Paytaxtın enerji təchizatı
yüksək səviyyədə təmin olunur
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sənayeləşmə siyasətinə
uyğun olaraq ölkəmizdə rəqabətqabiliyyətli,
ixracyönümlü, çoxşaxəli, innovativ
iqtisadiyyatın formalaşdırılması, sənayenin
inkişafının sürətləndirilməsi, mütərəqqi
təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin
yaradılması istiqamətində işlər uğurla davam
etdirilir. Dövlət başçısı tərəfindən
2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işləri
daha da genişləndirib və sənayeləşməni
sürətləndirib. Artıq Azərbaycanda
müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl
texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri
fəaliyyət göstərir.
Sənaye sahəsindən və ümumilikdə ölkənin
sənaye potensialının daha da yüksəldilməsindən
bəhs edərkən elektroenergetika sənayesi xüsusi şəkildə
qeyd olunmalıdır. Bu məsələyə bir neçə
rakursdan baxmaq lazımdır. Birincisi, Azərbaycanın
elektrik energetikası tarixinin təxminən əsrdən də
artıq bir dövrü əhatə etməsi, ikincisi isə
bütün sənaye sahələrinin fəaliyyətinin
bilavasitə elektrik enerjisi ilə bağlı olması göz
önünə alınmalıdır.
Əvvəlcə tarixə ekskursiya edək. Təsadüfi deyil ki,
“Bakının işıqları” təsadüfən və ya
keçmiş SSRİ məkanında deyildiyi kimi
“İliç lampası”nın mövcud
olması ilə yaranmayıb. Bunun daha qədim
tarixi var. Hətta Avropanın bugünkü, ən inkişaf
etmiş şəhərlərindən daha öncə
Bakıda elektrik enerjisi istehsal və istehlak olunub.
Hazırda Bakı şəhərinin və ümumilikdə
Abşeron yarımadasının elektrik enerjisi ilə təchiz
olunması fəaliyyətini həyata keçirən
“Bakıelektrikşəbəkə” ASC-nin tarixi eyni zamanda
Bakıda elektrik enerjisinin tarixi ilə birgə
formalaşıb. Əldə olan sənədlərə əsasən
Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl
şosesi üzərindəki “Bakinski dok”da
quraşdırılıb. Azərbaycan
Respublikası Dövlət Tarix Arxivinin sənədlərinə
görə, cərəyan alman istehsalı olan “Algemayne”
sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı
artıq 70-ə çatmışdır.
Hələ
1880-ci ildə Volqa çayında və Xəzər Dənizində
gəmiçiliklə məşğul olan “Qafqaz və
Merkuri” gəmiçilik şirkətləri Bakıda sərnişin
limanında yeni elektrik fənərləri
quraşdırmışdı. Fənərlər
axşamdan sübhə qədər düzgün, tutqun rəngli
işıqla yanırdı ki, bu da şəhər əhalisində
və bura gələn qonaqlarda xüsusi bir heyranlıq hissi
doğururdu. Bu şirkətlərin reyslərinə
sərnişin sayı çoxalmış, liman isə şəhər
sakinlərinin ən sevimli gəzinti yeri olmuşdu.
Azərbaycanda neft sənayesinin inkişafı
elektroenergetikaya daha böyük stimul vermişdir. Bu zaman Bakı neft sənayesinin
məşhur və böyük iş adamlarından biri olan
Şəmsi Əsədullayev də limanın elektrikləşdirilməsinə
biganə qalmayıb. O, şəxsi elektrik stansiyasına sahib
olub və ona xidmət üçün xaricdən mütəxəssislər
dəvət edib. Elektrik stansiyası
sahibkarın Bakının mərkəzində yerləşən
çoxmərtəbəli evinin
işıqlandırılması üçün də xidmət
göstərirdi.
Beləliklə də bir sıra kiçik stansiyalar
meydana çıxdı. 42 kV gücündə 3 buxar
maşınından ibarət olan bu stansiyalardan biri 1882-ci ildə
“Nobel Qardaşları Birliyi” tərəfindən neftayırma
zavodunda sexlərin və ərazinin
işıqlandırılması üçün
qurulmuşdu. Daha sonra, 1897-ci ildə
elektrik stansiyasının gücünün 550 kVt-a qədər
yüksəldilməsi qərara alınmışdı.
1906-cı
ilin mart ayında Rusiyanın nüfuz dairəsinə aid olan
ölkələr arasında ilk dəfə olaraq Belıy
Qoroddakı elektrik stansiyasından Balaxanı neft sahəsinə
8,1 kilometr uzunluğunda 20 kilovolt gərginlikli
iki elektrik hava xətti çəkildi.
1916-cı ildə Abşeronda fəaliyyətdə olan
3750 buruq mədənlərindən 1638-i elektrikləşdirilmişdi
ki, bu da mövcud olanlardan təxminən 50 faizini təşkil
edirdi. ABŞ-da isə bütün neft yataqları üzrə
bu rəqəm 18-20 faizdən çox deyildi.
1920-ci ildən sonrakı dövrdə SSRİ məkanında
olan elmi-texniki inkişaf fonunda bu sahədə də bir
çox işlər görüldü. Lakin
görülmüş işlərin dönüş mərhələsi,
iri tutumlu yarımstansiyaların, ötürücü xətlərin,
istehsal obyektlərinin tikintisi ötən əsrin 70-ci illərindən
etibarən geniş vüsət aldı. Həmin
dövrdə görülən bu işlərin təşəbbüskarı
respublikaya yeni rəhbər təyin edilmiş Heydər
Əliyev idi.
Azərbaycan
Respublikası Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü
ilə qəbul edilmiş və uğurla davam etdirilən
Dövlət proqramları və meqalayihələr əsasında
bütün ölkə üzrə olduğu kimi, Bakı
şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar
olaraq istehlakçıların elektrik enerjisi təchizatının
yüksək səviyyədə təmin edilməsi
üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən
irimiqyaslı tədbirlər həyata keçirilir,
paytaxtın elektrik şəbəkələri dünya
standartlarına uyğun müasir texnologiyalar tətbiq olunmaqla
yenidən qurulur. Bu məqsədlə elektrik
şəbəkələrində geniş əhatəli yenindənqurma
işləri aparılmaqla yeni güc mərkəzləri
yaradılır, elektrik enerjisi itkilərinin azaldılması,
enerji haqlarının vaxtında və tam şəkildə
yığılması üçün təşkilati və
texniki islahatlar aparılır.
“Bakıelektrikşəbəkə” ASC üzrə təsdiq
edilmiş investisiya proqramlarına əsasən 2006-cı ildən
bu günədək dövlət büdcəsi və daxili
imkanlar hesabına görülmüş yenidənqurma işləri
tamamilə özünü doğruldub və keçən
dövr ərzində çoxşaxəli fəaliyyətlər
icra olunub.
Bunlara nümunə kimi hazırda şəbəkənin
aktivində olan 110 kilovoltluq yarımstansiyalardan 23 ədədinin,
35 kV-luqlardan isə 62 ədədini tikilməsi, yenidən
qurulması və rekonstruksiyası göstərilə bilər.
Qeyd olunanların nəticəsi olaraq son 8 il ərzində
şəbəkənin güc qəbuletmə və paylama
qabiliyyətinin 3048 MVA-dan 5980 MVA-ya çatdırılaraq 89,6 faiz artmasında, texniki itkilərin səviyyəsinin
16,98 faizdən 8,9 faizə qədər azaldılmasında da
büruzə verib. Paralel olaraq şəbəkənin
ifrat yüklənməsi halları aradan tam
qaldırılıb, 2006-2014-cü illər ərzində
2000-dən çox transformator məntəqəsi və
komplekt transformator məntəqələri tikilib və ya əsaslı
təmir olunub. Müxtəlif güclərdə
(110, 35, 10 kV-luq) çəkilmiş elektrik veriliş xətlərinin
ümumi uzunluğu isə təxminən 10 min kilometrə
yaxın təşkil edib.
Şəhərətrafı kənd və qəsəbələrin
şəbəkələrinə xüsusi diqqət yetirilib. Konkret desək, mövcud
olan 12 100 kilometrdən çox 0,4 kV-luq
hava xətləri müasir tipli özünüdaşıyan
izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulub. Mühüm amillərdən biri isə istehlak olunan
elektrik enerjisi haqları üzrə illik yığımın
səviyyəsinin 98 faizə
çatdırılmasıdır.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib
hissəsini ölkədə sahibkarlığın
inkişafı, biznes və investisiya mühitinin daha da
yaxşılaşdırılması təşkil edir.
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 03 mart 2014-cü il tarixli, 119
saylı fərmanı bu konsepsiyanın mühüm tərkib
hissəsi olub, sahibkarlıq fəaliyyətinin dövlət tənzimləməsinin
daha da təkmilləşdirilməsində və əlverişli
biznes mühitinin formalaşdırılmasında çox
böyük əhəmiyyətə malikdir.
Fərmanda aidiyyəti nazirliklərə və dövlət
orqanlarına elektrik təchizatı şəbəkəsinə
qoşulma ilə əlaqədar sənədlərin elektron
qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin
azaldılması üçün qanunvericiliyə əlavə
və dəyişikliklər edilməsi
tapşırılmışdır ki, bu məqsədlə
“Bakıelektrikşəbəkə”ASC tərəfindən təxirəsalınmaz
təşkilati-texniki tədbirlər görülüb və
qanunların qəbulu zamanı nəzərə
alınması üçün konkret təkliflər verilib.
Belə
ki, elektrik enerjisinə görə yaranmış borcun
araşdırılması, istehlakçılara məxsus
elektrik avadanlıqlarının elektrik şəbəkəsinə
qoşulmasına dair texniki şərtin verilməsi
üçün müraciətlərin və sənədlərin
qəbulu, elektrik enerjisi haqqının internet vasitəsi ilə
ödənilməsi, aşkar edilmiş qüsurla əlaqədar
olaraq sayğacın dəyişdirilməsi üçün
müraciətin qəbulu, borcun olmamasına dair
arayışın verilməsi və elektrik enerjisi
istehlakçısının dəyişdirilməsi online
qaydada, 7 may 2014-cü il tarixdən isə “ASAN Xidmət” vasitəsi
ilə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, abunəçilərin
istehlak etdikləri enerji haqlarının ödənilməsi
üçün “Bakıelektrikşəbəkə” ASC-də
bir çox ödəniş sistemlərdən istifadə
olunur. Hazırda abonentlər enerji haqları üzrə
ödənişləri internet resurslarından istifadə etməklə,
bank və poçt vasitəsi ilə, həmçinin “APUS”,
“Paypoint” və digər ödəniş növləri vasitələri
ilə həyata keçirir. Bununla
yanaşı, müasir metodlarla elektrik enerjisi borcları
haqqında abunəçilərə məlumatların
çatdırılması məqsədi ilə müəyyən
strategiyalar işlənib hazırlanıb və həyata
keçirilib. Telefonla xəbərdarlıq
və kommersiya abonentləri üçün “SMS” ilə xəbərdarlıq
sistemləri qurulub. “Bakıelektrikşəbəkə”
ASC-nin bütün strukturlarının vahid bir sistemlə idarə
edilməsini təmin etmək məqsədi ilə dünyada və
enerji sahəsində ən müasir sistem sayılan “SAP”
informasiya sistemi tətbiq olunur.
Həyata keçirilən islahatlar çərçivəsində
“Bakıelektrikşəbəkə” ASC-nin “Tədris Mərkəzi”
yaradılıb. Mərkəz MDB məkanında və
yaxın xarici ölkələrdə analoqu olmayan,
dünyanın elektroenergetika sahəsində inkişaf
etmiş qabaqcıl şirkətlərinin istehsal etdikləri
avadanlıq və müasir cihazlarla təchiz olunub. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev tərəfindən 2012-ci ildə “Tədris Mərkəzi”nin yeni inşa edilmiş I inzibati korpusunun, 31
yanvar 2013-cü il tarixdə isə Mərkəzin II korpusunun
açılışı olub. “Tədris Mərkəzi”ndə
elektroenergetika sahəsi üçün mütəxəssislər
hazırlanır və səhmdar cəmiyyətdə
çalışan əməkdaşların peşə
hazırlığı artırılır. Burada xarici
ölkələrdən dəvət olunmuş, habelə yerli mütəxəssislərin
iştirakı ilə beynəlxalq standartlara uyğun seminarlar
və dərslər təşkil edilir.
2015-ci ildə
Bakı şəhərində keçiriləcək I Avropa
Oyunları, habelə “2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı bir sıra
həlli vacib işlərin yerinə yetirilməsi də nəzərdə
tutulub.
I Avropa
Oyunları ilə bağlı “Su oyunları” idman kompleksi,
“Crystall Hall”, “Əl oyunları” və yeni Bulvar ərazisinin
etibarlı və dayanıqlı elektrik təchizatı
üçün xeyli işlərin görülməsi
planlaşdırılıb. Görüləcək işlərə
nümunə olaraq sisteməhəmiyyətli “Müşfiq”,
“Badamdar” və “Bayıl” yarımstansiyaları arasında 110
kV-luq “Şıx”, 108 və 109 saylı yarımstansiyalar
arasında 35 kV-luq, “Ulubəy” ilə 109 saylı
yarımstansiyalar arasında 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi
göstərilə bilər.
Olimpiya stadionu, Olimpiya kəndi, Böyükşor
gölünün təmizlənməsi ilə əlaqəli
elektrik təchizatı üçün də tədbirlər
icra ediləcək. Bu məqsədlə 220/110/35 kV-luq “Zabrat”
yarımstansiyası ilə 35/6 kV-luq, 19 saylı yarımstansiya
ilə 35 saylı yarımstansiya, 35 saylı yarımstansiya ilə
Olimpiya stadionu və “Koroğlu” yarımstansiyası ilə
Olimpia stadionu arasında 35 kV-luq ikidövrəli kabel xətlərinin
çəkilməsi reallaşdırılacaq. 35/6 kV-luq 19
saylı, 35 saylı, 208 saylı yarımstansiya ilə 35/6
kV-luq “Koroğlu” yarımstansiyası arasında 35 kV-luq kabel xətti
çəkiləcək.
“Stend
Atıcılığı Kompleksi”nin elektrik təchizatı
üçün 35/6 kV-luq 80 saylı
yarımstansiyasının tikintisi, 88 saylı 35/6
kV-luq yarımstansiyadan 511
və 424, 511 - 424 və 88-470 saylı TM-lər
arası 6 kV-luq kabel xətlərinin
çəkilməsi və quraşdırılması işləri
aparılacaq. Eyni zamanda layihə çərçivəsində
“Dərnəgül-2” yarımstansiyası ilə 88 saylı
y/st arasında 35 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi
işləri reallaşdırılacaq.
“Yeni
Bulvar” ərazisində tikilməkdə olan otel komplekslərinin
(“Ağ Şəhər”in qarşısı) və s. obyektlərin
elektrik təchizatının təmin edilməsi ilə əlaqədar
olaraq görüləcək işlərin də həcmi
böyükdür. Burada 110/35/10 kV-luq “Ağ şəhər”
yarımstansiyasının tikintisi, “Liman”
yarımstansiyasında yeni yuvaların və mühafizə
sistemlərinin quraşdırılması, “Liman”
yarımstansiyası - “Ağ Şəhər”
yarımstansiyası arası 110 kV-luq ikidövrəli kabel xətlərinin
çəkilməsi görüləcək işlərdəndir.
“2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı” çərçivəsində
reallaşdırılacaq tədbirlər də çoxşaxəlidir. Bura müxtəlif
güclərdə yeni yarımstansiyaların, hava xətlərinin
tikintisi, yenidənqurulması və kompleks transformator məntəqələrinin
(KTM) quraşdırılması daxildir.
Əvvəldə qeyd etdiyimiz kimi, 2014-cü ilin “Sənaye
ili” elan olunması ilə bağlı “Bakıelektrikşəbəkə”
ASC-nin fəaliyyətində də xeyli canlanma müşahidə
edilməkdədir. İqtisadiyyatın bütün sahələrində
olduğu kimi, son illərdə Azərbaycanda sənayeləşmə
siyasəti də geniş miqyasda həyata keçirilib və
yüzlərlə sənaye müəssisəsi inşa edilərək
bu sahədə güclü potensial yaradılıb.
Hazırkı mərhələdə müasir
çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi
ilə bir sıra tədbirlər həyata keçirilir. Bütün
bunlar isə mövcud təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye
sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin,
sənaye parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafını təmin edəcək
imkanların formalaşdırılması zərurəti
yaranıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin sərəncamına əsasən 2014-cü ilin “Sənaye
ili” elan olunması ilə əlaqədar olaraq
“Bakıelektrikşəbəkə” ASC tərəfindən
neft-qaz, maşınqayırma, metallurgiya və digər sənaye
sahələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi
təchizatı ilə təmin olunması istiqamətində
irimiqyaslı tədbirlər həyata keçirilir. Belə ki,
neft-qaz sənayesinin inkişafı ilə əlaqədar olaraq
bir sıra konkret tədbirlər həyata keçirilib.
Nizami rayonunda yerləşən və Heydər Əliyev adına Neft Emalı Zavodunu elektrik enerjisi ilə
təmin edən 110/35/6 kV-luq 80 (2x40) MVA gücündə 204
saylı yarımstansiya yenidən qurularaq istifadəyə
verilib. Bundan başqa Qaradağ rayonunda yerləşən və
Əmirov adına NQÇİ-nin mədənlərini
elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq 509 və 516
saylı yarımstansiyalar yenidən qurulur. “Səngəçal”
yarımstansiyasında 35 kV-luq paylayıcı qurğu inşa
edilib və 2 ədəd 35/6 kV-luq transformator
quraşdırılıb.
Səbail rayonunda yerləşən və “Bibiheybət”
NQÇİ-nin mədənlərini elektrik enerjisi ilə təmin
edən 109 saylı yarımstansiya yenidən qurularaq istifadəyə
verilib. Binəqədi rayonundakı “Binəqədi OYL”
şirkətinin mədənlərinin elektrik enerjisi təchizatını
həyata keçirən 35/6 kV-luq 92 və 94 saylı
yarımstansiyalar isə yenidən qurulmaqdadır.
Qeyd
olunanlarla paralel olaraq Sabunçu rayonunda “Balaxanıneft”
NQÇİ-nin mədənlərini elektrik enerjisi ilə təmin
edən 35/6 kV-luq 35 saylı yarımstansiyanın yenidən
qurulması davam etdirilir, Pirallahı qəsəbəsində
NQÇİ-yə məxsus 6/0,4 kV-luq Paylayıcı
qurğunun və 6 kV-luq qidalandırıcı xətlərin yenidən
qurulması işlərinə başlanılması nəzərdə
tutulur.
Maşınqayırma sənayesi obyektlərinin enerji təchizatının
yaxşılaşdırılması məqsədi ilə
Sabunçu rayonu ərazisində yerləşən, Bakı
maşınqayırma və Oksigen zavodlarını elektrik
enerjisi ilə təmin edən 35/6 kV-luq 190 saylı
yarımstansiya yenidən qurulur. Bakı Metropoliteni
stansiyalarının kefiyyətli və fasiləsiz enerji təchizatını
təmin etmək üçün Xətai rayonunda yerləşən
“Həzi Aslanov” və Binəqədi rayonu ərazisində olan
80 saylı yarımstansiyalar yenidən qurulur, Xətai rayonu ərazisində
“Ağ Şəhər” layihəsi üzrə 110/35/10 kV-luq
210 saylı “Ağ Şəhər” yarımstansiyası
inşa edilir.
Su və
kanalizasiya sistemlərinin elektrik enerjisi təchizatının
yaxşılaşdırılması məqsədi ilə Xətai
rayonu ərazisindəki 201 saylı yarımstansiyanın yenidən
qurulması işləri başa çatdırılaraq istifadəyə
verilib və Binəqədi rayonu ərazisində yerləşən
35/6 kV-luq 80 saylı yarımstansiyanın yenidənqurma işləri
davam etdirilir.
Daş karxanalarının elektrik təchizatının
yaxşılaşdırılması üçün
Qaradağ rayonu ərazisində şəbəkənin
gücləndirilməsi istiqamətində müvafiq tədbirlər
həyata keçirilir. Bu məqsədlə 35 kilometr məsafədə 35
kV-luq kabel xətləri çəkilib, 12 kilometr 35 kV-luq hava
xətləri isə yenidən qurulub, Hazırda yeni 35 və 6
kV-luq elektrik şəbəkələrinin yaradılması
üçün zəruri tədbirlərin görülməsi
nəzərdə tutulur.
Yuxarıda qeyd olunan sənaye obyektlərinin elektrik
enerjisi təchizatının
yaxşılaşdırılması məqsədi ilə
“Bakıelektrikşəbəkə” ASC tərəfindən
2014-cü ildə həyata keçirilən layihələrin
icrası zamanı bir qayda olaraq yerli istehsal məhsullarından
istifadə olunur. Belə ki, tikinti quraşdırma işlərində
istifadə olunan güc transformatorları, elektrik
avadanlıqları, kabel məhsulları, naqillər,
transformator yağı, tikinti materiallları çoxsaylı
yerli müəssisələrin istehsal etdiyi məhsullardır.
Bu günlər bütün ölkə ərazisində
fəaliyyət göstərən şərəfli peşə
sahibləri – energetiklər böyük coşqu bayram əhval-ruhiyyəsindədirlər. Səbəb
isə onların peşə bayramları – 20 oktyabr “Energetiklər
günü” ərəfəsində olmalarıdır.
Məlum
olduğu kimi, ümummilli liderimiz Heydər Əliyevin 20 oktyabr
2000-ci ildə 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzinin
birinci növbəsini açdığı gün, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə
“Energetiklər günü” peşə bayramı kimi təsis
edilib.
20 oktyabr
2000-ci ildə 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzinin
birinci növbəsi istifadəyə verilərkən
açılış mərasimindəki
çıxışı zaman ümumilli liderimiz demişdir:
“Bizim bugünkü toplantımız və bu nəhəng
istilik elektrik mərkəzinin açılışı tarixi
bir hadisədir. Burada həmin bu yerdə əsrin
əvvəlində – 1902-ci ildə bax, orada
gördüyünüz, artıq köhnəlmiş,
çürümüş, qaralmış istilik elektrik mərkəzi
tikilmişdir. Təbiidir ki, o zaman
üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda
Neft sənayesi xarici şirkətlərin iştirakı ilə
güclü inkişaf edirdi, neftayırma zavodları
yaranmışdı, burada həm elektrik enerjisinə, həm də
buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə
onun, həmin stansiyanın öz dəyəri vardı.
Ancaq o vaxtdan 100 il keçibdir. Ona görə də mən deyirəm ki, bu bizim həyatımızda
tarixi hadisədir. 100 ildən sonra biz belə
bir yeni elektrik stansiyası yaratdıq. Demək,
XXI əsrə biz bax, belə gözəl, müasir
texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur”.
Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı olan Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ölkə
iqtisadiyatının bütün sahələrində
olduğu kimi elektroenergetika sahəsinə, eləcə də
paytaxtın elektrik şəbəkəsinə daim diqqət və
qayğı göstərməkdədir. Məhz elə
bunun nəticəsidir ki, hazırda tələbatçılara
ötürülən elektrik enerjisinin fasiləsizliyi ilə
paralel olaraq keyfiyyət dəyişikliyi də açıq
şəkildə hiss olunmaqdadır. Bu da
özünü heç şübhəsiz ki, paytaxt sakinlərinin
gündəlik məişətlərində, xüsusən də
qaranlıq gecələri nura bürüyən
işıqlanmada daha aydın şəkildə göstərir.
Bütün ölkə energetiklərini peşə
bayramları münasibətilə təbrik edir və şərəfli
işlərində onlara uğurlar diləyirik.
Baba
RZAYEV,
“Bakıelektrikşəbəkə”
ASC idarə heyətinin sədri.
Respublika.-2014.- 19
oktyabr.- S.8.