EKSPO-2017 YALNIZ QAZAXISTAN
ÜÇÜN DEYİL, MDB MƏKANINDA YENİ
MƏRHƏLƏDİR VƏ BÖYÜK İMKANLAR
AÇACAQDIR
Beynəlxalq Sərgilər Bürosunun qərarına əsasən 2017-ci ildə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində dünya şöhrətli EKSPO sərgisi keçiriləcəkdir. Bir neçə gün öncə EKSPO-2017-nin komissarı, Qazaxıstan xarici işlər nazirinin birinci müavini Rapil Seytxanoviç Joşıbayevin Azərbaycana işgüzar səfərində respublikamızın bu sərgidə iştirakı məsələləri də müzakirə olunmuşdur. Sərginin beynəlxalq əhəmiyyətini nəzərə alaraq əməkdaşımız Rapil Joşıbayevlə görüşüb ətraflı söhbət etmişdir.
—Dünyanın ən genişmiqyaslı sərgilərindən hesab olunan məşhur EKSPO sərgisinin beynəlxalq imici çox yüksəkdir. Üç ildən sonra Qazaxıstan Respublikasının paytaxtı müasir sivilizasiyanın müxtəlif sahələrində qazanılmış nailiyyətlərin sərgilənməsinə ev sahibliyi edəcək. Dost Qazaxıstan bu tədbirə necə hazırlaşır?
—Respublikamız dünya əhəmiyyətli belə bir beynəlxalq sərgiyə ev sahibliyi etmək hüququnu iki il bundan əvvəl qazanmışdır. Cari ilin iyun ayında isə Parisdə, Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş assambleyasının 155-ci sessiyasında EKSPO-2017 sərgisinin keçici bayrağı Qazaxıstana təqdim olunmuşdur. Bilirsiniz ki, bayrağın təqdim edilməsi EKSPO-2017-nin keçiriləcəyi məkanın rəsmən tanınması deməkdir. Və elə həmin vaxtdan da bu tədbirin yüksək səviyyədə baş tutması üçün respublikamızda hazırlıq işlərinə başlanılmışdır. Vurğulamaq istərdim ki, dünyanın ən böyük sərgisinin ölkəmizdə keçirilməsi qərarına nail olmaq faktını bu məsələdə əsas təşəbbüskar olan dövlət başçısının, həmçinin Astana şəhərinin, ümumiyyətlə, Qazaxıstan Respublikasının möhtəşəm qələbəsi hesab etmək mümkündür. EKSPO sərgi hərəkatı tarixində ilk dəfədir ki, onun növbəti işi Mərkəzi Asiya məkanında, MDB ərazisində keçiriləcək. Mənə elə gəlir ki, bu, bizim hamımızda qürur doğuracaq bir əlamətdar hadisədir.
Beynəlxalq büro, həmçinin sərginin hazırlanması və keçirilməsinə aid bütün sənəd və materialları — “Qeydiyyat dosyesi”ni də təsdiq etmişdir. Beləliklə, təşkilatçı tərəf kimi rəsmi olaraq Qazaxıstan Respublikasına ümumdünya nailiyyətlərini, perspektivli ideyaları təbliğ etməklə həm bu sərginin, həm də dövlətin imicini daha da yaxşılaşdırmaq, sərgiyə beynəlxalq iştirakçılar axınını cəlb etmək üçün genişmiqyaslı təbliğat və təşviqat işləri aparmaq kampaniyasını genişləndirmək hüququ verilmişdir.
Bu tipli tədbirlər keçirilən zaman təşkilatçı tərəf BSB-nin qayda və təlimatlarına ciddi əməl etməlidir. Çünki vaxtında və yüksək keyfiyyətli hazırlıq prosesi apararaq sərgini əla səviyyədə keçmək məsuliyyətini yalnız təşkilatçı ölkə deyil, BSB də daşıyır.
—Artıq elan olunmuşdur ki, sərgi “Gələcəyin enerjisi” devizi ilə keçiriləcək və bu gün üçün çox aktual olan bir mövzuya — alternativ enerji mənbələrinə aid mövzuları işıqlandıracaq. Niyə məhz bu mövzunun sərgilənməsini məqsəduyğun hesab etmisiniz?
—Astanada keçiriləcək EKSPO-nun mövzusu təsadüfən seçilməyib. Faydalı qazıntılarla zəngin olan və ənənəvi enerji mənbələrindən geniş istifadə edən Qazaxıstan yaxşı dərk edir ki, enerjidən davamlı və sabit şəkildə istifadə, alternativ energetika və təbii sərvətlərin qorunması bütün enerji sahələrinin inkişafında prioritet istiqamətlərdən biridir.
“Gələcəyin enerjisi” — çox geniş anlayışdır və külək, günəş, su, kosmos və biokütlə enerjisindən alınacaq alternativ enerji məsələlərini əhatə edir, karbon qazının (CO2) atmosferə tullantılarının azaldılmasının yollarını göstərir. Ona görə də EKSPO-2017 Qazaxıstanı beynəlxalq səviyyədə CO2 tullantılarının azaldılması və hazırda alternativ enerji axtarışlarına aid qlobal məsələlərin həllində daha fəal və vacib ölkələrdən biri kimi tanıdılmasına xidmət edir. EKSPO-2017 qeyri-adi beynəlxalq tədbir olacaqdır, bu sərgi gələcəyi proqnozlaşdırmaq cəhdi deyil, gələcək üçün daha etibarlı və balanslaşdırılmış enerji yollarını axtarıb tapmaq üçün ssenariləri və imkanları nümayiş etdirmək məkanıdır.
Qazaxıstan alternativ enerjinin inkişafına öz töhfəsini vermək niyyətindədir və belə bir perspektivli istiqamətdə çalışan ən yaxşı mütəxəssisləri və layihələri bir araya toplamaq istəyir. Əminəm ki, Astanada keçiriləcək bu sərgi parlaq beynəlxalq hadisələrdən biri olacaq, alternativ və bərpa olunan enerji mənbələrinin gələcəkdə daha da inkişafına, onlardan istifadə məsələlərinə təkan verəcəkdir.
Qazaxıstan xam, təcrübədən çıxarılmamış iqtisadi sahələrin həyata keçirilməsinin fəal tərəfdarlarındandır. Bizim tərəfimizdən XXI əsrdə davamlı inkişafın Qlobal enerji – ekoloji strategiyası və 2012-ci ildə sabit inkişaf üçün Birləşmiş Millətlər Təşkilatının Konfransı tərəfindən dəstəklənən “yaşıl körpü” Tərəfdaşlıq Proqramı irəli sürmüşük. Hazırda sabit enerjinin inkişaf etdirilməsi Qazaxıstan Respublikasının əsas prioritetlərindən biridir. 2050-ci ilədək bərpa olunan enerjinin payını ölkə üzrə ümumi enerji balansının 50 faizi həcminə çatdırmağı planlaşdırırıq. Eyni zamanda, 2015-ci ilədək hər il enerji ehtiyatları istehlakını 10 faiz azaltmaq niyyətindəyik.
“Qazaxıstan-2050” Strategiyasına və Qazaxıstan Respublikasının ən yeni iqtisadi sahələrə keçid konsepsiyasına uyğun olaraq elektrik enerjisi sahəsinə 2030-cu ilədək 50 milyard, 2050-ci ilədək isə təxminən 100 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulmuşdur. Bu investisiyaların yarısının bərpa olunan enerji sahəsinin inkişafına yönləndirilməsi planlaşdırılmışdır.
—Cənab Joşıbayev, belə bir sual da müəyyən maraq doğurur: EKSPO-nun keçirilməsi üçün niyə Astana kimi gənc, müasir, tərəqqidə olan, əlavə imic qazanmağa ehtiyacı olmayan bir paytaxt şəhəri seçilmişdir? Onun əvəzinə inkişaf etmək üçün əlavə həvəsləndirici amillərə və maraqlara həvəsli başqa bir şəhərin seçilməsi doğru olmazdımı?
—Bizim bu qərarımızı bir neçə cəhət şərtləndirir. Birincisi, bu, bizim ilk EKSPO sərgimizdir, ona görə də onun Qazaxıstanın paytaxtında – Astanada keçirilməsi ən münasib seçimdir. Nəqliyyat infrastrukturu, inşaat işləri aparmaq üçün tikinti meydançalarının olması, qonaqların qəbulu və onların yerləşdirilməsi, həmçinin daha da inkişaf etmək üçün Astananın böyük potensialı var. Qazaxıstanın paytaxtının bugünkü müasir arxitektura üslubu Avrasiya qitəsinin mərkəzində Avropa və Asiya mədəniyyətlərinin ən yaxşı ənənələrini özündə birləşdirərək təqdim edir. Hazırda Astananın ən yeni tarixi beynəlxalq tədbirlərin uğurla təşkil olunduğu məkan kimi də xatırlanır. Bildiyiniz kimi, Astana dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin dörd qurultayının, ATƏT-in Sammitinin, Asiya qış oyunlarının, Astana İqtisadi Forumunun və digər əhəmiyyətli tədbirlərinin ünvanı olub.
İkincisi, belə bir genişmiqyaslı sərgi nə üçün kiçik şəhərlərdə təşkil edilməlidir? Məgər qısamüddətli investisiya və turist axını üçün nəhəng infrastrukturlar inşa etməyə dəyərmi? Axı sərgidən sonra onların hamısı lazımsız əşya kimi ya istifadəsiz qalacaq (məsələn, Hannover-2000, Yeosu-2012), yaxud da söküləcək (məsələn, Aiçi 2012). Astana sürətlə inkişaf edir. Əvvəlki sərgilərin təcrübəsini öyrənərək inamla deyə bilərik ki, bizim sərgidən sonra onun bütün pavilyonlarından maksimum səmərəli şəkildə istifadə olunacaqdır.
Üçüncüsü, EKSPO-2017-nin keçirilməsi ayrılıqda həm paytaxt şəhərin, həm də, ümumiyyətlə, respublikanın iqtisadiyyatında və infrastruktur inkişafında əlavə stimul olacaqdır.
Astana-Avrasiyanın mərkəzidir, ölkəmizin inkişafının lokomotividir.
EKSPO-2017-nin Astanada keçirilməsi bütün ölkə üçün böyük perspektivlər açır. Biz, ilk növbədə, uzunmüddətli inkişaf üçün təkanverici təsir haqqında düşünürük. Elə bir effektdən ki, Qazaxıstan iqtisadiyyatının bütün sahələrinə təsir edəcək; təbiidir ki, sərgi innovasiya sahəsində aktivliyi artıracaq, regionların sosial-mədəni inkişafına müsbət təsir göstərəcəkdir. Əlavə olaraq, EKSPO Qazaxıstanın bütün regionlarında sahibkarlar və iş adamları üçün geniş imkanlar açacaqdır. Artıq paytaxt Astananın infrastrukturu sürətlə inkişaf edərək dəyişir, yeni mehmanxanalar, nəqliyyat qovşaqları tikilir. Bir daha qeyd edim ki, bütün bunlar bütövlükdə respublikamızın nəqliyyat infrastrukturunun inkişafı deməkdir və 2017-ci ilədək Qazaxıstanın bütün böyük avtomobil magistrallarının təmir olunması planlaşdırılıb. Astana şəhərinin hava limanının da genişləndirilməsi gündəmdədir. Daha çox daşıma qabiliyyətinə malik yeni dəmiryol vağzalı tikilir.
—Sərgi üçün böyük bir ərazi, demək olar ki, 180 hektar sahə ayrılacaq. Sərgi kompleksi, konkret olaraq Qazaxıstan pavilyonu necə təmsil olunacaqdır?
—Daha dəqiq desək, sərginin sahəsi 174 hektardır, bunun 25 hektarlıq sahəsində sərgi kompleksi yerləşdiriləcəkdir. Bu kompleks beynəlxalq iştirakçıların pavilyonları, korporativ və tematik pavilyonlar, konsert zalı, konqress-mərkəz, çoxfunksiyalı ticarət-əyləncə kompleksi və Qazaxıstan milli pavilyonundan ibarət olacaqdır.
Qazaxıstan pavilyonu 80 metr diametrli kürə şəklində yaradılacaq və dünyada bu ölçüdə və bitkin biçimdə yeganə bina olacaqdır. EKSPO-2017-nin əsas simvolunun ümumi sahəsi isə 26 min m2-dən böyükdür. Bir sözlə, Qazaxıstan pavilyonu binanın formasından, eləcə də sərgi binasının funksiyalarından irəli gələn nadir konstruktiv xüsusiyyətlərə malik tikinti kimi nəzərdə tutulmuşdur. Milli pavilyon bərpa olunan enerji mənbələrinin tətbiqinin əyani nümunəsi kimi də diqqəti cəlb edəcəkdir.
—Oxucularımız belə bir nəhəng tədbirin emosional-psixoloji tərəfi barədə də təşkilatçı tərəfin fikirlərilə tanış olmaq istərdi. Yerli əhali bu sərginin keçirilməsi perspektivinə necə reaksiya verir: onu gözləyirlərmi, sərgi sakinlərdə müəyyən maraq doğururmu, sərgidən sonra onlar nəyin şahidi olacaqlar və s. bütün bunlar real olaraq necə ifadə edilir?
—Vətəndaşlarımız, əlbəttə, sərginin keçirilməsi məqamını gözləyirlər. Qazaxıstanlılar əmindirlər ki, Astanada EKSPO Beynəlxalq sərgisinin keçirilməsi ölkə iqtisadiyyatının gələcək inkişafı, onun diversifikasiyasının və modernləşdirilməsinin lokomotivi olacaqdır. Hər bir layihənin, xüsusilə də belə bir genişmiqyaslı layihənin tərəfdarları ilə yanaşı, əleyhdarları da ola bilir. İşgüzar, ədalətli tənqidin olması yaxşı haldır, bu, layihəni daha da kamilləşdirməyə imkan verər. Sərginin təşkilində və keçirilməsində tənqidi fikirləri nəzərə almağa çalışırıq, onların əsasında sərginin təşkili və keçirilməsi işlərində müəyyən zəruri düzəlişlər aparırıq. Şübhəsiz ki, EKSPO-nun keçirilməsinin çox üstünlükləri var. Həmin üstünlüklərin səmərəsini müxtəlif səviyyələrdə görmək mümkün olacaqdır.
Astanada EKSPO-nun keçirilməsi beynəlxalq səviyyədə qlobal enerji sahəsində innovasiya qoyuluşu üçün geniş meydan açacaqdır. Xüsusilə alternativ və bərpa olunan enerji mənbələrinin tədqiq olunub öyrənilməsinə və ondan istifadə edilməsinə böyük təkan verəcəkdir.
EKSPO-2017 dövlət səviyyəsində uzunmüddətli sosial-iqtisadi səmərəliliyi təmin etməyə də imkanlar yaradacaqdır.
Yerli səviyyədə isə turizm sahəsi, mehmanxana biznesi və başqa xidmət sahələri güclü müsbət təkan alacaqlar. Bu isə kiçik və orta biznesin inkişafı, yeni iş yerlərinin açılması deməkdir.
Artıq bu gün, sərgiyə hazırlıq çərçivəsində şəhərlərarası nəqliyyat şəbəkəsinə yenidən baxılır, yollar təmir olunur, həmçinin yeni yollar salınır, Astanada yeni dəmir yolu vağzalı inşa edilir, aeroportun genişləndirilməsi nəzərdə tutulub, turizm və mehmanxana biznesində inkişaf nəzərə çarpır. Eyni zamanda, sərgiyə hazırlıq və onun layiqincə keçirilməsi məqsədilə iş adamları, elmi dairələr və gənclər də prosesə cəlb edilib.
Şübhəsiz ki, Avrasiya qitəsinin mərkəzində EKSPO sərgisinin keçirilməsi yalnız Astananın, Qazaxıstanın deyil, ümumiyyətlə, bütün MDB-nin iqtisadi həyatında yeni mərhələdir. Biz əlimizdən gələni edəcəyik ki, EKSPO Astanada ən yüksək səviyyədə keçsin və dünyada ən yüksək texnologiyalar sərgisi kimi tanınsın.
Müsahibəni
apardı:
Elçin VƏLƏDOĞLU,
Respublika.-2014.- 15 oktyabr.- S.11.