Statistika
Ağstafa rayonunun inkişafını əks etdirir
Ağstafa
rayon Statistika İdarəsinin nəşr etdiyi “Ağstafa
rayonunun statistik göstəriciləri (2009-2013-cü illər)”
adlı statistik məcmuəsindəki göstəricilərin
təhlili təsdiq edir ki, həmin illərdəki problemlər
az zaman ərzində öz həllini tapmış, idarə,
müəssisə və təşkilatların normal fəaliyyət
göstərə bilməsi üçün zəruri şərait
yaradılmış, qarşıya qoyulan vəzifələrin
icrasının mümkünlüyünə inam
artmışdır. Bu inamın başlıca mənbəyi isə
Azərbaycan Respublikasının ümummilli lideri Heydər
Əlirza oğlu Əliyevin memarı və
yaradıcısı olduğu Azərbaycan dövlətinin daha
da möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə
rəhbərliyi ilə əhalinin
həyat səviyyəsinin daha da yüksəldilməsinə
xidmət edən məqsədli
proqramların qəbulu və icrasının təşkili
sahəsində nəhəng layihələrin gerçəkləşməsinin
real olaraq təmin olunmasıdır.
Dünyanın
aparıcı dövlətlərinin iqtisadiyyatına
sarsıdıcı zərbə vuran qlobal maliyyə
böhranı şəraitində Azərbaycanda makroiqtisadi
sabitlik saxlanılmış, neft sektoru ilə yanaşı,
qeyri-neft sektorunun tarazlı inkişafı üçün
kompleks tədbirlər həyata keçirilməsi ilə
iqtisadi artımın davamlılığı təmin
olunmuş, əhalinin gəlir əldə etmək imkanları
genişləndirilmiş, səhiyyə, təhsil, mədəniyyət
sahəsində xidmətlərin səviyyəsi yüksəldilməklə
yanaşı, onlara çıxış imkanları
artırılmış, sosial infrastrukturun inkişaf etdirilməsi
(əslində yenidən yaradılması), institusional
islahatların bütün idarəetmə pillələrində
davam etdirilməsi, əhalinin sosial müdafiəsinin daha səmərəli
müdafiəsi sisteminin qurulması
təmin olunmuş və bu işlər proqram əsasında
davam etdirilir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
seçildiyi vaxtdan Ağstafa rayonuna 5 dəfə səfər
etmiş, 16 obyektin açılışında iştirak
etmiş, əhali ilə görüşmüş, onları
dinləmiş, promlemlərini öyrənmiş və qərarlar
qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərlə yanaşı, Ağstafa
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üçün
2004-cü ildən indiyə kimi 6 sərəncam
imzalanmış, həmin sərəncamlarla 18 adda iri
infrastruktur layihələrinin icrası təmin olunmuşdur. Bu işlərin həyata keçirilməsi ilə
ağstafalıların həyat səviyyəsinin
yaxşılaşmasına sanballı töhfələr
verilmişdir.
Hazırda Azərbaycan minimum əmək haqqı,
yaşayış minimumu və ehtiyac meyarının məbləğinə
görə MDB-də Rusiya və Qazaxıstandan sonra 3-cü
yerdədir. 2015-ci ilədək ehtiyac meyarının məbləğinin
yaşayış minumumuna çatdırılması nəzərdə
tutulmuşdur ki, bununla da yoxsulluğun ləğvi öz həllini
tapmış olacaqdır. Ölkə üzrə yoxsulluq
səviyyəsi 2003-cü ildə 46,7 faiz
qeydə alınmışdırsa,
bu göstərici 2009-cu
ildə 10,9 faiz, 2013-cü ildə 5.3 faiz olmuşdur.
Ölkəmizdə
2006-cı ildən
yeni sığorta-pensiya sisteminin tətbiqi nəticəsində
əmək pensiyalarının məbləği 4 dəfə,
orta aylıq məbləği 5.8 dəfə
artmışdır. Ağstafa rayonunda təyin olunmuş
pensiyaların orta məbləği 2009-cu ildə 84.97 manat
olmuşdursa, 2013-cü ildə 66,93 manat və ya 78 faiz artaraq
151.90 manata çatmışdır. Ən
başlıcası, yeni sistemin tətbiqindən sonra,
pensiyaların orta məbləği pensiyaçılar
üçün yoxsulluq həddini üstələməyə
başlamışdır. Bu, ən
uğurlu, dəyər verilməyə layiq hadisədir.
2009-2013-cü
illərdə Ağstafa rayonunda 3232 yeni iş yerləri
yaradılmışdır. 2013-cü ildə
muzdla işləyənlərin sayı 8768 nəfər
olmuşdur. 2013-cü ildə 1 nəfərə
düşən orta aylıq əmək haqqı 2009-cu illə
müqayisədə 50.80 manat və ya 28 faiz artaraq 228.60 manata
çatmışdır.
Rayonda
2013-cü ildə iqtisadiyyatın əsas sahələrində
(faktiki qiymətlərlə) 128135.7 min manatlıq, əvvəlki
illə müqayisədə 14996.5 min manatlıq və ya 13.3 faiz çox məhsul
istehsal olunmuşdur. 2009-cu illə müqayisədə məhsul
istehsalının həcmi 1.9 dəfə
artmışdır.
Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında,
25 avqust 2008-ci ildə təsdiq olunmuş “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq malları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”nda və
sosial-iqtisadi inkişafın sürətləndirilməsinə
dair Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında kənd təsərrüfatı
istehsalçılarının dəstəklənməsi
üçün yeni və nəhəng infrastruktur layihələrinin
gerçəkləşdirilməsi ilə yanaşı, kənd
təsərrüfatına xidmət göstərən təşkilatların
maddi-texniki bazasının möhkəmləndirilməsinə
yönəldilmiş əsaslı işlərin görülməsi
sürətləndirilmişdir.
Ağstafa
Aqrolizinq ASC-nin yaradılması, onun maddi-texniki
bazasının davamlı qaydada möhkəmləndirilməsi, kənd təsərrüfatı
texnikası istehsal edən Avropanın aparıcı
firmalarının istehsal etdiyi texnikaların alınması,
onların istismarı qaydalarının yerli kadrlara öyrədilməsinin
və tətbiqinin təşkili Ağstafa rayonu ilə
yanaşı, ətraf rayonlarda da kənd təsərrüfatının
inkişafına təkan verir. Bu işlər 2014-cü ildə də davam etdirilmişdir.
Hazırda həmin təşkilatda ən müasir texnikadan
istifadə edilir və onların sayı az
deyildir.
Toxumçuluğun, baytarlıq xidmətinin səviyyəsinin
yüksəldilməsi üçün məqsədli
proqramlar icra olunmuşdur.
Həyata keçirilmiş tədbirlərin nəticəsidir
ki, Ağstafa rayonunda 2013-cü ildə kənd təsərrüfatı
sahəsində 43552.4 min manatlıq məhsul istehsal
edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 38 faiz,
2012-ci illə müqayisədə 4
faiz çoxdur.
Ağstafa
rayonunda sosial-iqtisadi inkişafın təmin olunmasında
tikinti sektorunun xüsusi payı var. Rayon üzrə ümumi məhsul
buraxılışının tərkibində tikinti sektorunun
payı əhəmiyyətli
mövqeyə malik olmaqla, hər il davamlı qaydada
artmış, hətta ilk dəfədir ki, ümumi məhsul
buraxılışının strukturunda həmişə
üstün mövqeyə malik olan kənd təsərrüfatı
sahəsində yeni yaradılmış dəyərin göstəricisini
üstələyərək ondan çox olmuşdur. Belə
ki, 2013-cü ildə rayon üzrə ümumi məhsul
buraxılışının tərkibində tikintinin
payı 38,6 faiz
təşkil etmişdir. Eyni göstərici
kənd təsərrüfatı üzrə 33 faiz olmuşdur.
2013-cü ildə rayonda iqtisadiyyatın, sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına əsas kapitala 60728.0 min manat investisiya yönəldilmişdir. Bu göstərici 2003-cü
illə müqayisədə 29,7 dəfə,
2008-ci illə müqayisədə 2.4 dəfə, 2012-ci illə
müqayisədə 50.1 faiz çoxdur. İnvestisiyanın 39,4 faizi məhsul istehsalı, 60,6 faizi xidmət
sahələri üzrə obyektlərin tikintisində istifadə
olunmuşdur.
Xüsusi
qeyd olunmalıdır ki, ulu öndər Heydər Əliyevin qətiyyəti
və uzaqgörən siyasəti nəticəsində 20 il əvvəl imzalanmış “Əsrin
müqaviləsi”nin icrası bütün Azərbaycan
xalqının, region dövlətlərinin xalqlarının mənafeyinə,
Avropanın enerji təhlükəsizliyinə sanballı
töhfələr vermişdir və verməkdə davam edir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Ağstafa
rayonunun ərazisindən keçməsi tikinti zonasına
düşmüş torpaq sahələrinin onların
mülkiyyətçilərindən və istifadəçilərindən
kompensasiya ödənilməsi ilə satınalınması həmin
vətəndaşların iqtisadi durumuna sanballı töhfələr
vermişdir. Kəmərin keçdiyi kəndlərin
ərazisində onlarca sosial layihələr həyata
keçirilmişdir. Əslində bunlar əhalinin
həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş
birbaşa investisiyadır.
Sevindirici haldır ki, 20 sentyabr 2014-cü ildə təməli
qoyulmuş “Cənub” Qaz Kəməri layihəsinin tikintisinin
başlanılması Azərbaycanın əlavə maliyyə
qaynaqlarının yaradılması ilə yanaşı,
Avropada enerji təhlükəsizliyində mövcud olan rolunun
daha artmasına imkan verəcəkdir. Həmçinin region
və iştirakçı dövlətlərin
iqtisadiyyatının möhkəmlənməsində yeni layihənin
mühüm əhəmiyyəti olacaqdır.Əlbəttə,
həmin kəmərin Ağstafa rayonunun ərazisindən
keçməsi, yenə də ağstafalıların həyat
səviyyəsinə bilavasitə təsir edə biləcək
investisiyaların qoyulması ilə nəticələnəcəkdir.
Ağstafa
rayonunda son 6 ildə, 2008-2013-cü illərdə 92.5 min kvadratmetr
yaşayış evləri istifadəyə
verilmişdir. Bu, əvvəlki 8 ildəki,
2000-2007-ci illərdə olan göstəricidən 60.0 min
kvadratmetr və ya 2.4 dəfə çoxdur. 2000-2013-cü illərdə 109.8 min kvadratmetr mənzil
sahəsi vətəndaşların vəsaiti hesabına
inşa olunmuşdur ki, bu da həmin dövrdə istifadəyə
verilmiş umumi yaşayış sahəsinin 82 faizi qədərdir.
2000-2013-cü
illərdə rayonda dövlət vəsaiti hesabına 213 mənzili
olan 8 ədəd çoxmərtəbəli, 5 fərdi
yaşayış evləri tikilib istifadəyə verilmişdir.
Həmin binaların sakinləri Qarabağ
müharibəsi əlilləri, şəhid ailələri,
digər imtiyazlı və qəzalı vəziyyətdə
olduğuna görə sökülmüş binalarda
yaşayanlar olmuşdur.
SSR
İttifaqı dövründə Ağstafa rayonunda birtipli
layihə əsasında cəmi
7 məktəb binası inşa olunmuşdursa, müstəqillik
dövründə, daha doğrusu, 2001-ci ildən indiyə kimi
birtipli layihə əsasında 4380
şagird yeri olan 16 yeni məktəb
binası inşa olunmuşdur. Eyni zamanda 1991-ci
ildən sonra ilk dəfə Ağstafa şəhərində
son 3 ildə 3 yeni məktəbəqədər uşaq tərbiyə
müəssisəsinin tikintisi başa
çatdırılmış, 2-nin tikintisi davam etdirilir.
Ağstafa rayonunun yol infrastrukturunun
yaxşılaşdırılması üçün Azərbaycan
Respublikasının Prezidentinin sərəncamlarının
icrası ilə həmin sahədə rayon əhalisini uzun illər
narahat edən avtomobil yolları yenidən tikilmişdir. Əhalisinin sayı 38.5 min
nəfər olan 27 kənd və qəsəbələri
Ağstafa şəhəri, Qazax rayonu, Gürcüstan
Respublikasının Dövlət sərhədi, magistral
avtomobil yolları ilə birləşdirən uzunluğu 80 km
olan 3 adda avtomobil yolu əsaslı qaydada yenidən inşa
olunmuşdur. Bakı-Qazax magistral avtomobil yolunun
Ağstafa rayonunun ərazisindən keçən hissəsi də
(20 km) daxil olmaqla, 2003-2013-cü illərdə rayonda 100 km
uzunluğunda avtomobil yolları inşa edilmişdir. Həmin illərdə Ağstafa şəhərinin
prospekt və küçələrində 20 km-dən
çox yollar əsaslı təmir olunmuş, yeni asfalt
örtüyü salınmışdır. Bu işlər rayonda proqram üzrə davam etdirilir.
Həmin
yolların istifadəyə verilməsi Bakı-Qazax magistral avtomobil yolunun Ağstafa və
Qazax rayonlarının ərazisindən keçən hissəsində
hərəkətin intensivliyinin azalmasına şərait
yaratmaqla, avtomobil nəqliyyatı vasitələrinin Ağstafa
və Qazax şəhərlərinə daxil olmadan hərəkət
etmələrinə imkan yaratmışdır ki, bu da təhlükəsizlik
və iqtisadi cəhətdən sərfəlidir.
Rayonda qeydə alınmış tikinti müəssisələrində
2013-cü ildə 11823.8 min manatlıq tikinti işləri
görülmüşdür. Bu, həmin ildə
rayonda görülmüş tikinti-quraşdırma işlərinin
22 faizi qədərdir.
Nəqliyyat sahəsində 2013-cü ildə 2661.6 min
manatlıq, 2009-cu illə müqayisədə 41 faiz çox
yeni dəyər yaradılmışdır. 2009-cu ildə hər 100 ailəyə
20 minik avtomobili düşürdüsə, 2013-cü ildə
bu göstərici 27 minik maşını olmuşdur. İnformasiya və
rabitə sahəsində də inkişaf davamlı
olmuşdur. 2013-cü ildə həmin sahələrdə
534.6 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2009-cu
ildəki göstəricilərdən 23 faiz çoxdur (nəzərə
almaq lazımdır ki, bu göstəricilər tariflərin
aşağı salınması şəraitində qeydə
alınmışdır). Elektron sistemli ATS-lərdə
ümumi tutum 2009-cu ildə 5696 nömrə olmuşdursa,
2013-cü ildə 37 faiz çox, 7856 nömrə qeydə
alınmışdır.
2013-cü ildə rayon əhalisinə 27558.1 min
manatlıq ticarət xidməti göstərilmişdir. Bu, 2009-cu ilin
göstəricisindən 41 faiz çoxdur. Adambaşına
düşən pərakəndə əmtəə dövriyyəsi
2009-cu illə müqayisədə 228.22 manat, 29 faiz artaraq
2013-cü ildə 1008.16 manata çatmışdır.
Ağstafa rayonunda əhalinin gəlirləri 2009-cu ildə 115917.3 manat olmuşdursa, 2013-cü ildə 161181.0 min manat və ya 39 faiz çox, 1 nəfərə düşən gəlir eyni dövrdə 1441.8 manatdan 1928 manata çatmış və ya 33 faiz çox olmuşdur. Qeyd edilməlidir ki, rayon üzrə 2009-cu ildə əhalinin 1 nəfərinə düşən gəlirin səviyyəsi eyni ildə ölkə üzrə 1 nəfərə düşən gəlirin 56 faizini təşkil edirdisə, ötən illərdə rayon əhalisinin gəlirləri davamlı qaydada artmış və nəticədə həmin göstərici 48 faiz təşkil etmişdir. Əhalinin gəlirlərinin artması onların həyat səviyyəsinin daha da yüksəlməsinin şərtidir. Bu gün Ağstafa rayonunun bütün kəndlərində yeni evlər, sahibkarlıq obyektləri tikilir, evlərin, parkların və məhəllələrin daha abad olması üçün işlər görülür. Elektrik enerjisi fasiləsiz verilir, təbii qazla təminat yaxşılaşdırılır. 2003-cü illə müqayisədə rayonda isifadə olunan əmtəəlik qazın həcmi 2013-cü ildə 2.4 dəfə artmışdır. Məktəblərdə təhsilin səviyyəsi yüksəldilir.
İnsanlar yalnız yaşaya bilmək qayğıları ilə artıq məşğul olmurlar. Onlar daha yaxşı, layiqli həyat səviyyəsi istəyirlər. Daha yaxşı və hər cür kommunal şəraiti olan ev, asfalt yolu və işıqlandırılan küçə, yaxşı məktəb, iş yeri, xarici markalı avtomobil, daha keyfiyyətli ərzaq və qeyri-ərzaq malları, keyfiyyətli səhiyyə xidməti, sürətli internet, açıq və örtülü idman meydançaları, üzgüçülük hovuzları istəyirlər, keyfiyyətli mədəni əyləncələr, sərgilər, muzeylər, konsertlər arzulayırlar. Kurortlara gedənlərin və getmək istəyənlərin də sayı çoxalmışdır. İnsanlar daha yaxşı yaşamaq istəyirlər, bunun üçün də daha çox pul qazanmaq istəyirlər. Təbiidir, bu istək də normaldır.
Sevindirici haldır ki, rayonda hər bir valideyn övladının yaxşı təhsil almasına çalışır, bunun üçün vəsait sərf edir və bilir ki, Azərbaycan dövləti savadlı kadrlara sahiblik edir və edəcəkdir. Əslində dövlətimiz də onların gücü ilə güclənir və yaxşı haldır ki, bunları əksər insanlarımız müşahidə edə bilirlər. Bu, artıq faktdır, inkişafdır, gələcəyə inamdır.
İstifadəçilərə təqdim olunmuş statistik göstəricilər Ağstafa rayonunda son illərdə sosial-iqtisadi göstəricilərin səviyyəsinin bütün sahələrdə yaxşılaşmasını təsdiq edir. 2014-cü ilin ötən dövrü ərzində rayonda görülən sosial-iqtisadi quruculuq işlərinin görülməsinə dair ilkin statistik göstəricilərin təhlili sübut edir ki, cari ildə də rayonun inkişaf göstəriciləri ürəkaçan olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng işlərin bir məqsədi var: insanlar yaxşı yaşasınlar!
Yuxarıda göstərilən faktlar həmin istiqamətdə sanballı nəticələrin qazanıldığını, demoqrafiya, əhali statistikası sahəsində göstəricilər də bütün sahələrdəki inkişafın insan amilinə, onun daha yaxşı yaşamasına yönəldildiyini təsdiq edir. Belə ki, rayonun əhalisi 2014-cü ilin əvvəlinə, yarandığı 1990-cı illə müqayisədə 20761 nəfər, 33,0 faiz artmışdır. 2014-cü ilin əvvəlinə rayon əhalisinin ümumi tərkibində 0-14 yaşa qədər olan uşaqların sayı 17.2 min nəfər və ya rayon əhalisinin 20,6 faizi , 14-29 yaşlı gənclərin sayı 24.9 min nəfər, cəmi əhalinin 29,8 faizini təşkil etmişdir. Göründüyü kimi, Ağstafa rayonunun əhalisinin 42.1 min nəfərinin və ya 50.4 faizinin yaşı 29 yaşa qədərdir. 2009-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasının yekununa görə rayonda orta yaş 31 olmuşdur. 2009-2013-cü illərdə rayon üzrə miqrasiya saldosu müsbət 309 nəfər olmuşdur, yəni rayona 884 nəfər köçüb gəlmiş, 575 nəfər getmişdir. Həmin dövrdə 3608 nikah qeydə alınmış, boşanmaların səviyyəsi aşağı düşmüşdür. Rayon üzrə ümumtəhsil məktəblərində birinci sinfə qəbul olunan şagirdlərin sayının son 3 ildə artması davam etmişdir. Bu, demoqrafik inkişafın yaxşı göstəricisidir.
Rayonun statistik göstəricilərinin hazırlanması prosesi ilə tanış olmaq oxucular üçün də maraqlı olar. Ağstafa Rayon Statistika İdarəsinin fəaliyyəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanunundan, “Rayon (şəhər) statistika idarəsi haqqında” Əsasnamədən, Dövlət Statistika Komitəsinin yerli statistika orqanları üçün statistik işlər proqramından irəli gələn vəzifələrin həllinə yönəldilmişdir. Rayon üzrə hazırda qeydiyyata alınmış 3836 fiziki şəxsdən 875-nin fəaliyyəti olmuş, bundan hesabat almaq üçün 231-i (26.4 faizi) seçməyə düşmüş, 313 hüquqi şəxs qeydiyyatdan keçmiş, onlardan 139-u (44.4 faizi) fəaliyyətli olmuşdur. Başqa sözlə, Statistik Vahidlərin Dövlət Reyestri üzrə statistik vahidlərin sayı 1188, hesabat alınması nəzərdə tutulmuş fəaliyyətli hüquqi və seçməyə düşmüş fiziki şəxslərin sayı 370 (31.4 faiz) olmuşdur. 2014-cü il ərzində onlardan, 29 aylıq, 53 rüblük, 106 illik, 3 yarımillik, 2 xüsusi proqramla, 1 operativ, 1 adda kənd təsərrüfatında islahatların gedişi, 1 adda nümayəndəlik və filialların fəaliyyəti haqqında hesabatların toplanılıb, emal olunub göndərilməsi nəzərdə tutlmuşdur. Hesabatların elektron qaydada ötürülməsinin, qiymətlərin uçotunun aparılmasının, ev təsərrüfatlarının tədqiqinin, əhalinin iqtisadi fəallığına dair və digər mövzular üzrə müayinələrin aparılmasının təşkili sahəsində tədbirlərin icrasının daim diqqət mərkəzində saxlanılmasına çalışılır.
Əlbəttə, rayonun statistik göstəriciləri dövlət orqanları, idarəetmə təşkilatları, iqtisadçılar, mütəxəssislər tərəfindən təhlil olunur, qisa zaman kəsiyində mühüm əhəmiyyətli proqramların icra olunduğu faktdır. Eyni zamanda həmin təhlillərlə rayon əhalisinin həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaq üçün mövcud potensialın aşkar olunması, onun hərəkətə gətirilməsi imkanlarının nəzərdən keçirilərək həllinə yönəldilmiş qərarlar qəbul olunması sahəsində əməli tədbirlərin həyata keçirilməsi zərurətə çevrilir. Kənd təsərrüfatı məhsullarının istesalının intensivləşdirilməsi, tədarükünün, emalının və satışının təşkili, suvarma problemlərinin həlli, kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin onun istehsalına çəkilən xəclərə uyğunluğuna nail olunması, sənaye istehsalı sahəsində ehtiyatların hərəkətə gətirilməsi, əhaliyə göstərilən xidmətlərin kəmiyyətinin və keyfiyyətinin artırılması sahəsində əməli işlər görülməsi günün reallığıdır və bunların həlli ilə rayon üzrə adambaşına əldə olinan gəlirlərin həcminin ölkə üzrə olan göstərici arasındakı ciddi fərqləri azaltmaq istiqamətində nəticələr əldə olunmasına nail olmaq olar. Yaranmış vəziyyət xərclərin də bütün səviyyələrdə, o cümlədən əhali tərəfindən də idarə olunmasının yaxşılaşdırılmasını, səmərəliliyinə diqqətin artırılmasını zərurətə çevirir.
2004-cü il iyun aynın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağstafa rayonunda olarkən Qıraq Kəsəmən kənd sakinləri ilə görüşmüş, onların istəkləri ilə maraqlanmışdır. El ağsaqqalı Əcəm Yaqubəliyev Prezidentimizə müraciət edərək söyləmişdir ki, ulu öndərimiz torpağımızı özümüzə vermişdir, suyumuz da var, toxum da tapırıq, əkib becəririk, dolanacağıq, heç kəs ac qalmayacaqdır. Bir şərtlə ki, cənab Prezident, ulu öndərin müdrikliyi, zəhməti, mübarizliyi, qətiyyəti, həyatı hesabına bizə, Azərbaycan xalqına əmanət etdiyi sabitliyi qoruyasınız. İşığımız pisdir, qazımız yoxdur, dözəcəyik, onların olacağına da inanırıq. Mənfur düşməni də məğlub edəcəyik. Bir şərtlə ki, sabitlik qoruna bilsin. Belə olsa, hər şey yaxşı olacaqdır.
Ölkədə yaradılmış sabitlik, gələcəyə inam hissinin güclənməsi, insanların Heydər Əliyev strategiyasına inamının daha da artması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etimadın daha da güclənməsi, vətən və dövlət anlayışı hisslərinin insanların şüurunda, həmçinin əməlində də üstün mövqeyə keçməsinin, ölkə rəhbərliyinin qətiyyəti və müdrik siyasəti nəticəsində, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində humanitar fəaliyyətinin nəhəngliyi və xalqımız üçün əhəmiyyətli layihələri uğurla gercəkləşdirməsi özünə hörmət edən hər bir Azərbaycan vətəndaşında azərbaycançılıq hissinin təşəkkülünə ciddi təkan vermişdir və bunu biz gerçəklik kimi qəbul edirik. Dünyada, hətta bizə yaxın olan ölkələrdə baş verən hadisələr, müharibə və qarşıdurmaların olduğu ölkələrdəki vəziyyət bizi daim düşündürməli, etiraf edək ki, çoxumuza xas olan unutqanlıq hisslərindən, nəhayət ki, xilas olmağa çalışmalıyıq. Hər birimiz yaradılmış sabitliyin saxlanılması, ölkəmizin ən yaxın 20-25 ilinin tarixini, öz gördüklərimizi, dünənimizi, şahidi və iştirakçısı olduğumuz hadisələri, bu günümüzü, nailiyyətlərimizin miqyasını, mənfur düşmənlə və onun havadarları ilə qarşı-qarşıya olduğumuzu unutmamalıyıq, sabahımızın daha işıqlı, güclü, etibarlı, təhlükəsiz olmasına, sosial-iqtisadi vəziyyətin ahəngdar inkişafının və ölkənin təhlükəsizliyinin təmin edilməsinə çalışan dövlətimizin, Prezidentimizin yanında olmalıyıq.
Cümşüd MUSAYEV,
Ağstafa Rayon Statistika
İdarəsinin rəisi.
Respublika.-2014.- 3
oktyabr.- S.11.