Qazanılan uğurlar müəllim əməyinin bəhrəsidir

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri olan təhsilimizi yeniləşdirmək, müasirləşdirmək, dünya təhsil məkanına inteqrasiya etmək üçün mühüm addımlar atılması bu ilin leytmotivi olmuşdur. Respublikamızın təhsil sahəsində çalışan bütün işçiləri kimi Şəkinin də təhsil işçiləri 2013-2014-cü dərs ilində bir sıra uğurlar qazanmışlar.

2013-2014-cü dərs ilində Şəkidə 98 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir ki, bunlardan 72-si tam orta, 22-si ümumi orta, 4-ü ibtidai məktəbdir. Bu məktəblərdə 22911 nəfər şagird təhsilə cəlb edilmişdir.

Məlumdur ki, orta ümumtəhsil yeganə təhsil pilləsidir ki, bütün insanlar buradan keçməli olur, gələcək həyatını və fəaliyyətini bu təhsil vasitəsilə müəyyənləşdirir.

Adətən təhsil sahəsində aparılan işlərin son nəticəsi üç meyar üzrə birləşdirilərək qiymətləndirilir. İstedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə stimul verən fənn olimpiadalarının yekunu, şagirdlərin baza təhsili üzrə yekun attestasiyaların, buraxılış imtahanlarının nəticələri və məzunların sonrakı təhsili, ali məktəblərə qəbulu.

Hər üç sahə üzrə nəticələrimiz əvvəlki illərlə müqayisədə olduqca ürəkaçandır. Belə ki, fənn olimpiadalarının və müsabiqələrin rayon turunun nəticələrinə görə 7 fənn və müxtəlif nominasiyalar üzrə birinci yer tutmuş 65 nəfər şagird respublika, beynəlxalq olimpiada və müsabiqələrdə iştirak etmiş, onlardan 37 nəfəri qalib olmuşdur. Bu isə yaxın 3 il bundan qabaqkı nəticədən 4 dəfə çoxdur.

İNEPOAvrasiya” ətraf mühitin mühafizəsi VIII Beynəlxalq layihə olimpiadasında 45 ölkədən təqdim olunmuş 700 layihədən yalnız 78-i finala qala bilmişdir ki, onlardan 4-ü Şəki məktəblilərinin layihəsi olmuşdur. Möhtəşəm təqdimat mərasimində 4 layihənin dördünün də münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilməsi, 45 ölkə arasında, gümüş medal və 3 sertifikatın Şəkiyə gətirilməsi təhsilimizin uğurudur.

İl ərzində idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda Şəki məktəbliləri uğurla çıxış etmişlər.

Bu il həm də Azərbaycanın XX əsrdə dövlət müstəqilliyinin bərpa edilməsinin xalqımızın böyük nailiyyətinin- Müasir Azərbaycan tarixinin şagirdlərə öyrədilməsi sahəsində görülmüş işlər böyük əhəmiyyət kəsb edir. Belə ki, 2014-cü ilin fevral-may aylarında ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdən sonrakı məşğələlər kimi Müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə dərslər böyük müvəffəqiyyətlə keçmişdir.

Elmi-metodiki hazırlığı ilə fərqlənən 11 nəfər tarix müəllimi seçilmiş, keçirilən seminarda dərslərin təşkilinin məqsəd və mahiyyəti, Təhsil Nazirliyi tərəfindən göndərilmiş tövsiyə və tezislər onlara izah olunmuşdur.

Müəllimlərimizdən Bəşarət Yusifovun, Anar Məmmədovun, Cəsarət Abdullayevin, Nəzakət Hüseynovanın, Rəhman Yusifovun, Pənah Alxasovun keçdiyi dərslər məlumatlılıq səviyyəsinə, şagirdlərlə canlı ünsiyyətdə olmasına, diaqnostik araşdırmaların aparılması nəticəsində şagirdlərin kifayət qədər məlumatlı olmadığı sahələr üzrə daha çox diqqət yetirilməsinə, mövzuların tədrisində texniki təlim vasitələrindən bacarıqla istifadə edilməsinə görə xüsusilə fərqlənmişdir.

Məlum olduğu kimi, təhsil nazirinin əmri ilə respublikanın bir sıra ümumtəhsil məktəblərində, o cümlədən Şəki şəhər 19 N-li tam orta məktəbdə xüsusi istedadı olan şagirdlər müsabiqə yolu ilə seçilmişonlar üçün xüsusi sinif açılmışdır. Bu dərs ilində həmin məktəbdə fəaliyyət göstərən VI-VII “İstedad” sinfində Azərbaycan diliriyaziyyatdan şagirdlərin bilikləri müxtəlif kriteriyalar üzrə yoxlanılmış, nəticələr sevindirici olmuşdur.

Dərs ilinin yekunlarına görə, 1682 nəfər attestat, 2109 nəfər əsas təhsil haqqında şəhadətnamə almışdır.

Attestatlarda 11 fənn üzrə yekun qiymətləndirmənin TQDK tərəfindən aparıldığını nəzərə alsaq məzunlardan 145 nəfərinin attestat qiymətlərinin tam 5 olması fərəh doğurmaya bilməz. Qeyd edim ki, bu məzunların sayı keçən il 135 nəfər idi. 601 nəfər məzunumuzun isə attestat qiymətləri tam 4 və 5-dir. Halbuki, XI sinif məzunlarının sayı keçən ilki məzunlarımızdan 300 nəfərə yaxın azdır.

Şəki təhsilinin tarixində ilk dəfə olaraq 19 nəfər XI sinif məzunu ciddi kriteriyalar əsas götürülməklə qızıl medalla təltif olunmuşlar ki, bu şagirdlərin sayı keçən il 11 nəfər, ondan qabaqkı il isə 2 nəfər idi. İlk dəfə olaraq 196 nərəf IX sinif şagirdi fərqlənmə şəhadətnaməsi almışdır ki, bu da respublika üzrə rekord nəticə sayılır.

Qeyd etmək yerinə düşər ki, bu günlərdə Təhsil Nazirliyində keçirilən ilin yekunlarına həsr olunmuş müşavirədə ümumi yekunlara görə Şəki təhsilinin işinə yüksək qiymət verilmişdir.

Buraxılış imtahanlarının yekunlarına görə, 42 məktəbin nəticələri 70 faizdən, 25 məktəbin nəticələri 80 faizdən yuxarıdır. Əla qiymətlə attestat alan şagidlərin hamısı yüksək balla ali məktəblərə qəbul olunmuşlar. Deməli, məktəbdə onlara verilmiş qiymətlər özünü doğrultmuşdur. Ümumiyyətlə əla qiymətlə attestat alan şagirdlər 57 məktəbin məzunlarıdır.

Orta məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin əsas göstəricilərdən biriali məktəblərə qəbulda məzunların əldə etdiyi nəticələrdir. Fərəhli haldır ki, Şəkidə bir neçə ildir ki, TQDK-nın bütün qrupları üzrə qəbul imtahanları keçirilir. Respublika ictimaiyyətinin böyük maraqla izlədiyi qəbul imtahanları və abituriyentlərin ali məktəblərə yerləşməsi prosesi artıq başa çatmışdır.

2014-cü ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1682 məzundan 1130 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 612 nəfəri artıq tələbə adını qazanmışdır.Bu məzunlardan 135 nəfəri 500 baldan yuxarı, 40 nəfəri 600 baldan yuxarı nəticə göstərənlərdir. Məzunlarımızın ən çox seçdikləri ali məktəblər Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası və sair nüfuzlu ali məktəblərdir.

Məzunlarla aparılan peşəyönümü işinin, məntiqi nəticəsi kimi məzunlardan xeyli hissəsi böyük həvəslə hərbi peşələri və aqrar sahədəki ehtiyac nəzərə alınaraq Azərbaycan Aqrar Universitetini seçmişlər.

600-dən yuxarı bal toplayanlar Şəkinin 16 məktəbinin, 500 baldan yuxarı nəticə göstərənlər 33 məktəbin məzunlarıdır.

Bu dərs ili şagirdlərimizin həyatında daha bir yadda qalan hadisə ilə zəngin olmuşdur. Gəncliyə daim qayğı ilə yanaşan Prezidentimizin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində VIII-X sinif şagirdləri respublikamızın müxtəlif guşələri ilə tanış olmaq üçün ekskursiyalara çıxmışlar. Uşaqların həyatında yadda qalan bu gəzintiyə Şəkidən də 40 nəfər məktəbli qoşulmuş, Quba - Qusar, Xaçmazda 3 günlük gəzinti ilə yanaşı mənalı istirahət etmişlər. Yenə bu il respublika Prezidentinin sərəncamı ilə yaranmış “Bilik fondu” respublikanın ayrı-ayrı məktəbləri ilə tanış olmaq, nailiyyətləri artırmaq üçün qarşılıqlı bölüşmə və qardaşlaşma proseslərini həyata keçirmək üçün ilk addımlarını artır.

“İstedadlı gənc müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi və stimullaşdırılması tədbirləri haqqında” Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1436 N-li əmrinin icrası ilə bağlı ümumtəhsil məktəbləri üzrə yaşı 35-dək olan gənc müəllimlərin müəyyən olunmuş forma üzrə “Məlumat bankı” yaradılmışdır. Gənc müəllimlərin fənlər üzrə birlikləri yaradılmış, onlarla müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılmışdır.İstedadlı gənc müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülür, açıq dərslər, seminarlar keçirilir, təcrübə mübadilələri aparılır. Artıq rayonumuzun müəllimləri Respublika və Beynəlxalq səviyyəli treninq və yığıncaqlarda iştirak edirlər. Bu il Elektron məktəb layihəsində müxtəlif nominasiyalar üzrə 4 nəfər müəllim Respublika üzrə I-III yerləri tutmuşlar SMART — texnologiyalar şirkətinin Təhcil Problemləri İnstitutu ilə birgə layihəsində iştirak edən 40 nəfər müəllim sertifikat almışdır ki, bu da iştirakçıların sayına görə Iyer hesab edilmişdir.

Müasir həyatımızın bütün sahələrinin getdikcə informasiyalaşması elə bir vəziyyət yaratmışdır ki, informasiyaları yaradanlar deyil, bu informasiyalardan çevik istifadə edənlər daha çox inkişaf edirlər. İKT sahəsində savadlılığın dövlətə verdiyi fayda istənilən sənaye yeniliyinin səmərəsindən bir neçə dəfə çoxdur.

2014-cü ildə məktəblərimizdə V-XI siniflərdə 20 şagirdə 1 kompyuter nisbəti təmin edilmişdir. 5 məktəbdə linqofon kabinetləri quraşdırılmışdır. Aparıcı fənlər üzrə elektron təlim materialları məktəblərə çatdırılmışdır. Rayonda 35 məktəb internet xəttinə qoşulmuş, 22 məktəbə internet xətləri çəkilmişdir. Qeyd edim ki, məktəblərin internetlə normal təmin edilməsində problemlər mövcuddur. Əlbəttə məktəblərimizdə kompyuterlərin sayının artırılmasına, noutbukproyektorlara ehtiyac var. Bunu nəzərə alaraq bu il 150 kompyuter dəsti, 100 DVD, 20 televizor, 30 proyektor dövlət vəsaiti hesabına alınaraq məktəblərə təhvil verilmişdir. Ancaq onu da qeyd etməyə bilmərəm ki, məktəblərə kompyuterlərin verilməsi və internetə qoşulmasının təmin edilməsi işin yalnız bir tərəfidir. Biz təhsil işçilərinin qarşısında duran əsas məsələ şagirdlərin və müəllimlərin bu vasitələrdən səmərəli istifadə etməsinə nail olmaqdır.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yanvarın 1-dən fəaliyyətə başlayacaq Regional Təhsil İdarələri ümumi təhsilin idarə edilməsinin optimallaşdırılması yönümündə, nəticə etibarı ilə müasir idarəetmə ,hesabatlılıq, məsuliyyətin bölüşdürülməsinə, sağlam təhsil mühitinin yaradılmasına, təhsilalanların və təhsilverənlərin mənafelərinin təmin edilməsinə xidmət edəcəkdir. Bu yönümdə Şəkinin təhsil işçiləri də əllərindən gələni əsirgəməyəcəklər.

Xalqımızın ümummilli lideri Heydər Əliyev haqlı olaraq həmişə təhsili millətin gələcəyi hesab edirdi. Deməli, biz müəllimlər nəinki bu günümüz, həmçinin millətimizin parlaq gələcəyi üçün çalışırıq. Günbəgün çiçəklənən Vətənimizin təhsil işçilərinə bu nəcib işdə yeni-yeni uğurlar arzulayır və onlara “Müəllim günü” münasibətilə xoş arzularımı bildirirəm.

 

Südabər İSMAYILOVA,

Şəki Rayon Təhsil Şöbəsinin müdiri.

Respublika.-2014.- 4 oktyabr.- S.9.