Əbədiyaşar sənətkar İlyas Əfəndiyev müasirimizdir

 

XX əsr Azərbaycan ədəbiyyatı tarixində İlyas Əfəndiyev görkəmli nasir dramaturq kimi əbədiləşmişdir. Teatr mədəniyyətinin inkişafında onun heç kəslə müqayisə edilə bilməyəcək xidmətləri var. İctimai müşahidə və mühakimə qabiliyyəti güclü olan istedadlı yazıçı, həm də ictimai xadim olmuşdur. Yarandığı gündən onun qələmindən çıxan bütün əsərlər — hekayə, povest, romandram əsərləri həmişə diqqət mərkəzində olmuş, tədqiqat obyektinə çevrilmişdir. İlyas Əfəndiyev bir-birindən maraqlı müxtəlif janrda dolğun, bitkin əsərlərlə milli ədəbiyyatı zənginləşdirmişdir. O, qüdrətli sənətkar idi: Həyat həqiqətləri və müasirlik onun yaradıcılığının əsas qayəsi olub. Bu isə İlyas Əfəndiyevin həyata baxışı, dünyagörüşü, insanlara olan sevgisi ilə bağlı idi. Həyat hadisələrinin gedişatını müşahidə edib təhlil etmək, zamanın nəbzini tutmaq, aktual mövzulara müraciət etmək onu hər kəsin sevimli yazıçısına çevirib, cünki o, bütün əsərlərində yenilikçi idi. İlk hekayələrindən son dram əsərlərinə qədər keçən dövr onun sənətkarlığının öyrənilməsi və öyrədilməsi zərurəti yaratmışdır. Heç də təsadüfi deyil ki, əsərləri bu gün də sevilə-sevilə oxunur və bədii əsərlərin bir qədər çətin oxunduğu bir vaxtda İ.Əfəndiyevin əsərləri yenə də öz dəyərində qalır. Cəmiyyətdə insanları mənfi tiplərə və müsbət obrazlara ayıran dramaturq Dilşad xanımların qarşısına sözü və kəsəri olan Xosrov və İldırım Atayev qardaşlarını çıxarır. Ailə kiçik bir dövlətdir. Amma bu dövləti içəridən parçalamaq üçün iftirayalan gəncliyin nümayəndələri olan Reyhan, Cahangir, Mehricana əzab verir. Əsərin sonunda müəllif qəhrəmanlarını və oxucusunu həqiqətin qələbə çalacağına, riya və məkrdən uzaq bir ailəyə sahib ola biləcəyinə inandırır.

Bir oxucu kimi əsərlərinə müraciətim təkcə sənətinə və yaradıcılığına olan pərəstişlə bağlı deyil. O, həmişə hamını — insanları və insanlığı düşüncədə saxlamağı bacarır. Mənə görə, onun qüdrəti həm sevincli, həm də kədərli məqamlarda dönə-dönə yaratdığı qəhrəmanlarla həmsöhbət olmaq istəyidir. Buna isə həmişə ehtiyacımız var.

İlyas Əfəndiyevin yaradıcılığı yaşından asılı olmayaraq heç kəsi yormur, əksinə, insanları həyata daha çox bağlayır, ruhdan düşməməyi təlqin edir. XX əsrin klassiki kimi surətlərinin dilində səslənən mənəvi dünyası çox zəngindir.

Yazıçı İ.Əfəndiyev həqiqəti yazmaqdan zövq alırdı. Əslində yazıçılığın missiyası öz sözlərini deyə bilməyənlərin və ya demək iqtidarında olmayanların fikirlərini sözə çevirməkdən ibarətdir. Və bu şərəfli vəzifəni ləyaqətlə yerinə yetirən ədib yazıb-yaratmaqdan yorulmayan bir ömür yaşadı. Elə bir ömür ki, özündən sonra övladları, doğmaları, bütün eli-obası üçün mənəvi bir xəzinə qoydu. O xəzinənin isə çəkisi və ölçüsünü müəyyənləşdirmək qeyri-mümkündür. Qəhrəmanları ilə baş-başa qalan yazıçı dövrünün yersiz tənqidindən də yan keçməyib. Amma əslində bu tənqidin daxilində onun bir yazıçı böyüklüyü gizlənirdi. Bu böyüklüyü görmək istəməyən kəslər sonunda hər şeyi ən azından özlərinə etiraf etməyə məcbur idilər: İlyas Əfəndiyev böyük yazıçı və böyük dramaturqdur. Bu, həmişə belə olmuş və belə olaraq qalacaqdır.

Təsadüfi deyil ki, “Sarıköynəklə Valehin nağılı” oxucular və tənqidçilər arasında geniş maraq doğurmuşdur. Yazıçılar İttifaqının o vaxtkı rəhbərliyi İmran Qasımov Natəvan klubunda əsərin geniş müzakirəsini təşkil etdi. Bu, elə bir zaman idi ki, o dövrdəki hüquq-mühafizə orqanlarında yuva salmış çox ciddi neqativ hallar kəskin bədii tənqidin hədəfi olmuşdur. Yazıçılar İttifaqının rəhbərliyindən izahatlar tələb olundu. Nəhayət, Yazıçılar İttifaqının sədri ulu öndər Heydər Əliyevə müraciətdən və onun işə qarışmasından sonra “Sarıköynəklə Valehin nağılı” ətrafında qızışan təqib və təxribata son qoyuldu. Və dəfələrlə Heydər Əliyev İlyas Əfəndiyevin əsərləri ilə yaxından tanış olmuş, pyeslərinin tamaşalarına baxmış, özünün dediyi kimi, “onun bütün yaradıcılığını böyük minnətdarlıq hissi ilə xatırlamışdır”.

Tarixi kainatın vicdanı hesab edən İlyas Əfəndiyevin 1990-cı il yanvar ayının 20-də Bakıda qəfildən gülləbaran edilmiş Azərbaycan şəhidlərinin əbədi xatirəsinə ithaf etdiyiHökmdar və qızı” dramı illərin yığılmış əzablarının sözfikir ifadəsi idi. Dramın son hissəsində İbrahim xanın qızı Ağabəyim ağanın dilindən söylənən fikirlər müəllifin bağrından süzülən fəryad idi: “Bu dəhşətdir, ilahi! Azərbaycan torpağında axıdılan bu günahsız qanlar bəs deyilmi? Ey böyük yaradan, sənin dərgahında mənim günahım necə böyükdür ki, mənə bu qədər əzab verirsən? Gör neçə ildir ki, mən bu qara libasdan çıxa bilmirəm. Əvvəl bu dünyadan nakam köçmüş bacım Səltənət bəyim... Sonra da... Yerlər, göylər bu dəhşətə necə dözdü, necə? Elə bil, məni dəmir məngənə arasına qoyub sıxırlar. Qoy böyük Yaradan sizin kimi Azərbaycan igidlərinin qılıncını əlindən salmasın. Bu yalnız bizim faciəmiz deyil. İbrahim xanın rus padşahının sözlərinə inanıb, ona tabe olması bizim gələcək nəsillərimizin də faciəsidir. İbrahim xanın bu səhvi onları da tarixin müşkül tilsiminə saldı. Mənim əziz həmvətənlərim, Azərbaycan türkləri heç bir zaman yadelli padşahın zülmünə tabe olmayacaq. Həmişə vətənin azadlığı uğrunda vuruşacaq”.

Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli nasir, publisist, dramaturq, novator sənətkar İlyas Əfəndiyevin yaradıcılığının əsas məqsədi sadə həyat hadisələrini mənalandırmaq, onları yaradıcılıq süzgəcindən keçirərək lirik-romantik vüsət vermək, hər bir obrazın daxili aləmini, əxlaqi-psixoloji vəziyyətini maraqlı üsulla təsvir etməkdir. O, bütün əsərlərinin mövzusunu bütöv Azərbaycan xalqının həyatından, onun mübarizə və döyüşlərdə keçən tarixi keçmişindən götürmüşdür. Maraqlı cəhət odur ki, təsvir etdiyi hadisələri ümumbəşəri səviyyəyə qaldırır, hamını düşünməyə, həyat hadisələrindən düzgün nəticə çıxarmağa təhrik edir. Ona görə ki, müasirlik, tarixiliknovatorluq onun yaradıcılığının əsas məziyyətlərindən biridir. İlyas Əfəndiyev nədən və kimdən yazırdısa, onun təsvir etdiyi qəhrəman oxucunun müasirinə çevrilir. Bu da yazıçının dilinin səlis, gözəl, maraqlı, oxunaqlı və təbiiliyində idi. İlyas Əfəndiyevin əsərləri mövzusundan asılı olmayaraq, heç kəsi yormur, əksinə, oxucu hadisələrin axarına düşüb, canlı iştirakçıya çevrilir.

Bahar suları” pyesində sevdiyi qəhrəmanı Uğurun dilindən söylədiyi “Mən dövlət ona deyirəm ki, qızıl zəmilər dərya kimi dalğa vurub həyatı öz ağuşuna alsın” fikirləri yazıçının uzaqgörənliyindən xəbər verir. Yaratdığı surətlərlə hadisələri qabaqlayan ədib Azərbaycanın bugününü görür, dövlətimizin yüksək səviyyədə inkişafına inanırdı. İnanırdı ki, “Azərbaycan dünyaya bir günəş kimi doğacaqdır”.

İlyas Əfəndiyevin milli mənəviyyat xəzinəmizi zənginləşdirən irsi zaman ötdükcə öz dərin mündəricəsi, ədəbi-estetik təsir qüvvəsi və təravəti ilə nəsilləri daim xoşbəxt həyat uğrunda mübarizəyə ruhlandıracaqdır.

 

Qənirə ƏMİRCANOVA,

pedaqogika üzrə fəlsəfə doktoru,

əməkdar müəllim.

 Respublika.-2014.- 3 oktyabr.- S.13.