Azərbaycanda dünya
standartlarına uyğun yol-nəqliyyat kompleksi qurulur
Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı nəqliyyat sektorunda işlər vaxtında, yüksək keyfiyyətlə
aparılır
Milli mənafeləri nəzərə almaqla düzgün, beynəlxalq siyasi-iqtisadi təhlil, əlaqə və əməkdaşlığı genişləndirən, ölkənin geosiyasi mövqelərindən istifadə edərək onu möhkəmləndirən, siyasi, iqtisadi, sosial layihələri elmi-təcrübi əsaslandırmaqla həyata keçirən dövlət, təbii ki, davamlı və sabit inkişafa nail ola bilər. Azərbaycanda sürətlə gedən inkişaf bu istiqamətdədir. Beynəlxalq təcrübə göstərir ki, yalnız neft sektoru ilə bağlı olan bir dövlətdə iqtisadiyyat birtərəfli olur və daim böhranla qarşılaşmaq təhlükəsində qalır. Ona görə də Azərbaycan rəhbərliyi ilk gündən neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməklə, iqtisadiyyatda inkişafın çoxşaxəliliyinə nail olmağa çalışıb.
Bir sözlə, Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası respublikanın geosiyasi maraqlarına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin yaradılmasına və möhkəmləndirilməsinə xidmət etməkdədir. Nəqliyyat sektoru bu iki sektordan nə qədər asılıdırsa, həmin sektorlar da o qədər də nəqliyyat sektorundan asılıdır. Müasir tələblərə cavab verə biləcək nəqliyyat infrastrukturu olmayan hər hansı bir ölkənin iqtisadi inkişafından danışmaq qeyri-mümkündür. Ona görə də son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu mühüm sahəyə xüsusi diqqət göstərilir. İqtisadiyyatın bütün sahələri ilə yanaşı, nəqliyyat sektorunun inkişafına da böyük investisiyalar qoyulmuşdur. Cənab Prezident İlham Əliyev bu barədə danışarkən qeyd etmişdir: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır. Bu işlər bundan sonra daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcəkdir”.
Hazırda dövlət başçısının şəxsi nəzarəti ilə icra olunan layihələr davamlı surətdə həyata keçirilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələri uğurla reallaşdırılır. Ən yaxın zamanda Azərbaycan nəinki bölgədə, həm də bütün dünyada mühüm nəqliyyat dəhlizi kimi mövqe qazanıb. Lakin müasir qloballaşma dövrü daim irəli getməyi, elmi və texnoloji tərəqqiyə nail olmaqla dayanıqlı, sabit inkişaf etməyi və gələcək iqtisadi-siyasi prosesləri görərək gərgin çalışmağı tələb edir. Ölkəmiz də məhz bu yolla gedir. Ölkəmiz sürətli inkişaf etdikcə, beynəlxalq əlaqələri genişləndikcə, nəqliyyatın bütün növlərinin – dəmir yolu, hava, su və avtomobil yollarının müasir dünya standartları səviyyəsində olmasını labüd edir. Bu gün Azərbaycanın nəqliyyat-yol kompleksinin inkişaf etdirilərək müasirləşdirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı işlər görülüb, ölkəmizdə dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat sistemi formalaşdırılıb. Ölkəmizi bütövlükdə nəqliyyat, logistika mərkəzinə çevirmək üçün çox böyük işlər görülüb.
Son illər respublikamızın istər regionlarında, istərsə də paytaxt Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının gücləndirilməsi üçün bir sıra silsilə və kompleks tədbirlər həyata keçirilir. Onların arasında çoxsaylı yol ötürücülərini, körpüləri, tunel və yeraltı və yerüstü piyada keçidlərini göstərmək olar. Bütün bunlar “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq yaradılır. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə, vaxtında istismara verilir. Ölkə başçısı istismara verilən qurğuların həm tikintisində, həm də açılışlarında şəxsən iştirak edir, tövsiyə və tapşırıqlarını verir. Sentyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində (Xutor dairəsi) inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib. Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər tunellərdən 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətində maneəsiz hərəkət edə biləcək. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətdə Ziya Bünyadov prospektinə çıxışını da təmin edir. Layihəyə əsasən qovşaqda yan və tunelüstü yollar da inşa olunub. Müasir tələblər səviyyəsində inşa edilən bu nəhəng yol qurğusunun tikintisi nəqliyyatın sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan böyük işlərin davamlı və ardıcıl xarakter aldığını təsdiq edir.
Bu gün ölkə nəqliyyatının təkmilləşdirilməsi yönündə görülən ən böyük işlərdən biri də Bakı Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsidir. Bildiyimiz kimi, keçən əsrin 30-cu illərində tikilən liman günün tələblərinə cavab vermirdi. Dünyanın ən dinamik və sürətli inkişafına malik olan Azərbaycanda yeni böyük və çoxfunksiyalı dəniz limanının tikintisinə ehtiyac duyulurdu. Bununla bağlı ölkə başçısı 2007-ci ildə müvafiq sərəncam imzaladı və limanın Baş planı və layihəsi hazırlandı. 2010-cu il noyabrın 3-də ölkə Prezidenti yeni limanın təməlini qoydu. Layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, avtomobil və dəmir yolları və digər infrastruktur obyektlərin tikintisinə başlanıldı. Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı oldu və açılışda çıxış edən Prezident qeyd etdi ki, bu gün böyük limanın birinci mərhələsinin birinci hissəsi istifadəyə verilir və birinci mərhələ gələn il tam başa çatacaq. Bu limanın yükdaşıma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Yəni Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Limanın ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını “EVRASKON” şirkəti reallaşdırıb. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidmət körpüsü inşa edilib.
Bu ilin göstəricilərinə görə tranzit yüklərin həcmi xeyli artıb. Azərbaycanın əlverişli coğrafi vəziyyəti imkan verir ki, gələcəkdə tranzit imkanları daha da genişlənsin. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə də Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə birlikdə reallaşır. Bu layihə fəaliyyətə başlayandan sonra ən azı əlavə 10 milyon ton yük bizim ərazimizdən keçəcəkdir. Bu dəmir yolu ilə sonrakı illərdə 20 milyon ton yük daşınacaq.
Respublikamızda avtomobil yollarının tikintisi də uğurla aparılır. Bakı-Gürcüstan sərhədi avtomobil yolu istifadəyə verilib. Bakı-Rusiya sərhəd avtomobil yolunun böyük hissəsi tikilib. Bakı-İran sərhəd avtomobil yolunun tikintisi davam edir. Yeni avtomobil yolları, dəmir yollarının reabilitasiyası, tikintisi, dəniz nəqliyyatı, gəmiqayırma zavodu, ticarət limanı, hava nəqdiyyatı inkişaf edir. Azərbaycanda son illər yeddi aeroport tikilmişdir ki, onlardan da beşi beynəlxalq aeroportdur və bu aeroportlardan ölkə əhalisi tam istifadə edərək başqa ölkələrə uçurlar. Bir sözlə, Azərbaycan regionda istər hava, istərsə də başqa nəqliyyat növləri üzrə regionda lider mövqedədir.
Azərbaycanda son zamanlar sosial-iqtisadi sahədə qazanılan uğurlar ölkəmizin idman sahəsində inkişafına da böyük təkan vermişdir. Dövlətimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının sayəsində böyük idmançı ordusu və mütəxəssis qrupu yetişdirilmiş, güclü maddi-texniki baza yaradılmış, 50-yə yaxın Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilmişdir. Hazırda Gimnastika Kompleksini, Su İdman Sarayını, Olimpiya Stadionunu, Stend Atıcılığı üzrə İdman Kompleksini və digərlərində işlər uğurla davam edir. Hər gün bizi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yaxınlaşdırır, xalqımız bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir. Burada hazırlıq işləri yüksək keyfiyyət və sürətlə, vaxtında aparılır. Bütün görülən işlərin gedişi ilə yaxından tanış olmaq üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” ilk Avropa oyunlarının təkilat komitəsinin sədri Mehriban xanım Əliyeva ölkəmizdə keçiriləcək bu mötəbər tədbirə hazırlıqla əlaqədar avqustun 28-də inşası davam etdirilən idman obyektlərində, həmçinin sentyabrın 10-da Bakı Olimpiya Stadionunda olmuşdur. Təşkilat Komitəsinin sədrinə məlumat verilmişdir ki, inşaat işləri sürətlə aparılır və tikinti vaxtında, cədvəl üzrə başa çatdırılacaqdır. Təşkilat Komitəsinin sədri öz çıxışlarında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayaraq demişdir: “Bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların keçirilməsi bir ənənə halını almışdır. Azərbaycanda müntəzəm olaraq Avropa və dünya çempionatları keçirilir. Azərbaycanda keçiriləcək Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır”. Millət vəkili Mehriban Əliyevanın bütün sahələrdə, o cümlədən Olimpiya sahəsində apardığı uğurlu işlər beynəlxalq arenada yüksək dəyərləndirilir. Təsadüfi deyildir ki, bu il iyunun 16-da Afinada Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Beynəlxalq Olimpiya Akademiyasının “Olimpiya mükəmməlliyi” mükafatına layiq görülmüşdür.
Bu gün Azərbaycan nəqliyyatının ən böyük sahələrindən biri dəmir yolu sektorudur. Ölkəmizdə bu sektorun sürətli inkişafını təmin etmək məqsədilə son illər böyük infrastruktur layihələri həyata keçirilir. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Dövlət Proqramında ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkə dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azaldılması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycan tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və s. nəzərdə tutulur. “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla bərabər, onların vaxtında həyata keçirilməsini təmin edir. Bu yöndə, XXI əsrin əsas böyük infrastruktur tikintilərindən olan və təkcə üç ölkəni deyil, həmçinin onlarca ölkələr arasında körpü rolunu oynayacaq Qədim İpək Yolunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Qeyd edək ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir. 2015-ci ildən isə dəmir yolunun tam istismara verilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: “Biz böyük infrastruktur layihələri icra edirik. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam edir. Bu layihə qitələri birləşdirən layihə olacaqdır. Avropanı Asiya ilə birləşdirən layihə olacaqdır. Ötən ay avqustun 13-də Bakıda BTQ dəmir yolu layihəsinin Əlaqələndirmə Şurasının 20-ci iclası keçirilmişdir. İclasda beynəlxalq əhəmiyyətli bu layihənin tikintisi ilə bağlı mövcud vəziyyət ətraflı müzakirə edilmişdir. Nəqliyyat naziri Ziya Məmmədov qeyd etmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində nəzərdə tutulan bütün işlər uğurla reallaşdırılır. Hazırda reyslərin düzülməsi üçün işlər aparılır. Bu ayın axırına dəmir yolunun Gürcüstan hissəsində Türkiyə sərhədinədək çəkilməli olan 20 kilometrdən bir qədər çox olan məsafədə tikinti tamamlanacaqdır, ilin sonunadək Axalkalaki stansiyasında aparılan işlər də başa çatacaqdır. Ümumiyyətlə, BTQ dəmir yolu gələn il istismara tam hazır olacaqdır.
İctimai nəqliyyat növü olan Bakı Metropoliteninin inkişafı dövlətimizin, onun rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Dünyada ilk metronun inşa edilməsindən 150 ildən artıq bir vaxt keçir. İlk dəfə İngiltərənin paytaxtı Londonda istifadəyə verilmiş və bu rahat, təhlükəsiz nəqliyyat vasitəsi hazırda dünyanın əksər ölkələrində fəaliyyət göstərir. Cənubi Qafqazın iri sənaye, elm və mədəniyyət mərkəzi sayılan Bakıda sürətli və rahat nəqliyyat növünün—metropolitenin inşası ideyası ötən əsrin 30-cu illərində irəli sürülsə də, bu ideyanın reallaşması ilə bağlı layihələndirmə işlərinə qırxıncı illərin axırlarında başlanılmış, əllinci illərdə start verilən tikinti dayandırılmış və yalnız 60-cı illərin əvvəllərində bərpa edilərək davamlı xarakter almışdır. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, işarəvermə və rabitə, material-tikinti təminat xidmətləri olan Bakı Metropoliteni İdarəsi yaradılması ölkəmizdə yeni ictimai nəqliyyat növünün təşkilati əsaslarını formalaşdırmış, 1967-ci il noyabrın 6-da metropolitenin baş stansiyadan—indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nərimanov” stansiyalarından və 9,2 kilometrlik yeraltı xətdən ibarət olan birinci növbəsi istismara verilmiş, noyabrın 25-dən isə bu stansiyalarda qatarlar müntəzəm olaraq hərəkətə başlamışdır.
Bakı Metropoliteninin qısa bir vaxt ərzində mükəmməl nəqliyyat infrastrukturu kimi formalaşmasında ümummilli liderimiz Heydər Əliyev əvəzsiz rol oynamışdır. Heydər Əliyev Bakı metrosunu həm öz misilsiz zövqü ilə qurub-yaratmış, dövrün tələblərinə uyğun genişləndirmiş və həm də perspektiv plan müəyyənləşdirmişdir. Bu ideyalar hazırda Dövlət Proqramının tərkib hissəsi kimi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü şəkildə uğurla gerçəkləşdirilməkdədir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə və Moskvada mərkəzi ali hakimiyyətdə işlədiyi dönəmdə də Bakı Metropoliteninin inkişafına öz qayğısını əsirgəməmişdir. Belə ki, 1970-ci ildə “Ulduz” stansiyası, 1972-ci ildə “8-ci kilometr” yaşayış sahəsini şəhərin mərkəzi ilə birləşdirən “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyası istismara buraxılmışdır. 1976-cı ildə isə “Nizami” stansiyası istismara verilmişdir. Bundan başqa, 1979-cu ildə “Bakmil” stansiyası ilk sərnişinlərini qəbul etmiş, 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI qızıl ordu” (indiki “20 Yanvar”), “Memar Əcəmi” stansiyaları hazır olmuşdur. 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları istismara verilmişdir. İnşası isə yarımçıq qalmış “Həzi Aslanov” stansiyası ulu öndərimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tikilmiş, 2003-cü ilin iyun ayında istifadəyə verilmişdir.
Bakı Metropoliteninin gələcəyi barədə dahi öndərin arzularının gerçəkləşdirilməsi də Azərbaycan Prezidentinin apardığı quruculuq işlərinin mühüm istiqamətlərindəndir, tərkib hissəsidir. Son on ildə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi Bakı metrosunda çox böyük tikinti və quruculuq işləri aparılmasına geniş imkanlar açmışdır. Cənab Prezidentimizin “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2008-ci il 10 noyabr tarixli sərəncamı ilə sərnişin nəqliyyatı sistemini təkmilləşdirmək və şəhər nəqliyyatında hərəkətin gərginliyini azaltmaq məqsədilə “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” təsdiq edilmiş, metropolitenin yeni perspektiv sxemi hazırlanmış və onun icrasına başlanmışdır. Son illər tikilib istifadəyə verilmiş və müasir üslubda bərpa edilmiş metro stansiyaları özünün mükəmməl arxitekturası ilə Bakının memarlıq ənənələrini daha da zənginləşdirir, əsl mədəniyyət abidəsi kimi şəhərə yaraşıq verir, çoxmilyonlu paytaxt sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişini təmin edir.
Ölkə başçısı metropoliten işçilərinin çətin, məsul, şərəfli əməyini həmişə yüksək qiymətləndirir. 29 oktyabr 2006-cı il tarixli sərəncamı ilə hər il 8 noyabrı metro işçilərinin peşə bayramı kimi təsdiq etməsi bunun əyani təzahürüdür. Hazırda Bakı metrosunun tikinti-quruculuq işləri uğurla, məqsədyönlü şəkildə aparılır. Yeni tikilməkdə olan “Avtovağzal”, “Əcəmi-2” stansiyalarının da yaxın zamanlarda istismara buraxılması nəzərdə tutulur. “H.Aslanov” stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə tikintisinin uzağı 2016-cı ildə başa çatdırılacağı gözlənilir. Ümidvar olduğumuzu bildiririk ki, metronun tikintisi bundan sonra da uğurla aparılacaq, sərnişinlərə göstərilən xidmətin səviyyəsi daha da yüksələcək, paytaxt sakinləri və şəhərimizin qonaqlarına komfort, təhlükəsiz xidmət göstəriləcəkdir.
Məhərrəm
MƏMMƏDOV,
fəxri dəmiryolçu,
iqtisadçı-ekspert.
Respublika.-2014.- 15 oktyabr.- S.7.