Balakən–Azərbaycanın folklor paytaxtı
Ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi inkişaf
siyasəti, müxtəlif
sahələri əhatə
edən islahatların
dərinləşməsi, mövcud
potensialın gücləndirilməsi
respublikamızda dinamik
inkişafın təmin
olunmasına, əldə
olunan çoxsaylı
nailiyyətlərin daha
da möhkəmləndirilməsinə
xidmət edir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafında olduqca mühüm əhəmiyyət daşıyan ilk Dövlət proqramının qəbul olunmasından ötən illər ərzində makroiqtisadi göstəricilər, açılan minlərlə iş yerləri, istifadəyə verilən saysız-hesabsız müxtəlif təyinatlı obyektlər regional proqramın uğurla icrasının bölgələrin sosial-iqtisadi inkişafındakı əhəmiyyətini bir daha təsdiq etmişdir.
Bu illər ərzində ölkəmizin bütün bölgələrində olduğu kimi, respublikamızın şimal-qərb qapısı sayılan Balakəndə də həyatın bütün sahələrində nəzərəçarpacaq dəyişikliklər olmuş, səhiyyə, mədəniyyət, idman obyektləri, inzibati binalar, yollar, körpülər tikilərək vətəndaşların istifadəsinə verilmişdir.
Son üç il ərzində bu qədim diyarda həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri Balakənin simasını tamamilə dəyişmişdir.
Aparılan işlər nəticəsində rayon əhalisini uzun illərdən bəri narahat edən bir çox qlobal problemlər öz müsbət həllini tapmışdır.
Ölkə Prezidentinin 22 avqust 2013-cü ildə imzaladığı xüsusi sərəncama uyğun olaraq 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə 2 milyon manat vəsait ayrılmışdır ki, bu da rayon əhalisinin böyük razılığına səbəb olmuşdur.
Son illər rayonda aparılan sosial-iqtisadi və mədəni quruculuq tədbirlərinin uğurlu nəticələri göz qabağındadır.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri, təcrübəli mədəniyyət işçisi Ruqiyyə Seyidova da son illər əldə edilən uğurların miqayasında rayonda yaradılan sağlam və işgüzar mühitin dayandığını vurğuladı. Ruqiyyə xanım qeyd etdi ki, rayon mədəniyyət və turizm şöbəsi 2014-cü ildə Heydər Əliyev Mərkəzi və tarix-diyarşünaslıq muzeyi, Bülbül adına uşaq incəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbi, MKS və onun 29 kənd kitabxanası, 34 klub tipli mədəniyyət müəssisəsi ilə fəaliyyətə başlamışdır. Həmin müəssisələrdə 278 nəfər mədəniyyət işçisi çalışır. Onlardan 44 nəfəri ali təhsilli, 151 nəfər orta ixtisas təhsilli, 83 nəfəri orta təhsillidir.
Rayonun mədəni-maarif müəssisələri şöbənin təsdiq etdiyi iş planına uyğun işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən verilən əmr və tapşırıqların yerinə yetirilməsinə nail olurlar.
Şöbə 6 ay ərzində bütün mədəni-maarif müəssisələrinə əlamətdar, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd edilməsinə dair lazımi tövsiyə və göstərişlərini vermiş, məzmunlu və rəngarəng tədbirlərin həyata keçirilməsinə çalışır.
Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisəsinin 24-cü ildönümü ilə əlaqədar “20 Yanvar qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya, 20 Yanvar faciəsinin həqiqətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuş və “Qanlı Yanvar faciəsi” adlı mühazirə məktəb şagirdlərinə oxunmuşdur. Xocalı faciəsinin ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində fevral ayının 20-dən başlayaraq silsilə tədbirlər keçirilmiş, bu faciənin həqiqətlərini dünya miqyasında soyqırım kimi tanıdılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı layihələr, dünyanın bir çox ölkələrində təşkil olunmuş sərgilər, mitinqlər, sənədli filmlərin nümayişi haqqında məlumat kitabları materiallarından ibarət “Xocalını unutmayaq” adlı sərgi hazırlanmışdır. 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar Heydər Əliyev Mərkəzində sərgilər təşkil edilmiş, “dəyirmi masa”lar keçirilmişdir.
Hər il ənənəvi olaraq 18 May Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Muzeylər gecəsi” aksiyası 01-18 may tarixlərinədək silsilə tədbirlərlə həyata keçirilmişdir. 16 May “Muzeylər bizim tarixi yaddaşımızdır” mövzusunda təhsil, gənclər və idman idarəcinin işçiləri ilə birlikdə tarix-diyarşünaslıq muzeyində “dəyirmi masa”, “Keçmişini unutma, çünki o, gələcəyin müəllimidir” adı altında rayonun 1 saylı Nizami, 2 saylı Nəsimi, 3 saylı Z.Əliyeva adına orta məktəbləri və texniki lisey arasında bilik yarışı keçirilmişdir.
“Beynəlxalq muzeylər günü” münasibəti ilə muzeyə gələn bütün insanlara, məktəblilərə geniş əhatəli ekskursiya xidməti göstərilmiş, “Muzeylər günü”nün tarixi əhəmiyyəti haqqında muzeyin əməkdaşları tərəfindən geniş məlumat verilmişdir.
Tədbirin daha da cəlbedici, yaddaqalan olması üçün yerli rəqs və mahnılardan, Balakən haylalarından ibarət konsert proqramları təşkil olunmuş və istedadlı gənclərin çıxışları təmin edilmişdir.
Muzeyin ekspozisiya zalının giriş hissəsində “Min bir dərdin dərmanı” adı altında təbiət guşəsi, ekspozisiya zalının bir hissəsində numizmatika bölməsi təşkil edilmişdir.
MKS-də ötən dövr ərzində xeyli iş görülmüş, kənd kitabxana filiallarında yubiley və bayramlarla əlaqədar bir sıra tədbirlər keçirilmiş, kitablarla oxuculara xidmət edilmişdir.
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyi tərəfindən təsdiq olunmuş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı ilə əlaqədar 2014-cü il üçün Balakən “Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdir.
Xalq yaradıcılığının, milli adət-ənənələrinin, xalq tətbiqi sənətinin, eyni zamanda regionun turizm potensialının beynəlxalq səviyyədə tanıdılması üçün Balakən rayonu üzrə tədbirlər planı tutularaq Mədəniyyət və Turizm Nazirliyinə göndərilmiş və öz təsdiqini tapmışdır. Təsdiq olunmuş tədbirlər planı əsasında il boyu sil-silə tədbirlər həyata keçiriləcək. Bununla bağlı şöbə rayonun loqotipini hazırlamışdır. Müvafiq töhvələrin, bayraqların, buklet, kataloq, suvenir, reklam, vitrin, baner və s. əyani vəsaitlərin hazırlanması işləri davam edir.
25 aprel 2014-cü il tarixdə “Balakən—Azərbaycanın folklor paytaxtı-2014” elan edilməsi ilə bağlı təqdimat mərasimi keçirildi. Yeni istifadəyə verilmiş Mədəniyyət Mərkəzinin foyesində Balakən rayonuna xas olan əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Təqdimat mərasimində rayon icra hakimiyyətinin humanitar və siyasi məsələlər üzrə müavini N.Rüstəmova rayon ictimaiyyəti, mədəniyyət işçiləri iştirak edirdi. Rayon icra hakimiyyəti başçısının müavini N.Rüstəmova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş “Balakən Azərbaycanın folklor paytaxtı 2014” kubokunu təqdim etdi. Tədbirdə Balakən yazarı R.Xutrayev çox maraqlı çıxış etdi. Təqdimat mərasiminin bədii hissəsinə başlanıldı, Balakənə məxsus milli musiqi alətimiz olan tamburda Balakən el havaları çalındı, deyişmələr səsləndirildi, incəsənət məktəbinin nəzdində yaradılmış “Sənəm” hayla qrupunun ifasında səslənən el haylaları da tədbirə rəngarənglik qatdı.
2014-cü il Balakən rayonu “Azərbaycanın folklor paytaxtı” elan olunması ilə əlaqədar Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə may ayının 1-də Heydər Əliyev Mərkəzində “Folklorumuz və milli mədəni dəyərlərimiz” adlı “dəyirimi masa” keçirildi. “Dəyirmi masa”da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyasının Folkolor İnstitunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov iştirak edirdi.
“Dəyirmi masa”da tərtib olunmuş proqram əsasında Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun mərasim folkloru şöbəsinin elmi işçisi Atəş Əhmədlinin “Ənənəvi mədəniyyətimizin çağdaş paytaxtları: Balakən folklorunun təbii-sosial və tarixi qaynaqları”, Balakən rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyevin “Mədəni irsin qorunması və təbliğində muzeylərin rolu” və başqa məruzələr dinlənildi.
Həmsöhbətimiz sentyabr ayının 25 və 26-da rayonda keçirilən “Balakən—Azərbaycanın folklor paytaxtı 2014” silsilə tədbirləri çərçivəsində “Balakən Payızı” Folklor və Turizm Festivalından danışarkən bu beynəlxalq tədbirin yüksək səviyyədə qeyd olunduğunu vurğuladı.
Qeyd olundu ki, festivala Türkiyə, Dağıstan, Gürcüstan, Qazaxıstan, Moldova dövlətlərindən çoxsaylı qonaqlar dəvət olunmuşdur. Respublikamızın Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala rayonlarından da folklor kollektivlərinin iştirak etdiyi tədbir sözün həqiqi mənasında mədəniyyətimizin bayramına çevrilmişdir.
Mədəniyyət və turizm nazirinin müvafiq əmrinə uyğun olaraq ilin sonunadək davam edəcək tədbirlərin uğurlu yekunu istiqamətində şöbəmizin bütün əməkdaşları əllərindən gələni əsirgəməyəcəklər.
Söhbəti qələmə
aldı:
İlham PƏNAHOV,
Respublika.-2014.- 15 oktyabr.- S.8.