ARXİV
TARİXİN GÜZGÜSÜDÜR
Arxiv hər xalqın tarixi zənginliyinin göstəricisi, həm də dövlətçiliyin əsas əlamətlərindən biridir. Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində arxiv sənədlərinin mövcudluğu, yaxud qürbət eldə qalan lazımlı sənədlərin əlimizdə olmaması arxiv sənədlərinin əhəmiyyətini və zəruriliyini müəyyənləşdirə bilir. Buna görə də müstəqil dövlətimizin arxivlərinə diqqət və qayğı göstərmək, ictimai-siyasi həyatımızda arxivlərin işini canlandırmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bu məsələlər barədə, ümumiyyətlə, ölkəmizin arxiv işi və mədəniyyəti ilə oxucularımızı tanış etmək üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mais Bağırovla görüşüb ətraflı söhbət etdik...
–Hörmətli Mais müəllim, Azərbaycanda arxiv işinin tarixi Cümhuriyyət dövrünə təsadüf etsə də, onun yenidən formalaşmasında, müasir tələblər səviyyəsində qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. Peşəkar arxiv işçisi, tədqiqatçı-tarixçi alim kimi söhbətimizə Azərbaycan arxivinin yaranma tarixini, görkəmli dövlət adamlarının xidmətlərini xatırlamaqla başlasaq, oxucularımız üçün maraqlı olar.
–Azərbaycanda arxivlərin yaradılması işinə Cümhuriyyət dövründə başlansa da, 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov xüsusi dekret imzalamaqla ölkəmizdə Vahid Dövlət Arxiv Fondu və Mərkəzi Dövlət Arxivinin yaranmasının təməlini qoymuşdur. 29 avqust 1921-ci ildə isə Azərbaycan tarixinə aid sənədlərin toplanması üçün Mərkəzi Dövlət Arxivinin bazasında Azistpartın yaradılması qərara alınmışdır. Bu məsələ 26 dekabr 1921-ci ildə AK(b)P Mərkəzi Komitəsinin Bürosunda müzakirəyə çıxarılmışdır. Büro öz Qərarı ilə Azistpartın Kollegiyasının tərkibini təsdiq etmişdir. Yeni arxivə tapşırılmışdır ki, partiyanın, fəhlə hərəkatının, Azərbaycanda inqilab və əksinqilabın, Yaxın Şərqdə azadlıq hərəkatının tarixinə aid sənədləri toplasın, işləsin və sistemləşdirib saxlasın. Mərkəzi Komitənin Bürosu öz üzvlərinə tövsiyə edirdi ki, köhnə qəzet və jurnalları, tarixi vərəqə və sənədləri, iclas protokollarını və hesabatlarını, xatirə və memuarlarını, tariximizi işıqlandıran nə varsa hamısını toplayıb Azistparta təhvil versinlər. Qısa müddətdə arxivin xüsusi təlimatı (Əsasnaməsi) hazırlanmış, az sonra isə arxivdə siyasi şöbə yaradılmışdı.
1928-ci ildə qurumun adı dəyişdirilərək, Azərbaycan Kommunist Partiyasının Sinfi Mübarizəsinin Öyrənilməsi İnstitutu adlandırılmışdı. Bir ildən sonra, yəni 1929-cu ildə həmin elmi-tədqiqat müəssisəsinin adı yenidən dəyişdirilərək Mərkəzi Marksizm-Leninizm İnstitutunun Azərbaycan Filialı adlandırılmağa başlanılmışdı. Partiya arxivi bu institutun tərkib hissəsi kimi fəaliyyət göstərirdi. Bundan sonra da həmin elmi-tədqiqat institutunun adı bir neçə dəfə – 1939, 1954-1956-cı illərdə – dəyişdirilmişdir.
1956-cı ildən partiya tarixi institutu —Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan Filialı adlandırılmağa başlanılmış, partiya arxivi isə onun tərkibində qalmışdır. Bu dövr həm institut, həm də Partiya Arxivi üçün çox əhəmiyyətli illər olmuşdur. Stalinin ölümündən sonra bütün ölkədə olduğu kimi, Azərbaycanda da ab-hava dəyişmişdi, şəxsiyyətə pərəstiş və onun nəticələri aradan qaldırılmış, siyasi mülayimləşmə, ictimai-siyasi həyatda demokratikləşmə, şəxsiyyətə pərəstiş qurbanlarının bəraət qazanması prosesləri aparılmağa başlanılmışdı. Bütün bunlar o vaxtlar partiya arxivinin və institutunun işinə müsbət təsir göstərmişdi. İllərdən bəri xüsusi fondlarda saxlanılan məxfi sənədlərin bir hissəsi açılıb tədqiqatçıların sərəncamına verilmişdi. Beləliklə, tarixin bir çox problemlərinə yeni baxışla yanaşma meyilləri formalaşmağa başlanılmışdı. Nəticədə bir çox yeni fundamental elmi əsərlər, arxivdə yeni kolleksiyalar yaranmışdı. Nəriman Nərimanova aid 56 iş respublikamıza gətirilmiş və ona həsr olunan ilk kolleksiya tərtib olunmuşdu. Hazırda həmin kolleksiyada 200-dən çox arxiv işi saxlanılır.
1960-cı illərdə institutun və partiya arxivinin işində bir çox çətinliklər üzə çıxmağa başlamışdı, çox qiymətli və nadir sənədlər rütubətli zirzəmilərdə, çox pis şəraitdə saxlanıldığından, onların tədricən məhvolma təhlükəsi yaranmışdı. İnstitutun rəhbərliyi həyəcanlı vəziyyəti yuxarı instansiyalara çatdırsa da, respublika rəhbərliyi bu məsələni həll etmirdi.
1969-cu il iyul ayının 14-də Azərbaycan partiya təşkilatına yeni rəhbər – Heydər Əliyev gəldi. Məhz bu illərdən respublikada quruculuq, dinamik inkişaf və yüksəliş dövrü başlandı. 1969-1982-ci illər bütün Azərbaycanda olduğu kimi, partiya tarixi institutu üçün də çox uğurlu keçmişdir. Hakimiyyətə gəlişindən cəmi iki həftə sonra, yəni iyulun 29-da Heydər Əliyevin şəxsi qayğısı və təşəbbüsü ilə MK Katibliyinin ilk iclasında partiya tarixi institutu və partiya arxivi üçün yeni binanın layihəsinin hazırlanması haqqında məsələ müzakirə edilmiş, bu haqda xüsusi qərar qəbul olunmuşdu. Respublikanın Dövlət Tikinti Komitəsinə tapşırılmışdı ki, 1 dekabr 1969-cu ilə kimi yeni institut binasının layihə və işçi layihələrini işləyib hazırlasın. Beləliklə, indiki Siyasi Sənədlər Arxivinin yerləşdiyi bu binanın təməli, sözün gerçək mənasında, Heydər Əliyev tərəfindən qoyulmuşdur. İki ildən sonra – 23 iyul 1971-ci ildə isə Heydər Əliyevin iştirakı ilə partiya arxivinin vəziyyəti və sənədlərin saxlanılması haqqında məsələ MK-nın bürosunda yenidən müzakirə olunmuş və təxirəsalınmaz tədbirlər görülməsi haqqında xüsusi qərar qəbul edilmişdir. Partiya arxivinə öz diqqətini heç vaxt əsirgəməyən Heydər Əliyev 1977-ci il mart ayının 11-də MK bürosunda partiya arxivinin işinin yaxşılaşdırılması haqqında tədbirlər məsələsini təkrar müzakirəyə çıxarmışdır. O vaxtlar MK-nın elm və tədris müəssisələri şöbəsində çalışan və hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri olan akademik Ramiz Mehdiyev arxivin işi haqqında əhatəli məruzə etmişdi. Beləliklə, arxivin işinin yaxşılaşdırılması, institutun yüksək ixtisaslı kadrlarla gücləndirilməsi və başqa məsələlər həmin qərarda öz əksini tapmışdır. Elə həmin il institut və onun arxivi üçün tikilən binada işlər başa çatdırılmış və həmin vaxtdan etibarən arxiv sənədləri yeni və müasir otaqlarda, lazımi şəraitdə saxlanılmağa başlanılmışdır.
O dövrlərdə institut respublikanın ictimai-siyasi həyatında böyük fəallıqla çalışır, görkəmli xadimlərin yubileylərini təşkil edirdi. Belə tədbirlərdən biri də 1982-ci ildə keçirilmişdi. Həmin ilin yanvar ayında görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdi. Sessiyada Əziz Əliyevin ailə üzvləri: qızı – akademik Zərifə Əliyeva və digər övladları, nəvəsi, hazırda Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyev iştirak etmişdilər.
1982-ci ildə partiya tarixi institutunun və partiya arxivinin
60 illiyi respublikada geniş qeyd olunmuşdu. Müvəffəqiyyətli
işinə, elmi və təbliğatçılıq fəaliyyətindəki
nailiyyətlərinə görə institut SSRİ-nin
“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif
edilmişdi. Bu yüksək mükafatı
kollektivə respublikanın rəhbəri Heydər Əliyev
özü şəxsən təqdim etmişdi.
Heydər
Əliyev instituta gələrək, əməkdaşlarla ətraflı
söhbət etmiş, nəşr olunmuş əsərlərlə
tanış olmuşdu. 1982-ci il
oktyabrın 26-da institutda keçirilən təntənəli
yubiley iclasındakı nitqində Heydər Əliyev
respublikada siyasi tarix elminin təşəkkülü və
inkişafında, azərbaycanlıların mübarizə
tarixinin və digər aktual problemlərin elmi cəhətdən
işlənilməsində institutun böyük rolunu
xüsusi qeyd edərək demişdi: “Biz Partiya arxivlərini
toplayan və mühafizə edən, Partiya tarixi elminin təməlini
qoyan, onu qurub-yaradan, Azərbaycan xalqının səadəti
uğrunda mübarizəsinin misilsiz sənədlərini sətir-sətir
toplayıb nəsillər üçün saxlayan fədakar
alimlərə, sadə, təvazökar əməkçilərə
böyük ehtiramımızı, səmimi minnətdarlığımızı
ifadə edirik”.
SSRİ-nin dağılması ərəfəsində,
1991-ci ilin oktyabrında partiya tarixi institutu ləğv edilərək,
onun arxivi və kitabxanası Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Baş Arxiv İdarəsinin tabeliyinə
verilmişdi.
Bu tabelik 21 iyun 2007-ci ilədək davam
etmişdi. Lakin sonra Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2007-ci il 21 iyun tarixli sərəncamı
ilə o vaxt Siyasi Partiyalar və İctimai Hərəkatlar
Dövlət Arxivi adlanan bu təşkilat Milli Arxiv İdarəsinin
tabeliyindən çıxarılaraq Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinə
verilmişdi. Məhz bundan sonra arxivin binasında
əsaslı təmirə başlanılmış, onun
maddi-texniki bazası kökündən dəyişdirilmiş,
arxivdə ilk dəfə elmi araşdırmalar şöbəsi,
sənədlərin bərpası və cildlənməsi məqsədilə
xüsusi şöbə yaradılmışdı.
Kitabxanada elektron və avtomatlaşdırma sisteminin
qurulmasına başlanılmış, iki oxu zalı, yeməkxana,
akt zalı və s. istifadəyə verilmiş, xüsusi server
otağı təşkil edilmiş, daxili internet şəbəkəsi
yaradılmışdır. İdarə üçün
lazımi və qiymətli avadanlıqlar, mebel və inventarlar
alınaraq əməkdaşlarımız və arxivin xidmətindən
istifadə edənlər üçün komfortlu iş şəraiti
yaradılmışdır. Yeri gəlmişkən,
onu da qeyd edim ki, əməkdaşlarımızın təklif
və xahişi ilə respublikamızın Prezidenti İlham
Əliyev 2009-cu ilin iyul ayında xüsusi Qərar imzalayaraq
arxivin adını dəyişdirmişdir. O vaxtdan idarə
Siyasi Sənədlər Arxivi adlandırılmağa
başlanılmışdır.
Dövlət rəhbərimizin belə diqqət və
qayğısı əməkdaşlarımızın məsuliyyət
hissini, arxiv mədəniyyətinə
bağlılığını daha da
artırmışdır. Bir sözlə, Siyasi
Sənədlər Arxivi bu gün öz dolğun həyatını
yaşayır, əməkdaşlarımız tarix elminə
öz töhfələrini verir, yeni-yeni siyasi-ictimai layihələr
üzərində çalışırlar.
–Siyasi Sənədlər
Arxivinin gündəlik fəaliyyəti, burada
yaradılmış komfortlu şərait yüksək səviyyədədir.
Heç bir çətinlik və rahatsızlıq
çəkmədən burada saatlarla tədqiqat işi aparmaq
mümkündür. Söhbətimiz
zamanı arxivin bugünkü həyatında Prezident İlham
Əliyevin xüsusi diqqətini, bu sahəyə həssas
münasibətini bir neçə dəfə
xatırlatdınız. Xahiş edirəm,
bu barədə bir qədər ətraflı fikir mübadiləsi
aparaq.
–Söhbətimizin
əvvəlində arxivin 1991-2007-ci illərdəki həyatını
məşəqqətli və acı günlər
adlandırmışdım. Bu, həqiqətən
də, belə idi. Arxivin binası
1990-cı illərin əvvəllərində xarici firmalara
icarəyə verilmişdi, arxivdə su və istilik xətləri
işləmirdi, bina hər yerdən
uçub-tökülürdü, baxımsızlıq, pis
şərait səbəbindən heç bir oxucu, tədqiqatçı
arxivə gəlmirdi. Məhz cənab
İlham Əliyevin böyük qayğısı və diqqəti
nəticəsində, 2007-ci ildə bütün bu problemlər
yüksək səviyyədə öz həllini tapdı.
Prezident xüsusi sərəncam imzaladı.
Nəticədə bu gün arxivimiz ən
qabaqcıl dünya arxivləri ilə hər cür rəqabət
apara bilər. Bina zövqlə təmir olunmuşdur və
gül-çiçəyin, bağ-bağçanın əhatəsindədir,
güclü maddi-texniki baza yaradılmışdır, hər
cür lazımi texniki avadanlıqlar, çox bahalı yapon,
alman istehsalı olan və sənədlərin bərpa və
cildlənməsi üçün işlədilən
müasir avadanlıqlarla təchiz edilmişdir və s.
İşçilərimizin sosial problemləri də həll
olunmuşdur. Bütün bu qayğıya
görə arxiv kollektivi hörmətli Prezidentimizə minnətdardır
və kollektivimiz dövlətimizin bu diqqətinə öz
gündəlik işi, elmi araşdırmaları, nəşr
etdirdikləri kitabları, oxucu və tədqiqatçılara
göstərdikləri yüksək səviyyəli xidmət
ilə cavab verirlər.
–Açıq
desək, bəzi vətəndaşlarda belə bir fikir
formalaşıb ki, arxiv dövlət idarəsidir və
onun fondunun formalaşmasında və genişləndirilməsində
ancaq dövlət maraqlı olmalıdır. Lakin ölkənin
milli-siyasi maraqları, tədqiqat materiallarının zənginliyi
və obyektivliyi, həmçinin araşdırma strategiyası
baxımından şəxsi arxivlərdə bu və ya digər
səbəblərdən, necə deyərlər, “ilişib”
qalmış sənədlər qovluğunun, yaxud bu gün fəaliyyət
göstərən müxtəlif partiyaların, ictimai-siyasi
qurumların sənədlərinin mövcud qaydalar əsasında
ümumi mənafe baxımından arxivə təhvil verilməsi
həm həmin sənədlərin qorunub saxlanılması, həm
də ölkənin, millətin arxiv mədəniyyəti
baxımından faydalı olardı. Bu istiqamətdə
işləriniz necə gedir?
–Verilən
sual arxiv işçilərinin ən yaralı yeridir. Bu suala bir neçə cümlə ilə cavab vermək
çox çətindir. 1991-ci ilədək,
yəni SSRİ dağılanadək bu arxiv kommunist
partiyasına tabe idi; partiya tarixi institutunun tərkibində fəaliyyət
göstərirdi və mərkəzi aparatın İşlər
İdarəsinin strukturuna daxil idi. Həmin
ilə qədər rayon və şəhər partiya komitələri,
vilayət, eləcə də Mərkəzi Komitə öz
protokol və qərarlarını, bütün partiya sənədlərini
məhz bu arxivə göndərirdilər. Kommunist partiyası
öz fəaliyyətini dayandırdıqdan sonra onun institutu da
ləğv edilmiş, adı da dəyişdirilmişdi.
Azərbaycan Dövlət Siyasi Partiyalar və
İctimai Hərəkatlar Arxivi adlandırılaraq, Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin
tabeliyinə verilmişdi. Bununla da arxivin
acı və məşəqqətli günləri
başlamışdı.
2007-ci ildə cənab İlham Əliyevin sərəncamı
ilə arxiv özünün ikinci həyatına qədəm
qoydu, qeyd etdiyim kimi, 2009-cu ildə arxivə indiki adı –
“Siyasi Sənədlər Arxivi” adı verildi. 1991-2007-ci illərdə
arxiv rəhbərliyi hər il respublika
Ədliyyə Nazirliyinə müraciət edərək,
qeydiyyatdan keçmiş siyasi partiyalar və ictimai hərəkatların
siyahısını alır və partiyalara məktub göndərirdi
ki, öz sənədlərini müvafiq qaydalar əsasında
sistemləşdirib arxivə təhvil versinlər. Əfsuslar olsun ki, heç bir siyasi partiya və
ictimai hərəkat öz sənədlərini arxivə vermədi,
indi də vermir. Bu sahədə həmin
partiyaların rəhbərləri ilə aparılan
danışıqlar, görüşlər, eşidilən vədlər
hamısı kağız üzərində
qalmışdır. Bu müsahibəmizin
imkanlarından istifadə edərək bir daha həmin təşkilatlara
müraciət edir və onlarla əməkdaşlığa
hazır olduğumuzu bildiririk.
Şəxsi arxivlər haqqında da vəziyyət
ürəkaçan deyildir. Yaxşı yadımdadır, bir
neçə il əvvəl mən, şəxsən,
vaxtilə Azərbaycanın partiya rəhbəri olmuş, mərhum
akademikimiz İman Mustafayevin qızı Tərlan xanım
Mustafayeva ilə telefon əlaqəsi saxladım. Təklif etdim ki, atasının evdə saxlanılan
bütün sənədlərini toplasın, arxivdən bir
qrup təcrübəli işçi göndərəcəyəm
ki, onları ciddi şəkildə sistemləşdirib arxiv
üçün hazırlasınlar. Hətta
bildirmişdim ki, əgər İ.Mustafayevin akademik-alim kimi
hansısa elmi əsərlərinə, əlyazmalarına,
yarımçıq kitab və məqalələrinə rast gəlinsə,
biz onları işləyib Elmlər Akademiyasının arxivinə
təhvil verərik. O, bizim təklifi bəyəndi.
Sonralar isə bu danışıq da baş tutmadı, verilən
vədlər icra olunmadı...
Biz belə bir işi Vəli Axundovun ailə üzvləri
– oğlu Oqtay, qızı Nigar xanımla da başladıq. Hətta Oqtay atasının
bizim arxivdə saxlanılan sənədləri ilə aylarla
yenidən tanış oldu. Həmin
vaxtda Vəli Axundov haqqında respublikanın müxtəlif qəzet
və jurnallarında bir neçə məqalələr, xatirələr
dərc olundu, yeni-yeni layihələr üzərində işə
başlanıldı. Nigar xanım Bakıya gələndə
bizim arxivdə oldu, maraqlı söhbətlər edildi, bu
işlərə start verildi, hətta mərhum Vəli Axundov
haqqında yeni kitabın Moskvada nəşr olunması işinə
başlamaq qərarına gəlindi... Az
sonra böyük faciə baş verdi. Vəli
Axundovun yeganə oğul övladı, əsl ziyalı,
ağıllı, savadlı, təvazökar Oqtay qəflətən
dünyasını dəyişdi. Allah hər
ikisinə rəhmət etsin. Bununla da
başladığımız iş dayandırıldı, planlar pozuldu. Lakin arxiv rəhbərliyi bu işi axıra
çatdırmağı qərara almış və bu
işin baş tutacağına ümidini itirməmişdir.
Tanınmış
partiya-dövlət işçiləri: Vəli Məmmədov,
Rəşid Mahmudov və bir sıra başqalarının ailə
üzvləri isə mərhumların bəzi sənədlərini
arxivə təhvil vermişlər.
Xüsusi vurğulamaq istərdim ki, bu tipli məsələlərin
həlli arxiv işçilərini daim maraqlandırır və
narahat edir. Biz bundan sonra da belə məsələlərin həllinə
çalışacağıq və əlimizdən gələni
əsirgəməyəcəyik.
–İnformasiya
texnologiyaları əsrində y
aşayırıq. Elə bir sahə yoxdur ki, informasiya
texnologiyalarının imkanlarının tətbiqində
maraqlı olmasın...
–Doğrudan
da, belədir. Həyatımızın
bütün sahələrində olduğu kimi, müasir arxivi
də kompyutersiz təsəvvür etmək mümkün
deyildir. Odur ki, arxiv müdiriyyəti bu
işə çox ciddi yanaşaraq, necə deyərlər,
xüsusi daxili tədbirlər planı işləyib
hazırlamış və mərhələ-mərhələ
onun icrasını təmin etmişdir. İlk
növbədə, vəzifəsindən asılı olmayaraq
bütün işçilər üçün kompyuter kursları
təşkil olunmuşdu. Beləliklə, əməkdaşlarımızda
kompyuterdən istifadə etmə səriştəsi
yaradılmışdır.
Az sonra isə internetə
çıxış məsələsi həll edilmişdi,
arxivin və kitabxananın məxsusi elektron saytı
açılmışdır. Sənədlərin
məxfilik dərəcəsindən asılı olaraq
onların bəziləri həmin sayta daxil edilmişdir. Bu gün kitabxanamızla maraqlanan oxucu və ya tədqiqatçı
üçün internet vasitəsilə bir sıra məlumatları
almaq çətin deyildir. Onu da qeyd etmək vacibdir ki, təxminən
2 milyon fondu olan bir arxivin sənədlərini, təxminən
400 minlik fondu olan bir kitabxananın kitablarını elektron
varianta keçirmək də asan iş deyildir. Azsaylı
kollektivlə bu işləri görmək, illər,
böyük vəsait və gərgin əmək tələb
edir. Sənədlərin məxfiliyini,
fiziki vəziyyətini, onların qədimliyini nəzərə
alsaq, bu işlərin necə məsuliyyətli olduğu bir
daha aydın görünər. Arxivin rəhbərliyi bu
sahəyə ciddi fikir verir...
–Yaxın
və uzaq xarici ölkələrin müvafiq qurumları ilə
işgüzar münasibətlərinizə bir qədər
aydınlıq gətirmənizi xahiş edirəm.
–Sözün
düzü, mən belə bir sualın da verilməsini
gözləyirdim. Çünki qloballaşan
dünyamızda, informatika və yeni texnologiyalar əsrində
təcrid olunmuş halda çalışmaq, xaricdəki
müvafiq qurumlarla işgüzar münasibətlərin
qurulmaması mümkün deyil. SSRİ-nin dağılması
belə münasibətlərin yaradılmasını daha da
sürətləndirmiş, qabaqcıl təcrübə ilə
tanışlıq, inkişaf etmiş dövlətlərin
arxiv mədəniyyətindən bəhrələnmək,
iş təcrübəsini yaxından öyrənmək zərurətini
yaratmışdır. Məhz buna görə də Müstəqil
Dövlətlər Birliyinin—Rusiya Federasiyası, o cümlədən
Dağıstan vilayəti, Belarus, Gürcüstan və
Qazaxıstan dövlətlərinin arxivləri ilə əlaqələr
yaradılmış, Türkiyənin İstanbul və Ankarada
yerləşən bir sıra arxivləri ilə, Amsterdam,
Berlin, Paris arxivləri ilə əməkdaşlığın
əsası qoyulmuşdur. Bu işdə mərhum
tarixçi-alim, prof. Eldar İsmayılovun əməyi az olmamışdır. Tarixçi alimlərdən
prof. Cəmil Həsənli, Musa Qasımlı, moskvalı alim,
prof. Rudolf İvanov, alman alimi, prof. Yeva Mariya Aux bizə xeyli kömək
etmişlər. Cəmil Həsənli Paris arxivindən, Musa
Qasımlı İngiltərə Xarici İşlər
Nazirliyinin arxivindən, Yeva Mariya Berlin arxivindən, Rudolf İvanov isə Moskvanın müxtəlif
arxivlərindən Azərbaycana aid, ADR-ə dair sənədləri
toplayaraq bizim arxivə hədiyyə etmişlər.
Arxivin işçiləri adıçəkilən
şəhərlərin arxivlərində ezamiyyədə
olmuş və tariximizə aid xeyli maraqlı sənədlər
gətirmişlər.
Sənəd
mübadiləsi ilə yanaşı, birgə beynəlxalq elmi
konfranslar, “dəyirmi masa”lar təşkil
olunur ki, bunlar da əməkdaşlığı möhkəmləndirir,
elmi əlaqələrə təkan verir. Nümunə kimi
2014-cü il may ayının 24-25-də
Bakıda Birinci Dünya müharibəsinin
başlanmasının 100 illiyinə həsr olunmuş beynəlxalq
elmi konfransı göstərmək olar. İki
gün davam edən konfransda 30-dan artıq elmi məruzə
dinlənilmiş, bir sıra maraqlı
çıxışlar olmuş, geniş elmi diskussiyalar
aparılmışdır. Konfransın
yaddaqalan hadisələrindən biri də o olmuşdur ki,
konfrans başlayanadək onun materialları nəfis kitab şəklində
nəşr edilərək iştirakçılara
paylanılmış, digər kitabxanalara, elmi müəssisələrə
pulsuz olaraq göndərilmişdir. 2012-ci
ilin iyun ayında arxivin üç işçisi
Amsterdamın müvafiq istiqamətli institutu ilə elmi əməkdaşlıq
haqqında müqavilə imzalamışdır. Bu ilin noyabr ayında Berlindəki Humboldt Universitetində
keçiriləcək və Bakıya həsr olunacaq xüsusi
“dəyirmi masa”ya dəvət olunmuş iki əməkdaşımızın
həmin tədbirlərdə maraqlı məruzələrlə
çıxış edəcəklərinə indidən
hazırlıq işləri gedir. Bütün
bunlar bir daha imkan verir ki, ölkələr bir-birini daha
yaxından tanısın, bir-birinin tarixini daha yaxından
öyrənsin. Bəlkə də belə əməkdaşlığın
nəticəsidir ki, Azərbaycana gələn, arxivimizdə sənədlərlə
tanış olmaq istəyən əcnəbi
tədqiqatçıların sayı ildən-ilə artır.
İndi arxiv zallarında ABŞ-dan, Rusiyadan,
Almaniyadan, Türkiyədən, Hollandiyadan, Gürcüstandan,
Oksforddan, digər ölkə və şəhərlərdən
gələnlərlə daha tez-tez rastlaşmaq
mümkündür. Bizim əməkdaşlarımız
isə hər il müxtəlif dünya
ölkələrinin arxivlərində işləmək
üçün ezamiyyəyə göndərilirlər.
Arxivin rəhbərliyi bundan sonra da yaxın və uzaq
xarici ölkələrin müvafiq qurumları ilə
işgüzar münasibətlərin genişlənməsinə,
elmi əlaqələrin, sənəd mübadiləsinin
aparılmasına xüsusi diqqət yetirəcək, belə əlaqələrin
yeni-yeni ölkələrlə qurulmasına səy göstərəcəkdir.
–Müasir
arxivlər öz işini yaxşı kitabxana fondu ilə əlaqədə
qurmağa üstünlük verirlər. Bu
prinsip Siyasi Sənədlər Arxivində də mövcuddur.
Respublikamızda da geniş tanınan moskvalı tədqiqatçı-alim
Rudolf İvanov, professor Eldar İsmayılov, dağıstanlı
alim Hacımurad Donoqo və Yusif İdrisovun rəhbərlik
etdiyiniz arxivdə rastlaşdıqları peşəkar xidmət
barədə fikirləri kollektivinizə xüsusi rəğbət
hissi oyadır. Binanı tərk etmədən həm sənədlərdən,
həm də
kitablardan yararlanmaq tədqiqatçı-alim
üçün çox cəlbedici xidmət göstəricisidir.
Bununla yanaşı, Siz bəzi ziyalılarımızın
arxivin və onun kitabxanasının fondunun zənginləşdirilməsinə
köməklərini qeyd etdiniz...
–Bir daha
bildirmək istərdim ki, arxivimizin zəngin kitabxana fondu da
vardır. Burada XIX əsrin əvvəllərində nəşr
olunmuş kitablar, o cümlədən “Atlas Rossiyskoy imperii,
sostoəhiy iz 19-ti speüialğnıx kart, predstavləöhix
Vserossiyskuö imperiö s poqraniçnımi zemləmi (1745
q.)”, “Aktı, sobrannıe Kavkazskoy Arxeoqrafiçeskoy Komissiey”,
“Materialı dlə izuçeniə gkonomiçeskoqo bıta
qosudarstvennıx krestğən v Zanqezurskom uezde
Elizavetpolğskoy qubernii” və 1846-1920-ci illərdə nəşr
olunan Qafqaz təqvimlərini göstərmək olar. Bundan başqa, Bakı quberniyasının
hesabatlarına, jandarmeriyanın raportlarına, neftə, eləcə
də digər sahələrə həsr olunmuş nadir
kitablar kitabxananın xüsusi fondunda saxlanılır. Burada Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə
həsr olunmuş elmi monoqrafiyalar və xarici ədəbiyyat
da vardır. Həmçinin kitabxanada tarix, fəlsəfə,
pedaqogika, mədəniyyət,
elm, iqtisadiyyat və s. sahələrə aid xeyli ədəbiyyat
toplanmışdır.
Azərbaycan xalqının siyasi, ictimai, mədəni və
bədii irsinin öyrənilməsində əvəzsiz rolu
olan dövri mətbuatımız da kitabxananın qəzet və
jurnal şöbəsində təmsil olunmuşdur.
Ümumiyyətlə, kitabxana fondunda 360 mindən
çox kitab, 150 addan artıq qəzet və jurnal
saxlanılır.
Əfsuslar olsun ki, 1991-ci ilədək (yəni SSRİ
dağılanadək) yaxşı qorunmuş kitab fondu
dağıdılmış, qiymətli kitablar silinmə
adı ilə məhv edilərək bukinistlərin əlinə
düşmüşdür. 1991-2007-ci illərdə,
yəni müstəqillik illərində nəşr olunan qəzet
və kitablara hətta abunə də olunmamışdır.
Ancaq hörmətli Prezidentimiz İlham Əliyevin diqqət və
qayğısı nəticəsində 2007-ci ildən
başlayaraq hər il kitabxana 100-dək adda
qəzet və jurnala abunə olur, təzə çıxan
müxtəlif ədəbiyyatları (hətta xarici ədəbiyyatı
da) alır, beləliklə, fond gündən-günə zənginləşir.
Arxiv rəhbərliyi fondu zənginləşdirmək
üçün bir sıra digər üsullardan da istifadə
edir. Məsələn, yeni nəşr
olunan kitablar, monoqrafiyalar, bir qayda olaraq, müəlliflər tərəfindən
kitabxanamıza hədiyyə verilir, ayrı-ayrı ictimai təşkilatlar,
elmi qurumlar, ziyalılar öz yeni kitablarını pulsuz olaraq
kitabxanamıza göndərirlər. Görkəmli
alim-etnoqraf, prof. Qəmərşah Cavadovun ailəsi isə ərinin
zəngin kitabxanasını ölümündən sonra məhz
bizim kitabxanaya pulsuz təhvil vermişdir. Belə misallar az deyildir. Moskva alimi prof. Rudolf
İvanov, alman alimi prof. Yeva Mariya Aux, Türkiyə, Hollandiya və
s. ölkələrin alimlərinin də hədiyyə
kitabları kitabxanamızı zənginləşdirir.
Akademik Ziyad Səmədzadə, akademik İsmayıl
Hacıyev, Musa Qasımlı, Cəmil Həsənli, Həsən
Həsənov, Yaqub Mahmudov, Solmaz Rüstəmova-Tohidi, Aytən
Mustafayeva və digər ziyalılar da kitabxanamıza öz
kitablarını hədiyyə etmişlər.
–Arxiv dedikdə göz önünə qədim sənədlər bolluğu, keçmişin koloritini yaşadan iri qovluqlar, rəflər yada düşür. Bu obrazı dəyişdirmək mümkündürmü?
–Bu, çətin iş deyil. Dünya dəyişir, respublikamız, onun regionları dinamik inkişaf edir, abadlaşır, yeni muzeylər, mədəniyyət ocaqları açılır. Arxivimiz də bunları nəzərə alaraq regionlarla əməkdaşlığa xüsusi önəm verir. Məhz buna görə də Siyasi Sənədlər Arxivinin prioritet fəaliyyət sahələrindən biri də şəhər və rayonlarımızdakı diyarşünaslıq muzeylərinin eksponatlarının zənginləşdirilməsinə, yerlərdə müxtəlif tematik sərgilərin təşkilində müvafiq qurumlara yardımçı olmaqdır. Arxiv görkəmli ictimai, dövlət, siyasi xadimlər haqqında respublikamızda keçirilən tədbirlərdə yaxından iştirak etməklə yanaşı, həm də onlar haqqında lazımi sənədləri toplayıb onların ailə üzvlərinə də çatdırır. Bir neçə bu tipli faktları oxucularımızın nəzərinə çatdırmaq istərdim. Xaçmaz rayonunda Əziz Əliyevə həsr olunmuş yeni muzey binası istifadəyə verilərkən, arxivimiz ona aid xeyli qiymətli sənədləri toplayıb muzeyə təqdim etmişdir. Yardımlı diyarşünaslıq muzeyi üçün rayona aid arxiv sənədlərini, nadir hərbi xəritələri toplayıb həmin muzeyə göndərmişik, Respublika Baş Prokurorluğu nəzdindəki Hərbi Prokurorluğun “Xocalı”ya həsr etdiyi muzeyin yaradılması üçün müvafiq sənədləri toplayıb onlara çatdırmışıq. Respublika Ədliyyə Nazirliyi Baş Penitensiar Xidməti İdarəsində açılmış muzeyə də, bir sıra qaçqın rayonlarının muzeyləri üçün də zəruri sənədləri toplayıb ünvanlarına göndərmişik. Xızı, Xaçmaz rayonları haqqında yazılmış kitab və albom üçün lazımi sənədləri də arxivimizin əməkdaşları sistemləyib müəlliflərə təqdim etmişlər. Əziz Əliyev, Vəli Axundov, Kamran Hüseynov, Vəli Məmmədov, Qəşəm Aslanov və başqa xadimlər haqqında arxiv sənədlərinin toplanıb onların ailə üzvlərinə çatdırılması işi də bizim əməkdaşların xidmətidir.
Hazırda Azərbaycan-Belarus Dostluq Cəmiyyəti Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş xüsusi sərgi açmağı planlaşdırır. Bu ilin payızında nəzərdə tutulmuş bu sərgi üçün müvafiq sənədlərin toplanması işi bizim kollektivə həvalə olunmuşdur.
Ümumiyyətlə, müxtəlif tematik sərgilərin təşkilində, respublikanın müxtəlif telekanallarında çəkilmiş çoxsaylı kinofilmlərin süjetləri üçün qiymətli arxiv sənədlərindən geniş istifadə olunmaqdadır. Bu səpkili işlər hazırda da davam etdirilir, arxivdə çalışan elmi işçilər televiziya və radio verilişlərində arxiv sənədləri əsasında maraqlı verilişlər aparır və çıxışlar edirlər.
Göründüyü kimi, arxiv, təkcə sənədlər saxlayan məkan deyil, o, elmi araşdırmalar mərkəzi, mənəvi xəzinə, tarixi həqiqətlər məbədidir!
–Maraqlı söhbət üçün təşəkkür edirik.
Müsahibəni
apardı:
Elçin
VƏLƏDOĞLU,
Respublika.-2014.- 6 sentyabr.- S.2.