Zaqatala: kəndlər
abadlaşır
Hər yanı gözəlliklər çələnginə bürünən Zaqatalanın kəndlərində də indi başqa aləmdir. Asfalt yollar, bir-birindən yaraşıqlı asudə vaxt mərkəzləri, müasir tələblərlə ayaqlaşan mədəniyyət, səhiyyə, təhsil müəssisələri, sahibkar obyektləri, daha nələr, nələr var bu yaşayış məntəqələrində. Beş-on il bundan öncə elektrik enerjisindən, təbii qazdan fasilələrlə istifadə edən, bəzi yerlərdə içməli və təsərrüfat əhəmiyyətli sudan korluq çəkən Zaqatala kəndlərində son illərdə tikilən sosial yönümlü obyektləri, xəstəxanaları, həkim və tibb məntəqələrini, mədəniyyət saraylarını, məktəb, bağça binalarını görəndə, yeni qazılan onlarca subartezian quyularının şahidi olanda, müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən fermer təsərrüfatının sahibləri ilə həmsöhbətə çevriləndə, doğrudan da, kəndlərin gülüstana çevrildiyinin əyani təsdiqi ilə qarşılaşırsan. Bütün bunların yeganə bir səbəbi ölkəmizdə sosial-iqtisadi inkişafa dövlət qayğısının güclənməsi və buna cavab olaraq Zaqatala Rayon İcra Hakimiyyətində yaranan işgüzarlıq, təşkilatçılıq əhval-ruhiyyəsinin artırılmasıdır. Yuxarıda sadaladıqlarımızı konkret faktlarla catdırmaq üçün rayonun bir neçə kənd və qəsəbəsinə baş çəkdik.
Aşağı Tala kəndi Zaqatala şəhərinin 1-2 kilometrliyindədir. Onun səliqə- sahmanına, abadlığına heyranlıqla baxmaya, nizam intizamına qibtə etməyə bilmirsən. Bizim də bu əhval-ruhiyyədə olduğumuzu hiss edən bələdiyyə sədri İlham Ərəbov deyir: - El bir olsa dağ oynadar yerindən, - deyiblər. Söz birliyi, iş birliyi, əhalinin sosial həyat səviyyəsinin yaxşılaşdırılmasına qayğı kəndimizi gündən-günə gözəlləşdirir. Bütün bunlar kənd əhalisi ilə bələdiyyə və ərazi icra nümayəndəsinin birgə fəaliyyətinin bəhrəsidir. Bunlar tam reallıqdır. Çünki hər gün səhər tezdən bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən daxili müşavirədə əvvəlki gün görülən işlərə yekun vurulur, növbəti günün vəzifələri müəyyənləşir. Bələdiyyə üzvləri arasında aparılan iş bölgüsünə əsasən onlara kəndin ayrı-ayrı vətəndaşlarının sosial qayğıları ilə əlaqədar verilən tapşırıqların icra vəziyyəti barədə hesabatları alınır. Onlar kəndin səliqə-sahmanına baxandan, əlilinə, veteranına, ağsaqqal və ağbirçəyinə baş çəkəndən, tənha və kimsəsizin yanında olandan, müəyyən yerlərdə aparılan tikinti, abadlıq, təmir işlərinə dəstək verəndən sonra nəticəni ortaya qoyur, qarşıya çıxan problemin həlli üçün fikir söyləyirlər, təkliflər verilir.
Birgə səyin bəhrəsidir ki, Aşağı Talalı sakinləri keçmişin yaxşı ənənələrini qoruyub saxlamaqla müasirliyə də daha çox meyil göstərir, qurub yaratmağa, yaşayış ünvanlarının yeniləşdirilməsinə yüksək qayğı ilə yanaşırlar. Müxtəlif peşələrə yiyələnmək istəyən zaqatalalı oğlan və qızlar bu kənddəki peşə məktəbində təhsil alırlar. Son illər burada 3 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Əvvəldən olan məktəb və bağça binaları əsaslı təmir olunub müasirləşdirilmişdir. Kənddə içməli və təsərrüfat əhəmiyyətli su problemi, demək olar, tam həll edilib. Neçə-neçə yeni artezianlar istifadəyə verilib. Kəndin ərazisində 280 metrdən çox hissəyə su xətti çəkilib. 2012-ci ilin təbii fəlakəti – zəlzələ bu kəndə də ciddi ziyan vurmuşdu. Dövlətin yaxından dəstəyi, rayon rəhbərliyinin yüksək qayğısı, kənd bələdiyyəsinin, ərazi icra nümayəndəliyinin birgə səyi ilə 300-dən çox fərdi ev tikilmiş, bərpa üçün vətəndaşlara 2 milyon manatdan çox yardım verilmişdir.
Qeybulla Hüseynov Yeni Suvagilin ağsaqqallar Şurasının sədridir. İlk həmsöhbətimiz də o oldu. Artıq tarixə çevrilən Köhnə Suvagilin çətinliklərindən, indi yaşadıqları, firavan həyat sürdükləri Yeni Suvagilin inkişafından özünə xas olan əminliklə danışdı:
—Yeni Suvagilin şan-şöhrətini hər yana tanıdan, ona bu günkü gözəl həyatı, yüksəlişi bəxş edənlərdən söhbət salıb artıq dünyasını dəyişən, uzun illər bu kənddəki təsərrüfata başçılıq edən Sosialist Əməyi Qəhrəmanı Mina Nəzirovanın adını xatırladı və ölkə Prezidenti İlham Əliyevin yüksək qayğısı, sayəsində respublikanın, o cümlədən Zaqatalanın, yeni Suvagelin sosial-iqtisadi inkişafının günbəgün artdığından danışdı. Qeybulla kişi onu da vurğuladı ki, kəndlərində ağsaqqala da, veterana da, müharibə iştirakçılarına da, şəhid ailələrinə, əlillərə, tənha və kimsəsizlərə də böyük hörmət, qayğı və inam var.
Bəli, ağsaqqalın sözünə qüvvət olaraq qeyd edək ki, Yeni Suvagil bu gün Zaqatalanın ən yaraşıqlı, zəngin, iqtisadiyyatlı, xoş və firavan həyat sürməli yaşayış ünvanlarındandır. 1521 təsərrüfatı, 4910 nəfər əhalisi olan kənddə 2 orta məktəb, 2 bağça, xəstəxana, hər cür təminatlı yaraşıqlı mədəniyyət evi, klubu, poçt şöbəsi var. Yeni Suvagillilər yaxşı yaşadıqları kimi yaxşı işləyir, kəndlərinin təsərrüfat həyatını daha da canlandırırlar. Əhalinin əsas məşğuliyyəti qoyunçuluq, maldarlıqdır. Həmin sahələr üzrə nümunəvi fermer təsərrüfatları var. Yeni Suvagillilər xalçaçılıq sənətinin də qorunub saxlanılmasına, inkişaf etdirilməsinə qayğını unutmurlar. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Soltan Soltanov söhbət əsasında bildirdi ki, kəndlərində həllini gözləyən problemlər də var. Kənd bələdiyyəsi ilə birgə səylə o problemlərin həlli üçün tədbirlər görməyi diqqətdən qaçırmırlar.
Dörd kəndi - Beretbinə, Qəbizdərə, Cicibinə kəndlərini əhatə edən Mazıx bələdiyyəsinə Kahahay Gorova rəhbərlik edir. - Keçmiş sovetlər birliyi vaxtındakı vəziyyətlə bu günün sosial-iqtisadi inkişafı arasında müqayisə olunmaz səviyyədə fərq var, - deyə söhbətə qoşulan sədr bir faktı xüsusi vurğuladı ki, müstəqillik illərinin inkişaf sürəti ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aydın görünür. Bu inkişafın, firavanlığın artıq rayon mərkəzlərindən kəndlərə keçməsi bir daha təsdiqləyir ki, dövlətimiz kənd həyatının, burada ömür-gün keçirənlərin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına da böyük önəm verir. Gediş-gəlişində narahatlıq yaradan kənd yolları indi rahatlığı ilə hamının ürəyincədir. Ərazidə yeni 2 orta məktəb binasının, 1 uşaq bağçasının tikilib istifadəyə verilməsi, həkim məntəqə və ambulatoriyalarında əhaliyə yaxşı xidmət göstərilməsi kənd həyatının yaxşılığa doğru əməlli başlı dəyişdiyini göstərir
Abadlıq, firavanlıq əhval-ruhiyyəsinin rayonun Göyəm, Çökəkoba, Sumayıllı, Dardoqquz kəndlərində də yüksək işgüzarlıq, xoş ovqat yaratdığını aydın gördük. Göyəm kəndində yaşayan ağsaqqal Əsədullah Qədirov söhbətində bu abadlığı, firavanlığı dövlətimizin başçısı İlham Əliyevin bölgələrə, o cümlədən kəndlərə olan yüksək diqqət və qayğısının bəhrəsi kimi dəyərləndirdi. Dörd kənddəki 12 subartezian quyusu əhalinin içməli su problemini həll edir. Kəndlərə gedən əsas yollar başdan-başa asfaltlanıb, kəndarası yollar əsaslı və cari təmir olunub. Qeyd olunan yaşayış ünvanlarını birləşdirən ərazi icra nümayəndəliyində ikisi 200, biri isə 120 şagird yerlik məktəb binaları tikilib istfadəyə verilib.
Zaqatalada 60 kənd yaşayış məntəqəsində 91,5 min nəfər əhali yaşayır. Biz onlardan az bir qismindəki sosial abadlıq, firavanlıq həyatını əks etdirən faktlar haqqında söhbət açdıq. Bunların sayını artırmaq da olar. Təkcə onu demək kifayətdir ki, müstəqilliyinin üçüncü on illiyini yaşayan respublikamızın gündən-günə güclənən iqtisadiyyatının yaratdığı təntənələr artıq onun bütün guşələrində aydın hiss olunur. Gördüklərimizdən, eşitdiklərimizdən bu qənaətə gəldik ki, kəndlərdə sosial iqtisadi məsələlərin uğurlu həllində son illər əhali ilə rayon rəhbərliyi arasında ünsiyyətin daha da möhkəmlənməsinin, hər bir kəndin, kəndlinin sosial qayğılarına həssaslıqla yanaşılmasının da rolu çoxdur.
Rasim AMANOV,
Respublika.-2014.- 15 oktyabr.- S.8.