Müasir Azərbaycanın müstəqilliyi Heydər Əliyevin
adı ilə bağlıdır
Tarixdən məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtdir. Məhz belə xarizmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər davam etmişdir. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.
Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi-siyasi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Siyasi təlimlər nəzəriyyəsinə görə liberalizm fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığı üçün dövlətçilik kursu ilə heç də həmişə və asanlıqla uzlaşmır. Dövlətçiliyin əlverişli geosiyasi və hətta hərbi-siyasi şərtlər çərçivəsində qurulması müstəqillik qazanmış bütün xalqların başlıca arzularındandır. Heydər Əliyev hakimiyyətə gəlişinin ilk illərində liberal dəyərlərlə manipulyasiya edən bəzi beynəlxalq siyasi dairələrin çağırışlarına cavab olaraq Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin ictimai inkişafın ilkin pilləsində dövlətçilik prinsipinin dominantlığı zərurətini əsaslandırmalı olmuşdur. Aydın məsələdir ki, dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək də mümkün deyildir. Lakin o biri tərəfdən, insanların hüquq və azadlıqlarını qoruya bilmədikləri dövlət son nəticədə cəmiyyətin inkişafı üçün təkanverici rolunu yox, buxov və əngəl rolunu oynamağa məhkumdur. Ümummilli lider Heydər Əliyev bu iki siyasi ideyanın eyni dərəcədə düzgün olduğunu qəbul etdiyi üçün onlar arasında elə ritmik bir ahəng yaratmışdı ki, nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirməsin. Azərbaycan xalqı müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə liberal dəyərlərdən nəyi qazanıbsa, məhz dövlətçilik prinsiplərinin aliliyinə əsaslanan ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qazanmışdır.
Ulu öndər Heydər Əliyev bu mərhələdən respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Ulu öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.
Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü böyük azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir.
Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq və qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; o, həmçinin milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl rolunu oynayır.
Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların Vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya da təkcə azərbaycanlıların deyil, digər milli azlıqların maraqlarını özündə ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını ön plana çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsi ilə yanaşı, respublikada insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur.
Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərə də dözümlü mühitin yaradılmasını təmin etmiş, dinlər arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası dini tolerantlığın başlıca təminatçısı kimi çıxış edir.
Milli ideya zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir. Hələ 90-cı illərin əvvəlində ulu öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi formasiya üçün zəruri iqtisadi islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdir. Lakin son illərdə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə dəyişmişdir.
Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr və təhlillər aparılır.
Ulu öndərin dövlətçilik kursunu bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Prezident İlham Əliyev Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etmir, onun real icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır.
Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmək, onu qüdrətli, lider dövlətə çevirmək ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. Zaman keçdikcə onun böyüklüyü, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərin mahiyyəti və miqyası daha aydın görünür. İstər birinci, istərsə də ikinci hakimiyyəti illərini xatırlasaq, onda görərik ki, dövlət müstəqilliyi və Heydər Əliyev fenomeni vəhdət təşkil edir. 1993-cü ilin yayında Parlamentdəki ilk çıxışında müdrik rəhbərin dediyi “Azərbaycanın tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifə hesab edirəm” fikirləri onun bu amala qəlbən bağlılığını açıq göstərirdi. 1993-cü ildən 2003-cü ilə qədər keçən on il ümummilli liderimizin Azərbaycanın müstəqilliyinə nə qədər sədaqətli olduğunu sübut etdi. Xatırlamalıyıq ki, ölkəmizin müstəqilliyi hamar yollardan keçməmişdir. Azərbaycanın xaricdəki düşmənləri və daxildəki hakimiyyət hərisləri dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəni xaosdan xilas etməkdə, demokratik dövlət qurmaqda Heydər Əliyevə hər vasitə ilə mane olmağa cəhd edirdilər. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin əsas məqsədi xalqın müdrik rəhbərini cismən aradan götürmək və ölkəni yenidən xaosa sürükləmək idi.
Azərbaycanın hərtərəfli və dinamik inkişafı əsası ümummilli liderimiz tərəfindən qoyulmuş möhkəm təmələ və uzaqgörən müdrik siyasətə söykənir. Fərəhlidir ki, bu siyasi kurs uğurla davam etdirilir. İllər keçdikcə ölkəmizin iqtisadiyyatı güclənir və Azərbaycan qüdrətli dövlətə çevrilir. Azərbaycan 23 illik müstəqillik ərzində dünyada nüfuz qazanmış, imzası imzalar içində görünən xalqımız isə böyük tərəqqiyə nail olmuşdur.
Ramiz ŞABANOV,
Tərtər Rayon İcra Hakimiyyəti
başçısının
birinci müavini,
YAP rayon təşkilatının sədri.
Respublika.-2014.- 16 oktyabr.- S.5.