Mustafa Mərdanov fenomeni
Bu il görkəmli teatr və kino aktyoru Mustafa Mərdanovun anadan olmasının 120 illiyi təntənə ilə qeyd edilir. Həm mətbuatda gedən yazılar, həm də M.Mərdanovun çəkildiyi filmlərin televiziya kanallarında nümayişi buna gözəl sübutdur.
Tiflis şəhərində anadan olmuş və ömrünün 60 ilini teatra həsr etmiş M.Mərdanov tək aktyor sənəti ilə deyil, həm də teatr təşkilatçısı və gözəl tərcüməçi kimi hörmət qazanmışdı. Onu həyatda və kinolarda görən hər kəs indi də M.Mərdanov fenomenini hörmətlə yad edir.
Azərbaycan Teatr Xadimləri İttifaqına sədrlik etdiyi dövrdə o, ittifaqın indiki binasının tikilməsində dostu rejissor Zəfər Nemətovla çox əmək sərf etmişdir. Elə buna görə də ittifaqda keçirilən bir çox tədbirlərdə onun adı hörmətlə çəkilir. Bu yaxınlarda ittifaqın yuxarı mərtəbəsində isə M.Mərdanov adına kiçik səhnə fəaliyyətə başladı. Kiçik səhnənin açılışında Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, görkəmli sənətkarlar iştirak edirdi.
M.Mərdanov adına kiçik
səhnənin açılışı sənətini hədsiz
dərəcədə sevən sənətkarların səyi
nəticəsində başa gəlmişdir.
Açılışda M.Mərdanovun “Altmış il səhnədə” xatirələri əsasında,
kompozisiya
oynanıldı.Tamaşaçılar kiçik
zalın yanlarında oturmuşdular. Ortada qədimi
bir stol,
stul, onlardan bir az aralıda
paltarasan var idi. Paltarasandan müxtəlif obrazlara
aid paltar və əlbəsələr asılmışdı.
Stolun üstündə müxtəlif
kitablar və vərəqələr var
idi.
Kompozisiyanı Azərbaycan teatrının
iki görkəmli aktyoru, xalq artistləri
Hacı İsmayılov
və Rafik Əzimov ifa edirdilər. R.Əzimov M.Mərdanovun özünü
təqdim edirdisə, H.İsmayılov ona aponentlik edirdi, keçdiyi həyat yolu və yaradıcılığı
haqqında müxtəlif
suallar verirdi. Gənc Mustafanın Moskvada Teatr İnstitutunda başına gələn hadisələri R.Əzimov
incə yumorla təqdim edirdi. H.İsmayılovun mətnində isə
M.Mərdanovun bəzi
anlarda susaraq söyləmədiyi vəziyyətləri
cəsarətlə açıb
söyləmək meyili
çox güclü səslənirdi. Sənətkarlar dəyişən işığın
hərəkəti və
kölgəsi arasında
sanki dərviş kimi dövrə vurur, görkəmli bir sənətkarın yaradıcılıq yolunu
həyəcanla ifa edirdilər. R.Əzimov sonralar
M.Mərdanovun oynadığı
bir çox rolları səhnədə
canlandırmışdır. Dünya və Azərbaycan dramaturqlarının əsərlərindən
monoloqlar kompozisiyanın
bədii dəyərini
xeyli zənginləşdirirdi.
Burda Şekspirdən, Molyerdən,
Ostrovskidən, Axundzadədən
çox maraqlı parçalar nümayiş
etdirilirdi. Ü.Hacıbəylinin
“Arşın mal alan” komediyası isə xüsusi coşqunluqla təqdim olunurdu.
M.Mərdanov haqqında kompozisiyanın
ifaçılarından məmnun
qalmağımın səbəbləri
var. Həm H.İsmayılov,
həm R.Əzimov mənim Dram Teatrında hazırladığım tamaşalarda
iştirak ediblər. Həmişə də onların istedadına, təvazökarlığına,
nizam-intizamına heyran
olmuşam. Rolun böyüklüyündən,
ya kiçikliyindən
asılı olmayaraq bu hörmətli sənətkarlar məşq
vaxtı hazır vəziyyətdə öz
yerlərində olurdular.
Onlarla işləyən hər bir rejissora bundan
böyük hörmət
olmazdı.
Kompozisiyanın rejissoru Teatr Xadimləri İttifaqının
sədri, xalq artisti, professor Azər Paşa Nemətov idi. A.Nemətov hələ gəncliyində
teatr ictimaiyyətini sevindirən bir neçə meydan tamaşaları hazırlamışdır.
Onun Gənc Tamaşaçılar
Teatrının foyesində
hazırladığı “Buraxılış
gecəsı” tamaşası
emosionallığı və
tamaşaçılara yaxınlığı
ilə çox güclü təsir bağışlayırdı. A.Nemətov yeni forma axtarışlarını
bu gün də müvəffəqiyyətlə
davam etdirir.
Kompozisiyaya baxa-baxa həm xalq artisti, Dövlət
Mükafatı laureatı
H.İsmayılovun, həm
xalq artisti R.Əzimovun, həm də xalq artisti,
rejissor A.Nemətovun Azərbaycan teatrının
keçmişinə və
indisinə necə böyük hörmət və məhəbbətlə
yanaşdıqlarının şahidi olduq.
M.Mərdanov adına kiçik səhnədə
bundan sonra da böyük sənətkarlarımızın yad ediləcəyinə əminik və ittifaqa uğurlar arzulayırıq.
Ağakişi KAZIMOV,
Xalq artisti, professor.
Respublika.-2014.- 16 oktyabr.- S.7.