşlarının dərin
rəğbətini qazanmışdır.
Ömrünün müdrik çağında
gənclərə, böyüməkdə
olan nəslə əsl məktəb olan fədakar alim Sabir Əliyev
öz həyatını
məhz belə nəcib əməllərə
sərf etmişdir. Elə bu yazının sonunu da tanınmış
bu elm xadimimizin hikmətamiz sözləri
ilə bitirmək istərdim: “Şükürlər
olsun ki, atam bizə var-dövlət yox, el arasında böyük hörmət, ləyaqət,
ad-san, nəhayət, “Şahdağ”
əzəmətli bir
Cahan kişi adı qoyub getdi”.
Şakir ƏHMƏDLİ,
“Mərhəmət
elçisi” jurnalının
baş redaktoru.
Respublika.-2014.- 2 oktyabr.- S.7.