Müstəqil Azərbaycanda
insan hüquqları davamlı inkişaf perspektivindən
Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
Günü - Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir.
Dövlət müstəqilliyinin yenidən bərpasından ötən dövr müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olmuşdur. Çar mütləqiyyət quruluşu, 1918-ci il 28 may tarixində şərqdə ilk demokratik idaretmə formasının, Azərbaycan Demokratik Respublikası yaradılması, habelə Sovet kommunist rejimi kimi üç ictimai-siyasi quruluşdan keçmiş Azərbaycan nəhayət ki, XX əsrin sonunda yenidən öz dövlət müstəqilliyini bərpa etdi.
70 il sonra, yeni bir tarixi şans kimi Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Yeni bir tarixi şans kimi 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu Azərbaycan Respublikasında dövlət quruluşunun, milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən oldu. Bu mühüm tarixi sənəd xalqımızı azadlığına qovuşdurdu.
Lakin, ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərinə təcavüzü və işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal olunurdu. Bu proseslər gənc müstəqil ölkənin sabitliyi üçün böyük təhlükə və çətin sınaq idi.
Azərbaycanın dövlət müqəddəratının həll olunduğu bir vaxtda xalqın təkidi ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev, onun müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz çətin və mürəkkəb bir şəraitdə qorunub saxlanıla bildi.
1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, strateji islahatların, qanunvericiliyin, iqtisadi, sosial və sistemlərinin sürətlə dəyişən şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsi açdı.
Belə ki, 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının da təşəbbüskarı məhz Ulu öndər Heydər Əliyev oldu. Onun təşəbbüskarlığı və sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbulu Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu.
Məhz insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğu ölkənin əsas qanununun qəbul edilməsindən sonra dövlət mülkiyyətinin özəlləşdirilməsi, birpartiyalı sistemin ləğvi, məhkəmə orqanlarının yenidən formalaşdırılması və hakimiyyətin bölgüsü prinsipi ilə hüquqi dövlət quruculuğu istiqamətində gedən digər proseslər sürətləndirildi.
Zaman gedişində 2002-ci ildə və daha sonra 2009-cu ildə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafını təmin etdi. Hüquq sistemi üçün vacib dəyişikliklərdən biri isə, hər bir kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsi oldu.
Ölkə prezidenti tərəfindən insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə mühüm Fərman və Sərəncamlar da imzalandı.
Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardan oldu.
Ulu öndərin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində də strateji məqsədlər, insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə Elmi Tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olundu.
Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və qurumlarda tədqiqat və təhsil proqramları üzrə mütəxəsislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulurdu. Bu gün tam əminliklə söyləmək olar ki, qeyd olunan proqramda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir.
Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı qərarları bu gün də aktuallığını itirmir və inkişafın əsas istiqamətlərini, strateji hədəfləri müəyyən edir.
Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün, 18 iyun - ölkə başçısının 17 iyun 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında “İnsan Hüquqları Günü” kimi təsdiq edilmiş və hər il geniş şəkildə qeyd olunur. Maraqlı və mahiyyət etibarilə böyük rəmzi məna daşıyan məqam odur ki, məhz həmin tarixdə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən “İnstitusional quruculuq paketi” qəbul edilmiş və bu paket çərçivəsində BMT-yə üzv olan dövlətlərdə insan hüquqları sahəsində vəziyyəti qiymətləndirməyə imkan yaradan yeni universal dövri icmal mexanizmi təsis edilmişdir ki, Azərbaycanın bu prosesdə fəal iştirakı və ölkədə bu istiqamətdə həyata keçirilən işlər müsbət təcrübə kimi qiymətləndirilmişdir.
Ölkə prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Müasir çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən ən həssas qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsində növbəti mərhələnin başlanğıcını qoydu.
İnsan hüquqları sahəsində həyata keçirilən islahatların məntiqi davamı olaraq, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələri müəyyən edən, insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetlər nəzərə alınmaqla 27 dekabr 2011-ci il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edildi. Bu Proqramın icrasına 43 dövlət qurumunun, o cümlədən yerli icra hakimiyyəti orqanlarının cəlb olunması həmin sənədin icra mexanizminin effektivliyinə yönəlmişdir.
Adı çəkilən Proqramın həyata keçirilməsinin monitorinqi, dəyərləndirilməsi və əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərlik Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilmiş, bir çox dövlət qurumlarını və vətəndaş cəmiyyəti təsisatlarını birləşdirən şəbəkə şəklində fəaliyyət təmin olunmuş, ötən üç il müddətində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş bir çox məsələlər tam icra olunmuşdur.
Azərbaycan Respublikası həyata keçirilən islahatlar çərçivəsində 250-dən artıq beynəlxalq müqaviləyə qoşulmuşdur ki, bunların da çoxu insan hüquq və azadlıqları sahəsində qəbul edilmiş beynəlxalq sənədlərdir və milli qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi prosesində mühüm əhəmiyyət kəsb edir.
Ölkədə həyata keçirilən islahatların məntiqi davamını təmin etmək, ölkədə əhalinin sosial rifahını yüksəltmək, habelə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq məqsədilə ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı əsasında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiqlənmişdir.
İnsan hüquqları amilinin hərtərəfli nəzərə alındığı Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, əhalinin müxtəlif qruplarının, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyinin inkişafının davamlılığına nail olmaqdır.
Burada İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də “elektron hökumət” xidmətlərinin tam tətbiq edilməsi Azərbaycanda müasir idarəetmənin formalaşmasının əsas prioritetlərindəndir.
Qeyd olunanlarla yanaşı, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmuşdur. Bu isə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların inkişafı ilə yanaşı əhalinin müxtəlif qruplarının rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davamlılığı təmin etməklə, insan hüquqlarının təmininə mühüm töhfələr verməkdədir.
Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması, dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya hüquqpozmaları törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, bu hüquqpozmalardan zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, vəzifəli şəxslərin və dövlət qulluqçularının vicdanlı xidmət və peşəkarlıq sahəsində nümunəvi davranışının gücləndirilməsi məqsədilə strateji hədəflər müəyyən olunmuşdur.
Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmiş, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinə uyğun olaraq 2011-ci il 24 iyun tarixli Qanunla Cinayət Qanunvericiliyinə və digər normativ hüquqi aktlara bir sıra mühüm dəyişikliklər edilməklə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, eləcə də Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdqilənmişdir.
Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin geniş miqyasda təbliği və təkmilləşdirilməsi olmuşdur. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.
Bu baxımdan Milli Fəaliyyət Planında nəzərdə tutulmuş “Elektron hökumət” portalı istifadəyə verilmiş, hazırda təsdiq olunmuş 446 dövlət xidmətinin 291-i portala inteqrasiya olunmuş, o cümlədən dövlət saytlarında göstərilən xidmətlərin ümumi sayı 478, portalda olanların sayı isə 374-dür ki, bu da əhali qruplarının maraqlarının effektiv təmininə xidmət edir.
Müasir texnologiyaların yerli və mərkəzi icra hakimiyyəti orqanlarının müxtəlif dövlət qurumlarında, o cümlədən məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcəkdir.
Dövlət idarəetməsində yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri ölkə Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik davranış qaydalarına əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmış, bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə nəticələnmişdir. Eyni xidməti göstərmək imkanının paralel olaraq bir neçə quruma verilməsi vətəndaşa xidmət qurumunu sərbəst seçmək imkanı da yaradır.
Beləliklə, demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməklə yanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik sisteminə və maraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf və səmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir. İslahatların mühüm innovasiyası mütərəqqi, konseptual modellərin müsbət cəhətlərini siyasi varisliklə, milli maraqlarla uyğunlaşdırmaq və tətbiq etmək vətəndaşa yönümlü modern idarəetmə modelinin formalaşdırılmasında öz təzahürünü tapır.
Dövlət müstəqilliyin daha bir nailiyyəti, inkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında aparılan demokratik hüquqi islahatlar prosesində Ombudsman institutunun, ölkənin hüquq sistemində insan hüquqlarının müdafiəsi və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin möhkəmləndirilməsi sahəsində mühüm bir təsisatın yaradılması oldu.
İnsan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpasında yeni mexanizmin və ölkə modelinin formalaşmasına imkan verdi.
Bu gün minlərlə soydaşımızın, əhalinin müxtəlif qruplarının - qaçqın və məcburi köçkünlərin, ahılların, əlillərin, qadınların, uşaqların, məhkumların, miqrantların, hərbi qulluqçuların, milli azlıqların, ruhi xəstələrin və digərlərinin müxtəlif sahələrdə, işə bərpa ilə bağlı, ünvanlı sosial yardımların müəyyən edilməsi və verilməsi, məhkəmə qərarlarının icrası, şəxsiyyət vəsiqələrinin verilməsi, pensiyaların, alimentlərin təyin və təmin olunması, mülkiyyət, torpaq, mənzil və başqa problemləri Müvəkkilin müdaxiləsi nəticəsində öz həllini tapır.
Əhalinin Ombudsmana müraciətlərini asanlaşdırmaq, böyük məsafələr qət etmək, nəqliyyat və poçt xidmətləri xərclərini aradan qaldırmaq, yerlərdə araşdırmaları daha tez aparmaq, habelə əhalinin hüquqi maarifləndirilməsinin səmərəliliyini artırmaq məqsədilə ölkənin 4 regionunda, Gəncə, Şəki, Quba və Cəlilabadda Müvəkkilin regional mərkəzləri də yaradılmış və fəaliyyət göstərməkdədir.
Ombudsman milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanun layihələrinin qəbul edilməsi istiqamətində də səlahiyyəti çərçivəsində təşəbbüslərini artırır. Təsisat tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar, Miqrasiya, Əmək, Ailə, Mənzil, Seçki və s. məcəllələrinin, o cümlədən əlillik, pensiyalar və sosial müavinətlər, sosial xidmətlər, məhkumlar, ruhi xəstələrlə bağlı və s. istiqamətlərdə qanunvericilik aktlarının monitorinqini həyata keçirməklə təkmilləşdirilməsi istiqamətində parlamentə və hökumətə təkliflərini təqdim etməklə, müvafiq qərarlar qəbul edilməsinə nail olunmuşdur.
Vətəndaşların maraqlarının təmini baxımından qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Konstitusiya Məhkəməsi ilə də əməkdaşlıq Müvəkkilin sorğuları əsasında qəbul edilmiş həmin qərar və qərardadlar əsasında normativ hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təmininə mühüm töhfələrini verməkdədir.
Ümumilikdə isə, Müvəkkilin 461 təklifi müvafiq qurumlara göndərilmişdir ki, burada da əsas məqsəd illik məruzələrdə göstərilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, habelə səlahiyyətli dövlət qurumlarına göndərilmiş bir sıra sahələrlə bağlı təklif və tövsiyələrin təmin olunması məqsədilə tədbirlərin həyata keçirilməsidir. Hazırda yarısından çoxu həyata keçirilmiş bu təkliflər demokratik idarəetmənin və dövlət-vətəndaş münasibətlərinin təkmilləşməsində, süründürməçiliyin və bürokratik əngəllərin aradan qaldırılması üzrə islahatlara öz töhfəsini verməkdədir.
Azərbaycan Respublikası tərəfindən 2 dekabr 2008-ci il tarixdə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolu ratifikasiya edilmiş və ölkə Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə adı çəkilən sənəddə nəzərdə tutulmuş milli preventiv mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Bu sahədə mövcud olan beynəlxalq təcrübə öyrənilərək təhlil edilmiş, yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, həmçinin ölkədə tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 240-dan artıq müəssisələr üzrə müntəzəm baxışlar həyata keçirilməkdədir. Hazırda Müvəkkilin hüquq pozuntuları ilə bağlı 24 saat ərzində müraciətləri qəbul edən iki qaynar xətti də fəaliyyət göstərir.
Müvəkkil müxtəlif vaxtlarda Əfvlə də bağlı Azərbaycan Respublikası Prezidentinə, o cümlədən amnistiya aktının qəbulu ilə bağlı ölkə Parlamentinə çoxsaylı müraciətlər etmişdir. Bugünədək ölkə prezidenti tərəfindən 56 əfv fərmanı imzalanmış, Milli Məclis tərəfindən isə 10 amnistiya aktı qəbul edilmişdir ki, bu da minlərlə islah olunmuş şəxsin vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad edilməsi, cəza müddətinin azadılması, məhkumluğunun götürülməsi ilə müşayiət olunaraq insan hüquqları sahəsində islahatlara mühüm töhfə vermişdir. Bu proseslər gedişində Ombudsmanın müraciətləri əsasında 437 məhkum əfv olunmuş, çoxsaylı şəxslərə isə amnistiya aktı şamil edilmişdir.
Müvəkkil həmçinin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keirir. Yeni əlavə və dəyişikliklərlə bağlı Müvəkkil tərəfindən dövlət qurumlarının mətbuat xidmətlərinin nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları və media ilə məsləhətləşmələr keçirilmiş və hazırda da bu proses davam etməkdədir.
Bununla yanaşı, Müvəkkilin BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası və onun Fakültativ Protokolunun ratifikasiya edilməsi ilə bağlı irəli sürdüyü təklif müsbət qarşılanmış, Konvensiya və onun Fakültativ Protokolu Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən ratifikasiya edilmiş, müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən təsisat qismində Ombudsman müəyyənləşdirilmiş, BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsinə paralel məruzə də hazırlanaraq təqdim edilmişdir.
Ombudsmanın da fəaliyyətinin müsbət təcrübə olaraq qiymətləndirildiyi, İnsan hüquqlarının təmini baxımından əhəmiyyətli alət sayılan BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində həyata keçirilən Universal Dövri İcmal (UDİ) mexanizmini qeyd etmək yerinə düşərdi. 2009-cu ilin fevralında və 2013-cü ilin mayında isə insan hüquqları sahəsində vəziyyətin dəyərləndirilməsi baxımından tam yeni mexanizm olan UDİ üzrə Azərbaycan dövlətinin BMT-nin İnsan Hüquqları Şurasında iki hesabatı dinlənilmiş və bu sənədə böyük maraq göstərmiş dövlət nümayəndələrinin fəal iştirakı ilə müzakirələr nəticəsində ölkəmizdə insan hüquqları sahəsində əldə edilmiş uğurlar, mövcud təcrübə dəyərləndirilmiş, nöqsanların, çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Müvəkkil bu proseslərə fəal qoşulmuş, həyata keçirilən tədbirlərlə yanaşı, UDİ mexanizmi üzrə əlavə məruzə hazırlamış və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığa göndərmişdir.
Ombudsmanın formalaşdırdığı ənənəvi təcrübələrdən də biri “18 iyun - Milli İnsan Hüquqları Günü”, “10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü”, “21 sentyabr - Beynəlxalq Sülh Günü”, 20 noyabr - Uşaq Hüquqları Konvensiyasının qəbul edilmə tarixi ərəfəsində elan olunan aylıqlardır ki, bu da dövlət qurumları, QHT, KİV, icmalar və əhalinin iştirakı ilə kütləvi hal almış, müsbət təcrübəyə çevrilmişdir.
Ombudsman insan hüquqları ilə bağlı digər strateji sənədlərin də implementasiyasında fəal iştirak edir və onlarla beynəlxalq Konvensiya təşəbbüsümüzlə Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuşdur.
Üçüncü nəsil hüquqların, sülh və inkişaf hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, xalqların öz müqəddəratını təyin etmək hüququnun öyrənilməsi və tətbiq olunması da ölkədə Ombudsmanın yeni yanaşmasının, sistemli tədbirlərin həyata keçirilməsinin nəticəsidir.
Ölkə modeli və müsir yanaşma əsasında Müvəkkilin təşəbbüsü ilə yaradılmış və hüquqi maarifləndirmə işinin effektivliyini təmin edən müxtəlif özəklərdə, mütəmadi olaraq minlərlə insanın faydalandığı, qeyri-hökumət təşkilatı olan Qadın və İnkişaf Mərkəzində qadınlara, Ahılların Resurs Mərkəzində ahıllara və uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində isə müntəzəm fəaliyyət göstərən, uşaq hüquqları təhsilini nəzərdə tutan “Liderlik məktəbi”ndə insan hüquqları sahəsində məlumatlı gənclərin yetişdirilməsi işinə xüsusi diqqət yetirilir ki, bu da uşaq və gənclərin öz hüquqlarını öyrənməsinə və öz yaşıdlarına öyrətməsinə, onlarda vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.
İnsan hüquqları təhsili istiqamətində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil bir fənn kimi universitet səviyyəsində tədrisinə, yeni nəsil hüquqşünaslar, sosial işçilər və ixtisaslamış psixoloqların hazırlanması işinin təşkilinə nail olunmuşdur. Hazırda Bakı Dövlət Universitetində insan hüquqları kafedrası yaradılmış, bakalavr və magistr pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmaqla bu sahəyə elmi yanaşma nümayiş etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, habelə yeni yaradılmış və ixtisaslaşmış akademiyalarda, Polis və Ədliyyə Akademiyalarında dövlət qulluqçularına, müdavimlərə, tələbələrə ünvanlanan müxtəlif mövzulu treninqlər, yenidən hazırlama kursları insan hüquqları sahəsində məlumatlı kadrların yetişdirilməsi işinə mühüm töhfələr verir.
İnsan hüquqları təhsili və elə hüquqi maarifləndirmə baxımından Ombudsman təcrübəsində formalaşdırılan müsbət təcrübələrdən biri də “Uşaq hüquqlarının pilləli tədrisi” proqramıdır. Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində insan hüquqları təhsili bazasında həyata keçirilən Uşaq hüquqlarının pilləli tədrisi paytaxtda və respublikanın regionlarında geniş tətbiq olunmaqla, insan hüquqları mədəniyyətinin təbliğinə, cəmiyyətdə və məktəb mühitində insan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının reallaşdırılmasına və tədrisinə xidmət etməklə həmyaşıddan həmyaşıda prinsipi əsasında tətbiq olunur. Proqramın başa çatdığı məktəblərdə davamlılığı təmin etmək məqsədilə “Uşaq hüquqlarının tədrisi mərkəz”ləri də yaradılır.
Hüquq düşüncəsinin inkişaf etdirilməsi və hüquqi yardım baxımından 2004-cü ildən etibarən Müvəkkilin Aparatında mütəmadi olaraq ölkəmizdə dövlət və özəl universitetləri bazasında Hüquq Klinikalarının Şəbəkəsi də yaradılmışdır. Klinikaların işinin təkmilləşdirilməsi üçün xarici ekspertlər dəvət olunmuş, hüquqi maarifləndirmə seminarlarında hüquq fakültəsi tələbələrinin də cəlb edilməklə hüquqi xidmət göstərilməsi üçün yeni tədris modulları işlənib hazırlanmışdır.
Təsisatda “İnsan hüquqları sahəsində xüsusi qısamüddətli təhsil şəbəkəsi” də yaradılmışdır. Müxtəlif unversitetlərin tələbələri ardıcıl olaraq istehsalat təcrübəsi dövründə bu təhsil şəbəkəsinin imkanlarından faydalanır, mövcud təcrübə ilə yaxından tanış olurlar.
Ombudsman hüquq mədəniyyətinin və düşüncəsinin artırılmasında dövlət qurumları: parlament, nazirliklər, hüquq mühafizə orqanları, məhkəmələr, yerli icra hakimiyyətləri, QHT və KİV-lər, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurmuşdur. Dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmiş, bu qurumların nümayəndələri, deputat köməkçiləri, hakimlər və hakimliyə namizədlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər peşəkarlığın artırılması məqsədilə treninq-seminarlara cəlb olunurlar.
Fikir, söz və məlumat azadlığının təmini müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verdiyindən, insan hüquqlarının sferasının ən mühüm elementlərindən sayılır. Bu baxımdan demokratik idarəetmənin təşkili və informasiya çatımlığın təmini məqsədilə QHT və KİV-lərlə də sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Müvəkkilin gündəlik fəaliyyəti müxtəlif yönümlü qəzetlərdə müntəzəm olaraq işıqlandırılır.
Hüquqi maarifləndirilmə işinin səmərəliliyinin artırılması məqsədi ilə Ombudsman təsisatı tərəfindən hüquqi nəşrlər, hüquq lüğətləri, tematik lifletlər, müxtəlif məcmuələr, broşürlər, kitabçalar və yaddaş vərəqələri hazırlanır, çap olunur və əhali arasında yayılır. Bu gün 147 adda nəşrlər hazırlanmış, 23-dən artıq insan hüquqlarına və layiqli idarəetməyə dair xarici ədəbiyyat dilimizə tərcümə olunmuş, o cümlədən 46 Azərbaycan dilində olan vəsait ingilis dilinə, 36-sı isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında yayılmış və kitabxanalara paylanmışdır.
İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə Azərbaycan Ombudsmanı Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, habelə Asiya Ombudsmanlar Assosiasiyasına üzv qəbul olunmuşdur. 27 oktyabr 2006-cı il tarixdə Milli İnsan hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən Milli İnsan hüquqları Təsisatı kimi Azərbaycan Ombudsmanının fəaliyyəti Paris prinsiplərinə cavab verdiyindən “A” statusu ilə akkreditasiya olunmuş, 2012-ci ildə Müvəkkilin fəaliyyəti BƏK tərəfindən yenidən monitorinq edilmiş, onun “A” statusu yenidən reakreditasiya olunmuş və Paris Prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərdiyi BMT səviyyəsində bir daha təsdiqlənmişdir.
Ombudsmanın cəmiyyətə gətirdiyi ən mühüm yenilik ondan ibarətdir ki, cəmiyyətdə “insan hüquqları” anlayışına münasibət müsbət baxımdan tamamilə yeniləşmiş, hüquqi tərbiyə və hüquq mədəniyyəti yeni məzmunda formalaşmış, insan hüquqlarının müdafiəsi sahəsində aidiyyəti dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əlaqələndirilmiş iş üsulu yaranmış, zorakılıq halları azalmış, vətəndaş fəallığı və təəssübkeşliyi xeyli artmışdır. Kütləviliyin təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, həm ayrı-ayrı əhali qrupları, həm də dövlət strukturları arasında hüquqi maarifləndirmə işinin aparılması və görülən tədbirlər daha səmərəli və layiqli idarəetmənin bərqərar olunmasına və ən əsası həyatın müxtəlif sahələrində insan hüquqları amilinə mümüm töhfə verir ki, bu da ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Bu baxımdan Ombudsmanın innovativ yanaşmaları da layiqli qiymətini almaqla formalaşdırılmış və uğurla həyata keçirilən ölkə modeli müsbət təcrübə kimi qəbul edilmişdir.
Bu gün respublikamızda keçirilən Beynəlxalq Humanitar Forumlar, Davos İqtisadi Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısı, İslam Əməkdaşlığı Təşkilatına üzv Ölkələrin Nazirlərinin Toplantısı, Dünya Dinləri Liderlərinin Zirvə Görüşləri əlamətdar hadisə, uğurlu ölkə təcrübəsi formalaşdırmaqla yanaşı, sivilizasiyalararası dialoqa, regionda əldə edilən iqtisadi irəliləyişlərə dəstək, gələcək strateji hədəflərə qlobal yanaşma üçün mühüm töhfədir.
Bu günlərdə Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forumunda da vurğulandığı kimi, ölkəmiz ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar, konfessiyalar arasında dialoq və əməkdaşlıq ənənələri olan Azərbaycan bu mənada insan hüquqlarına beynəlxalq aləmdə uğurlu töhfələr verən, örnək ölkələr sırasındadır.
Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Biz müasir dövlət qururuq. Möhkəm ənənələr, möhkəm dəyərlər, milli mənəvi dəyərlər üzərində müasir dövlət qururuq və uğurla qururuq. Bu gün Azərbaycanı artıq bəzi dairələrdə bir örnək ölkə kimi təqdim edirlər. Bu, bizi sevindirir. Yəni bu, Azərbaycanın əldə etdiyi uğurlara verilən qiymətdir, ancaq, eyni zamanda, bizim məsuliyyətimizi də artırır”.
Bu baxımdan yeni inkişaf mərhələsi hər birimizdən müasir yanaşma, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində daim inkişaf edən düşüncə tərzini tələb edir. Bütün bunların reallaşması insan hüquqlarına verilən mühüm töhfə olmaqla, yeni təşəbbüsləri və qarşılıqlı əməkdaşlığı şərtləndirir.
prof. Elmira
Süleymanova,
Azərbaycan
Respublikasının
İnsan
Hüquqları üzrə Müvəkkili
(Ombudsman).
Respublika.-2014.- 18 oktyabr.- S.8.