Çin sülh və iqtisadi
dirçəliş yolunda
65 il əvvəl
yaradılmış Çin
Xalq Respublikası bu gün ən
qabaqcıl və dinamik inkişaf edən bir ölkə
kimi inamla irəliləməkdədir.
Son illər Çində ümumi iqtisadi vəziyyət sabit olaraq qalır. İqtisadi artım sürəti 7,7 faiz olmuşdur. Yeni iqtisadi modelə həlledici yer verilir. Həmçinin inzibati proseduraların sadələşdirilməsi və vergi ödənişlərinin azaldılması yolu ilə xırda və orta biznesin inkişafının genişləndirilməsi siyasəti davam etdirilir.
Əhalinin böyük sayı və torpaq ehtiyatlarının deqradasiyası şəraitində Çində ətraf mühitin mühafizəsi sahəsində fəal siyasət yeridilir. Hələ 80-ci illərdə ÇXR Dövlət Departamenti bəyan etmişdi ki, ətraf mühitin qorunması dövlətin ən başlıca milli strategiyalarından biridir.
Hökumət hərbi büdcəni ölkənin ehtiyaclarına uyğun olaraq formalaşdırır. Pekin belə hesab edir ki, ölkənin möhkəm milli müdafiə sistemi regionda sülhün qorunub saxlanılmasına imkan verir.
Pekin dövlətin xarici siyasətində qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dostluq münasibətlərini Çin üçün yeganə düzgün seçim hesab edir. Hazırda Çinin həmsərhəd 14 dövlət ilə münasibətini əlverişli hesab etmək olar. Pekin yaranmış ziddiyyətləri və fikir ayrılıqlarını dərinləşdirmək istəmir və münaqişələrin dinc yolla nizama salınması mövqeyini tutur.
Çin rəhbərliyi beynəlxalq şəraiti dəyərləndirərək hesab edir ki, hazırda dünya siyasətinin başlıca müddəası əvvəlki kimi sülh və inkişaf problemidir.
Çin dinc inkişaf yolunu dəstəkləyir, qonşu ölkələrə mehriban yanaşma və qonşulara tərəfdaş kimi baxmaq xəttini müdafiə edir. Digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipini dönmədən həyata keçirir. Hakim Çin Kommunist Partiyasının xarici siyasət fəaliyyətinin birinci dərəcəli vəzifəsi də ölkənin inkişafı üçün dinc və əlverişli beynəlxalq mühit yaratmaqdan ibarətdir.
XXI əsrin ilk 20 ilində xarici işlər sahəsində başlıca vəzifə Çin üçün mühüm strateji şansları təmin etmək və onlardan uğurla yararlanmaqdan ibarətdir.
Çin ilə Hindistan arasında “Ərazi məsələsi” problemi olsa da, qarşılıqlı münasibətlər müəyyən qədər yumşalmışdır. Hətta tərəflər iki ölkə arasında “strateji tərəfdaşlığın” qurulduğunu etiraf edir. Çin ən mühüm xarici siyasət tərəfdaşları —Rusiya və Avropa İttifaqına münasibətlərini xarakterizə edərkən də bu termindən istifadə edir. Tərəflər arasında əməkdaşlığın ən perspektivli sahəsi informasiya texnologiyaları sayılır. Digər tərəfdən, Pakistan ilə Çinin inkişaf etməkdə olan hərbi-texniki əməkdaşlığı və Hindistan ərazisində Tibet mühacir təşkilatlarının fəallaşması ikitərəfli münasibətlərdəki problemlərə aiddir.
Hazırda ÇXR Rusiya ilə möhkəm qarşılıqlı münasibətlərin inkişafına çalışır.
Son zamanlar Cənub-Şərqi Asiya ölkələrilə müntəzəm danışıqlar aparılır. Hazırda 7000-dən çox adda Çin malına gömrük rüsumu qoyulmur. Buna görə də Çin-Cənubi Koreya azad ticarət zonasının yaradılması haqqında fəal danışıqlar aparılır. Nəticədə bu ölkələrin ticarət mübadiləsinin 90 faizinin gömrük rüsumundan azad edilməsi haqqında saziş əldə olunmuşdur. Hazırda Pekin üçtərəfli Çin-Cənubi Koreya-Yaponiya azad ticarət zonasının yaradılması haqqında aktiv danışıqlar aparır. Gələcəkdə üçtərəfli Çin-Rusiya-Cənubi Koreya əməkdaşlığının inkişaf etdirilməsi planlaşdırılır.
Çinin sosial siyasətində aşağıdakı əsas istiqamətlər diqqəti cəlb edir: şəhər və kənd arasındakı gəlirlərdə fərqin azalması; faydalı təqaüd islahatlarının aparılması; əhalinin maddi yardıma kəskin ehtiyac duyan hissəsi üçün faydalı sosial yardım sisteminin yaradılması.
Tarixən Azərbaycan və Çin xalqları arasında münasibətlər dinc və qarşılıqlı faydaya əsaslanmışdır. “İpək yolu” vasitəsilə bir-birilə əlaqələr quran bu iki xalq zəngin mədəniyyətə malikdir. 1991-ci ildə Azərbaycanın müstəqillik aktını qəbul etməsi onun xarici ölkələrlə, ilk növbədə Çin ilə əlaqələrində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. 1991-ci il dekabr ayının 27-də Çin tərəfi Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 1992-ci il aprel ayının 2-də isə hər iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
İki ölkə arasında əlaqələrin inkişafında Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri böyük rol oynamışdır. Həmin səfərin gedişində ikitərəfli münasibətlərin hüquqi bazası yaradılmışdır.
Prezident İlham Əliyevin 2005-ci və 2008-ci illərdə Çinə səfəri mövcud əlaqələrin inkişafına böyük təkan vermişdir.
Azərbaycan və Çin dövlətləri beynəlxalq münasibətlərə aid bir çox məsələlərində bir-birini dəstəkləyir. Təsadüfi deyil ki, Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan tərəfi isə “Vahid Çin” siyasətini dəstəkləyir.
Azərbaycan tərəfi həmişə yüksək səviyyədə vurğulayıb ki, onun üçün dünyada yalnız bir Çin var, Çin Xalq Respublikasının hökuməti isə Çini təmsil edən yeganə qanuni dövlətdir, Tayvan Çinin ayrılmaz hissəsidir.
Çin tərəfi son 20 il ərzində, demək olar ki, bütün qarşılıqlı görüşlərdə bu məsələ ilə əlaqədar verdiyi bəyanatlarda Azərbaycanı özünün həqiqi dostu və etibarlı tərəfdaşı hesab etmişdir. Təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsinə dair Çinin mövqeyi aydın və dəyişməz olaraq qalır. Rəsmi Pekin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini həmişə təsdiq etmişdir.
Tarixi “İpək yolu”nun bərpası və iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi hər iki ölkənin və xalqın milli maraqlarına uyğundur.
Atamoğlan MƏmmƏdli,
BDU-nun dosenti.
Respublika.-2014.- 2 oktyabr.- S.7.