Coğrafiyaşünaslıqda elmi məktəb yaratmış alim

 

Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən irfan sahibləri daim yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, dövlətin mütərəqqi yolla inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin—həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilir.

Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı “sürət əsrində” saf həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yerirolu daha qabarıq görünür. Xalqımız belə ləyaqətli ziyalıları, elm xadimləri ilə daim qürur duymuş, onları özünün milli sərvəti kimi zamanın amansız təlatümlərindən, sərt fırtınalarından qorumağa çalışmışdır. Qarşıya qoyduqları ülvi məqsədlərlə tamamilə təmənnasız olan belə dəyərli insanlar xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, müdrik əməllərində təcəssüm etdirmişlər.

Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə hələ sağlığında müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biricoğrafiya elmləri doktoru, professor Şahvələd Xəlilov olmuşdur. Haqq dünyasına qovuşan alimin ömür yoluna nəzər saldıqda aydın görünür ki, onun istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngindir. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq, elm kahkəşanında sahib olduğu zirvəyə uzun illərin gərgin zəhməti, yuxusuz gecələri, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişmiş, ömrünün 40 ildən çoxunu peşəkar elmi fəaliyyətə həsr etmiş Şahvələd Xəlilov Azərbaycanın coğrafiyaşünaslığında özünəməxsus məktəb yaratmışdır.

Əsl elm xadimi bütün ruhu ilə yaradıcı şəxsiyyət olduğu üçün daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu hədəflərə yetişmək üçün hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti həyat amalından, daxili aləmindən qaynaqlanaraq onu ədəbi həm də əbədi bir məsuliyyətə məhkum edir. Ziyalı insan isə xalqın içindən çıxaraq onun mövcudluğunu, özünəməxsusluğunu şərtləndirən bütün mənəvi-əxlaqi dəyərləri, müsbət keyfiyyətləri qoruyub saxlayan, gələcək nəsillərə çatdırmağa çalışan şəxsiyyətdir. Mübaliğəsiz demək olar ki, professor Şahvələd Xəlilov da onu yaxından tanıyanların nəzərində məhz belə bir ucalığa qovuşmuşdur.

Elmdə yüksək pillələrə çatmaq əslində hər bir tədqiqatçı-alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad, qabiliyyət və zəhmətsevərlik tələb edir. Professor Şahvələd Xəlilov bu və digər keyfiyyətləri ilə yanaşı, həm də yüksək mənəviyyatı, xeyirxahlığı, təmənnasızlığı ilə seçilmiş, başqalarına yaxşılıq etmək niyyəti ilə yaşamışdır.

Qəlbinin odunu və hərarətini, mənalı ömrünün ən qaynar illərini gənc tədqiqatçılar nəslinin yetişdirilməsinə həsr etmiş Şahvələd müəllim çox sayda fundamental əsər, proqram və dərsliklər yazmış, sağlığında özü üçün böyük mənəvi abidə ucaltmışdır.

Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır. Professor Şahvələd Xəlilov 1939-cu il oktyabrın 7-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndində zəhmətkeş ailəsində dünyaya göz açmışdır. Orta məktəb illərində təhsilə olan böyük marağı, nizam-intizamı, yüksək mənəvi keyfiyyətləri ilə müəllimlərinin sevimli şagirdinə çevrilmişdir. Orta məktəbi əla qiymətlərlə bitirib Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olunmuş, 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildən AMEA Coğrafiya İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini, laboratoriya müdiri, Elmlər Akademiyasının partiya komitəsinin katibi, BDU-nun humanitar məsələlər üzrə prorektoru vəzifələrində çalışmışdır. 60-cı illərdə işlədiyi AMEA Coğrafiya İnstitutunda Həsən Əlirza oğlu Əliyev kimi müdrik, qayğıkeş, sözün əsl mənasında, ziyalı bir şəxsiyyətlə rastlaşan Şahvələd Xəlilov əmək fəaliyyətindən cilalanmağı, elm fədaisi olmağı öyrənmişdir.

Ötən əsrin 70-80-ci illərinin televiziya tamaşaçıları onu yaxşı xatırlayırlar. Parlaq və aydın diksiyası, romantik, qəlbəyatımlı səsi, məzmunlu və rəvan nitqi, yaraşıqlı efir görünüşü ilə tamaşaçılar onun “Səyahət” verilişini hər dəfə böyük səbirsizliklə izləyirdilər. Böyük alimin qismətinə həm də vətənimizin füsunkar təbiəti, dünya ölkələrinin maraqlı coğrafi məkanları haqqında görüntülü informasiyalar vermək missiyası düşmüşdü. 30 ilə yaxın bir müddətdə müəllif kimi bu məsuliyyətli işin öhdəsindən bacarıqla gəlmiş və onu tanıyanların yaddaşında silinməz izlər buraxmışdır.

Görkəmli alimin tədqiqatları bugünün özündə də coğrafiyaşünas alimlərin istinad yeridir. Şahvələd Xəlilov Azərbaycanın su anbarları və göllərinin hidrooloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillərinin dinamikası, su təsərrüfatı tədbirlərinin, su anbarlarının ətraf mühitə təsiri, onların mühafizəsi, yeni su anbarlarının yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsipləri üzrə mühüm elmipraktiki əhəmiyyətli problemlərin tədqiqi ilə məşğul olmuş, bir sıra sanballı nəticələr əldə etmişdir. O, Azərbaycan coğrafiyaşünasları arasında ilk dəfə olaraq yeni su anbarlarının səmərəli yetişdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırlamış, mövcud su anbarlarının ətraf mühitə təsiri, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyiniproqnozunu vermiş, Mingəçevir su anbarı sahillərinin dinaimkası ilə istismar müddəti arasında sıx korrelyasiya əlaqəsi olduğunu müəyyən etmişdir. 1995 və 1997-ci illərdə əldə etdiyi mühüm elmi nəticələri Milli Elmlər Akademiyasının Rəyasət Heyətində coğrafiya elminin ən mühüm nəticələri kimi qəbul edilmişdir.

Xarici ölkələrdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və dəyəri, ilk növbədə, onlara istinadlar əsasında müəyyənləşir. Yəni aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən elmi əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan bir çox dünya ölkələrinin alimləri üçün maraqlı istinad mənbəyinə çevrilir. O, bir çox beynəlxalq və ümumittifaq simpozium və müşavirələrdə coğrafiya elmini ləyaqətlə təmsil etmiş, 10-dan artıq əsəri respublikamızdan kənarda (London, Moskva, Sankt-Peterburq, Novosibirsk, Minsks.) çap edilmişdir. Alimin “Azərbaycan SSR-in böyük su anbarları sahillərinin dinamikası”, “Azərbaycan su anbarlarının mühafizəsi və səmərəli istifadəsinin əsas ekoloji coğrafi problemləri”, “Kür-Araz ovalığı göllərinin hidroloji rejiminin dəyişməsi və müasir ekoloji vəziyyəti”, “Azərbaycan SSR-də böyük su anbarlarının ətraf mühitə təsiri haqqında” və digər əsərləri onu nəinki respublikamızda, Azərbaycanın hüdudlarından kənarda da məşhurlaşdırmışdır.

Əsl elm sahibinin əldə etdiyi nəticələr heç zaman kağız üzərində nəzəriyyə kimi qalmır, praktik əhəmiyyəti ilə seçilir, cəmiyyətə fayda verir. Bakı Hidrolayihə İnstitutu Şahvələd Xəlilovun su anbarlarının lillənməsi, sahillərinin dinamikası və ətraf mühitə təsiri üzrə elmi nəticələrindən Azərbaycan DRES-in baş sugötürücü qurğusununonun tunelinin (1974), Xudafərin və Qız qalası su anbarlarının (1979), Mingəçevir su anbarının yenidən qurulması və HAES tikintisi layihələrinin hazırlanmasında (1982), İsmayıllı rayonunda Girdman və Əyriçay üzərində su anbarlarının layihələndirilməsində istifadə etmişdir.

Amansız xəstəlik Şahvələd Xəlilovu sıralarımızdan 68 yaşında aparsa da, bu gün yaxın dostları, həmkarları, nüfuzlu alimlər onu məmnunluqla xatırlayır, yüksək insani keyfiyyətlərindən, alimlik istedadından söz açırlar. AMEA-nın prezidenti akademik Akif Əlizadə: “Şahvələd Xəlilov Azərbaycanın coğrafiya elmində özünəməxsus elmi məktəb yaratmış alimlərdəndir. O, yaratdığı elmi məktəblə hər zaman elmi ictimaiyyətin qəlbində yaşayır və yaşayacaq”.

Mərhum akademik Budaq Budaqov da telekanalların birinə verdiyi müsahibəsində Şahvələd Xəlilovun yüksək mənəvi keyfiyyətlərindən söz açırdı: “Şahvələd müəllim istedadlı alim olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik bir insan idi. Onu milli- mənəvi dəyərlərə bağlı, nəcib və səmimi bir insan kimi tanıyır və hörmət bəsləyirdik”.

Hər bir alimin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdirmək əzmində ifadə olunur. Coğrafiyaşünas elmi kadrların hazırlığında müstəsna xidmətləri olan professor Şahvələd Xəlilovun ürəyinin odundan, gözünün nurundan, yüksək intellektindən indiyədək 10-dək tədqiqatçıya pay düşmüşdür. Onun rəhbərliyi altında aparılmış tədqiqatların xarakterik cəhətlərindən birionlarda problem müxtəlifliyinin olması, rəhbərin özünün tədqiqat obyekti ilə məhdudlaşmamasıdır. Aktuallığı, miqyası ilə seçilən bu tədqiqatlardan əldə olunan nəticələr və elmi yeniliklər çağdaş coğrafiyaşünaslığın inkişafı baxımından da mühüm əhəmiyyət daşımışdır.

Vaxtilə Şeyx Məhəmməd Xiyabani yazmışdı ki, “ictimai həyata laqeydlik ölümə bərabərdir”. Əsl ziyalı üçün vacib keyfiyyətlərindən birionun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanını seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi Şahvələd müəllimi yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymurdu. Əsl ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd olmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünürdü. Siyasi baxışlarında hər zaman sabitprinsipial olan Şahvələd Xəlilov ümummilli lider Heydər Əliyevin siyasi kursunu dönmədən müdafiə edirdi. Bu mənada, görkəmli alimi xarakterizə edən cəhətlər təkcə onun elmi yaradıcılığı yox, həm də prinsipiallığı, yüksək idarəçilik qabiliyyəti, zamanın nəbzini tutmaq bacarığı, təşkilatçılığı, ən əsası vətəndaş mövqeyi idi.

Aramızda olmasa da, onun yaratdığı elmi məktəb, qələmə aldığı əsərlər gənc alim və tədqiqatçıların elm yolunda bir növ mayaka çevrilmişdir. Ömrünü milli elmin inkişafına həsr etmiş görkəmli alim, nəcib insan Şahvələd Xəlilov onu tanıyanların qəlbində yaşayır və daim yaşayacaqdır.

 

Vasim MƏmmƏdƏliyev,

akademik.

Mirvari RƏhimzadƏ,

jurnalist-publisist.

 Respublika.-2014.- 4 oktyabr.- S.8.