Müasir dövrümüzün
şanlı səhifəsi
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı 1991-ci ilin oktyabrın 18-də qəbul edilsə də, dövlət müstəqilliyimizin etibarlı əsasları 1993-cü ilin ortalarından sonrakı dövrdə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında, onun qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradılıb. Daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması, demokratik-hüquqi islahatların həyata keçirilməsi, ölkəmizin zəngin təbii ehtiyatlarından Azərbaycanın maraqlarına uyğun istifadə edilməsi, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər respublikamızın müstəqilliyinin dönməzliyinin, əbədiliyinin etibarlı əsaslara malik olmasının nəticəsidir.
Bu gün hər bir azərbaycanlı azad ölkənin vətəndaşı olmağı ilə fəxr edir. Müstəqil dövlətimizin yaranmasında ən böyük zəhməti isə məhz ulu öndər Heydər Əliyev çəkib. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin şah əsəridir. Müstəqilliyimizin memarının siyasi müdrikliyi və qətiyyəti sayəsində ölkədə vətəndaş həmrəyliyi bərqərar oldu, əmin-amanlıq və sabitlik bərpa edildi. 1993-cü ilin iyun ayına qədər müstəqilliyimizin əbədiliyinə təminat yox idi. Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, hərc-mərclik, anarxiya, xaos, ermənilərin işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir.
Artıq bu reallıqdır ki, biz azad respublikayıq.
Son dərəcə böyük iradə, mübarizə bahasına əldə etdiyimiz müstəqiliyimiz daimidir.
Müstəqil ölkəmizin təməli
ümummilli liderimiz Heydər Əliyev kimi dərin zəkaya malik dahi insan tərəfindən
qoyulduğu üçün
sarsılmazdır. Hamımıza yaxşı məlumdur ki, ümummili liderimizin ən böyük arzusu və məqsədi güclü, müstəqil,
demokratik və dünyəvi dövlət
qurmaq idi. O, bu məqsədinə nail oldu, nəsillərə ən qiymətli
bir miras qoydu. Azərbaycanın öz müstəqilliyini
bərpa etməsi, onu hifz edərək
saxlaması, müasir
dövlətçilik mexanizminin
yaradılması Heydər
Əliyev kimi güclü bir şəxsiyyətin adı
ilə bağlıdır.
1988-ci ildən başlayaraq dövlət idarəçiliyində buraxılan
kobud səhvlərin məntiqi nəticəsi olaraq 1993-cü ildə ağır sosial-iqtisadi gərginliyin yüksək
həddinə çatdığı,
ölkə vətəndaş
müharibəsi təhlükəsi
ilə üz-üzə
qaldığı vaxtda
xalqımızın ümummilli
lider Heydər Əliyevə üz tutması təsadüf deyildi. Xalqın təkidli tələbi və çağırışı
ilə ikinci dəfə hakimiyyətə
gələn Heydər
Əliyevin yürütdüyü
müdrik, uzaqgörən
siyasət nəticəsində
üzləşdiyimiz təhlükələrin
qarşısı alındı,
bütün çətinliklər
dəf edildi. Həmin günü də öz tarixinə qızıl hərflərlə
yazmış xalqımız,
sözün həqiqi
mənasında parçalanmaq
və məhv olmaq təhlükəsindən,
anarxiya və xaosdan qurtuldu. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın
milli-mədəni, tarixi
ənənələrinə, ümumbəşəri dəyərlərə
söykənən, sivil,
demokratik cəmiyyətin
yaradılmasına xidmət
edən islahatların
həyata keçirilməsinə
start verildi. Heydər Əliyev
müstəqilliyimizin qorunub
saxlanılması və
inkişafı üçün
taleyüklü problemləri
həll etdi. Atəşkəsə nail olundu,
ordu quruculuğu işlərinə başlanıldı.
Dünya
dövlətlərinin ölkəmizdə
gedən müsbət
proseslərə marağı
artdı. Uğurlu islahatların
bünövrəsi qoyuldu.
Ölkəmiz məhz ulu öndərin möhtəşəm
səyləri nəticəsində
sürətli inkişaf
yoluna çıxdı.
Respublikamız beynəlxalq təşkilatlara
üzv qəbul edildi. Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısında
ən böyük xidmətlərindən biri
də uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsidir. 1994-cü
ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsində
müstəsna rol oynadı. Həmin saziş nəticəsində
bütün dünyanın
diqqət mərkəzinə
çevrilən ölkəmiz
eyni zamanda qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə nail oldu. Ümummili liderimizin rəhbərliyi
dövründə müstəqil
dövlətimiz əsrə
bərabər inkişaf
yolu qət etdi. Bu inkişafın
bariz təcrübəsi
- Heydər Əliyevin
şah əsəri olan müasir, müstəqil Azərbaycandır.
Ölkə həyatının elə bir sahəsi
yoxdur ki, orada Heydər Əliyev dühasının
bəhrələri görünməsin.
Azərbaycan xalqı, onun
dövləti bu gün ümummilli liderimizin ideyalarından bəhrələnir, onun müəyyənləşdirdiyi prinsipləri rəhbər
tutur, tövsiyə etdiyi istiqamətdə inamla irəliləyir.
1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan verdi. Məhz görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan ümumi daxili məhsul istehsalında yüksəlişə nail olundu. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. Odur ki, ölkəmizdə uğurla aparılan islahatlar özəl sektorun formalaşmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. Sahibkarlıq getdikcə sosial-iqtisadi strukturda daha geniş yer tutur, eyni zamanda, ölkənin inkişafında, möhkəmləndirilməsində öz sözünü deyir. Özəl sektoru iqtisadiyyatımızın lokomotivi hesab edən ölkə başçısı müstəqil Azərbaycanı dinamik inkişafda olan ölkələr sırasına çıxarıb. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi iş adamları olduğundan özəl sektorun inkişafına dair proqramlar qəbul edilmiş, sahibkarların normal və sərbəst fəaliyyəti üçün çoxsaylı mühüm fərmanlar imzalanmışdır. Azərbaycanın malik olduğu neft sərvətləri hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər tarazlı iqtisadiyyatın qurulması və qeyri-neft sektorunun dinamik inkişaf etdirilməsi kimi məsələlər yeni prioritet vəzifəyə çevrilmişdir. Neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına yönəldilməsi və bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsi, investisiya qoyuluşlarının səmərəliliyini artırmaq məqsədilə dövlət başçısı tərəfindən önəmli qərarlar qəbul edilmişdir.
Müstəqilliyimizin əbədi olması, demokratik, hüquqi dövlət quruculuğu məsələləri bilavasitə ümummilli liderimizin fəaliyyəti ilə bağlıdır. Bu dahi şəxsiyyətin gördüyü işlər, yeritdiyi düzgün, məqsədyönlü daxili və xarici siyasət, həyata keçirilən uğurlu islahatlar Vətənə və xalqa sədaqətlə xidmətin ən bariz nümunəsidir. Bu dahi şəxsiyyət elə bir zəngin irs qoyub gedib ki, bu gün xalqımızın öyünməyə haqqı var. O, azərbaycanlı olması ilə fəxr etdiyi kimi, biz də onun əlləri ilə yaradılan bir ölkənin–müstəqil Azərbaycanın vətəndaşı olmağımızla sonsuz qürur duyuruq. Dahi rəhbərimiz deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti–dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi və əbədi olması bundan da çətindir”. Tam qətiyyət və cəsarətlə demək olar ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinin ən intensiv inkişaf mərhələsini təşkil edir. XX yüzilliyin sonunda Azərbaycanın güclü dövlətçilik ənənələrinə malik olması, heç şübhəsiz, ulu öndərimizin misilsiz xidmətidir. Zəngin dövlətçilik təcrübəsinə malik ulu öndər Azərbaycanın sürətli inkişafını təmin edən iqtisadi və siyasi kursu müəyyənləşdirərək həyata keçirməyə başladı. Cəmiyyətin bütün sahələrində sürətli islahatlar aparıldı, nizami ordu yaradıldı, vətəndaş cəmiyyəti bərqərar edildi.
Müstəqilliyimizin bərpasının 23-cu ildönümünü qeyd edərkən biz qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu, özünü təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda əhalinin gündəlik həyatında da büruzə verir. Ötən 23 il ərzində respublikamızda demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində çox böyük işlər görülmüşdür. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə böyük uğurlar qazanılmış, istər paytaxtımızda, istərsə də regionlarda geniş abadlıq-quruculuq işləri aparılmış, yeni iş yerləri açılmış, sahibkarlıq inkişaf etmişdir. Bəli, müstəqillik tariximiz ilbəil əlamətdar hadislərlə zənginləşir, Azərbaycan bəşəriyyətin geopolitik güc mərkəzinə çevrilir. Dövlət başçısının rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan müstəqil Azərbaycan möhtəşəm nailiyyətlərə doğru irəliləyir. Bu da ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənəcəyinə qəti əminlik yaradır.
Vidadi MURADOV,
“Azər-İlmə”
MMC-nin baş direktoru,
əməkdar incəsənət xadimi.
Respublika.-2014.- 16 oktyabr.- S.5.