Siyəzən rayonunda bu ilin doqquz ayında yüksək göstəricilər qeydə alınıb

 

Bütün respublika ərazisində olduğu kimi, Siyəzən rayonunda da 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.

Əvvəlcə Siyəzən şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə əklillər və tər gül-çiçək dəstələri qoyan tədbir iştirakçıları daha sonra ötən il inşa edilmiş RİH binasının geniş akt zalına toplaşdılar. Dövlət himni səslənəndən sonra rayon icra hakimiyyətinin başçısı Arif Qasımov bu ilin doqquz ayı ərzində Siyəzən rayonunda həyata keçirilən işlər və eləcə də qarşıda duran perspektiv tədbirlər haqqında geniş məruzə etdi. Arif Qasımov dedi:

—2014-ci ilin doqquz ayında rayonumuzun iqtisadiyyatı uğurla inkişaf etmiş, əldə edilən sosial-iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin yüksəlməsini, gəlirlərinin və əmək haqqının artmasını təmin etmiş, iqtisadi və sosial sahələrdəki vəziyyəti əks etdirən ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 77,8 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 faiz artmışdır. Ümumi məhsul buraxılışının 63,9 faizi kənd təsərrüfatının, 16,5 faizi ticarətin, 10,2 faizi tikintinin, 8,1 faizi sənayenin, 1,3 faizi nəqliyyat və rabitə sektorunun payına düşmüşdür. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 81,3 faiz təşkil etmişdir.

Ötən dövrdə əhalinin pul gəlirləri əvvəki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 70 milyon manata, adambaşına düşən məbləğ 1743 manata çatmış, 293 yeni daimi iş yeri açılmışdır.

İlin əvvəlindən sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 6 milyon 304,7 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çoxdur. Ümumi istehsalın 59,4 faizi sənaye malları istehsalı, 40,6 faizi sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənaye məhsulunun ümumi həcminin 76,5 faizi dövlət mülkiyyətinin, 23,5 faizi xüsusi mülkiyyətin payına düşmüşdür. İstehsal edilmiş sənaye məhsulunun əksəriyyəti istehlakçılara göndərilmiş, oktyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 1 milyon 715,2 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Mədənçıxarma sənayesində ilin əvvəlindən faktiki qiymətlərlə 2 milyon 329,4 min manatlıq və ya əvvəki ilin eyni dövrü ilə müqayisədə 9 faiz çox məhsul istehsal edilmişdir. Natural ifadədə ilin əvvəlindən 37,3 min ton neft və 5,6 milyon kubmetr qaz hasil edilmişdir.

Emal sənayesində ilin əvvəlindən faktiki qiymətlərlə 1 milyon 413,7 min manatlıq məhsul istehsal edilmişdir. İstehsal edilmiş məhsulun 92 faizi içki də daxil olmaqla qida məhsullarından, 8 faizi isə qeyri-metal mineral məhsullardan ibarət olmuşdur. Natural ifadədə ilin əvvəlindən 5,6 min dekalitr distillə edilmiş üzüm spirti, 16,3 min dekalitr şərab, 59 ton bərkimiş protein boru istehsal edilərək istehlakçılara göndərilmişdir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye xarakterli xidmətlərin həcmi əvvəki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox olmaqla 2 milyon 27,5 min manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində sənaye xarakterli xidmətlərin həcmi 508,7 min manat təşkil etmişdir.

İlin əvvəlindən istehlakçılara 79,1 milyon kilovat saat elektrik enerjisi, 18,8 milyon kubmetr qaz, 992,3 min kubmetr su paylanmış, 26,1 min manatlıq istifadə üçün yararlı olmayan təhlükəsiz tullantılar yığılaraq məhv edilmişdir. 2014-cü ilin yanvar-sentyabr aylarında rayonda bütün maliyyə mənbələri hesabına 8 milyon 990,7 min manatlıq əsas fondlar, o cümlədən 8 milyon 350,4 min manatlıq istehsal sferasına xidmət edəcək əsas fondlar, ümumi dəyəri 92 min manat dəyərində 4 ticarət obyekti, ümumi sahəsi 6858 kvadratmetr, o cümlədən yaşayış sahəsi 3451 kvadratmetr olan 536 min manat dəyərində 50 fərdi yaşayış evi istifadəyə verilmişdir. İlin əvvəlindən bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 21 milyon 159,7 min manat investisiya yönəldilmişdir ki, bu da əvvəki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 7 milyon 926,7 min manatı və ya 37,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Ümumi investisiyanın 14 milyon 932,8 min manatı və ya 70,6 faizi istehsal təyinatlı obyektlərin tikintisində istifadə olunmuşdur.

2014-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi 2 milyon 719,4 min manat təşkil etmişdir.

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nitqində nəzərdə tutulmuş bütün hədəflərin həlli ilə əlaqədar prioritet məsələlər, o cümlədən məktəblərin, körpələr evi-uşaq bağçalarının, səhiyyə obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, turizmin inkişaf etdirilməsi, infrastruktur layihələrinin davam etdirilməsi ön plana çəkilmişdir.

Bununla əlaqədar Siyəzən rayonunda müəyyən işlər görülmüş və bu istiqamətdə işlər davam etdirilir.

İlk növbədə yol təsərrüfatında başlanmış işlərin davamı kimi Siyəzən-Məşrif avtomobil yolunda (Zaur-Petrol yanacaqdoldurma məntəqəsinin yanından) asfalt örtüyünün qoyulması işlərinə başlandığını qeyd etmək lazımdır. Hazırda yolun 17,8 kilometrinə asfalt betonla alt qatı vurulmuş və bu işlər böyük sürətlə davam etdirilir. Bununla yanaşı, Bakı-Quba avtomobil yolunun 115-ci kilometrliyindən “Qalaaltı” sanatoriyasına gedən birinci dərəcəli abtomobil yolunun yenidən qurulması ilə əlaqədar torpaq işlərinin görülməsi və yolun profilinin düzəlməsi işlərinə başlanmışdır. Yol tikintisi ilə əlaqədar görülən işlərdən ən önəmlilərindən biri isə 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə əlaqədar ilkin ölçmə-layihələndirmə işlərinə başlanmasıdır. Bu yolların tikintisi birmənalı olaraq rayonumuzda turizmin inkişaf etdirilməsinə, sosial-mədəni və iqtisadi inkişafa hesablanmış infrastruktur layihələridir. Tikintisinə ötən ilin noyabr ayından başlanılmış 220 şagird yerlik Böyük Həmyə kənd tam orta və 80 şagird yerlik Siyəzənkənd ümumi orta məktəb binalarının tikintisi başa çatdırılmış və yeni dərs ilində istifadəyə verilmişdir. Hazırda Siyəzən şəhərində Heydər Əliyev fondunun dəstəyi ilə tikilən 120 yerlik körpələr evi-uşaq bağçasında, Siyəzən Rayon Yanğından Mühafizə Hissəsi üçün yanğınsöndürmə deposunda, alternativ və bərpa olunan enerji mənbələrini tətbiq etməklə tikilən idman zalında, Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən rayon ərazi idarəsinin inzibati-laboratoriya binalarında tikinti işləri davam etdirilir.

Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayonumuza olan çox böyük diqqət və qayğısı nəticəsində ərsəyə gələn işlərdir. Biz siyəzənlilər də ölkə Prezidentinin apardığı sosial-iqtisadi islahatları yekdilliklə dəstəkləməklə rayonumuza göstərilən münasibətə öz əməli işimizlə cavab verməyə çalışırıq.

Cari ilin əvvəlindən rayonumuzda tikinti-abadlıq və quruculuq işləri davam etdirilmişdir. Belə ki, şəhərin Tofiq İsmayılov küçəsində 14 ədəd 2 mərtəbəli yaşayış binasının yararsız vəziyyətdə olan dam örtükləri sökülərək yenidən dalğalı metal vərəqlərlə vurulmuş, binaların fasadlarının əsaslı təmiri başa çatdırılmışdır. Heydər Əliyev küçəsində 5 ədəd ikimərtəbəli binanın fasadlarının təmiri işlərinə başlanılmış, binaların blok pəncərələri yeni plastik pəncərələrlə əvəzlənmiş, 147 və 149 nömrəli binalara min kvadratmetr suvaq vurulmuş və bu işlər hazırda davam etdirilir. Heydər Əliyev küçəsi, 7 və Tofiq İsmayılov küçəsi, 47, 48 və 49 nömrəli binaların da köhnə blok pəncərələri çıxarılmış və yeni plastik pəncərələr qoyulmuşdur. Heydər Əliyev küçəsi, 7 nömrəli binanın fasadı (1470 m2) cilalanaraq abadlaşdırılmış və hazırda həmin küçədəki 47 nömrəli binanın fasadının cilalanması işləri aparılır.

Hökmulla Talıbov küçəsində uşaqların əylənməsi üçün salınmış mini parkda işlər başa çatdırılmış və park əhalinin istifadəsinə verilmişdir. Belə ki, parka 1290 kvadratmetr tamet tavalar döşənmiş, 2 min metr bordür qoyulmuş, müxtəlif dekorativ ağac və kollar əkilmiş və parkda müasir işıq dirəkləri quraşdırılmışdır.

Şəhərin mərkəzi parkında da yenidənqurma işləri aparaılmış, səkilərə 3730 kvadratmetr tamet tavalar döşənmiş, 1690 metr bordür düzülmüş, 136 metr mərmər pilləkən qoyulmuş, hasarların üzərinə 600 kvadratmetr aqlay daşı vurulmuş, parkda yaşıllıqlar salınmış, dekorativ ağaclar əkilmiş və hazırda parkın işıqlandırılması üçün müasir işıq dirəklərinin quraşdırılması işləri görülür.

Heydər Əliyev küçəsindən Səttar Xeyrullayev küçəsinə çıxış avtomobil yolunun abadlaşdırılması ilə əlaqədar müəyyən işlər görülmüşdür. Belə ki, Səttar Xeyrullayev küçəsində səkilərə 1370 kvadratmetr tamet tavalar döşənmiş, səkilərin kənarına min metr bördür düzülmüş, küçənin işiqlandırılması üçün 26 ədəd müasir işıq dirəkləri quraşdırılmışdır. Babək küçəsinin (Regional Müalicə Diaqnostika Mərkəzinə gedən yol) abadlaşdırılması ilə əlaqədar müəyyən işlər görülmüşdür. Belə ki, küçədə olan yöndəmsiz hasar sökülərək yerində mişar daşından yeni hasar tikilmiş, hasarın üzərinə aqlay daşı vurulmuş və hazırda son tamamlama işləri görülür.

Hökmulla Talıbov küçəsində tikintisinə cari ilin əvvəllərində başlanılmış, əlil ailələri üçün nəzərdə tutulan iki ədəd fərdi yaşayış evlərinin də tikintisi başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir. Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində inşa edilən dekorativ hasarların qarşısında yaşıllıq zolağının salınması və yol boyu hasarların işıqlandırılması təmin edilmiş və hazırda Şabran rayonuna çıxış istiqamətində piyada səkilərinə 1500 kvadratmetr tamet tavalar vurulmuş, səkilərin kənarına 1000 metr bordür qoyulmuş və bu işlər hazırda davam etdirilir.

Əhali tərəfindən rəğbətlə qarşılanan çoxmərtəbəli binaların ətrafının abadlaşdırılması işləri cari ildə də davam etdirilmiş və hazırda Tofiq İsmayılov küçəsi, 48 və 49 nömrəli binaların arasında olan ərazi müxtəlif tullantılardan təmizlənmiş, əraziyə münbit torpaq daşınaraq hamarlanmış və hazırda burada xeyir-şər binasının tikintisinə başlanılmışdır. Şəhərin yeni yaşayış massivlərində – Akif Zahirov küçəsində 1200 kvadratmetr, Hökmulla Talıbov küçəsində 11550 kvadratmetr, Babək Bayramov küçəsində 6 min kvadratmetr, digər küçələrdə 6213 kvadratmetr yol örtüyünə təzə çınqıl əlavə etməklə yol yatağı təmir olunmuşdur. Şəhər ərazisində küçələrin asfaltlanması işlərinə başlanılmışdır. Artıq Babək küçəsində 3475 kvadratmetr asfalt döşənmişdir. Cəfər Cabbarlı, Nizami, Müşfiq, Xətai, Şəhriyar küçələrinə və avtovağzal ərazisinə asfalt verilməsi üçün hazırlıq işləri görülür.

Rayon üzrə nəqliyyat sektorunda poçt və avtomobillə daşımalarda ümumi buraxılışın həcmi əvvəki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 770 min manat olmuşdur ki, bunun da 701 min manatı və ya 91 faizini yük və sərnişin daşımanın, 69 min manatı və ya 9 faizi poçt daşımalarının payına düşmüşdür. Ötən doqquz ayda avtomobil nəqliyyatı ilə yük daşıma 712 min tona çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz, avtomobil nəqliyyatı ilə sərnişin daşıma 6,1 milyon sərnişinə çataraq əvvəki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artmışdır.

2014-cü ilin doqquz ayında rayonda rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 258,2 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur.

İlin əvvəlindən rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 36 milyon 817 min manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz, adambaşına düşən pərakəndə əmtəə dövriyyəsinin həcmi 913 manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artmışdir. İlin əvvəlindən əhaliyə 9 milyon 881 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur. Adambaşına düşən pullu xidmətlər 246 manat olmaqla əvvəki ilin eyni dövrü ilə müqayisədə 22 faiz artmışdır. Cari ilin doqquz ayında rayon üzrə 49 milyon 671 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəki ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz çoxdur. İstehsal edilən məhsulun 4 faizi bitkiçilik, 96 faizi heyvandarlıq məhsullarının payına düşmüşdür. Qarğıdalını da daxil etməklə dənli və dənli paxlalıların toplanması başa çatmış, əkin sahəsindən ilkin çəkidə 7192 ton dənli və dənli paxlalı bitkilər, o cümlədən 6779 ton taxıl, 413 ton qarğıdalı toplanmışdır. Əvvəlki illə müqayısədə dənli və dənli-paxlalı bitkilərin istehsalı 2,5 faiz artmışdır. Oktyabrın 1-i vəziyyətinə kartof, tərəvəz və bostan bitkisi sahəsindən 194 ton kartof, 822 ton tərəvəz, 465 ton bostan bitkisi, meyvə bağlarından 649 ton meyvə, üzüm bağlarından 149 ton üzüm toplanmışdır. İlin əvvəlindən iri buynuzlu mal-qaranın baş sayı 2 faiz artaraq 12 min 598 başa, qoyun və keçilərin baş sayı 1,2 faiz artaraq 53 min 397 başa çatmış, diri çəkidə 19 min 104 ton ət, o cümlədən 17 min 486,4 ton quş əti, 9126 ton süd, 12 milyon yumurta, 85,2 ton yun istehsal edilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 29,4 faiz, o cümlədən quş əti istehsalı 31,6 faiz, süd istehsalı 15,1 faiz artmışdır.

2014-cü ilin yanvar-sentyabr aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 351,7 manat olmaqla əvvəki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artmışdir. Daha yüksək orta aylıq əmək haqqı sənaye, qazın nəql edilməsi və maliyyə vasitəçiliyi sahələrində müşahidə edilmişdir 2014-ci ilin doqqız ayında rayon büdcəsinin gəlirləri 8941,3 min manat, xərcləri 7884,1 min manat təşkil etmişdir.

Büdcə xərclərinin 6 milyon 488,6 min manatını və ya 82,2 faizini əhaliyə əmək haqqı, pensiya və müavinət ödənişi xərcləri təşkil etmişdir. Bütün bunlar rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eləcə də qeyri-dövlət sektoru tərəfindən əldə edilmiş müsbət sosial-iqtisadi göstəricilərdir.

 

Söhrab SƏFİYEV,

Respublika.-2014.- 15 oktyabr.- S.9.