LƏNKƏRANDA BEYNƏLXALQ AHILLAR GÜNÜ QEYD OLUNMUŞDUR

 

Lənkəranda yaşlı nəslə mənsub insanlara həssas, qayğılı münasibət mövcuddur. Rayonda 146 nəfər ahıl, kimsəsiz və əlil yaşayır. Onlar dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunublar. Ahılların əksəriyyəti ailələrdə yaşayır. Tənha və köməyə ehtiyacı olanlara Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri sosial xidmət göstərir.

Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Lənkəran şəhərinin “Veteranlar klubunda bayram tədbiri keçirilmişdir. Kluba rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, ahıl, tənha və kimsəsiz insanlar toplaşmışdılar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirdə çıxış edərək ölkəmizdə ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini diqqətə çatdırmış və bayram münasibətilə ahıllara ən xoş, səmimi arzularını söyləmişdir.

İcra başçısı 1992-ci ildə BMT-nın Baş Məclisi tərəfindən ahılların müdafiəsi ilə bağlı qətnamənin qəbul olunduğunu və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-də bütün dünyada Beynəlxalq Ahıllar Gününün qeyd edildiyini bildirmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı göstərmişdir. Azərbaycanda Ahıllar Günü 1993-cü ildən qeyd olunur. 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul edilmişdir. Qanuna əsasən 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

İcra başçısı qeyd etmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə yaşlı nəslin problemlərinin həlli sahəsində uğurlu layihələr həyata keçirilir. Lənkəranda da ahıllar Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Rayonda onların sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Onların problemlərilə dövlət orqanları ilə yanaşı, ictimai birlik və cəmiyyətlər də məşğul olurlar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsi, rayon ağsaqqallarveteranlar şuraları bu sahədə daha çox fərqlənirlər.

Rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, şuranın sədr müavini Sərhad Məmmədov, rayon Veteranlar Şurasının sədri Musarza Əzimov, Milli Qəhrəman Əsgər Əliyevin atası Ələkbər Əliyev, rayon ictimaiyyətinin nümayəndələri bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmış, göstərilən qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən ahılların bir qrupuna Lənkəran Şəhər İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.

Qızıl Aypara Cəmiyyətinin rayon bölməsi Böyük Vətən Müharibəsi iştirakçısı Məmmədqasım Əkbərova əlil arabası, Lənkəran Rayon Sosial Müdafiə Mərkəzi isə 65 nəfərə ərzaq yardımı vermişdir.

Şirniyyat stolu arxasında keçirilən tədbirdə rayon mədəniyyət şöbəsinin özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış etmişlər.

 

Əlisəfa HƏsƏnov,

Respublika.-2014.- 3 oktyabr.- S.14.