Görkəmli ədibin xatirəsi anıldı

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbiyyatımızın görkəmli nümayəndəsi AYB-nin üzvü, xalq yazıçısı Qılman İlkinin (Musayevin) anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin, yazıçı, şair, media və ictimaiyyətin nümayəndələrinin, sənət adamlarının, görkəmli yazıçının ailə üzvlərinin iştirakı ilə keçirilmiş tədbiri Azərbaycan Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev açaraq demişdir:

—Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən görkəmli yazıçımız Qılman İlkinin 100 illik yubileyi ilə əlaqədar mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il artıq 5-ci tədbir həyata keçirilir.

Qılman İlkin 11 aprel 1914-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuş, uzun və mənalı bir ömür yaşamışdır. Görkəmli yazıçı povest, roman və hekayələr müəllifi olmaqla yanaşı, kinossenarist kimi də şöhrət qazanmışdır.

Onun yazdığı “Yenilməz batalyon”, “Kölgələr sürünür” romanları əsasında bədii film çəkilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən görkəmli xadimlərin xatirəsinə həsr olunmuş tədbirlər planı uğurla həyata keçirilir və onların əziz xatirələri hər zaman yad edilir. Filologiya elmləri doktoru, professor, dilçi alim Buludxan Xəlilov Qılman İlkinin ayrı-ayrı illərdə yaradıcılığını geniş və əhatəli şəkildə təhlil etmişdemişdir:

—Qılman İlkinin keçdiyi həyat yolu Azərbaycan təhsilinə bir örnəkdir.

O, 1949-cu ildə Ruşdiyə məktəbini bitirdikdən sonra onu Xaçmazda məktəbə müəllim və direktor təyin edirlər.

1930-cu ildə, təlatümlü bir dövrdə Qılman İlkin “Gənc işçi” qəzetində fəaliyyətə başlayır.

Səməd Vurğun, Mehdi Hüseyn, Almaz İldırım, Hüseyn Cavid, Rəsul Rza, Mirzə İbrahimov, Mikayıl Müşfiq, Süleyman Rəhimov və digər görkəmli ədiblərlə bir yazıb-yaratmış Qılman İlkin sözü dürüst, prinsipial qələm sahibi kimi böyük nüfuz qazanmışdır. O illər Azərbaycana rəhbərlik etmiş M.C.Bağırov Cənubi Azərbaycanla Şimali Azərbaycanı yenidən birləşdirmək istəyirdi. Mirzə İbrahimovun göstərişi ilə Qılman İlkin ciddi məqalə yazmış və ermənilərin almanlarla birgə fəaliyyətini, ikiüzlü, riyakar olmalarını ciddi tənqid etmişbu məqalə rəhbərlik tərəfindən də alqışlanmışdır.

O dövrün ziddiyyətlərini yazmaq yazıçıdan cəsarət, qorxmazlıq tələb edirdi. Qılman İlkinin görkəmində bir zadəganlıq var idi. Qılman İlkin 1932-1936-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, uzun müddət “Azərbaycan” jurnalının baş redaktoru işləmiş və bir çox yazıçı və şairlərin əsərlərinin çap olunmasına köməklik göstərmişdir.

Qılman İlkin 1966-71-ci illərdə “Uşaq gəncnəşr”, “Azərnəşr” nəşriyyatının direktoru vəzifəsində ləyaqətlə işləmişdir.

Qılman müəllim “Qalada üsyan” (1959), “Şimal küləyi” (1962), “Hədiyyə” (1969), “Dağlı məhəlləsi” (1978), “Dəniz qapısı” (1984), “Madam Qədiri” (1988) və sair kitabların müəllifidir.

“Kölgələr sürünür”, “Yenilməz batalyon”, “General” və bir neçə filimlərin ssenari müəllifi olmuşdur.

Akademik Vasim Məmmədəliyev çıxışında qeyd etmişdir ki, Qılman İlkin atamla dost olmuşdur. İsrafil Nəzərovla, Qılman İlkinin atamla birlikdə şirin söhbətlərinə qulaq asmaqdan yorulmazdım. Qılman İlkin XX əsrin canlı salnaməsi idi. O dövrün yaxşı cəhətlərini yazmağı bacaran, obyektiv insan idi.

OnunQalada üsyan”, “Dağlı məhəllə

si” əsərlərini dəfələrlə oxumuşam. Qılman İlkinin “Bakı və bakılılar” kitabını oxuyarkən köhnə Bakı sanki gözlərimiz önündə canlanır.

O, M.C.Bağırovun mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətlərini də cəsarətlə deyərdi. İnsan şəxsiyyətinə qiymət verməyi bacarırdı. Ədəbiyyat nəzəriyyəsini gözəl bilirdi. Həmişə deyərdi, mən Mirzə Feyzullanın tələbəsi olmuşam, akademik Fuad Qasımzadə isə mənim tələbəm olub. Nəzakətli olmaqla yanaşı, sözünü sərt deməyi bacaran şəxsiyyətlərdən idi. O, Azərbaycanın xeyirxah messanatları Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov və digər xeyirxah şəxsiyyətlər haqqında dolğun əsərlər yazmışdır.

Azərbaycan Yazıçılar Birliyinin katibi İqlar Fəhmi Qılman İlkin kitablarının təkrarən çap olunmasını vurğuladı və onun əsərlərinin gənc yazıçılara bir örnək olduğunu bildirdi.

Qılman İlkinin oğlu Ayaz Musayev öz çıxışında demişdir: “Atam ömrü boyu qələmlə çalışıb. Paxıllıq hissindən uzaq olub, heç zaman sifarişlərlə əsər yazmayıb. O, 5 il bundan əvvəl dünyasını dəyişsə də, mənə elə gəlir ki, onun ruhu indiburada dolaşır.

Mən Qılman İlkinin doğmaları, əzizləri, nəvələri adından ölkə Prezidentinə, Mədəniyyət vəTurizm Nazirliyinə və tədbir iştirakçılarına təşəkkürümü bildirirəm”.

Dilarə Əliyeva adına “Dan Ulduzuinstrumental ansamblının müşayiəti ilə müğənni Şəhla Həmidova “Bakı”, Əməkdar artist Nuriyyə HüseynovaBir könül sındırmışam”, 4-cü televiziya muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə “Gəlmədi” mahnılarını özünəməxsus tərzdə ifa etdilər.

Aktyorlar Elnar QarayevaAlmaz Amarov görkəmli yazıçı və şairlərin Qılman İlkin haqqında dedikləri aforizmləri söylədilər.

Xalq şairi Səməd Vurğun: “Qılman, mən sənin istedadına inanıram. Əsərlərini də oxumuşam. Ümumi mədəni səviyyən etibarı ilə diqqətə layiqsən. Özün də təvazökar yoldaşsan”.

Akademik Məmməd Arif Dadaşzadə: “Qılman İlkin özünün tarixi romanlarında Bakının ağır günlərindən, orada baş verən mürəkkəb hadisələrdən elə aydın bir dil və bədii vasitələrlə danışır ki, oxucu özünü bu hadisələrin şahidi kimi hiss edir, onlar haqqında tam dolğun bir təəssürat alır”.

Xalq yasıçısı Süleyman Rəhimov: “Qılman İlkin ədəbiyatımızın yorulmaz mücahididir”.

Xalq yazıçısı Hüseyn Abbaszadə: “Qilman İlkinin hər əsəri bir pedaqoqdur. Bağça tərbiyəçisindən başlamış ali təhsil ocağı müəllimlərinə qədər, biz hamımız Qilman İlkinin əsərlərini oxumuşuq, həmin əsərdəki qəhrəmanların eşqi ilə həyata qanadlanmışıq. Yazıçının doğma Bakımıza olan sonsuz məhəbbəti onun qəlbinə ana südü kimi axmışdır, onun əsərlərinin əsas məğzinə çevrilmişdir. Buna görə də biz Qılman müəllimi Bakının yorulmaz tərənnümçüsü adlandırsaq, onun böyuk əməyinə, paytaxtımıza olan tükənməz sevgisinə həqiqi qiymətini vermiş olarıq”.

Xalq şairi Nəriman Həsənzadə: “Ağsaqqal yazıçımız Qilman İlkinin həyatı — ədəbi taleyinin bir hissəsidir. O, həyatı boyu həm yazıçılıq edib, həm də bir naşir kimi qələm dostlarının təmənnasız xidmətində olub”.

Akademlk Fuad Qasımzadə: “Şair olsaydım, mən Qılman İlkin haqqında böyük həvəslə fəxriyyə yazardım. Əvvəla, Qılman müəllimin bütün yaradıcılığı fəxr edilməyə layiqdir. Sonrası, onun bütün həyatı təqdir və təqlid edilməyə layiqdir”.

Respublika” qəzetinin baş redaktoru, professor Teymur Əhmədov: “Görkəmli yazıçı, naşir və müəllim Qılman İlkini XX əsrin 60-ci illərindən şəxsən tanıyıram. Onunla işləmək mənə qismət oldu. Qılman müəllimin necə böyük ürək sahibi olmasını, nəcibliyini və təşkilatçılığını mən o zaman gördüm. Öz səmimiliyi, saflığı və prinsipiallığı ilə Qilman İlkin mənə örnək oldu”.

Azərbaycanın əməkdar artisti Elxan Quliyevaktyor Şəhla Əliqızı Qılman İlkinin “Aldadılmış məhəbbət” hekayəsindən bir parçanı ifa etdilər.

Tədbirin aparıcısı, professor Buludxan Xəlilov görkəmli ədibin əsərlərinin sağlığında bir çox xarici dillərə tərcümə olunmasından danışdı və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Əsrlər keçsə də, Qılman İlkinin xatirəsi heç zaman xalqımızın qəlbindən silinməyəcəkdir.

 

Rauf İLYASOĞLU,

Respublika.-2014.- 3 oktyabr.- S.13.